"MAHMUDOVUN XÜSUSİ ÇEVRİLİŞ PLANI VAR İDİ" - Şok açıqlamalar + II hissə

Pərviz Həşimli: “Eldar Mahmudov dövlət çevrilişi şousu düzəldib rəqiblərini sıradan çıxarmaq istəyirdi”

"Mənə Fikrət Yusifov nümunəsini göstərdilər, dedilər ki, o, bizimlə razılaşıb Fərhad Əliyevin, Əli İnsanovun üzünə durdu"

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun şərləyərək həbs etdirdiyi keçmiş siyasi məhbus, jurnalist Pərviz Həşimli "Yeni Müsavat" qəzetinə müsahibə verib. Həmkarımızdan öncə həbsdə olduğu zaman soruşulub: bir jurnalisti neçə il yazmağa qoymayıblar?

- 2013-cü ilin sentyabrın 17-də həbs olundum. 2 il 6 ay həbsxanada oldum. Həbsimin ilk 8 ayını MTN-in təcridxanasında keçirdim.

- Məhkəmə zamanı təcridxanadakı günlərinizi həbsinizin ən ağır dönəmi adlandırmışdınız.

- Səmimi şəkildə bildirmək istəyirəm ki, MTN təcridxanasında mənə təyin olunan 8 ay o 8 illik cəzadan daha ağır, əzabverici olub. Çox ağır şəraitdə saxlanmışam. İlkin dövrlərə işgəncələrə məruz qalırdım. Tək özüm yox, ailə üzvlərimə qarşı repressiyalar edilirdi.

- Konkret nələr edilirdi?

-Mənim atam 22 il məktəb direktoru olub. Atamı işdən azad etdirdilər. Qardaşımın Gəncədə iaşə obyekti var idi. Onu həbs olunduğum gecə yerlə yeksan etdirdilər. Yaxınlarıma qarşı təzyiqlər olmuşdu. Amnesty İnternational təşkilatına təşəkkür edirəm ki, onların müdaxiləsindən sonra mənə qarşı işgəncələr qismən azaldıldı. Səfirliklərin məni işgəncələrdən qorumaqda çox ciddi səyləri oldu. Mənim həyat prinsiplərimdə yıxılana balta vurmaq yoxdur. Ancaq mən Eldar Mahmudovun ən qüdrətli vaxtlarında, onun kəsdiyi başa sorğu-sual olmadığı dönəmdə açıq tekstlə bildirirdim ki, MTN-də milli maraqlarımıza, dövlətçiliyimizə zidd fəaliyyət göstərən mütəşəkkil cinayətkar qruplar var. Və mən hazırda həbsdə olan MTN polkovniklərinin adlarını həmin vaxt çəkinmədən açıqlayırdım. 2015-ci ildə mənim o söylədiklərim özünü təsdiqlədi.

- O detallara qayıdacağıq. Amma mən sizin həbsinizin ilk günündən müzakirə olunan bir məsələ barədə soruşmaq istəyirəm. Azərbaycan mətbuatında sizin qədər, eləcə də sizdən daha kəskin yazan jurnalistlər var, hökumətə qarşı kəskin mübarizə aparan siyasətçilər var. Onların arasında həbs olunanlar da var, azadlıqda qalanlar da. Hər zaman bu sual müzakirə olunurdu ki, niyə görə məhz Pərviz Həşimliyə qarşı misli görünməmiş bir əməliyyat keçirildi? Başına torba keçirilərək, evinə silahlı, maskalı adamlar göndərilərək, uşağının başına tapança dirəyərək... Bu aqressiyanın masştabı sizin timsalınızda niyə bu qədər böyük oldu? Pərviz Həşimli niyə MTN üçün bu qədər təhlükəli idi? Siz onları bu cür aqressivləşdirəcək qədər nə etmişdiz?

-Nəzərə alaq ki, məni həbs edən hansısa bir polis şöbəsi, polis orqanı deyildi. Məni həbs edən MTN-in rəhbərliyində olan həmin o cinayətkar qrup idi. Məni həbs etməkdə məqsəd 2011-2012-ci illərdə həm öz imzam, həm başqa imzalarla “Azadlıq”, “Bizim yol” qəzetlərində dərc olunan məqalələrin qisasını almaq idi. Onların əksəriyyəti riskli olduğuna görə öz imzamı qoymamışdım. Çünki bilirsiniz ki, bu günə qədər Azərbaycanda baş vermiş bütün səs-küylü cinayətlərin arxasında bu gün ifşa olunan o cinayətkar dəstə dayanıb. Həmin dəstə məndən qisas aldı. Həbs olunduğum gecə həmin yazıları MTN rəhbərliyinin masasının üstündə gördüm.

- Konkret hansı yazılar idi? Xatırlayırsızmı?

- Birini deyim. “Azadlıq” qəzetində dərc olunmuşdu. “Antiterror, yoxsa terror mərkəzi”. Daha bir yazı isə “Bizim Yol” qəzetində dərc olunmuşdu. “Sahibkar Eldar Mahmudovdan yardım istəyir”. Həmin yazıda MTN-in Qaradağ rayon şöbəsi rəhbərliyinin bir nəfər iş adamından rüşvət istəməsi qeyd olunmuşdu. MTN Gəncədə bir əməliyyat keçirmiş, həmin əməliyyatda bir MTN-çinin öldürülməsi barədə başqa bir yazım da vardı.

- Pərviz bəy, sizdə daha çox MTN-lə bağlı məlumatların olmasının özəl səbəbi var idimi? Araşdırmalarınız həmin yöndə daha çoxluq təşkil edirdi?

- Mənim bütün sahələrdə yazılarım olub. Amma daha çox siyasətdən yazmışam. Mənim kifayət qədər geniş əlaqələrim var idi. Daxili İşlər Nazirliyində də, prokurorluq orqanlarında da, MTN-in içində də mənbələrim olub. Maraqlı məlumatlar gəldikcə də onları ictimailəşdirməyə çalışırdım.

- Amma sizi hansısa bir qrupun adamı, kompromat savaşının bir iştirakçısı kimi hədəfə almışdılar...

-Onlar məni həbs edəndən sonra xüsusi planı var idi. Həm yazıların qisasını məndən almaq istəyirdilər, həm də Eldar Mahmudovun xüsusi dövlət çevrilişi planı var idi. Həmin planda məqsəd Eldar Mahmudovun neçə illərdən bəri mübarizə apardığı bəzi vəzifəli şəxsləri sıradan çıxarmaq idi. Mənim müxalifyönlü olmağım, eyni zamanda onların əlinə imkan verdi ki, həmin vəzifəli şəxsləri Əli Kərimli ilə əlaqələndirsinlər.

Təəssüflər olsun ki, Eldar Mahmudov o qədər cəsarət sahibi olmuşdu ki, artıq ölkə başçısına yalan məlumatlar vermək səviyyəsinə çatmışdı. O zaman ölkə rəhbərliyini mənim həbsimin zəruriliyinə inandıra bilmişdi. Ölkə başçısına yalançı raportlar yazıb ki, guya mən hakimiyyətdəki vəzifəli şəxslərlə müxalifət arasında körpü rolunu oynayıram. Ancaq bunların heç biri sübut olunmadı.

- Amma ittiham tamam fərqli maddələr üzrə irəli sürüldü. Siz Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olundunuz...

- İttihamda silahların sayının çox olması işin ağırlığına və yüngllüyünə hər hansı təsir göstərmirdi. Sadəcə silahların sayının çoxluğu guya ki, dövlət çevrilişi cəhdinə don geyindirmək məqsədi güdürdü. Guya ki, bu silahlar həmin vəzifəli şəxslər tərəfindən alınıb və qarşıda növbəti bir ssenari həyata keçirmək istəyirdilər.

- Bununla paralel həbsinizin ilk günlərində sizi ələ alma xətti aparılırdı. Daha doğrusu, sizi pulla ələ almaq üçün cəhdlər var idi. O barədə bir az danışa bilərik?

-Mənə həbsimin ilk günündə 1 milyon manat pul təklif olundu. Onunla paralel ittiham olunduğum maddələri, Cinayət Məcəlləsini çıxarıb ortaya qoydular. Dedilər ki, bu maddələrə əsasən, səni uzun illər həbsxana həyatı və ya bu pulu alıb, insanların üzünə durmaq, ölkəni tərk etmək gözləyir. İki variantdan birini seçməyimi təklif etdilər. Hətta mənə Fikrət Yusifov nümunəsini göstərdilər. Dedilər ki, “bu adam nazir işləyib.

O, bizimlə razılaşıb Fərhad Əliyevin, Əli İnsanovun üzünə durdu. Sən də bizimlə razılaş. Ondan artıq deyilsən ki? Sənə uzaqbaşı 6 ay, 1 il "satqın" deyəcəklər. Ondan sonra isə hər şey unudulacaq, sənin həyatın daha asan və gözəl olacaq". Amma mən heç vaxt razılaşmadım. Hətta buna görə mənə irəli sürülən ittihamlara adekvat olmayan, ən yuxarı cəzanı verdilər - 8 il həbs. 2015-ci ilin dekabr ayında özünü saxlandığı kamerada asdığı bildirilən İlqar Əliyev (Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəis müaviniŞ polkovnik İlqar Əliyevi nəzərdə tutur -red.) polkovnik İlqar Əliyev Kürdəxanıdakı istintaq təcridxanasında yanıma gəldi. Həmin dövrdə əfvə 15 gün qalmışdı. Azər Seyidovun iş otağında görüşdük. İlqar Əliyev məndən soruşdu ki, bu yeni ili öz evində keçirmək istəyirsənsə, gəl köhnə söhbəti davam etdirək, sən evinə çıx get.

Biz orda xeyli müddət danışdıq və mən israrla razılaşmadım. Mənə də açıq şəkildə bildirmişdilər ki, sənin işini vaxtilə MTN-də işləmiş, hazırda Ağır Cinayətlərə dair İşlər Üzrə Məhkəmədə hakim olmuş Novruz Kərimov aparacaq. Bu gün həbsdə olan Elçin Quliyev mənə məhz belə demişdi: “Səni Qaradağın daş karxanalarının tozunda boğacam, yayın istisində də onun odunda yandıracam”. Həqiqətən də sözlərini tutdular. Məni ora göndərdilər, işimə də həmin hakim baxdı. Mən bir məsələni xüsusi vurğulayım ki, Eldar Mahmudovun özü və dəstəsi ifşa olunsa da, onun başqa strukturlardakı şəbəkəsi qalmaqdadır. Xüsusən də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimov. Bu adam MTN-də müstəntiq işlədiyi vaxt “Talışo Sədo” qəzetinin rəhbəri Novruzəli Məmmədova xüsusi işgəncələr verməklə tanınıb. Mən Bakı Ağır Cinayətlər Məhkəməsində günahsızlığımı tam sübuta yetirdim. Ancaq hakim həmin dəstənin sifarişi ilə mənə ən ağır cəzanı təyin etdi. Onun barəmdə qanunsuz hökm çıxarması cinayət qanunvericiliyinə görə barəsində ciddi cəzanı müəyyən edir.

- Sizin üzünüzə duran şəxsin - Təvəkkül Qurbanovun taleyi necə oldu? Siz əfvlə çıxdınız, bəs o?

-Təvəkkül Qurbanovu MTN-in Gəncə şöbəsində Elşən Məmmədov adlı şəxs “verbovka” eləmişdi. Elşən Məmmədov eyni zamanda Gəncə tərəfdə tanınan bir biznesmendir, ona və qardaşlarına məxsus şadlıq sarayları var. Təvəkkülün yoldaşı orda mühasib işləyib. Bakı Apelyasiya Məhkəməsində mənim Təvəkküllə bir neçə dəqiqə danışmaq imkanım oldu. Bildirdi ki, MTN-dən ona söz veriblər ki, Pərviz Həşimli siyasi məhbusdur, tezliklə azadlığa qovuşacaq. O çıxan kimi sən də çıxacaqsan. Ancaq həmin dəstə artıq dağılıb, bilirsiz. Ona görə də Təvəkkül Qurbanov hələ uzun müddət həbsdə qalacaq.

- Onun cəza müddəti sizinkindən çox idi?

-O residivist - təkrar cinayət törətmiş şəxs idi. Ona 8.5 il cəza təyin etmişdilər. Hələ 6 ili içəridə qalması nəzərdə tutulub.

- Bayaq da dedim. Sizi misli görünməmiş bir qəddarlıqla, ailənizi də bu prosesin içinə qataraq həbs etdilər. Elə təkcə evinizdəki əməliyyatı yada salmaq bəs edir. Ailə üzvlərinizdə bütün bunların izi çoxmu dərin kök salıb?

-MTN-in evdə keçirdiyi əməliyyat zamanı həyat yoldaşım hamilə idi və bətnindəki körpəsini itirdi. 5 yaşlı övladım Zeynəb isə ciddi qorxu, stress və psixoloji gərginlik keçirmişdi. Buna görə dəfələrlə həkim müayinəsində olmuşdu. Bunu mən çox sonralar bildim. Hətta məni həbs edəndən 2 ay sonra yenidən evə maskalılar gəlmişdi. Biz daha öncə həyət evində yaşayırdıq. Amma hadisə baş verəndən sonra, o yaşananların stresindən ailəm bina evinə köçdü. Maskalılar həmin evə gəlib, qapını döymüş, ailə üzvlərimi bir daha qorxutmuşdular.

- Həmin ərəfədə istintaq sizdən istədiyini ala bilmirdi?

- Bəli. Məqsədləri məni sındırmaq idi. İstəklərini həyata keçirmək istəyirdilər. Bayaq dedim, onların planı vardı və məni kimlərinsə üzünə qoymaq istəyirdilər.

- Səhv etmirəmsə, bu psixoloji basqılara görə içəridə bir dəfə də intihara cəhd etmişdiz.

-Bəli. Elçin Quliyevin otağında idim. Masanın üzərindəki qayçını götürüb özümə xəsarət yetirmək istəmişdim ki, bəlkə məndən əl çəkələr. İlqar Əliyev də otaqda idi. Amma ordakı işçilər həmin anda buna imkan vermədilər, qarşısını aldılar.

- Sizi sındırma cəhdləri MTN-dən çıxandan sonra da davam etdi?

- Təbii ki. Mən ordan Bakı İstintaq Təcridxanasına köçürülən zaman məni karserə saldırdılar. Oranın rəisi Azər Seyidov açıq şəkildə bildirdi: “Mənə tapşırıq var, sən cərimə təcridxanasında qalmalısan”. Həmin dövrdə vəkilim vasitəsilə müsahibə verib həmin şəxsləri ittiham etdiyim üçün bu formada cəzalandırılmışdım. O müsahibə yayımlanandan sonra məni karserə saldılar. Bir dəfə kamerada Cinayət Prosessual Məcəlləsini oxuyurdum. Həmin vaxt İlqar Əliyev kameraya girdi. Kitabı əlimdə görən kimi aldı və dedi ki, bu kitab səni xilas etməyəcək. Elçin Quliyevlə İlqar Əliyev açıq şəkildə deyirdilər ki, səni şərləmişik.

- Həbsiniz müddətində bir neçə həbsxanada olmusuz. MTN-in təcridxanası, Bakı İstintaq Təcridxanası və 13 saylı cəzaçəkmə müəssisəsi. Bu dövrlərə ekskurs etdikdə nəyi necə xatırlayırsız? Hansı məhbəs daha çətin, daha dözülməz idi?

-13 saylı cəzaçəkmə müəssisəsinin şəraiti çox ağır olsa da, bizimçün o dövr normal keçdi. Siyasi dustaqlardan Əli İnsanov, Anar Məmmədli, Tofiq Yaqublu, Fərəc Kərimli, İlkin Rüstəmzadə, Əbdül Əbilov orda idi. Orda hər gün mətbuatı, siyasi gündəmi təqib edir, birgə müzakirə aparırdıq. Vaxtımızı keçirə bilirdik. Şəraitimiz çox ağır olsa da, çalışırdıq ki, onu normal ötürə bilək.

- Bəs həbsdəki ən ağır dönəminiz hansı idi?

- Həbsimin ilk üç ayı MTN-də keçdi. Çox ağır idi. Bilirsiz ki, toplamda 8 ay MTN-in təcridxanasında qalmışdım. Orda isə insan görmürdüm faktiki. Ancaq vəkillərim gələndə onları görə bilirdim.

- Havaya çıxarmırdılar?

- Xeyr. Halbuki qanunvericiliyə görə, məhbus gündə iki saat hava almalıdır. Oranın kameraları heç bir standarta cavab vermir. Yuxarıda kiçik bir pəncərə var. Onu da boz rənglə rəngləyiblər ki, günəş şüası düşməsin.

- Sizdən əvvəl Rauf Mirqədirovdan müsahibə almışdıq. Demişdi ki, MTN-in təkadamlıq kamerasında qalmağın əsas şərti odur ki, dəli olmayasan. Çünki orda insan öz-özünə danışır və bir müddət sonra şəxsiyyətin ikiləşməsi prosesi baş verir...

- Mən onlardan kitab istədim. Onlar yenə də məni psixoloji baxımdan sarsıntıya salmaq üçün Stalin dövrünün repressiya günlərini xatırladan, təsvir edən kitabları gətirdilər. Həmin kitabları oxuyanda da insan istər-istəməz daha da gərginləşir. Amma mən həmin məqamlarda daha çox Mark Tvenin bir sözünü xatırlayırdım: “Pis fikirləri özünüzə çox yaxınlaşdırmayın ki, fərəh üçün qəlbinizdə yer açılsın”. Mən çalışırdım ki, o fikirləri özümdən qovam. Özümə təlqin edirdim ki, indi 21-ci əsrdir, insan haqları təkcə bir ölkənin daxili işi deyil və mən ciddi şəkildə müdafiə olunuram. İlk vaxtlar mənə psixoloji təzyiq göstərmək üçün deyirdilər ki, biz sənə qanunsuz silah alveri ittihamı irəli sürmüşük.

Özü də bu silahların İrandan gətirilməsi söhbəti var. İran məqamına görə isə heç bir hüquq müdafiə təşkilatı sənə yaxın dayanmayacaq. 19 gün də vəkillərimi yanıma buraxmadıqları üçün tam məlumatsız qalmışdım. Amma sonradan bildim ki, məni ABŞ-ın, Böyük Britaniyanın nüfuzlu təşkilatları müdafiə ediblər. Sonrakı dövrlərdə də mənim yerli və beynəlxalq səviyyədə də müdafiəm çox güclü oldu.

- Həbsiniz dönəmində ən böyük təsəlliniz nə oldu? Ən böyük gücü nədən alırdız?

- Həyat yoldaşımın məktubları... Ən çox onun yazdıqlarından güc alırdım. Amma dostların dəstəyi də çox önəmli idi. Xüsusən “Yeni Müsavat”, “Azadlıq”, “Bizim Yol” qəzetlərinin dəstəyini xüsusi hiss edirdim. Həmkarlarım məni bu günlərimdə tək, dəstəksiz qoymadılar.

- Mətbuat demişkən, sizi biz “Bizim Yol” qəzetinin əməkdaşlığı ilə paralel, moderator.az saytının rəhbəri kimi də təqdim edirdik. İndi necə, o sayt yenə də sizin rəhbərliyiniz altındadır?

- Mən həbsdə olanda saytın ağırlığı Zülfüqar bəyin üzərinə düşdü. İndi daha çox onun haqqıdır ki, bu sayta rəhbərlik etsin. Hüquqi baxımdan sənədlər mənə aiddir. Amma yaxın günlərdə saytı onun adına rəsmiləşdirəcəyik. Özümsə bundan sonra da media sahəsində olacam. Bir də rəhbəri olduğum Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzi yenə də insan haqları sahəsində fəaliyyətini davam etdirəcək.

- Amma sizlə bağlı əsas gözlənilən odur ki, mühacirət edəcəksiz...Varmı belə bir plan?

- Açıq deyim ki, mən Amnesty İnternational təşkilatının “vicdan məhbusu” kimi tanıdığı adam olduğum üçün Avropa İttifaqına daxil olan bütün ölkələrdə, eləcə də ABŞ-da yaşamaq problem deyil. Biz o ölkələrdə sığınacaq ala bilərik. Amma vətən daha yaxşıdır, doğmalarımız burdadır. Mən çalışacam ki, getməyim, burda yaşamağa davam edim. Bununla belə, təzyiqlər davam etsə, qərarım dəyişə bilər. Hələliksə bütün planlarım Azərbaycanla bağlıdır.

- MTN ətrafında əməliyyatlar baş verəndə, Eldar Mahmudov və onun dəstəsi cəzalandırılanda siz içəridə hansı hissləri keçirirdiz? Bir neçə dəqiqə sonra kameranın qapısı açılacaq və sizi azadlığa buraxacaqlar hissi vardımı içinizdə? Bütün hallarda bu dəstənin ifşası onların tutdurduqları insanların da məsum olduğunu bir daha sübut edirdi...

- Eldar Mahmudova və onun dəstəsinə qarşı mənim içimdə hər zaman bir qəzəb olub. Özümə görə yox. İnsanı tutarlar da, cəzalandırarlar... Bu, bir sınaqdır. Amma onların mənim ailəmə qarşı etdiklərini heç cür unuda və bağışlaya bilmərəm. O qəzəb, nifrət hər zaman mənim içimdə idi. Eldar Mahmudovun vəzifədən azad edilməsi xəbərini kitabxanada olanda eşitdim. Kitabxanada bir mən idim, bir də Əli İnsanov. Əli müəllim qəzet oxuyurdu, mənsə radioya qulaq asırdım. Radioda bu xəbəri eşidəndə özümdən asılı olmayaraq, “Yess, urra”, - deyə qışqırdım. Səhəri gün isə şəbəkənin ifşası başladı.

- Sizin maraqlı məhbəs yoldaşlarınız olub. Biri də sabiq nazir Əli İnsanov. Onunla münasibətləriniz necə idi?

- Çox yaxşı idi. Əli İnsanovun məhbuslar arasında çox böyük hörməti var idi. Orda məhbusları, hətta zabitləri müayinə və müalicə edirdi. Nəinki məhbusların, onların ailə üzvlərinin analiz nəticələrinə baxıb, müalicə kursu da yazırdı. Amma bir yerdə diskussiyalara gəlincə, birgə olurduq, müzakirələr aparırdıq.

- Daha çox hansı mövzularda olurdu müzakirələriniz? Onun fikirləri necə idi?

- O deyirdi ki, nazir olduğu dönəmdə belə hakimiyyət içərisində müxalif mövqeyi ilə seçilib. Bildirirdi ki, vaxt gələcək, Yeni Azərbaycan Partiyasının protokolları da ortaya çıxanda orda onun hökumətin siyasətini necə tənqid etməsi görünəcək.

- Bəs həmin məntiqlə azadlıqda olduğu zaman müxalifətə olan aqressiv münasibətini nə ilə izah edirdi?

- O barədə danışmırdı. Biz də ona xatırlatmırdıq. Səhv etmirəmsə, bir dəfə Tofiq Yaqublu ona bunu xatırlatmışdı, amma nə cavab verdiyini xatırlamıram. Ümumilikdə isə Əli İnsanovun indiki hakimiyyətə münasibəti prinsipialdır.

- Bəli, əfv ərizəsi yazmır...

- Yazmır və əfv ərizəsi yazmağı prinsipial olaraq qəbul etmir.

- Siz əfv ərizəsi yazanlardansız... Necə düşünürsüz, azadlığa çıxmaq üçün bütün yollar məqbuldurmu? Danışıqlar, əfv ərizəsi, loyallıq...?

- Mən hesab edirəm ki, “həbsxanada qalmalıyam, cəzanın son gününü də çəkməliyəm” prinsipi doğru deyil. Bayırda ailə-uşaq var, gözləyirlər. Bundan başqa, sənin həll etməli olduğun problemlər də yığılır. Həbsxanada qalmaq həm də ailə büdcəsi üçün kifayət qədər ciddi yükdür. Azərbaycan reallığında bir ailə üçün məhbus saxlamaq olduqca ağır məsrəflər deməkdir. Ona görə də mənim azadlığım üçün Milli Məclisin 9 deputatı ölkə başçısına müraciət etmişdi. Onlar müraciətlərində məni uzun illərdir şəxsən tanıdıqlarını, cinayət törətdiyimə inanmadıqlarını, istintaq və məhkəmədə qeyri-adekvat münasibətlə üzləşdiyimi açıq şəkildə bildirmişdilər. Bundan başqa, beynəlxalq təşkilatlar da mənim azadlığa çıxmağım üçün müraciətlər etmişdi. Mən özüm də prezidentə müraciətimdə bildirdim ki, MTN rəhbərliyi tərəfindən həbs olunmuşam, istintaq və məhkəmə tərəfindən qeyri-adekvat münasibətlə üzləşmişəm. Himayəmdə azyaşlı övladımın və ahıl yaşına çatmış valideynlərimin olmasını da müraciətimdə qeyd etmişdim.

- Bəs türmədən kimlərəsə zəng eləmək, xahiş etmək... bunları edirdizmi?

- Hüquq müdafiəçiləri, İşçi Qrupunun üzvləri ilə telefon danışıqlarımız olurdu. Prosesləri soruşur, vəziyyəti təhlil edirdik. Sağ olsunlar, onlar da hər zaman pozitiv danışır, ümidlərimizin qırılmasına imkan vermirdilər. Xüsusən Novella xanımın hər danışıqda dediyi söz yadımdadır: “Hər şey yaxşı olacaq, görərsən...”

- Həbs günlərinizin ən ağırı hansı idi... deyə soruşdum... İçəridə eşitdiyiniz hansı xəbər sizi daha çox sarsıtdı, qırdı?

- Qaynımın, eyni zamanda, ən yaxın dostumun qətli. Mən onunla bağlı yazı da yazmışdım. Orda da qeyd eləmişdim ki, məni Səbayel rayon Məhkəməsinə gətirəndə arxadan məni səsləyib, belə demişdi: “Pərviz, gözün arxada qalmasın. Mən varam”. Məhz onun sözündən mən kifayət qədər güc almışdım. Onun itkisi xəbəri məni çox sarsıtdı, əlimdən də heç nə gəlmirdi deyə özümü çox çarəsiz hiss etmişdim. Onun qətlinin istintaqı da düzgün aparılmamışdı deyə bu, məni çox ağrıdırdı. Prokurorluq onu qətlə yetirənlərdən bir neçəsini prosesdən kənarlaşdırmışdı. Ona qarşı törədilən bu qətlin üstü tam açılmamışdı. Mən azadlıqda olsaydım, bu məsələni kifayət qədər ictimailəşdirərdim, nəticə belə olmazdı.

- Türmədə olanda sizə ailə ilə görüş verilirdimi?

- Bəli, görüşürdüm. Qanunvericiliyə görə, üç günlük görüş haqqımız vardı. O zaman ailəm yanıma gəlir, qalırdılar. Qızım da gəlirdi, təbii ki.

- Uşaq üçün atasını o türmə divarları arasında görmək çoxmu çətin olurdu? Necə keçirdi o görüş saatları, günləri?

- Qızım çox sevinirdi. Ayrılanda üzülürdü.

- Sizin azadlığa çıxma xəbəriniz qızınıza veriləndə necə sevinmişdi, bunu hamımız gördük. Onu deyəsən anası videoya çəkib, paylaşmışdı. Olduqca təsirli səhnə idi. Maraqlıdır, bəs sizi evdə görəndə nə etdi?

- Sevindiyindən ağladı uzun müddət. İndi yaxşıdır. Arzusu o idi ki, onu məktəbə mən aparım. Mən də elə neçə gündür məktəbə də, hazırlığa da özüm aparıb gətirərəm. Çox sevinir, fərəhlənir...

- Söhbət edirsizmi baş verənlərlə bağlı? Nə deyir? Yaddaşında nələr qalıb?

- Onun psixologiyasında da, ürəyində də dərin izlər qoyub o hadisə. Başına silah dirənmişdi o uşağın. Yaşadığı evə qara maskalılar gəlmişdi, oyuncaqlarının arasından guya silah tapmışdılar. Təsəvvür edin ki, o yaşda uşağın daşıya biləcəyi yük deyildi, ağır idi. Mən həbsdə olanda qızım da mənə məktublar yazırdı. Anasının yazdığı məktubların yanında onun da məktubları olurdu. Hərfləri təzə öyrənmişdi, bacardığı qədər yazırdı mənə sözlərini.

- Bildiyim qədər yenidən ata olmusuz...

- Bəli, həbsdə olanda ikinci dəfə ata oldum. Daha bir qızım var indi. Adı Sevincdir. 6 aylıqdır.

- Dostlar sınağınızdan çıxa bildimi? Məsələn, əməkdaşı olduğunuz “Bizim Yol” qəzeti, həmkarlar, dostlar lazımi dəstəyi verdilər sizə?

- "Bizim Yol" qəzetində dostlarımız yanımda olub, mənə dəstək verdilər. Amma qəzetdə mənimlə bağlı hansısa dəstək yazılarının gedib-getmədiyini deyə bilmərəm. Çünki mən həmin dönəmdə MTN-də qalırdım və izləyə bilmirdim. Qəzetin redaktoru Elçin Rüstəmli də çox əziyyət çəkdi. Dost sınağından hamı çox yaxşı keçdi. Mən bir daha əmin oldum ki, dost seçimində yanılmamışam.

- Bəs sınaqdan çıxa bilməyən oldumu?

- Oldu. Geri çəkilən, çəkinənlər oldu. MTN-in adı çox ağır idi. Hətta mənimlə münasibəti olan yaxınlarım vardı, polis sistemində çalışanlar idi. Onları çağırıb dindirmişdilər, mənimlə bağlı suallar vermişdilər. O mənada bəzilərinin geri çəkilməsi anlaşılan idi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar