CƏBHƏDƏ QANLI VƏ ŞİDDƏTLİ DÖYÜŞLƏR - Kəşfiyyatımız düşmənin planını ələ keçirib

Xəbər verdiyimiz kimi, bu gün gecə saat 3 radələrindən başlayaraq erməni silahlı qüvvələri cəbhənin təmas xəttində Azərbaycan ordusunun mövqelərini iriçaplı silahlardan, minaatanlardan, qumbaraatan və artilleriya qurğularından atəşə tutub. Bunun nəticəsində cəbhədə ağır döyüşlər başlayıb. Bütün gecə boyu davam edən döyüşlərin hələ də davam ediyinə dair xəbərlər gəlir. Bunu Azərbaycan Müdafiə Nazirliyi də təsdiqləyib Məlumatda deyilir ki, erməni silahlı bölmələrinin təxribatlarının nəticəsində aprelin 2-nə keçən gecə qoşunların təmas xəttində yaranan gərginlik hələ də davam edir.

"AzPolitika.info"ya daxil olan məlumatara görə xüsusilə ağır döyüşlər cəbhə xəttinin Ağdam, Fizuli və Tərtər istiqamətində qeydə alınıb.

Ermənilərin ağır artileriyadan istifadə etməsi nəticəsində Tərtərdə və Ağdamda bəzi yaşayış məntəqələrinə mərmilər düşüb. Artıq rəsmən təsdiqlənən məlumatlara görə, bunun nəticəsində mülki əhali içərisində itkilər var.

Belə ki, "APA"nın məlumatına görə, ermənilərin açdığı atəş nəticəsində Tərtərin Qarağacı kəndində mərmilərdən birini evə düşməsi nəticəsində Ağdam rayonundan məcburi köçkün, Cəlal Rəhimov həyatını, onun qardaşı oğlu Orxan Rəhimov isə ayaqlarını itirib.

Ağdam ərazisinə ağır artileriyadan açılan mərmilər isə rayonda salınan Baharlı qəsəbəsinidəki evlərin həyətlərinə düşüb.

Mərmilərdən biri isə 73 nömrəli evdə yaşayan Tural İsmayılovun digəri, 199 sayli evin sahibi Muxtar Məmmədovun həyətinə düşüb. Xoşbəxtlikdən bu qəsəbədə dinc əhali arasında yaralanan və ya ölən olmayıb.

Təbii ki, Azərbaycan ordusu da, ermənilərin bu təxribatını cavabsız qoymayıb. "AzPolitika.info"nun hərbi mənbələrdən əldə etdiyi məlumata görə, ermənilərin cavabı misli ilə verilib. Azərbaycan ordusunun cavab zərbələri nəticəsində xeyli sayda erməni hərbçisi məhv edilib.

Bu fakt Müdafiə Nazirliyinin məlumatında təsdiqini tapıb. Məlumatda bildirilir ki, düşmən müdafiəsinin ön xəttində və dərinliyində cəmləşən hərbi hədəflərin koordinatları əvvəlcədən müəyyənləşdirilib, atəş gücü vasitəsilə edilən həmlələrimiz nəticəsində onun döyüş texnikası, xeyli sayda canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarılıb.

Bundan əlavə, Azərbaycanın yaşayış məntəqələrinə mərmilər atmaq üçün ermənilərin cəbhə xəttinə yaxın işğal olunmuş ərazilərimizə yerləşdirdiyi ağır artileriyanın bir hissəsi ordumuz tərəfindən məhv edilib. Məlumatlara görə, Azərbaycan ordusunun cavab zərbəsi o qədər şiddətli olub ki, erməni hərbiçiləri qorxuya düşərək, mövqelərini tərk ediblər.

Təsadüfi deyil ki, Ermənistan Müdafiə Nazirliyinin bir-birinin ardınca yayılan bəyanatlarında deyilir ki, Azərbaycan ordusu bütün cəbhə boyu hücuma keçib. Hələlik Azərbaycan tərəfi bu xəbərlərə münasibət bildirməyib.

Qeyd edək ki, "AzPolitika.info"ya daxil olan məlumata görə, Azərbaycan tərəfi ermənilərin bu gecəki təxribatına hazırlıqlı olub. Belə ki, kəşfiyyatımız ermənilərin cəbhədə geniş təxribata hazırlaşdığı barədə məlumatı əvvəlcədən əldə edə bilib. Ona görə dünən günortadan bu təxribatın qarşısını almaq üçün hazırlıqlar həyata keçrilib. Hətta hər ehtimala qarşı cəbhə xəttinə Bakıdakı hərbi hospitaldan əlavə həkimlətr və təcili tibbi yardım maşınları da aparılıb. Bu haqda yəqin ki, əlavə məlumatlar

Hələlik Azərbaycan Müdafiə Nazirliyinin məlumatında cəbhədəki gərginlə bağlı məlumatında yalnız düşmənin təxribatının qarşısını almaq üçün cavab tədbirlərinin həyata keçirildiyi bildirilib: "Hərbi cəhətdən iflasa uğrayan Ermənistan kriminal rejimi son vaxtlar cəbhədəki uğursuzluqlarının, canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkisinin əvəzini çıxmaq məqsədilə növbəti dəfə təxribat törətməyə çalışıb. Aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qalıb. Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib. Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirilir.

Cəbhəboyu zonada baş verən hadisələrlə bağlı mətbuata və ictimaiyyətə əlavə məlumat veriləcək. Kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq”.

Sonda onu da qeyd edək ki, söhbət etdiyimiz ekspertlər cəbhədəki bu təxribatın arxasında Rusiyanın hərbi-siyasi dairələrinın dayanmasını istisna etmirlər. Onların fikrincə, cəbhədəki təxribatın prezident İlham Əliyevin ABŞ-dakı yüksək səviyyədə qarşılanmasından, keçirdiyi görüşlərdən dərhal sonra baş verməsi də bu ehtimalı gücləndirir...

M. Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar