“ARTIQ BU SÖZ-SÖHBƏTƏ SON QOYMAĞIN ZAMANIDIR” – Ruhidən maraqlı açıqlamalar- MÜSAHİBƏ

Biznes-ledi övladlarının atası ilə bağlı ilk dəfə "AzPolitika.info"-ya danışdı: “... illərlə mən o insanla bir yerdə yaşamışam”

“Kimsə də yalan danışaraq onların adına ləkə gətirəcək bir açıqlama verərsə, mən susmayacağam”

Biznes-ledi kimi tanınan Ruhi xanımla təxminən il yarım öncə - şəxsi həyatı ilə bağlı qalmaqallı məlumatlar yayılan zaman müsahibə götürmək istəmişdik. Haqqında gedən yazı ilə bağlı saytımıza öz etirazını bildirərək, mövqeyini açıqladıqdan sonra geniş müsahibə təklif etmişdik. Ancaq mövzunu öyrəndikdən sonra, bu haqda danışmaq istəmədiyini söyləyərək, imtina etmişdi.

Bu dəfə isə onun ad gününü orijinal formada - həbsxanada qeyd etməsi müsahibə təklifimizi yeniləməyimizə səbəb oldu. Razılaşdı. Həftənin əvvəli ATV kanalında həyata keçirdiyi “Özünə bax” dəb yarışının çəkilişlərində olduğundan, onunla həftə sonu görüşərək müsahibə götürdük. Hər nə qədər şəxsi həyatı ilə bağlı suallara cavab vermək istəmədiyini söyləsə də, bundan qaçmaq mümkün olmadı. Və...

Ruhi xanım indiyə qədər danışmadığı, hər dəfə üstündən keçdiyi, susduğu məsələlər barədə “AzPolitika.info”-ya maraqlı açıqlamalar verdi. Düzdür, müsahibə zamanı danışdıqca bəzən gözləri yaşaran, bəzən əlləri titrəyən, bəzən də qəhərdən danışa bilməyən biznes-ledi sonradan “bəlkə bunları yazmayasan, yenə aləm qarışacaq” deyə xahiş etdi. Zahiri qədər, daxilən də gözəl olan Ruhi xanıma “çalışarıq” desək də, oxucu marağını nəzərə alaraq, heç nəyi ixtisar etmədik...

Beləliklə, müsahibimiz kiminin biznes-ledi, kiminin dəb ikonası, kiminin də gözəllik ilahəsi adlandırdığı, hamının Ruhi kimi tanıdığı Ruhiyyə Əliyevadır.

- Ruhi xanım, ilk sualım ad gününüzü qadın həbsxanasinda qeyd etməyinizin səbəbilə bağlıdır. Nəyə görə belə bir qərar verdiniz? Və niyə başqa bir gün deyil, məhz ad gününüzdə qadın həbsxanasına getdiniz?

- Sualınıza cavab verməzdən öncə “AzPolitika.info” saytının rəhbərliyinə və kollektivinə minnətdarlığımı bildirmək istəyirəm. Bilirsiniz ki, təxminən bir il öncə mənim sizin saytda haqqımda gedən yazı ilə bağlı bir müraciətim olmuşdu. Zəng edib bəzi yanlış məlumatlara etirazımı bildirmişdim. Siz də çox hörmətlə yanaşaraq fikirlərimi dərc etmişdiniz. O zaman vaxt edib sizə təşəkkür edə bilməmişdim. Gec də olsa kollektivinizin hər bir üzvünə minnətdarlığımı bildirirəm. Ümumiyyətlə, jurnalistlərimizin çoxu hər zaman haqqı, haqlını müdafiə edir. Bu baxımdan onlar həmişə xoş sözlərə layiqdir. Media nümayəndələri içərisində çoxlu dostlarım var. Onların timsalında bütün jurnalistlərin, o çümlədən sizin kollektivin qarşıdan gələn Bahar Bayramını təbrik edirəm.

Sualınıza gəldikdə isə, mən hər bir qadının, ananın hər zaman qayğıya, diqqətə ehtiyacı olduğu düşüncəsindəyəm. Orda cəza çəkənlərə də yalnız bir məhbus kimi deyil, həm də bir ana kimi, qadın kimi yanaşılmalıdır. Heç kim heç nədən, başına gələ biləcək bədbəxtlikdən sığortalanmayıb. Əlbəttə, qadını həbsdə düşünmək belə ağırdır. Ancaq həyatdır, kimsə sabah başına nə gələcəyini bilmir. Bəzən ömür boyu qarışqanı belə inçitməyən bir insan istəmədən qəza törədib kiminsə ölümünə səbəb olur. Və buna görə uzun illər həbsxanada yatmalı olur. Yəni, demək istəyirəm ki, həbsxanada yatan hər kəsə cinayətkar kimi baxmaq, onu cəmiyyətdən təcrid etmək doğru deyil. İllah da ki, o qadındırsa, anadırsa. Bu baxımdan mən öz ad günümü diqqətə, qayğıya daha çox ehtiyacı olan qadınlarla birgə keçirməyə qərar verdim.

Sualınızın ikinci hissəsinə gəldikdə isə, deyim ki, qadin həbsxanasına getməyimin əsas səbəblərindən biri də 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə onları təbrik etməkdi. Nə edə bilərəm ki, mənim ad günüm də eyni vaxta təsadüf edir. Yəni, mən həmin gün eyni zamanda qadınlarımızı təbrik etmək üçün ordaydım.

- Yəqin ki, ad gününüzü yalnız həbsxanada qeyd etmədiniz. Maraqlıdır, sizi ilk təbrik edən kim oldu və ən çox sizi sevindirən təbrik hansı oldu?

- Deyim ki, elə bir dəbdəbəli ad günü keçirmədim. Heç bunu xoşlamıram da. Sadəcə, həbsxanadan qayıtdıqdan sonra bəzi dostlarım tərəfindən düzənlənən kiçik bir tədbir oldu. Axşam da yaxınlarımla, övladlarımla birlikdə ad günümü qeyd etdik. İnanın, ad günümü övladlarımla keçirmək qədər mənə heç nə sevinç verə bilməz. Yəqin ki, bundan sonra da hər zaman ən mənalı, gözəl anlarımı Məhəmmədim və Həsənimlə birgə keçirməyə çalışacam. Elə məni ilk təbrik edən də, ən çox sevindirən də onlar oldu. Düzdür, hələ çümlə qurub danışa, hisslərini sözlə ifadə edə bilmirlər. Ancaq saat 12:00-u keçən kimi mən onları qucaqlayıb öpdüm. Onlar da bundan xoşhal olub, yuxulu-yuxulu gülümsədilər. İnanın, mənim üçün bundan böyük təbrik, bundan böyük hədiyyə yoxdur. Yəqin mətbuatdan bilirsiz, neçə illər ana olmaq mənim ən böyük arzum olub. Şükürlər olsun ki, Rəbbimiz bunu mənə qismət etdi. Ona görə də, ana olmaq mənim həyatda ən böyük mükafatımdı. Hər xoş anımı övladlarımla birgə keçirirəm.

-Tanınmış xanımsınız, çevrəniz genişdir, yəqin ki sizi təbrik edən də çox olub. Ancaq özünüzün xusisi gözlədiyiniz təbrik vardımı və onu aldınızmı?

-(Gülür) Təbii ki, hər bir xanım kimi mənim də təbrik almaq istədiyim, təbriklərini gözlədiyim insanlar vardı. Və o insanların hamısından təbrikimi aldım...

- Artıq bir-neçə ildir ki, ATV telekanalında yeni bir layihə həyata keçirirsiniz - «Özünə bax»  zövq yarışması. Belə bir layihə həyata keçirməyə başlamağınız, bu ideya ilə çıxış etməyiniz nə ilə bağlı oldu? Müğənnilikdən getdiyinizə görə peşman deyilsiniz ki?

- Əvvəlcə deyim ki, mən heç vaxt sırf müğənnilik karyerası qurmaq barədə düşünməmişəm, ona görə də bir peşmançılığım yoxdur. Hər zaman demişəm ki, içimdə oxumağa bir istək gördüm və başladım oxumağa. Amma peşəkar müğənni olduğumu nə söyləmişəm, nə də belə bir fikrim olub. Fikrimcə, hər kəs müğənni ola bilməz və buna cəhd etməməlidir. İstedadı, səsi və ən əsası musiqini yaşamaq qabiliyyəti yoxdursa, əlinə mikrafon almamalıdır. Ancaq ən əsası müğənni olmaq üçün oxuduğun hər mahnını yaşamalısan. Onu dilinlə deyil, qəlbinlə oxumalısan, mahnıya özünü qoymalısan. Bu da hər kəsə qismət olmur. Xalqın sevimlisi o müğənni olur ki, musiqi istedadı, savadı ilə yanaşı, geniş ürəyi, səmimiyyəti də olur. Təəssüf ki, bizdə bir çoxları bu keyfiyyətlərdən uzaqdır...

«Özünə bax» zövq yarışmasına gəldikdə isə, bu layihə mən hələ ana olmamışdan əvvəl düşünülmüşdü. Türkiyədə olarkən, anoloji yarışmanın təşkilatçıları ilə bu məqsədlə bir neçə dəfə görüşüb, söhbət də etmişdim. Ana olmağa hazırlaşdığımdan, bir qədər təxirə salmalı oldum. Ancaq çox hörmət etdiyim bir rejisor rəfiqəm var, Rəna xanım. Hələ Türkiyədə olarkən onunla əlaqə saxlayıb, belə bir düşüncəm olduğunu bildirmişdim. O da çox müsbət qarşıladı. Mən də ondan bunu bir layihə kimi formalaşdırmağı xahiş etdim. Təbii ki, öz fikirlərimi, layihədə kimləri görmək istədiyimi də söylədim. Düzdür, bəzilərilə bağlı sonradan yanıldığımı görüb, onları yanımdan uzaqlaşdırdım. Ancaq bu layihəni ərsəyə gətirmək üçün dostlarımla birlikdə xeyli əziyyət çəkdik. Mən Türkiyədən döndükdən sonra ATV telekanalının rəhbərliyilə görüşüb, danışdıq. Onlar da layihəni bəyəndilər. Sağ olsun, ATV-nin rəhbərliyi, şəxsən Vüqar Qaradağlı , Rauf müəllim və Tünzalə xanım, bizə hər çür dəstəyi verdilər. Və biz Azərbaycanda ilk dəfə ucuz şoudan uzaq, maarifləndirici, tərbiyələndirici xarakter daşıyan belə bir layihəni həyata keçirməyə başladıq. Bir daha sizin sayt vasitəsilə ATV-nin rəhbərliyinə, yaradıcı kollektivinə, münsiflərə minnətdarlığımı bildirirəm. Onlar mənə çox dəstək oldular. Bəlkə başqa telekanallar belə bir çətin layihəni reallaşdırmağa razı olmazdılar. Rauf müəllim bizə o qədər dəstək oldu ki... Kənardan baxanda bəlkə də çox asan görünür. Ancaq inandırım sizi, az zamanda yüksək reytinq qazanan «Özünə bax-1» çox çətinliklə ərsəyə gəlmişdi. «Özünə bax-2»-də bu çətinliklərin bir hissəsi artıq aradan qalxmışdı, həm də özümüz də artıq öyrəşmişdik. Hazırda, «Özünə bax-3» layihəsini bir qədər fərqli formatda keçiririk. İnşallah «Özünə bax-4» də tamamilə fərqli şəkildə olacaq. Hələlik tam dəqiq deyi, ancaq böyük ehtimalla uşaqlarla olacaq. Həm mən uşaqları çox sevirəm, həm də geyim bir mədəniyyətdir. Hələ kiçik yaşlarından uşaqlarda bu mədəniyyəti formalaşdırmalıyıq. Yəqin, sonrakı illərdə həm bu layihənin davamı olacaq, həm də başqa bəzi düşüncələrimizi reallaşdıracağıq. Sağlıq olsun.

- Ruhi xanım 2-ci finaldan sonra mətbuatda bəzi iştirakçıların layihə ilə bağlı narazılıqlarına rast gəlindi. Bunu səbəbi nə idi? Ortada haqsızlığın olduğuna dair söhbətlər dolaşdı...

- Buna biz aydınlıq gətirdik. Yarışda iştirak edən bir-neçə qızın bəzi narazılıqları vardı. Bu da onların yaxınları, doğmaları, dostları tərəfindən səhv məlumatlandırılmaları ilə bağlı idi. Yalandan demişdilər ki, nə bilim 5 min manat, 8 min manat, 20 min manat məbləğində sms göndərmişik, birinci yerə sən çıxmalıydın. Yəni, belə söhbətlər vardı. Ancaq araşdırılanda məlum oldu ki, deyilənlər yalandı. Əslində belə iddialar da yersizdir. Əvvala, ATV böyük və nüfuzlu bir teleşirkətdi, belə ucuzluğa yol verməz. İkinci bir tərəfdən sms-lər “Azərcell” şirkəti tərəfindən hesablanır və onlar heç vaxt saxtakarlığa yol verməzlər. Ücünsüsü də bu layihə mənim adımla bağlıdır. Mən nəinki hansısa böyük saxtakarlığa, kiçik də olsa belə kiminsə haqqının tapdanmasına yol vemərəm. Bu mümkün deyil. Deyim həm birinci, həm də ikinci yarışmanın qalibi layiqli qızlar oldu. Ancaq çox az bir səslə 45-50 min manatlıq ev sahibi olurlar, ancaq birinci yeri tutana təxminən 2000 manat məbləğində səs gəlmişdi. Bəziləri 200-300 manatlıq səs toplayır, deyir birinci yerə mən cıxmalıyam. Mümkün deyil axı. Razılaşaq ki, qalibə ən dəyərli mükafat - ev verilir. Azərbaycanda insanlar özünə ev almaq üçün illərlə, 10 illərlə işləyir, çalışır. Amma ATV kanalı sağ olsun, bir layihənin qalibini heç bir əziyyət çəkmədiyi halda evlə təmin edir. Sadəcə, səs yığmaq tələb olunur. Bunun üçün iştirakçılar gərək yalnız öz yaxınlarından, ətraflarından deyil, xalqdan səs istəsinlər. Çünki bəzən yaxınları söz verir, ancaq səs vermir. Bu da sonradan bəzən əsassız söz-söhbətə səbəb olur.

-Ruhi xanım, bilirik ki, biznesinlə də məşğulsunuz. Azərbaycanda bizneslə məşğul olmaq o qədər asan deyil. Xüsusən də sizin kim, həm də müxtəlif layihələr həyata keçirən, televiziyada çəkilişlərə qatılan və azyaşlı övladları olan bir qadın üçün. Neçə çatdırırsınız? Və biznes işləriniz necə gedir?

- Şükürlər olsun ki, yaxşı gedir (gülür). Yəni elə yüksək səviyyədə olmasa da, “ağlamalı” da deyil. Normaldı. Açığı böyük bi biznesim olmasa da, həmişə şükür edirəm. Çünki mənimlə bərabər orda çalışan 7-8 xanım da ailəsinə ruzi aparır. Hamisi da etibarlı, imanlı xanımlardı...

O ki qaldı necə çatdırmağıma, əlbəttə çətindir. Düzdür, hər bir iş, fəaliyyət zəhmət tələb edir. İstər bu biznes olsun, istərsə də bir başqa sahə. Bilirsiz, biznesi qoruyub saxlamaq, onu qurmaqdan daha çətindir. Xüsusən, qeyd etdiyiniz kimi, azyaşlı övladları olan bir ana üçün bu qədər işi çatdırmaq da asan deyil. Mənə də çox çətindir. Bilirsiz, 2 oğlumu mən tək böyüdürəm. Ailədə həm kişi, həm də qadin rolu mənim üzərimə düşür. Buna görə də mən lazımı qədər evdə ola, istədiyim kimi onların qayğısını çəkə bilmirəm. Övladlarıma yaxşı bir gələçək qurmaq, onlara yaxşı təhsil vermək üçün daha çox çalışmağı lazım bilirəm... Bu isə, əlbəttə çətindir. Bəlkə də təssəvvür edə bilməzsiniz ki, bir gənc qadın üçün bu yükü daşımaq nə qədər ağırdır... (kövrəlir). Ançaq ağırlığına baxmayaraq, mən bütün işlərin öhdəsindən gəlirəm. Bəlkə də ona görə ki, sevdiyim işlərlə məşğulam. Həyata keçirdiyim layihələr ürəyimcədir, mənə zövq verir. Biznesim sevdiyim bir sahədədir. Ona görə bu işi daha dərindən öyrənməyə çalışıram. Övladlarım isə mənim həyatımın mənasıdır, hər anımı onlara həsr etmək istəyirəm. Bütün vaxtımı onlarla keçirə bilməsəm də, hər dəqiqələrindən məlumaat alıram. Çox etibarlı, 8 ildir tanıdığımız bir xanım daim onların yanındadır. Əvvəllər baçımın uşaqlarının dayəsi idi, indi də Məhəmmədimlə, Həsənimə baxır. Yəni, əgər bir işi sevə-sevə görürsənsə, əziyyətini hiss etmirsən. Yorulsan da, sənə güc gəlir. Mən də nə qədər yorulsam da, evə gəlib, Məhəmmədlə Həsəni qucağıma aldıqda yenidən güçüm qayıdır... Bir də ki, ətrafımda çox gözəl insanlar, yaxşı dostlarım var və bütün bu işləri görməkdə mənə yaxından kömək edirlər, dəstək olurlar. Məni tək qoymurlar, uğurlarımda onların da payı çoxdur.

-Bir halda ki, söhbət övadlarınınızı tək böyütməyinizdən düşdü, bunun səbəbini də açıqlamağınızı istərdik. Bununla bağlı siz ana olduqdan sonra xeyli söz-söhbət oldu...

- (Sözümü kəsir) Üzr istəyirəm, ancaq mən yenidən o söhbətlərə qayıtmaq istəmirəm. Əsas odur ki, mən övladlarımı sağ-salamat dünyaya gətirdim. Rəbbimiz bunu mənə qismət etdi. Bu mənim ən böyük arzum idi. Bilirsiz, mənim səhhətimdə müəyyən problemlər vardı, ana olmağım risqli idi. Ancaq buna baxmayaraq, mən anamdan, yaxınlarımdan gizlədərək özümə başqa tərəfdən ziyan verə biləcək ciddi bir müalicə götürdüm. Bəlkə də çox qadın buna getməzdi, bir ucunda həyati təhlükə vardı. Amma bütün bu təhlükələr mənim ana olmaq istəyim qarşısıında dayana bilmədi. Şükürlər olsun ki, Rəbbim də mənim bu istəyimi görüb, sağ-salamat 2 oğlan övladı bəxş etdi. Nə özümə, nə övladlarıma heç nə olmadı... Allahın mənə bəxş etdiyi bu xoşbəxtliyin qarşısında mən ancaq şükürlər edə bilərəm... Düzdür, həmin vaxt mən çətin bir dövr yaşadım (gözləri yaşarır, qəhərdən danışa bilmir )... Görürsüz, xatırladıqca pis oluram... O vaxt mənə qarşı bəzi haqsızlıqlar oldu... Ancaq yenidən o dövrə qayıtmaq istəmirəm.

-Ruhi xanım, övladlarınızın atası ilə bağlı sualları ya cavablandırmırsınız, ya da üstüörtülü cavab verirsiniz. Bəlkə də buna görə gah övladlarınızın “surroqat ana” tərəfindən dünyaya gətirildiyi, gah sizin süni yolla hamilə qaldığınız və sair iddialar səslənir...

-(əsəbləşir) Bilirsiz, mən o zaman da demişdim ki, hamı övladlarımın atasının kim olduğunu çox yaxşı bilir. Birinci növbədə də atası özü. Sadəcə mən etik qaydaları gözlədiyimdən, ataları özü istəmədən onun adın açıqlamadım, buna ehtiyac da duymuram. Onlar mənim övladımdır, atalarının kim olduğunu da özləri biləcək. Bunu ictimaiyyətə açıqlamağa nə ehtiyac var?... Bəli, o dövrdə də, ondan sonra da mənə, övladlarıma dediyiniz şəkildə, daha ağır formada iftira atanlar oldu. Ancaq hamısının cavabı verilib. Mən belə böhtanların atılacağını bildiyimdən hazırlıqlı idim, bütün hamiləlik dövrümü, hətta ana olmağımla bağlı prosesi də lentə aldırmışdım. İkinci bir tərəfdən övladlarımın atası da hamiləlik zamanı müəyyən müddət yanımda olub. Biz uzun müddət bir yerdə yaşamışıq... Bu haqda danışmaq istəmirəm... Heç istəmirəm... Gəlin bu sualdan keçək.

- Ruhi xanım, siz ictimai insansınız. Ona gərə də medianın sizinlə bağlı qaranlıq qalan suallara aydınlıq gətirmək istəməsindən əsəbləşməməlisiniz. Bilirik ki, ana olmazdan öncə iş adamı İlham Rəhimovla birlikdə yaşamısınız. Ancaq birdən-birə ayrıldınız, səbəbini heç biriniz izah etmədiniz. Həm sizinlə, həm də İlham Rəhimovla bağlı yazıların altında gələn şərhlərin çoxunda bu soruşulur. Biz də oxucuların fikirlərini nəzərə alaraq, bu sualları sizə veririk. Niyə ayrıldığınızı açıqlamayacaqsınızmı?

- Mən sizi də, oxucularınızı da başa düşürəm. Ancaq bəzi məsələlər var ki, inanın onların səbəbini mən özüm də bilmirəm. Mənə də bəzi məsələlər qaranlıqdır. Elə məsələlər də var ki, onlar haqda danışmaq doğru deyil. Yəni, o bizim şəxsi həyatımızdır, açıqlama veməyi də lazım bilmirəm.Yəqin zamanla hər şeyə aydınlıq gələr.

- Elə isə başqa bir məsələyə aydınlıq gətirin. Mətbuatdan oxuduq ki, yeni ili övladlarınızla Dubayda keçirmisiniz. Yəqin ki, uşaqlara sənəd almısınız... Ata olaraq kimin adını yazdırmısınız?

-Neçə yəni kimin? Ataları kimdi onun...

- Gizli deyisə kimin?..

- Niyə gizli olur ki, ataları İlham müəllimdir, onun da adı yazılıb. Bilirsiniz, mən də istəyirəm bu söz-söhbətə son qoyulsun. Övladlarımın atası ilə bağlı kimin ağlına nə gəldi danışmasını, yazmasını qəbul edə bilmərəm. Çünki Məhəmmədlə Həsən bu gün uşaq olsalar da, gələcəyin kişisidirlər, əsgəridirlər, məmuru və müəllimi olacaqlar. Hər bir ana kimi mən də övladlarımın adına hər hansı bir ləkə gəlməsini, onların mənəvi travma almasını istəmirəm. Buna imkan da vermərəm. Nəyə görə kiminsə maraqlarına görə mənim övladlarım atasız, ya da atası bilinməyən adlansın?! Yenə deyirəm, övladlarımla bağlı geniş danışmaq istəmirdim. Ancaq bir halda ki, israrla soruşursunuz, bu məsələyə də burda son qoymaq istərdim. İllər cox tez keçir. Artıq bu gün-sabah övladlarımın 2 yaşları olacaq. Bu gün hələ körpə olan Məhəmmədlə Həsən sabah məktəbdə, hansısa universitetdə oxuyacaqlar. Dostları, tanışları olacaq. Mən istəmirəm ki, onlar nəyə görəsə, kimə görəsə dostlarının yanında başı aşağı olsunlar. Atasız adı alsınlar, ya da atalarının kim olduğu müzakirə edilsin. Mən ana kimi hər zaman onların şərəfini, ləyaqətini qoruyacağam (gözləri dolur, əlləri titrəyir)... Kimsə də yalan danışaraq onların adına ləkə gətirəcək bir açıqlama verərsə, mən susmayacağam. Niyə və nə vaxta qədər Ruhi susmalıdır?

- Əslində, Ruhi xanım, bu söz-söhbətin yayılmasının bir səbəbi də Sizin indiyədək konkret ad açıqlamamağınızdı. Hər kəs bilsə də Sizin dilinizdən eşitmək istəyirdi. Elə bu yaxınlarda mətbuata müsahibənizdə də övladlarınızın ataları kimi ağıllı, savadlı bir alim olmağını arzuladığınızı bildirərkən, İlham Rəhimovu nəzərdə tutduğunuz aydın olsa da, konkret ad çəkmədiyinizdən hərə bir söz danışdı...

- Bəli, doğrudur. Bilirsiz, mən hər kəsin fikrinə, qərarına hörmətlə yanaşıram. Bəlkə də, ona görə özümlə bağlı nə desələr susaram. Ancaq heç bir ana, heç bir valideyn istəməz ki, övladına zərər dəysin. Bu açıqlamanı da mən övladlarım gələcəkdə mənəvi zərbə almasın deyə verdim. İnanın, artıq bununla bağlı söz-söhbətdən, suallardan yorulmuşam. Qeyd etdiyim kimi, zaman sürətlə keçir, Məhəmmədlə Həsən bu gün-sabah cəmiyyət içinə çıxacaqlar. Bu çür söhbətlər məni həddən artıq qorxudur. Ki bunlar başa düşən zaman belə söhbətlərin hələ də ortada olması onlarda psixoloji travmaya səbəb olar. Ətrafımda məni istəyən insanlar kimi, istəməyənlər də var. Onların bu cür söhbətləri qəsdən qabartmaqla övladlarımın psixologiyasını pozmasından qorxuram. Onlarin beyinləri ağ kağız kimidir. Nə yazsan, o da qalacaq. Qorxuram ki, bu çür söhbətlər övladlarıma mənəvi yük olar və onlar bu yükün altında gələcəkdə əzilərlər. Ona görə də mən bi açıqlamanı verdim. Mənim də səbrim tükəndi. Artıq bu söz-söhbətə son qoymağın zamanıdır.

- Ruhi xanım, bəs İlham müəllim övladları ilə maraqlanırmı? Bilmirəm oxudunuz, ya yox, onunla götürdüyümüz müsahibəyə gələn bəzi şərhlərdə övladlarına da, sizə də lazımı köməklikləri göstərdiyi iddia olunurdu...

-(Gülür) Gəlin bu barədə də danışmayaq. Bu bizim ikimizə aid olan bir məsələdi. Ancaq deyim ki, illərlə mən o insanla bir yerdə yaşamışam, çox böyük hörmətim var. Mən o zaman sizə müraciətimdə də dedim ki, kimsə həm mənim barəmdə, həm də onun haqda yalan, iftira məlumatlar yayaraq, bizi bir-birimizlə qarşı-qarşıya qoymaq istəyir. Çünki həm mənim, həm də onun ailəsi ilə bağlı durmadan yalanlar ortaya atılırdı. Bunun da bir nəticəsi olmadığını gördülər. Ola bilməzdi. Çünki əvvəla, övladlarımın atası kimi mən ona həmişə hörmətimi saxlayıram. Hər halda Məhəmmədimlə Həsənim onun qanını daşıyır. İkincisi də, İlham müəllim yalnız respublikada deyil, dünyada tanınan ziyalı bir insandır. Bəzən şərhlərdə nalayiq fikirlər yazırlar. Bilib-bilmədən, nə gəldi yazırlar ki, bunu doğru saymıram. Ona görə də onlara münasibət bildirməyə də ehtiyac duymuram. Bu qədər. Bununla bağlı başqa açıqlama vermək istəmirəm, xahiş edirəm soruşmayın da. Adı da ona görə açıqladım ki, bir tərəfdən siz məni çox əsəbləşdirdiniz və məcbur qoydunuz. Bir tərəfdən qeyd etdiyim kimi, övladlarımın zədə almasını istəmirəm. Ancaq bir daha bu söhbətə qayıtmaq istəmirəm.

- Görürəm əsəbləşmisiniz, söhbətimizin məcrasını bir qədər dəyişək. Məhəmmədlə Həsəndən hər zaman danışırsız, ancaq heç üzlərini göstərmirsiniz. Maraqlıdır, kimə daha çox oxşayırlar?

- İnşalah bu yaxınlarda göstərərəm, hamı da rahat olar. Şükürlər olsun, gözəl-göyçək 2 oğlan uşağıdır- biri qara, biri sarı. O ki qaldı kimə bənzəmələrinə, hər halda mənə oxşadan çox azdı. Qohum-əqraba, Tovuzdan görənlər Məhəmmədi daha çox rəhmətlik ata babalarına oxşadırlar. Allah rəhmət eləsin, hökmlü bir kişi olubdu. Həsəni isə hamı atasına oxşadır. Amma mən Məhəmmədin getdikcə daha çox atasına oxşadığını düşünürəm. Hər halda mənə oxşarlıqları azdır (gülür). Ancaq bu məni narahat etmir. Bir dəfə demişəm, arzulayıram ki, yalnız zahirən deyil, ağılda, savadda, bacarıqda da atalarına oxşasınlar. Təbii ki, mən bir ana kimi bunun üçün nə lazımdırsa etməyə çalışacam. Onların ləyaqətli, imanlı, təhsilli, vətənini sevən, şərəfli bir kişi kimi formalaşmasına çalışacam. İdmanla məşğul olmalarını istəyirəm. Ən yaxşı məktəblərdə oxumaları üçün nə lazımdısa edəcəm. Onları elinə-obasına bağlı övlad kimi böyütməyi arzulayıram. Çünki elini-obasını sevməyən insan, nə vətəninə, nə də ailəsinə xeyir verə bilər. Bir sözlə, baçardığımızı övladlarımızdan əsirgəməyəcəyik.

- Ruhi xanım bildiyimizə görə, içtimai fəaliyyətlə də məşğulsunuz. Çənc istedadlara dəstək olan qeyri-hökumət təşkilatı yaratmısınız. Bu sahədə hansi işləri görüsünüz?

- Bəli, bir müddət bundan öncə bəzi dostlarımla birlikdə yeni qeyri-hökumət təşkilatı yaratmışıq - “Çıraq” Gənc İstedadlar Dəstək İctimai Birliyi. Sağ olsunlar, etimad göstərib, məni birliyin sədri seçiblər. Biz də bu təşkilatın xətti ilə Bakıda və regionlarda istedadı olan gənclərə həm maddi, həm mənəvi kömək edirik. Təbii ki, baçardığımız qədər. Bu barədə çox danışmağa ehtiyac duymuram. İşgüzar bir komandamız var. Hazırda bir-neçə geniş layihə üzərində işləyirik. Onlardan biri də televiziya ilə bağlı olacaq. Daha böyük bir layihəmizi isə sentyabr-oktyabr aylarında həyata keçirməyə başlamağı planlaşdırırıq. İnşallah o zaman mətbuat üçün də təqdimatını edəcəyik. Belə, yaşayarıq- görərik...

-Ruhi xanım müsahibə üçün təşəkkür edirəm. Qarşıdan gələn Novruz bayramınızı da həm öz adımdan, həm də kollektivimizin adından təbrik edirəm.

- Çox sağ olun. Vallah, siz mənə ad günümlə bağlı müsahibə götərəcəyinizi deyib, 2 il ərzində cavabsız qalan bütün sualları verdiniz, mən də deyə biləcəyimi dedim (gülür). Mən də sizin saytınız vasitəsilə bütün xalqımızı qarşıdan gələn bahar bayramı münasibətilə təbrik edirəm. Hər bir evdə ruzi-bərəkətin bol olmasını arzulayıram. Bir neçə gündən sonra il dəyişir. Yeni gələn ilin xalqımız və dövlətimiz üçün uğurlu olmasını arzulayıram. Azərbaycan gənc dövlət olsa da, sürətlə inkişaf edir, insanlarımızın həyat səviyyəsi günü-gündən yaxşılaşır. Ölkəmizin hər yerində böyük işlər görülür. Təbii ki, problemlərimiz də var - torpaqlarımızın bir hissəsi işğal altındadır. Ancaq inanıram ki, bu da tezliklə həll olunacaq. İnşallah qarşıda bizi daha gözəl günlər, illər gözləyir. Çünki Azərbaycan xalqı, bəylərimiz, xanımlarımız buna layiqdir. Sizi və saytınızın kollektivini də ayrıca təbrik edirəm, uğurlar arzulayıram.

Vəfa Manafova

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar