Arif Alışanovun şərəfi və ləyaqət davasına ziyalı baxışı...

Bu il fevral ayının 14-ü ərəfəsində professor Qulu Məhərrəmlinin artıq məşhur hesab oluna biləcək müsahibəsindən sonra başlayan virtual davanı izləsəm də hüquqi müstəviyə qalxmış kimi görünməyən polemik yanaşmalara qoşulmaq fikrim yox idi.

Lakin internetdə bir xəbər diqqətimi çəkəndən sonra mənə elə gəldi ki, bu, artıq xeyirlə şərin qarşıdurmasıdır və münasibət bildirməmək özü şərəfsizlikdir.

Xəbərdə belə deyilirdi: "Qulu Məhərrəmlinin müsahibəsində təhqir olunduğunu iddia edən AzTV sədri A.Alışanov Yasamal rayon məhkəməsində bir az əvvəl başlanan baxış iclasına gəlməyib”.

Xəbər daha sonra belə davam edirdi: Xatırladaq ki, müsahibədəki tənqidi fikirləri şərəf və ləyaqətinin təhqir olunması, böhtan kimi qiymətləndirən AzTV sədri buna görə də jurnalistin CM-nin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Bu, artıq ciddi bir məsələdir. Ciddilik isə təkcə o deyil ki, bir qələm əhli, üstəlik professor olan adam, yəni Qulu Məhərrəmli həbs oluna bilər. Ciddilik odur ki, rəsmən üç kanalın rəhbəri (qeyri-rəsmi İTV-nin də), arada milət vəkili olmağı da bacaran bir adam, yəni A.Alışanov o boyda məşğulluğun içində (nə ilə məşğul olduğunu isə qiyabi olaraq bütün AzTV, əyani olaraq indi orada köməkçi, ya kanal rəhbəri işləyən Fərman Orucovla, artıq orada işləməyən İlham Səfərov daha yaxşı bilirlər) şərəf və ləyaqət haqqında fikirləşib və hesab edib ki, haqqında fikirləşdiklərini qorumaq lazımdır.

Amma sual yaranır: A.Alışanov, o adını çəkmək istəmədiyim şeyləri niyə məhz məhkəmədə qorumaq istəyib?

Halbuki onları qorumaq üçün məhkəmə lazım deyil, sadəcə, elə-belə, gündəlik həyatda, dürüst əməllərlə qorumaq olar. Və dünyanın şərəfli, həmçinin ləyaqətli insanları, adətən belə edirlər. Üstəlik, nəzərdə tutulmayan suallar..?

Birdən məhkəmədə professor Qulu Məhərrəmli vəsatət qaldırdı: iddiaçı əvvəl sübut eləsin ki, onun şərəf və ləyaqəti var. Onda nə olar, məhkəmə nə qədər çəkər?

Haqqında danışılan anlayışlar özünə hörmət edən cəmiyyətlərdə belə təsnif olunur: Şərəf - sədaqət, ədalət, dürüstlük, alicənablıq kimi fərdi keyfiyyətlərin qiymətləndirilməsi ilə bağlı kompleks etik və sosial mənalardır. Hə, sədaqət, ədalət, dürüstlük, alicənablıq…

A.Alışanovun sədaqəti onu əjdahanın ağzından alan Nizami Xudiyevə elədikləri… Ədaləti - sədr olduqdan sonra istedadlı və özünə hörmət edən insanlara münasibəti…

Dürüstlüyü isə, əlavə olanları yazmıram, ancaq nə Bilgəh və Fatmayıdakı bağı, nə də həftənin üç günü gedib də istirahət etdiyi Xızıdakı malikanənin qiyməti ilə ölçülər…

Ləyaqət də özünə hörmət edən cəmiyyətlərdə belə ölçülür: mənəvi kateqoriya kimi insan şəxsin öz-özünə hörməti. İnsan həyatının ən böyük dəyəri onun ləyaqət mövcudluğu ilə ölçülür. Aya, cənab Alışanov özünə hörmət edirdisə, bir insanın subyektiv fikrinə görə, AzTV-nin ağır artilleriyasını, hətta yazılarından daha çox səsi jurnalistikaya aid Şəfəq Sultanı hücuma cəlb edərdimi?

Əlbəttə, "yox” deyənlər təxminən daha çox olar. Həmin insan isə televiziya günü ilə bağlı müsahibəsində təxminən yox, dəqiq belə deyib: "Bu gün 60 yaşlı AzTV-nin tarixində 10-dan çox sədr olub, lakin mənim fikrimcə, onlardan üçünün adı tarixə qızıl hərflərlə yazılmalıdır: Teymur Əliyev, Elşad Quliyev və Məmməd Murad”- sitatın sonu.

Amma jurnalist əl çəkmir və bu günlə, indiki sədrlə bağlı sual verir. Qulu Məhərrəmli isə, səmimi olmasa, özü bilər nədir və ona görə də cavabı tam səmimi verir: Bu adamın (yəni Alışanovun- F.K.) rəhbərliyə gəlişi, içi mən qarışıq, əməkdaşların əksəriyyətində illüziya yaratmışdı. Amma çox tezliklə məlum oldu ki, sədr kreslosuna əyləşmiş bu adamın içi bom-boşdur, çox bəsitdir, yaradıcı qabiliyyəti, idarəçilik mədəniyyəti, adi savadı, ümumi səviyyəsi və elementar dünyagörüşü yoxdur. Bu səviyyə ilə də heç nə yaratmağa qadir deyil. Yarada bilməyəndə isə adamların başını digər şeylərlə qatmalı olursan, sökməyə və dağıtmağa meyillənirsən. İndi ekranda sadəlövh tamaşaçını aldatmağa xidmət edən kosmetik görüntülərə baxmayaraq, Alışanov mahiyyətcə yaradıcılıqdan çox uzaq, dağıdıcı adamdır. Pis odur ki, məqsədi televiziya inkişaf etdirmək olmayan belə tragikomik adamlar yaradıcı şəxslərə və bütövlükdə televiziyaya ciddi zərər vurur, insanların mənəviyyatını zədələyirlər.

Buna görə də mən Arif Alışanovu AzTV tarixinin qara ləkəsi adlandıranların fikri ilə razıyam. Ədalət naminə, Qulu Məhərrəmli demir Alışanov "qara ləkədir”, deyir ki, belə deyənlərlə razıyam. Və tufan beləcə başlayır. Alışanovun xəbəri olub, ya olmayıb (olubdursa nə ləyaqət,olmayıbsa nə şərəf?), AzTV-nin "jurnalist ordusu” nə az, nə azacıq, təxminən 3 saatlıq "sənət əsəri” ortaya qoyub. Hə, bu qəmli bir epizoddur- hər xalq üçün yüz min illik həyatın qəmli epizodlarından biri.

Mən həbsxanalarda cəza çəkən terroristlər, cinayətkarlarla çox müsahibələr aparmışam. Və birinci müsahibədən sonra həbsxana rəhbərliyindən xahiş edirdim ki, çəkiliş zamanı bizim yanımızda artıq adam olmasın. Çünki mən respondentlərimin gözündəki narahatlığı və qorxunu görürdüm. O narahatlıq və qorxu isə məni üşəndirirdi. Üstəlik, onların gözləri səmimi deyildi, mənə isə tamaşaçılarımla səmimi görüş lazım idi. Alışanovun "əsərindəki” respondentlər də nə qədər narahat idilər, ilahi! Bu, dəhşətli mənzərədir. Təzədən baxın onlara…

Orada həm də ləyaqətini gözləmək istəyən insanlar var idi. Dişlərini düzəltdirmək imkanı olmadığı açıq-aydın görünən Tahir Talıblı bir az da qabağa getmək istədi: bununla bağlı yazacam - dedi. Yazdımı, bilmirəm! İlham Rəhimli, Sadıq Elcanlı nə qədər köməksiz görünürdülər! O… Fikrət Adıgözəlli dostumuz… Bəlkə də kompleksi var ki, istədiyi səviyyədə şərhçi deyil, ona görəmi sosioloq kimi görünürdü? O insanlar hər biri and-aman edirdilər ki, peşəkarlıq belə, Arif müəllim belə… onun redaktorluğu belə…

Amma niyə həmin A.Alışanov prezident İlham Əliyevin birbaşa tapşırığı ilə televiziyada yaradılan maddi imkandan danışılmamasını öz dəstəsinə irad tutmayıb? Bu, bir tərəfə, idman şərhçisi Fikrət dostumuzun dediyindən məlum olur ki, dövlət müstəqilliyimizdən bu tərəfə televiziyaya bir nəfər də olsun yararlı sədr gəlməyib.

Məlum oldu ki, Babək Hüseynoğlu üç adama rəhbərlik edə bilmirmiş, Nizami Xudiyev isə televiziya ilə televizorun fərqini bilmirmiş. Bunu, hesab edək ki, heç jurnalist deməyib, bir çoban deyib (məsəli Fikrət müəllimdən uzaq), bəs o verilişə baxıb da "hə” deyənlərdəmi bilmirlər ki, Babək müəllimlə Nizami müəllimi AzTV-yə sədr Heydər Əliyev göndərib və Azərbaycanda yox, dünyada Heydər Əliyevi əsl dövlət adamı kimi qəbul edirlər. Hə, şərəf məsələsi…

Ən dəhşətlisi odur ki, "İdman Azərbaycan”ın direktoru, həm də sədr köməkçi, Fərman Orucov o boyda Qulu Məhərrəmlini jurnalist saymırmış. O deyir ki, Q.Məhərrəmli əgər jurnalistiydisə, gedib bir kanal açaydı. Yeri gəlmişkən, F.Orucov əgər tərcümeyi-halını qrammatik qaydalarla "3”balla qiymətləndiriləcək səviyyədə yaza bilsə (bəlkə Alışanovun müavini Elsevən Dünyamalıyev kömək edə, onu bilmirəm) mən adımı dəyişərəm. Hələ bizim "alimi-biəməl” İlham Alışanov…

Bu qoçaq da bildirir ki, Qulu Məhərrəmlinin bütün elmi işləri Avropa alimlərinin plagiatıdır (?). Vəssalam! 3 saata yaxın çəkən "ifşa” verilişində hamı dedi ki, AzTV evimizdir. Allah tərəfi Hacı Sakit də dedi. Birincisi, zalım uşağı, istənilən vaxtı əgər Mansur müəllim çağırıb deyə bilirsə ki, ərizəni yaz, sabah get, onda ora ev deyil, yataqxanadır. Evdən adammı çıxartmaq olur?

Necə ki, dostumuz Mansur əkə bülletendə olan Qarabağ bürosunun rəhbəri, ürək müalicəsi alan Sənana deyib ki, nə bülleten, işdən azadsan. İkincisi, bu binəva Qulu müəllim nə deyir, deyir ki, AzTV təkcə sizin, yəni A. Alışanovun, Bəxtiyar Qoracanın, Elsevən Dünyamalının, nə bilim, Ərgünəşin, Məmmədalının yox, bütün azərbaycanlıların, xalqın evi olmalıdır. Və insəfan düz deyir. Azından boğazımızdan kəsib ayrılan 40 milyon büdcə buna haqq verir. Hələ gündəlik olaraq reklamdan gələn pulları! Nə isə, o "veriliş”dən məlum olur ki, cənab Alışanovun şərəf və ləyaqəti sayəsində o boyda kanalda bir jurnalistə cavab verəcək beş-on nəfərin qalmasına imkan verməyib...

P.S. Məhkəmə və şərəf-ləyaqət. Tutaq ki, məhkəmədə təsdiq olundu ki, kiminsə nəinki şərəfi, hətta ləyaqəti də var- bununla nə dəyişəcək? İnsana onu tanıyanların münasibəti dəyişəcəkmi?

P.S. Bu qeydlərin isə mövzuya dolayısı ilə bağlılığı olsa da, insanlığa birbaşa aidiyyəti var: Ləyaqəti bilmirəm, şərəfi olan insan tabeliyindəki asılı insanların şərəf və ləyaqətinə hörmət edər və bir anlığa da olsa özünü onların yerinə qoyar. Və bir də şərəfi olan insan gənclərdən işverənlər dəstəsi düzəltməyə çalışmaz. Ləyaqəti olan insan ətrafında ləyaqətli kəsləri görmək istəyər.

P. P.S. Qulu Məhərrəmliyə: … Olub, var, olacaqlar!!!

Firuz Kazımoğlu,

Polemik.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar