ELNUR ASLANOV İŞDƏN ÇIXARILDI, CİNAYƏT İŞİ AÇILA BİLƏR- YENİLƏNİB

Prezident İlham Əliyev Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovla bağlı sərəncam imzalayıb.

AzerTac-ın xəbərinə görə, sərəncama əsasən Elnur Kazım oğlu Aslanov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Qeyd edək ki, Elnur Aslanov son bir ayda Azərbaycan mətbuatında nurçuluqda ittiham olunan şəxslərdən biridir. Onun Azərbaycandakı nurçuların əsas rəhbərlərindən biri olduğu iddia olunur. E. Aslanovun anası Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyət Aslanovadır.

Ötən həftənin sonunda isə Aslanovun Fətullah Gülənə yazdığı məktub mətbuatda işıqlandırılmış və rezonansa səbəb olmuşdu.

Bundan əlavə Fətullah Gülənin Azərbaycandakı məktəblərini idarə edən”Çağ Öyrətim” şirkətinin rəhbəri Enver Özverenin “hoca”ya yazdığı məktub Türkiyə kəşfiyyatı tərəfindən ələ keçirilmişdi və yayılmışdı.

Həmin məktubda ad çəkilməsə də fətullahçıların Prezident Administrasiyasındakı önəmli adamından bəhs olunurdu. Bildirilirdi ki, onun sayəsində fətullahçılar Azərbaycanın dövlət strukturlarına, o cümlədən təhsil, fövqəladə hallar nazirliklərinə uğurla yerləşdirilib.

Elnur Aslanovun adı Fətullah Gülənə bağlılığa görə mətbuatda müzakirə mövzusu olanda onun anası, parlamentin İnsan Haqları Komitəsinin rəhbəri olan Rəbiyyət Aslanova bəyanatla çıxış edərək oğlunun “bütün hücumlara səbrlə sinə gərən böyük siyasətçi” olduğunu demişdi.

Prezident Administrasiyasının məmurunun siyasətçi, özü də “böyük siyasətçi” kimi qələmə verilməsi hakimiyyət dəhlizlərində birmənalı qarşılanmadı.

Beləliklə, Elnur Aslanovun işdən çıxarılması ilə Türkiyədə baş nazir Ərdoğanın fətullahçılara qarşı 17 dekabr həbslərindən sonra başlatdığı mübarizənin Azərbaycana da rəsmən sıçradığını demək olar.

Lakin fətullahçıların təmizlənməsi əməliyyatı təkcə Elnur Aslanovla məhdudlaşmaya bilər. Qeyd edək ki, Türkiyə dairələri tərəfindən Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) rəhbəri Fərhad Məmmədovun, ARDNŞ vitse-prezidentlərindən birinin, hətta xarici işlər və müdafiə nazirlərinin fətullahçılarla yaxınlığına dair iddialar ortaya atılıb. Həmçinin parlamentdə də fətullahçı deputatların olduğu barədə danışılır.

Şübhəsiz ki, Azərbaycan hakimiyyəti Fətullah Gülənin dövlət strukturlarındakı adamlarının kimliklərini çoxdan bilir və potensial təhlükə təşkil edəcəkləri halda onların zərərsizləşdirilməsi üçün qəti addımların atılacağına şübhə yoxdur.

Bu arada bəzi saytlar Elnur Aslanovla bağlı Ağır Cinayətlərə dair İstintaq İdarəsində cinayət işi qaldırıldığı xəbərini yayıb. Məsələn, bunlarsdan biri- “Axar.az”a etibarlı mənbəyə istinadən Aslanovun “camaat” liderlərinə canlarını qurtarmaqla bağlı xəbər göndərdiyi də bildirilib. O, E.Aslanovun həmin liderlərə 30 martdan sonra çoxunun maliyyə fırıldağı ilə həbs olunacağı ilə bağlı məlumat göndərdiyini də qeyd edib. Mənbə onunla bağlı artıq Ağır Cinayətlərə dair İstintaq İdarəsində gizli cinayət işinin də açıldığını vurğulayıb. Hətta Fətullah Gülən camaatının dini, biznes, təhsil və bütün fəaliyyətlərinin araşdırıldığı söylənilib. Məlumatda araşdırmanın artıq bir aya yaxındır davam etdiyi, araşdırmaların xüsusilə xaricdə təhsil alan gənclərlə bağlı (ASAİF və s.) müxtəlif tədbirlərin təşkilindəki maliyyə məsələlərini əhatə etdiyi bildirilir.

Elnur Aslanovun isə artıq telefonlara cavab vermədiyii deyilir.

Elnur Aslanovun başçılıq etdiyi “gülənçi” qrupua daxil olan Ramin Hakimovun sədri olduğu “Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu”nunu (ASAİF-in) 31 mart – 1 aprel-də Almaniyanın paytaxtı Berlin şəhərində təşkil etməyi planlaşdırdığı “Yeni Yanaşmalar və Yeni İmkanlar” mövzusunda forum da artıq təxirə salınıb. Tədbirlə bağlı məlumatlar mediada yayımlanandan sonra rəsmi səviyyədə qərar qəbul olunub. Qərara əsasən Ramin Həkimov forumun təşkilatçılığından azad olunub. Təşkilatçısı ilə yanaşı forumun vaxtıl da dəyişdirilib.

ASAİF-in sədri Ramin Hakimovla bağlı isə araşdırma aparılır.

Elnur Aslanovun "sağ əli" sayılan Strateji Araşdırmalar Mərkəzinin (SAM) rəhbəri Fərhad Məmmədov dostunun

vəzifəsindən çıxarılmasına münasibət bildirmək istəməyib. F.Məmmədov "Publika.az"a açıqlamasında deyib ki, bu barədə danışmaq istəmir: “Mən ümumiyyətlə bu barədə danışmaq istəmirəm”. Qeyd edək ki, Fətullah Gülənə bağlı olan Azərbaycan məmurları arasında F.Məmmədovun adı ilk sıralardadır. Elnur Aslanovdan sonra onun da vəzifəsindən uzaqlaşdırılacağı ehtimal olunur.

Elnur Aslanovun anası- Milli Məclisin insan hüquqları komitəsinin sədri, deputat Rəbiyyət Aslanova oğlunun Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilməsi barədə məlumatı xarici səfəri zamanı alıb. Deputat “Media forum” saytına deyib ki, xaricdə səfərdədir: “Oğlumun işdən azad olunmasını indi eşidirəm. Ona görə də bu barədə nəsə deyə bilməyəcəyəm”.

Xatırladaq ki, Aslanov Elnur Kazım oğlu 1977-ci ildə Bakıda anadan olub. BDU-nu və “Azərbaycan” Universitetini bitirib. 1997-2001-ci illərdə YAP Mərkəzi Aparatının beynəlxalq əlaqələr və siyasi partiyalarla iş şöbəsində təlimatçı, baş referent, 2001-2005-ci illərdə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin informasiya işinin təşkili və analitik təhlil sektorunda referent, böyük məsləhətçi, 2005-2007-ci illərdə isə Prezidentin İcra Aparatı rəhbərinin köməkçisi vəzifəsində işləyib. Prezidentin 19 dekabr, 2007-ci il tarixli sərəncamı ilə Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri təyin edilmişdi.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar