"İŞĞAL OLUNMUŞ BƏZİ ƏRAZİLƏRİMİZ AZAD EDİLİB..."- 12 şəhidimiz var + VİDEOLAR

Mudafie Nazirliyi“Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb"

"Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb"

Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.

Bildirilib ki, bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib: “Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib”.

Qeyd olunub ki, Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib: “Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır”.

“Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb. Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb. Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verir və səbir diləyir. Müdafiə naziri döyüşlərdə iştirak edən şəxsi heyətin döyüş qabiliyyətini, hərbi təcrübəsini və döyüş ruhunu yüksək qiymətləndirib. Müdafiə Nazirliyi bildirir ki, atəşkəs rejimi haqqında razılaşmanın Ermənistan tərəfindən pozulması təkrarən baş verərsə düşmənə vurulacaq zərbələr daha ağır və sarsıdıcı olacaq” – deyə məlumatda bildirilib.

********

Cəbhədə qanlı döyüşlərin davam etdiyi bir dövrdə, erməni mediası Azərbaycana qarşı təxribat xarakterli məlumatlar yaymağa başlayıb. Məlumatlarda, “Azərbaycanın cəbhə xəttindəki kəndlərinin boşaldıldığı, yerli əhalinin evlərini tərk etdiyi” bilidirlib.

Ermənilər isə sosial şəbəkələrdəki şərh və statuslarında işğal altındakı Azərbaycan ərazilərində yerləşdirilmiş əhalinin təlaş içində olduğunu yazıblar. Onlar artıq təmas xəttinə yaxın əraziləri boşaltmağa başladıqlarını qeyd ediblər.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı da Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin öz mövqelərində olduğunu qeyd edib: “Heç bir kənddə əhali yerlərini tərk etməyib. Tam fərqli olaraq qarşı tərəfdə, işğal altında olan torpaqlarda məcburi şəkildə məskunlaşan ermənilər və erməni silahlı bölmələri Şuşaya və Xankəndi istiqamətində qaçırlar”.

Vaqif Dərgahlı Milli.Az-ın sorğusuna cavab olaraqdeyib ki, təşviş yoxdur: "Silahlı qüvvələrimiz öz mövqelirəndən bir addım da geri çəkilmirlər. Əksinə, ordumuz sərəncamında olan silah və texnika ilə düşmənə layiqli cavab verir. Düşmənə elə güclü zərbələr vurulur ki, onlar mövqelərini qoyub qaçırlar. Hazırda düşmən sıralarında pərakəndəlik, qorxu və təşviş müşahidə olunur. Cavab zərbələri nəticəsində ermənilərin sıralarında ölənlər və yaralıların olduğu istisna edilmir".

Bu arada Rusiya mətbuatında Dağlıq Qarabağda davam edən döyüşlərlə bağlı ilk videogörüntülər yayımlanıb.Həmin görüntüləri oxucularının diqqətinə çatdırır:

***************

Azərbaycan Müdafiə Nazirliyi təmas xətti boyu bu gün səhər saatlarından başlayan irimiqyaslı hərbi əməliyyatların gedişi barədə növbəti məlumatı yayıb.

Məlumatda deyilir: Erməni silahlı bölmələrinin təxribatlarının nəticəsində aprelin 2-nə keçən gecə qoşunların təmas xəttində yaranan gərginlik hələ də davam edir.

Düşmən müdafiəsinin ön xəttində və dərinliyində cəmləşən hərbi hədəflərin koordinatları əvvəlcədən müəyyənləşdirilib, atəş gücü vasitəsilə edilən həmlələrimiz nəticəsində onun döyüş texnikası, xeyli sayda canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarılıb.

* * *

"Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirilir"

Azərbaycan Müdafiə Nazirliyi cəbhə xəttində yaranmış vəziyyətlə bağlı rəsmi açıqlama ilə çıxış edib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir:

"Hərbi cəhətdən iflasa uğrayan Ermənistan kriminal rejimi son vaxtlar cəbhədəki uğursuzluqlarının, canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkisinin əvəzini çıxmaq məqsədilə növbəti dəfə təxribat törətməyə çalışıb. Aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qalıb. Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib. Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirilir.

Cəbhəboyu zonada baş verən hadisələrlə bağlı mətbuata və ictimaiyyətə əlavə məlumat veriləcək. Kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar