Təhsilimizdə də belə anlaşma və dəstək nümayiş etdirsək...
Mənfur düşmən üzərində çoxdan arzuladığımız və səbirsizliklə gözlədiyimiz qələbəyə qəlbən sevindik. Birlik, həmrəylik, daxili qarşılıqlı anlaşma nümayiş etdirdik. Özümüzə bir daha əzmkarlığımızı, qətiyyətimizii, düşmənə isə sarsılmaz gücümüzü, qüdrətimizi göstərməklə, məğlubiyyət sindromunu sındırdıq. Bütün xalqımız kimi təhsil ictimaiyyəti, pedaqoji kollektivlər, tələbə-gənclərimiz də, ön cəbhədə gedən proseslərə biganə qalmadı, öz mənəvi dəstəklərini əsirgəmədi.
Tələbələrimiz konüllü olaraq ordu sıralarına qatılmaq iddialarını ortalığa qoydu. Ayrı-ayrı universitetlər ordumuza dəstək aksiyaları keçirdilər. Bir daha şahidi olduq ki, xalq bir olursa cəbhənin önü, arxası olmur. Təhsil sahəsi də bir cəbhədir, özü də strateji və prioritet bir cəbhə.
Yeri gəlmişkən, təhsilimizdə, xüsusilə təlim və tərbiyə sahəsində hələ də həllini tapmayan bir çox ciddi problemlərlə üzləşməyimiz danılmaz fakt olsa da, bunu yeniyetmə və gənclərimizin vətənpərvərlik tərbiyəsi üzrə aparılan işlərə də şamil etmək ədalətsizlik olardı. Son olaylarla bağlı məktəbli və tələbələrimizin nümayiş etdirdikləri yüksək coşqu və ruh yüksəkliyi belə bir nəticəyə gəlməyə tam əsas verir.
Anlaşma və dəstəkdən söz düşmüşkən, əgər təhsilimizdə də son olaylardaki anlaşma və həmrəyliyimizi nümayiş etdirsək ölkəmizin gücü və qüdrətinin daha da artmasına əsaslı töhfəmizi verə bilərik. Bu baxımdan TQDK sədri Məleykə Abbaszadənin “Özəl ali məktəblər həm təhsilin səviyyəsini qaldırmalı, həm də yüksək intellektli tələbələrə təhsil haqqının məbləğində əhəmiyyətli güzəştlər etməlidirlər” təklifi istər özəl ali məktəblərin rəhbərliyi, istərsə də dövlət və digər qeyri-hökumət təşkilatları, habelə geniş ictimaiyyət tərəfindən dəstəklənməlidir. Çünki, təhsil haqları ilə bağlı mövcud durum nə neft kapitalını insan kapitalına çevirməklə bağlı kursumuzla, nə də sosial ədalət prinsipləri ilə heç də tam səsləşmir.
Azərbaycanda istər dövlət ali təhsil müəssisələrində ödənişli ixtisaslar üzrə, istərsə də özəl ali təhsil müəssisələrində təhsil haqları dünyada ən bahalılar sırasında olub, minimum əməkhaqqı nisbətinə görə ən inkişaf etmiş ölkələri belə, geridə qoyur. Bir vaxtlar təhsil haqqı nisbətən az olanda dövlət, xüsusilə özəl ali məktəblərə güclü axın var idi. Son zamanlar isə əksinə, maddi imkana görə tələbə sayı xeyli azalıb, plan yerləri boş qalır. Hətta yüksək balla ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin təhsil haqqını ödəmək imkanı olmaması səbəbindən universitetləri tərk etməsi halları xeyli artıb və müvafiq tədbirlər görülməsə bu proses daha da kütləvi xarakter ala bilər.
Xüsusilə bir sıra özəl universitetlərin hətta maliyyə böhranı vəziyyətində, təhsil haqlarının məbləğlərini yenə də eyni həddə saxlaması həmin universitetlərə qəbul olmuş bir çox tələbələri təhsil haqqını ödəmək üçün borca girmək və ya təhsilini yarımçıq qoyaraq təhsil aldığı universiteti tərk etmək zərurəti qarşısında qoyur.
Adətən, ödənişli təhsil deyiləndə ilk növbədə göz önünə bir çox xarici ölklərdə olduğu kimi, keyfiyyətli tədris ab-havası gəlir. Yəni tələbə il ərzində verdiyi təhsil haqqının müqabilində universitet tərəfindən həm nəzəri, həm də praktiki biliklərə yiyələnir və müasir texnologiyaların köməyi də bu sahədə, belə desək, öz sözünü demiş olur. Lakin bu gün Azərbaycanda bir çox dövlət və özəl universitetlərdə pullu fakültələr üstünlük təşkil etsə də, orada təhsil alan tələbələr ən yaxşı halda nəzəri biliklərə yiyələnirlər və bu da onların gələcəkdə öz ixtisasları üzrə iş tapmalarında müəyyən problemlərə yol açır.
Azərbaycanda özəl universitetlərdə təhsil haqları son illər bir neçə dəfə artırılıb. Hətta bəzi ixtisaslar üzrə dövlət universitetlərinin ödənişli fakültələri ilə özəl universitetlərin eyni fakültələri arasındakı təhsil haqqında kəskin artım fərqi yaranıb. Bəzi hallarda dövlət qiymətləri ilə bəzi özəl universitetlərin qiymətləri arasında bir neçə mərtəbəli fərqlər mövcuddur. Halbuki dövlət təhsil müəssisələrinin ödənişli fakültələrində qiymətlər müqayisədə ölkədəki aylıq orta əmək haqqına nisbətən yaxın olsa da, özəl ali məktəblərdəki qiymətlər barədə bunu demək olmaz.
Bir vaxtlar yalnız ödənişli əsaslarla təhsil verdiyi üçün özəl ali təhsil müəssisələrinə əsasən dövlət ali təhsil müəssisələrinə qəbul ola bilməyənlər qəbul olunurdu ki, onların da böyük əksəriyyətinin biliyi kafidən yuxarı olmurdu. Bu cür abituriyentlərin qəbul olması həmin ali təhsil müəssisələrinin dövlət ali təhsil müəssisələri ilə rəqabət aparmaq imkanlarını məhdudlaşdırırdı. Bu gün özəl ali təhsil müəssisələri dövlət ali təhsil müəssisələri ilə dövlət sifarişi əsasında qəbul aparılan yerləri tutmaq üçün rəqabət aparmaq və ümumiyyətlə, daha bilikli gəncləri özlərinə cəlb etmək üçünTQDK sədrinin təbirincə desək, həm təhsilin səviyyəsini qaldırmalı, həm də yüksək intellektli tələbələrə təhsil haqqının məbləğində əhəmiyyətli güzəştlər etməlidirlər. “Təəssüf ki, bir çox özəl ali təhsil müəssisələri bu məsələdə o qədər də maraqlı deyillər. Ümumiyyətlə, ayrı-ayrı ali təhsil müəssisələrinə qəbul olan gənclərin bilik səviyyələri bir-birindən ciddi fərqlənir”.
Bu da ciddi bir problemdir ki, ali təhsil müəssisələrində təhsil haqlarının yüksək olması təhsil almaq arzusunda olan xeyli istedadlı gənclərin ali təhsil almasına ciddi maneçilik törədir. Bu kimi hallar tələbə adını qazanan bir çox gənclərin təhsilə başlamasına, gələcəkdə ölkəmizə yararlı mütəxəssis olmalarına şərait yaratmır. Bu hallarla qarşılaşmamaq üçün ali təhsil müəssisələrinin optimall maliyyələşmə mexanizmlərini yaratmaq, tələbə və ali təhsil müəssisəsi arasında münasibətləri tənzimləyən müqavilələr bağlamaq, tələbələrin sosial statusunu müəyyənləşdirmək olduqca zəruri şərtlərdən biridir.
Təhsil haqları ilə bağlı məsələdə sanki nəsə bir dəqiqlik, tənzimləmə mexanizmi çatışmır. Demək olar ki, hər ali məktəbdə ödəniş haqları istər ixtisaslar, istər fakültələr, istərsə də ali məktəblərin imicinə görə müxtəlifdir. Hansı ixtisaslar üzrə oxuyan tələbələrin ödəniş haqlarının illik nə qədər olmasının mahiyyətinə varılmır. Belə bir mexanizmin olmadığına görə ali məktəblər öz ehtiyaclarını ödəniş haqqını nəzərə alaraq müəyyənləşdirir. Bir məsələ də var ki, ali məktəblər, xüsusən özəl ali məktəblərin 80 faizi təhsil haqqı hesabına özünü saxlayır. Onlar işçilərinə əmək haqqı verə bilməyəcəklərsə, o zaman bir növ ödəniş haqlarını artırmaq zərurəti qarşısında qalmış olurlar. Ödəniş haqları artırılsa, bəs tələbə o vəsaiti necə ödəyəcək? Ona görə də bu məsələdə hökumətin zəruri müdaxiləsi lazımdır.
TQDK sədrinin sözlərinə görə, özəl ali təhsil müəssisələri arasında yüksək hazırılıqlı abituriyentlər əsasən "Qafqaz” Universitetinə üstünlük verirlər. "Qafqaz” və "Xəzər" universitetləri istisna olmaqla, digər özəl ali təhsil müəssisələrinə və regionlarda fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin orta bal göstəriciləri isə aşağıdır.Bu mənada təhsil müəssisələri savadlı tələbələrə təhsil haqqının ödənilməsində güzəştlər etməlidir: Eləcə də, özəl təhsil müəssisələrində tədrisin səviyyəsi yüksəldilməlidir. Məsələn, "Qafqaz" Universiteti əlaçı tələbələrin hamısından ödəniş almır. Əlavə olaraq onlara təqaüd verir. Əlaçı olmayanlar, "4 və 5"lə oxuyanlardan təhsil haqqının 50 faizini götürür. Tələbənin dərslərə hazırlığı bir qədər də aşağı olanda, ondan ödənişin 75 faizi alınır. Bu da tələbələr arasında yarış yaradır. Tələbələr öyrənmək, yüksək səviyyədə nəticələr göstərmək üçün yarışırlar. Çalışırlar ki, təhsildə nailiyyətlər qazansınlar və təhsil haqqını ödəmədən oxusunlar.
Digər özəl ali məktəblərdə belə bir sistemli yanaşma yoxdur: Bir də ki, tək özəl ali məktəblərdə yox, dövlət ali məktəblərində də ödənişli olan ixtisaslarda əlaçılara təhsil haqqının ödənilməsində güzəştlər olmalıdır. Çünki təhsil hamı üçündür: Güzəştlər yalnız özəl təhsil müəssisələrində olmamalıdır. Əksinə, dövlət ali təhsil müəssisələrinin vəsait qoymaq imkanı var. Özəlin isə o imkanları yoxdur. Ona görə də, bu tələbləri hər ikisinə qoymaq daha məqsədəuyğun olardı..
Bu günkü tələbə sözün bütün mənalarında Vətənin sabahkı əsgəridir. O diqqəti, qayğını, ehtiyacı, yardımı və digər insanlıq xüsusiyyətlərinı parta arxasında daha çox hiss edir və buna böyük ehtiyac duyur. Tələbə-gənclərimizə diqqət və qayğımızı əsirgəməyək. Onların qayğıları və problemlərini bölüşək. Təhsillərini davam etdirməkdə və başa vurmaqda yardımcı olaq, xeyriyyəçilik göstərək. Axı, bir vaxtlar bizim təmənnasız məktəb açmaq, tələbə oxutmaq kimi messenatlıq ənənələrimiz də olub.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.