KOD ADI: 2018 – Nurçuların Azərbaycanda hakimiyyət sevdası

GİZLİ BARMAQ

Fikir verdinizmi, nurçuluq söhbəti ortaya düşüb ətrafı nura boyamqda idi ki, biriləri dərhal ölkənin gündəmini dəyişdilər (əslində, bu feli dilçilik qanunlarına zidd olmasın deyə cəmdə işlətdik – M.S.). İdealsız adamların rəhbərlik etdiyi ideologiyanın olmadığı bir məmləkətdə bu cür “caydırıcı” PR texnologiyaların müvəffəqiyyətlə həyata keçirilməsini adam bilmir təqdir etsin, yoxsa tənqid?!

“Sovetski” məsələsi zatən ortadaykən, hökumətin yaxasından və daxılından pudluq zəncir kimi asılmışkən bir də metrodakı ticarət obyektlərinin yığışdırılması məsələsi aktuallaşdırıldı.

Bu tərəfdən paytaxtın tən göbəyində yerləşən “Sahil” ticarət mərkəzi odlara yaxıldı.

O tərəfdə durduq yerdə “Moskva” ticarət mərkəzində yanğın çıxdı.

Kim şəhadət verə bilər ki, bunlar sondur?!

Ölkədə ac-yalavacların “qılınca qurşanması” kimlərə sərf edir?

Laqeydlərin, marginalların, sosial indefferentlərin, narazıların, incidilmişlərin səbir kasasının daşıb da tökülməkdə olduğunu, əhalinin düçar edildiyi əsəb müharibəsinin bir gün gerçəkçi bir davaya çevrilə biləcəyi perspektivini duyan, görən, təxmin edən yoxdurmu bu məmləkətdə?

Yəni, bulvardakı növbəti oyuncaqlardan olan “şeytan çarxının” “sonuncu mərtəbəsi”ndəndəmi görünmür?

İsmayıllıdakı hadisələr də elə-belə yaranmamışdı. Onu da bir təşkil edən olmuşdu.

Yoxsa elə bilirsiniz bu instaqramdakı məmur-oliqarx “döl”lərinin hansı şəbihdən çıxdıqlarının “əfkari-ümumiyyə”yə faş edilməsi də kiminsə kök kefinin şıltağıdır? Xeyr, a...a...a!!!

Hamısı düşünülmüş, arıdılmış, incələnmiş bir stratejidir.

Keşkə, ölkənin, insanların xeyrinə bu cür “ağıl təri” töksə idilər.

Burnunuzu dik tutun, havada bir üsyan qoxusu var.

... Və bütün bu “dəyirmanları tərsinə fırladan” gizli bir barmaq var. Bu barmaq boş vaxtlarında başqalarının yazmış olduğu səfeh-səfeh məqalələrin altından, kitabların üstündən imzasını qoymaqla yanaşı, iqtidar dəhlizlərindəki “yol hərəkəti qaydalarını”, korrupsiyalaşmış klanlar arasındakı havanın hərarətini, münasibətlərdəki gərginliyin “amper”ini, ölkədəki bütün şərəfsizlərin incə bir zövq və ovçu məharəti ilə seçilib cəm olduğu komandasının nimdaşlıq amplitudunu təyin edir.

... Və hər nə qədər ki, həmin tüklü və qoca barmaq köhnə saat kəfkiri kimi Azərbaycanın bundan sonra yaşayacağı ömrün zaman ölçüsünə çevrilməyib, ondan izalə olmaq lazımdır.

Prezidentlik xülyasına düşənlər

Gerçəkdən tolerant, şəffaf bir cəmiyyətdə yaşayırıq. Bir kimsənin başqasından saxlayacağı bir şey yox. Dünyanın heç yerində məmur bizdəki kimi oliqarx olduğunu gizlətmir. Dövlət başçısı hökumət üzvünün sahibi olduğu otelin, zavodun açılışında iştirak edir, adam bir qayıdıb soruşmur ki, atam-qardaşım, 1700 manat “donluq” ala-ala dəyəri 10 milyonlarla ölçülən bu tifaqı necə qurmusan?!

Yəni, bizdə belə şeylərə görə adamın xətrinə dəymirlər. Nəfsin nə qədər tutur, bas, ye! Amma vay o gündən ki, hakimiyyət eşqinə düşəsən, könlündən prezidentlik keçə. Səni lüt-madər qoyarlar, qarğa-quzğuna yem edərlər.

Şərəfsiz ol, rüşvət al, haramzadəlik et, milləti bezdir, əşi, lap söy! Amma hakimiyyət sevdasını ağlının ucundan belə keçirmə! Əsla!

Amma deyir, sən saydığını say. ..

Az-çox düşünmək, təhlil aparmaq qabiliyyətini qeyb etməmiş sıradan obıvatelə də məlumdur ki, bu “nurçuluq” məsələsi, “Hizmət” söhbəti boş yerdən yaranmayıb.

Əvvəla, dar bir çevrədə dövr edən hədsiz böyük pullar, heç şübhəsiz, zaman-zaman birilərinin prezidentlik ambisiyasını qıcıqlandırmaqdadır. Bu fobiyadan qurtulmaq mümkünsüz, zira, millətimizə xas məziyyətdir. Cibində 100 manatı olan adam şillələyir. Min manatı olan 10 dəqiqə əvvəl yeyib-içdiyi dostunu bıçaqlayır. 100 mini olan harınlıq edir. Milyonu olansa padşahlıq sevdasına düşür. İndi baxın görün, məmləkətdə varidatı milyardı ötən neçə nəfər var və onlar hər an hakimi-mütləqi devirib iqtidara öz adamlarını gətirməyə hazırdırlar. Səbəbi isə çox bəsit və üzdədir. Rəsul Quliyev, Fərhad Əliyev, Əli İnsanov kimi insanların aqibəti görk deyilmi?

İkincisi, hakimiyyətdə çeteləşmiş, arxasını saraydakı bəlli güc mərkəzinə söykəmiş, siyasi sistemin ən müxtəlif institutlarınadək sızmış, hakimiyyətin bütün qollarında təmsil olunmuş qüvvələr var. Onları şərti olaraq “qırğılar” adlandıraq. Düzdür, hələ onların dimdikləri sümükləşməyib, qanadları bərkiməyib. Amma gözlərini yüksəklikdəki qayalardan (oxu: hakimiyyət məqamlarından – M.S.) çəkmirlər.

Üçüncüsü, “Hizmət” hərəkatı ilə bağlılığı iddia edilən şəxslər arasında Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun və onun “qırğılar” dəstəsinin adının keçməsi və onlara “stavka” edilməsi təsadüfi deyil. Əvvəla, onlar gəncdirlər, enerjilidirlər, ambisiyalıdırlr, nə istədiklərini bilirlər, hədəflədikləri məqsədə yetişmək üçün iblisin özü ilə belə sazişə girməkdən çəkinmirlər.

Zatən, belə bir ittifaqın içindədirlər.

Amma hər bir “inqilab” üçün tarixi şərait və obyektiv şərtlər olmalıdır. Maliyyə mənbəyi və elektoral dəstək olmalıdır. Bu, ictimai təkamülün vazkeçilməz qanunauyğunluğudur.

İndi gəlin, kartları açaq. Heç şübhəsiz, Gülən camaatının Azərbaycana “nur” yürüşü birilərinin dəstəyi ilə baş tutub.

Gömrüyündən milçəyin belə səkə bilmədiyi bir məmləkətə “likbez” adıyla bu boyda “maarifçi desant”ın idxalı kimlərinsə “Allah xeyir versin”i ilə baş tutub.

Müstəqillik dönəmində yağışdan sonrakı göbələk kimi çoxalmış, belə deyək, milli təhsil müəssisələrinin kütləvi “yarpaq tökümü” şəraitində bu qurumun şəbəkələşməsi, ölkənin inzibati coğrafiyasını hörümçək toru kimi qapsaması bir tərəfdən verilən təhsilin keyfiyyəti ilə izah olunsa da, eyni zamanda, prosesdəki bəzi müəmmalı nöqtələri də işarətləməkdədir.

Maraqlı üçbucaq yaranır: ABŞ - Türkiyə - Azərbaycan. Pensilvaniyada mənzil-qərargah quraraq bu ölkənin xüsusi xidmət orqanları və geosiyasi güc mərkəzləri ilə ittifaqa girmiş hoca əfəndi Türkiyədə hakimiyyətin üst qatlarınadək sızmış kifayət qədər qüvvətli şəbəkəsi ilə Azərbaycana nüfuz edir. Hər kim bunu azərbaycanlı balalarının “elmi-irfana” yetişməsi üçün atılan filantrop jest kimi dəyərləndirəcəksə, mənə daş atsın. Zira, ortadakı son tablo bu maarifçi-intellektual “intervensiyanın” çox uğurla sonuclandığını şəkilləməkdədir.

Məqsəd kifayət qədər aydın, “nurlu” və qətidir – çoxdan bəri müxtəlif avantürist ideyaların uğursuz təcrübə-sınaq poliqonuna çevrilmiş Azərbaycan kimi “banan” ölkədə hakimiyyəti ələ almağın rasional nümunəsini ortaya qoymaq.

Belə ki, Gülənçi ideologiyanın hakimiyyət doktrinasının aparıcı tezisi də elə budur - beyni biliklərlə, ürəyi nurla dolu olan insanlar siyasi hakimiyyətə gəldikdə həmin ölkədə ədalətli hakimiyyət qurmaq olar!

Soyuq müharibədən sonrakı dövrün ideya və biznes “akula”larından olan Corc Soros müasir dünyanın reallıqlarından çıxış edərək söyləyirdi ki, indi artıq hər hansı bir ölkəni silahlı güc vasitəsilə ekspansiya etmək aktual və sərfəli deyil. Həmin ölkənin iqtisadiyyatını ram etmək kifayətdir.

Göründüyü kimi, təklif olunan yollar taktiki cəhətdən fərqlənsə də (beyin və iqtisadiyyat –M.S.), məqsəd eynidir – hakimiyyət!

“Hizmət” hərəkatı Azərbaycanda hakimiyyətə real adaxlı kimi iqtidar komandasındakı “qırğı”ların lideri E.Aslanovu görməkdədir. Bu, artıq hamı tərəfindən söylənməkdən qabarı çıxmış adi həqiqətdir ki, adı hallandırılan subyekt cəmiyyət tərəfindən bir düjün səbəblər üzündən qəbul edilməyən, hakimiyyətin siyasi-inzibati resurslarının ciddiyə almadığı, hər hansı bir müstəsna yetənəyi ilə fərqənməyən, anasının “güclü siyasətçi” deyə öyməsinə rəğmən sıradan bir klerkdir. Hansı ali məktəbi bitirdiyi düz-əməlli anlaşılmayan Elnur Aslanovu kimin yedəyinə alıb bu mənsəbə qaldırdığı da sirr deyil. Heç bunun hansı nəcib niyyətlər və “mürgülü xatirələr”ə xatir edildiyini də bilməyən yoxdur. Deməli, yazılan, cizilən, çəkilən bütün ssenarilərin bir müəllifi var.

Yəqin ki, dəyərli oxucu prezident seçkiləri öncəsi Rusiyada azərbaycanlılardan ibarət “Milyarderlər ittifaqı”nın yaranmasını, onun ətrafında vıyıldayan ehtimallar küləyini, cəmiyyətdə son dərəcə ağırtaxtalı və ağıllı bir insan kimi qəbul edilən sahibkar-alim İlham Rəhimovun Milli Məclisin komitə sədri və “qırğı”ların “ağbirçəyi” Rəbiyyət Aslanova ilə müəmmalı evlilik layihəsi və bunun gözlənilən nəticəsini, seçkilərdən sonra birilərinin Amerika ilə münasibətlərin “bir çəllək balına bir qaşıq qətran qatmaq” istəyini hələ unutmayıb.

Bəlkə də hüquqşünas-professor hansı oyunlara alət edildiyini anlayıb da həmin məsud evliliyə son verdi.

Kim çıxıb da iddia edə bilər ki, bunların hamısı fərziyyədir?!

Məgər praktiki siyasət fərziyyələrin mümkün olanı deyilmi?!

Görünəni odur ki, hakimiyyət dəhlizlərində dimdik gəzən bu “qırğı”lar 2018-ci il prezident seçkilərində öz “güclü siyasətçi”ləri ilə iştirak etməyi hədəfləyiblər.

Maqsud Səmədzadə

PS.  Bu yolda “Hizmət”in Azərbaycandakı özəyinə kimlərin dəstək verdiyi, onların iqtisadi və ideoloji uzantıları barədə növbəti yazılarımızda məlumat verəcəyik.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar