Goranboy və Qazaxda şəhidlərimiz son mənzilə yola salındı

Goranboy və Qazaxda da erməni silahlıları ilə döyüşdə həlak olan hərbçilər son mənzilə yola salınıb. Gizir Bəxtiyar Hüseynovla baş leytenant Elvin Namazov cəbhənin Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.

Goranboyun Qızılhacılı kəndində dəfn edilən gizir, 21 yaşlı Bəxtiyar Hüseynov Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Son mənzilə minlərlə rayon sakini və hərbçi yoldaşlarının müşayiəti ilə yola salınan Bəxtiyar Hüseynovun qısa, amma şərəfli ömür yoluna nəzər salınıb, döyüş meydanındakı qəhrəmanlığı nümunə kimi göstərilib. Qəhrəman hərbçi alqışlarla kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəhidin yaxınlarına dövlət bayrağı təqdim olunub. Döyüş yoldaşları tərəfindən yaylım atəşi açılıb.

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan baş leytenat Elvin Namazov isə doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn edilib. Böyük insan izdihamı ilə son mənzilə yola salınan 26 yaşlı hərbçi Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 10 ay öncə ailə quran ordumuzun zabiti, Namazovların böyük övladı olub.

Yuxarı Salahlı kənd qəbiristanlığında yaylım atəşi altında dəfn edilən Elvin Namazovun tabutu üzərindəki bayraq isə atası Məmməd Namazova təqdim edilib. /Region TV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar