CƏBHƏDƏ ŞİDDƏTLİ DÖYÜŞLƏR DAVAM EDİR! - Düşmənə ağır zərbə endirilir, daha 3 şəhidimiz var

MN: Erməni silahlı bölmələri iriçaplı pulemyotlar, minaatanlar, qumbaraatanlar və artilleriya qurğuları ilə atəşkəsi 121 dəfə pozub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60, 82 və 120 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 121 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı kəndində, Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Çaylı, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 125 dəfə atəş zərbəsi endirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən tərəfi itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən, Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutur. Ötən gün və gecə ərzində aparılan döyüşlərdə ermənilər canlı qüvvə və hərbi texnika sarıdan çoxsaylı itkilərə məruz qalıb.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusu şəhid olub.

***

Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Azərbaycan Müdafiə Nazirliyi ermənilərin yeni mövqelər əldə etmələri barədə yaydıqları məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı APA-ya açıqlamasında qeyd edib ki, bu barədə yayılan məlumatlar yalandır: “Son dəqiqələrə qədər olan məlumata görə, biz heç bir mövqelərimizi itirməmişik və Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir”.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi təmas xəttində yeni mövqelər əldə etdiklərini açıqlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar