Nə əkmişdiksə  onu da biçirik

Nadir-Israfilov0211Nadir israfilov

“Nə əkərsən, onu da biçərsən” el məsəli “lapdan-şapdan” yaranmayıb ki...

"Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edən 25 min 989 müəllimdən cəmi 28 nəfər 100% nəticə göstərib" ; “262 müəllim diaqnostik qiymətləndirmədən kəsilib” ; “Təhsil sistemində, məktəblərdə yüzlərlə, minlərlə adları gedən və özləri olmayan müəllim var“ ; “Ən zəif nəticə göstərən müəllimlər ibtidai sinif müəllimləri olub" ; “Qiymətləndirmə zamanı 30 minə yaxın müəllimdən təxminən 6500-ü ibtidai sinif müəllimi olub” ; “Ən böyük problem həmin müəllimlərlə bağlı olub” ; “Hətta elə olurdu ki, elmi dərəcəsi olanlar 5-6 suala ancaq cavab yaza bilirdi” ; “30 müəllim qaydaları pozduğu üçün imtahandan uzaqlaşdırılıb” ; ”Nəticədə çox aşağı göstərici toplayan müəllimlərin bir qismi özləri ərizə yazıb getdi.“ Bu bəyanatlar artıq alışdığımız kimi təhsil ekspertlərinə deyil, məhz Təhsil Nazirliyi yetkililərinə məxsusdur. Biz də durub şagirdləri qınayırıq ki, bəs filan qədər nəfər yaza bilmir, filan qədəri oxuya bilmir və s. ”Sən demə” bütün günahlar elə müəllimlərdə imiş ki... Nə baş verir?

90-cı illərin əvvəllərində keçid dövrü ilə əlaqədar yaranan bəzi boşluqlar, müəyyən məlum və naməlum obyektiv, subyektiv amillər təbii ki, ictimai-siyasi, sosial-iqtisadi həyatımızın bir sıra sahələrində olduğu kimi təhsilimizdə də öz izini qoymadan ötüşə bilməzdı. Bazar iqtisadiyyatına keçid, beynəlxalq təhsil sisteminə inteqrasiya, müasirləşmə və yeniləşmənin sürətli tempi ilə bir çoxlarımız ayaqlaşa bilmədik, bəzilərimiz isə müvəqqəti yaranan situasiyadan maksimum yararlanmağa çalışdıq. Məcazi mənada desək müasirləşməni “B” hərfinə “baba” sözü əvəzinə “banan”la başlamaqda gördük (nə yaxşı ki, “ana”nı “ananas”la əvəz etməmişik).

Bazar iqtisadiyyatını “kolxoz bazarı” ilə qarışıq salanlar da oldu.  Başlayaq elə “ən böyük problem həmin müəllimlərlə bağlı olan” ibtidai sinif müəllimlərindən. Küyə düşüb o zamankı Respublika və Bakı İxtisasartırma və kadrların yenidən hazırlanması institutlarında yenidən hazırlanma kurslarını elə “aktivləşdirdik” ki, nəinki yüzlərlə kimya, biologiya, coğrafiya müəllimləri, hətta baytarlar, tibb bacıları və bir çox digər peşə sahibləri belə ibtidai sinif müəllimi kurslarında “yenidən hazırlanaraq” ibtidai sinif müəllimlərinə “çevrildilər.” Aylıq kurslar vasitəsi ilə “yenidən hazırlanmanın” effektsizliyi barədə nə qədər dedik, yazdıq, pedaqogika tarixindən və nəzəriyəsindən nümunələr gətirdik, əhəmiyyət verən olmadı. Dedilər, bəs bazar iqtisadiyatı, azad rəqabət mühiti hər şeyi öz yerinə qoyacaq. Nəticəsi nə oldu? 25 ildən artıq vaxt keçməsinə baxmayaraq, bu gün də kimya, biologiya, coğrafiya və digər fənnlər üzrə müəllim defesiti ilə baş-başa qalmışıq. Ibtidai sinif müəllimlərimizin göstəriciləri də ki...

Nəzərə almadıq ki, təhsilmizin bünövrəsi sayılan ibtidai təhsil tədrisin təməlidir. Təhsilalanlara ılkin охumaq, yazmaq və hesablama bacarıqları aşılamaq, оnlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bədii zövq və digər хüsusiyyətlər fоrmalaşdırmağın əsası təhsilin məhz bu pilləsndə qoyulur. Təhsilimizin təməlini aylıq kursları bitirib “yenidən hazırlananlara” etibar etmək nə dərəcədə ibtidai təhsilin Əsasnamə tələblərini ödəyə bilərdi və ya belə bir “gediş” təhsilin, yoxsa kursların və onların təşkilatçılarının maraqlarına hesablanmışdı ? Məndən asılı olsaydı heç olmasa 12 illik təhsilə keçid zamanı əlavə edilən 1 ili təhsilin ibtidai piləsinə ayırardım, ibtidai siniflər komplektləşdirilərkən şagird kontingenti sıxlığını 15-ə endirərdim, bu pillə üzrə dərs deyən müəllimlərin əmək haqqına fərqli taariflər tətbiq edərdim, bu pillənin və bu sahədə çalışan pedaqoji heyyətin nüfuzuna xələl gətirən primitiv “İbtidai təhsil” terminini “ilkin təhsil” termini ilə əvəz edərdim.

Yenidən hazırlama kurslarından söz düşmüşkən. Əgər məktəb psixoloqlarının bilik və bacarıqlarının obyektiv diaqnostik qiymətləndirilməsini keçirsək, daha acınacaqlı mənzərənin şahidi olarıq. Çünki, bu da eyni vəziyyətin təkrarı olub, bir çox qeyri-peşəkarlarln bu məsuliyyətli ixtisasa sahiblənməsi ilə nəticələnib. Tam əminliklə deyə bilərəm ki, əksər məktəblərimizdə psixoxoloji xidmət ışının təşkili qovluqların içərisini müəyyən iş planları və keçirilən tədbirlərin qısa annotasiyaları ilə doldurulmasından başqa bir şey deyil.

Digər bir məsələ,"Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edən 25 min 989 müəllimdən cəmi 28 nəfərinin 100%-lik nəticə göstərməsi" və “262 müəllimin diaqnostik qiymətləndirmədən kəsilməsi.” Burda da “Nə əkərsən, onu da biçərsən” prinsipi öz hikmətini təsdiq edib. Yuxarıda adı çəkilən institutlardan birini “Müəllimlər İnstitutuna” çevirərək səlahiyyətlərini daha da artırmaq azmış kimi, əlavə olaraq 11 filialını da yaratdıq. (Digər instiitutun taleyi hələ ki, dəqiq məlum deyil.) 30-yaxın digər ali və orta ixtisas müəssisələrimiz də əgər belə demək olarsa müəllim hazırlığına baş qoşdu. Mövcud tələbatdan iki dəfədən artıq süni pedaqoji kadr potensialı yarandı, bunların işlə təmin olunması problemi ilə üzləşdik. Keçirilən işə qəbul müsabiqələri də hər dəfə şəffaflıq və obyektivlik baxımından müəyyən şübhələr və narazılıqlarla müşayət olundu vəs.və ia.

Sadaladığımız və sadalamadığımız digər məqamları hardasa başa düşmək olarsa “Təhsil sistemində, məktəblərdə yüzlərlə, minlərlə adları gedən və özləri olmayan müəllim olmasını“ heç cür başa düşmək olmur. Belə bir faktın adi tərzdə, artıq alışdığımız və elə də ciddiyə almadığımız digər nöqsanlar fonunda, bir növ heç nə baş verməmiş kimi bəyan edilməsi çox maraqlı görünür. Bir vaxtlar daha çox rus dilində “mertvıy duş” (ölü canlar) kimi ifadə etdiyimiz, hazırda “adları gedən və özləri olmayan” kimi qələmə verib, sakitliklə üstündən keçdiyimiz bir fakta görə cinayət işi açılardı. İndi isə yüzlərlə, minlərlə saxta dipıomluların olması azmış kimi yüzlərlə, minlərlə ifadə olunan belə bir dəhşətsaçan faktı sıradan bir statistik rəqəm kimi təqdim edirik.

Son olaraq hesab edirəm ki, nə qədər ki, faktlara rəvac verənləri deyil, sadəcə faktları sadalamaqla kifayənlənəcəyik, belə halların bir daha baş verməyəcəyindən sığortalanmaq mümkün olmayacaq. Növbəti aylarda olmasa belə, heç olmasa növbəti illərdə təhsilimizlə bağlı xoş və sevindirici xəbərlər eşitmək arzusu ilə...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar