Şəhid Emin Bağırov torpağa tapşırılıb - FOTO

Binəqədi rayonunda şəhid Bağırov Emin İmran oğlunun dəfn mərasimi keçirilib.

Trend xəbər verir ki, aprelin 6-da Binəqədi rayonunda qoşunların təmas xəttində şəhid olmuş Azərbaycan Ordusunun əsgəri, kəşfiyyatçı Bağırov Emin İmran oğlunun dəfn mərasimi keçirilib.

Mərasimdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Milli Məclisin deputatları Azay Quliyev və Madər Musayev, Müdafiə Nazirliyinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Binəqədi rayon İdarəsinin rəisi Mehman Qurbanov, rayonun hüquq mühafizə orqanları, rayonun müəssisə və təşkilatları, şəhidin oxuduğu məktəbin kollektivi, İctimai Şuranın üzvləri, ictimai birliklər, birinci Qarabağ müharibəsinin iştirakçıları, YAP Binəqədi rayon təşkilatının fəalları, gənclər o cümlədən, rayon sakinləri iştirak ediblər.

Şəhid E.Bağırov Binəqədi qəsəbəsində dəfn edilib.

Dəfn mərasimində "Şəhidlər ölməz, Vətən bölünməz", "Vətən sənə canım fəda" şüarları səsləndirilib. Cənazə namazı qılındıqdan sonra şəhidin ruhuna dualar oxunub, Allahdan rəhmət dilənib.

Dəfn mərasimində iştirak edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov şəhidin yaxınlarına və rayon ictimaiyyətinə bildirib ki, Şəhid Bağırov Emin Azərbaycanın suverenliyi uğrunda qəhrəmancasına həlak olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidi son mənzilə yola salmağa gələn insanlar, xalqımızın milli ruhu, vətənpərvərlik duyğuları onu deməyə əsas verir ki, Azərbaycan xalqı öz torpaqlarını qısa zamanda işğaldan azad etməyə hazırdır.

Sonra söz alan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndəsi Hafiz Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Binəqədi rayon İdarəsinin rəisi Mehman Qurbanov, mərhumun tarix müəllimi Qoşqar Hümbətov, şəhid Emin Bağırovun vətənin azadlığı uğrunda nümayiş etdirdiyi qəhrəmanlıqlardan bəhs edərək yaxınlarına başsağlığı veriblər.

Bitib tükənməyən insan izdihamı ilə müşayiət olunan dəfn mərasimində sakinlər şəhidi son mənzilə yola salıblar. Binəqədi qəsəbə qəbristanlığında torpağa tapşırılan Bağırov Emin İmran oğlu Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında, yaylım atəşinin açılması ilə torpağa tapşırılıb.

Daha sonra şəhid cənazəsinə bükülmüş Azərbaycan bayrağı şəhidin atasına təhvil verilib.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar