Türkiyə XİN başçısı Krımoğlunu qəbul etdi, mühüm açıqlamalar verdi

Əhməd Davudoğlu: “Krımdakı referendum tam qanunsuz, əsassız və qeyri-hüquqidir”

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Krımda keçirilən referendumun legitim olmadığını bəyan edərək bu səsverməni əsassız və qeyri-hüquqi akt kimi qiymətləndirib. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Ə. Davudoğlu bunu Ankarada Krım tatarlarının lideri Mustafa Abdulcəmil Krımoğlu ilə görüşdən sonra bildirib.

Nazir deyib ki, Krımdakı referendumu beynəlxalq standartlara uyğun şəkildə azad iradənin ifadə edildiyi, müşahidəçilərin və bütün seçicilərin qatıldığı bir referendum kimi qiymətləndirmək mümkün deyil: “Eyni şəkildə Ukrayna Konstitusiyası və 1994-cü ildə imzalanmış Budapeşt Memorandumunun tələbləri baxımından da bu referendum tam qanunsuzdur. Budapeşt razılığı çərçivəsində Ukrayna ərazi bütövlüyünün təminat altına alınması şərti ilə öz nüvə silahlarından vaz keçib. Altında Rusiya, İngiltərə və Amerikanın imzaları olan bu sənədə əsasən belə bir referendum qeyri-legitimdir”.

Ə. Davudoğlunun sözlərinə görə, ərazi bütövlüyü ilə əlaqədar referendumlar keçirilməsi bölgədəki donmuş münaqişələrin bir anda alovlanmasına gətirib çıxara bilər: “Azərbaycanın ərazi bütövlüyü heç bir referendumla mübahisə mövzusuna çevrilə bilməz. Gürcüstanın ərazi bütövlüyü də mübahisə mövzusu ola bilməz, eyni zamanda Moldovanın da. Çünki belə bir şeyə imkan verilərsə, bu, domino effekti şəklində bütün bölgədə qeyri-sabitlik yaradar”.

Nazir problemin ATƏT, Avropa Şurası və BMT prinsipləri əsasında müzakirəsi və həllinə tərəfdar olduqlarını açıqlayıb: “Bu referendumdan sonra da həll yolları tükənməyib. Diplomatiyadan sürətlə istifadə olunmalı və Ukraynanın ərazi bütövlüyü, ölkənin qərb və şərq vilayətlərinin birliyi çərçivəsində Konstitusiya islahatı keçirilməlidir”.

Ə. Davudoğlu Krım probleminin ilk anlarından Mustafa Abdulcəmil Krımoğlu ilə əlaqə saxladıqlarını deyib: “Krım tatar türklərinin sülh, sabitlik içərisində, öz ölkələrində bərabərhüquqlu vətəndaş kimi yaşaması Türkiyənin heç vaxt vaz keçmədiyi və vaz keçməyəcəyi bir prinsipdir. Onların taleyi bizim üçün həm tarixi baxımdan üzərimizdəki bir məsuliyyət səbəbiylə, həm də soydaşlarımızın yaşadığı ölkələrlə aramızda dostluq körpüsü qurulması baxımından böyük önəm daşıyır. Krım tatar türkləri əsrlərlə o torpaqların köklü əhalisi olaraq orada yaşayıb və qiyamətə qədər də orada yaşayacaqlar! Türkiyə dövləti və millətinin onlara dəstəyi hər zaman davam edəcək”.

Ə. Davudoğlu İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad Mədəni ilə Krımdakı hadisələri müzakirə etdiyini, baş katibin Krım tatarlarına dəstək verdiyini və onun M. A. Krımoğlu ilə görüşəcəyini açıqlayıb. O, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncının da M. A. Krımoğlu ilə bir araya gələcəyini bildirib. Ə. Davudoğlu Vanda keçirilən üçtərəfli görüşdə Azərbaycan xarici işlər naziri ilə də bu məsələni müzakirə etdiyini diqqətə çatdırıb: “Baş nazir Ərdoğan da Azərbaycan prezidenti İlham Əliyevlə bu mövzuda məsləhətləşmə aparacaq”.

Mustafa Abdulcəmil Krımoğlu isə Krım tatarlarının gələcəyini Ukrayna ilə bağlı olduğunu bəyan edib: “Biz ümidliyik. Bu məsələ diplomatik yolla həll olunacaq. Ukraynanın bütövlüyü qorunacaq, Krım Muxtar Respublikası Ukraynanın bir hissəsi olaraq qalacaq və torpağımızdan yad əsgərlər çıxarılacaq. Əks təqdirdə, Qara dənizdə sülh və sabitlik təhlükə altına düşmüş olacaq”.

Budapeşt Memorandumunu xatırladan M. A. Krımoğlu bu sənədi imzalamış dövlətlərdən birinin Ukraynanın suverenliyini qorumaq yerinə onun bir parçasını özünə qatmaq niyyətində olduğunu söyləyib: “Bu, çox təhlükəli bir davranışdır. Böyük dövlətlər belə davranarsa, dünyada rahatlıq qalmaz. Referendum qanunsuz olduğuna görə biz qatılmadıq. Heç bir nəzarət, heç bir müşahidəçi yox idi, istədikləri rəqəmləri yazıblar. Biz qatılsaq da, heç nə olmayacaqdı, bu rəqəmlər Krımdan deyil, başqa yerdən gəldi. Bu referendumun heç bir əhəmiyyəti yoxdur”.

M. A. Krımoğlu Türkiyə ilə tam eyni mövqedə olduqlarını vurğulayaraq Türkiyəyə minnətdarlıq edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar