NATO-NUN ARXA QAPISINDA PUTİNİN YENİ MÜHARİBƏSİ? – Qarabağda gərginlik Moskvaya lazımdırmı?

Azərbaycan və Ermənistan silahlı gücləri arasında Dağlıq Qarabağa nəzarət uğrunda gedən dörd günlük amansız döyüşlər, “dondurulan” münaqişələrin nə qədər problemli olduğunu göstərir.

ATƏT-in müşahidəçilərindən başqa münaqişə zonasında baş verənləri heç kim izləməyib. Azərbaycan regionda çoxsaylı müşahidəçilərin yerləşdirilməsinə etiraz edərək bildirir ki, bunun nəticəsində Qarabağ və Azərbaycanın digər işğal edilmiş əraziləri üzərində ermənilərin nəzarəti möhkəmlənəcək.

Ermənistan silahlı qüvvələri sovet Azərbaycanının 14 faizini nəzarət altında saxlayırlar və özlərinin Dağlıq Qarabağda yerləşmələrinə yerli erməni icmasının öz müqəddəratını həll etməsi ilə bəraət qazandırırlar.

Əgər qarşıduran tərəfləri müqayisə etsək, onda görərik ki, say baxımından Azərbaycan üstündür, lakin hesab edilir ki, Ermənistan ordusu yaxşı hazırlığa malikdir. Bununla yanaşı Azərbaycan ordusu neft satışından əldə edilən gəlirlər sayəsində daha böyük maliyyə vəsaiti alıb. Vəziyyətin gərginləşməsi fonunda xarici oyunçular - Rusiya və Türkiyənin mövqeyi də meydana çıxır. Onlar özlərinin müttəfiqləri olan Ermənistan və Azərbaycana iri miqyaslı müharibənin başlamasına imkan verəcəklərmi?

- Rusiyanın diqqətli davranışı: Türkiyə Azərbaycanın tərəfində

Azərbaycanla müttəfiq, Ermənistanla isə problemli münasibəti olan Türkiyə, hadisələrin gedişinə heç də az təsir göstərmir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağdakı yeni gərginləşmə ilə əlaqədar deyib ki, gec və ya tez bu ərazi özünün qanuni sahibi Azərbaycana qayıdacaq. Baş nazir Əhməd Davutoğlu isə bildirib ki, onun ölkəsi erməni təcavüzkarlarına və işğalçılarına qarşı Azərbaycanla əbədiyyətə qədər çiyin –çiyinə dayanacaq.

Lakin sərt bəyanatlarına baxmayaraq, Türkiyə mənzərəni daha geniş görür və bu münaqişədə Rusiya ilə qarşıdurma ola biləcəyini də anlayır. 2015-ci ilin noyabrında Türkiyə Hərbi Hava Qüvvələri Rusiya təyyarəsini vurduqdan sonra, iki ölkə arasında kəskin böhran yaşanır. Vurulmuş təyyarəyə cavab kimi, Rusiya əsasən iqtisadi xarakterli sanksiyalarla reaksiya verdi. Türkiyənın NATO üzvü olması Rusiyanın ehtimal edilən hərbi əməliyyatlarını önləsə də, ancaq hər halda Ankara Moskvanın ona qarşı digər tədbirlərə baş vura biləcəyini də etiraf edir.

Onu da mütləq qeyd etmək lazımdır ki, 1992-ci ildə Türkiyə Azərbaycanın anklavı olan Naxçıvanın köməyinə gələcəyi xəbərdarlığını etdikdə, Rusiya bu cür müdaxilənin yeni dünya müharibəsinə yol aça biləcəyini bildirmişdi.

Böyük ehtimalla, Rusiya Dağlıq Qarabağda yeni gərginliyin şiddətlənməsində maraqlı deyil. Elə Rusiya baş naziri Dmitri Medvedyev 7 aprel tarixində Ermənistan ziyarətində də, münaqişənin şiddətlənməsində Rusiyanın maraqlı olmadığını söyləmişdi. Medvedyev həmçinin onu da vurğulayıb ki, Ermənistan və Azərbaycanla münasibət Rusiya üçün çox mühümdür. Sonradan Medvedyev Bakıya yollanmış, Rusiya prezidenti isə iki ölkə rəhbərləri ilə telefonla söhbət etmişdi. Faktiki baxımdan Rusiya iki ölkə ilə çoxqatlı və geniş münasibətlər quraraq, regionda özünün nüfuzlu baş hakim statusunu qoruyub saxlamaq istəyir.

Rusiya Ermənistan ilə çox sıx əlaqələr qurub və onu özünün Cənubi Qafqazdakı müttəfiqi hesab edir. Rusiyanın bu ölkədə hərbi bazası var. 2016-cı ilin fevralında Moskva Ermənistana Rusiya silahlarının alınması üçün 200 miyon dollar həcmində kredit ayırıb. Bu addım Türkiyəyə göndərilmiş siqnal hesab edilir. Amma keçən il Rusiya Azərbaycana da az silah satmayıb.

- Rusiyanın ehtiyatlılığı

Özünü Rusiyaya ən yaxın dövlət hesab edən Ermənistan, Vladimir Putinin şəxsən xüsusi önəm verdiyi Avrasiya İqtisadi Təşkilatının və Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Təşkilatının üzvüdür. Azərbaycan bu strukturlara daxil deyil, amma Müstəqil Dövlətlər Birliyinin üzvüdür və Ermənistan kimi bu ölkə də Şanxay Əməkdaşlıq Təşkilatı ilə danışıqlar aparır.

Rusiyanın ehtiyatlı davranışı onların son zamanlar beynəlxalq arenada mühüm uğurlar əldə etdiklərindən qaynaqlanır ki, buna görə hazırda Qarabağdakı gərginliyin şiddətlənməsi Moskvanın maraqlarına cavab vermir. Rusiya Suriyadakı nailiyyətlərini, İŞİD-ə qarşı mübarizədə ABŞ ilə əməkdaşlıq edərək beynəlxalq izolyasiyadan qurtulmağa sərf etmək fikrindədir. Ukraynadakı yeni siyasi böhran Qərbi məyus edir ki, bu da öz növbəsində Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların aradan qaldırılması ehtimalını yüksəldir. Sanksiyalar iyunda uzadılmalıdır.

Ancaq bütün bunlara baxmayaraq, gələcəkdə Rusiya Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsində maraqlı da ola bilər. Əgər Rusiya özünü təcrid olunmuş və güclü iqtisadi gərginlik altında hiss edərsə, onda belə bir halın baş verə biləcəyi istisna olunmur. Deməli, onda Moskva Qərblə münaqişə üçün yeni arena axtarışına girişəcək. Belə bir arena özünün coğrafi vəziyyətinə görə, NATO-nun kənarında dayanan Dağlıq Qarabağ ola bilər. Belə halda Rusiya Cənubi Qafqazdakı güc balansını pozmağa risk edə bilər.

Bəs, bütün bunların İsrailə nə aidiyyatı var? Onu qeyd etmək gərəkdir ki, artıq iki onillikdir ki, İsrail ilə Azərbaycanın çox sıx əlaqələri mövcuddur. İsrail Azərbaycan ordusunu müasir silahlarla təchiz edir və Bakı İsrail hökumətinin vəziyyətlə əlaqədar fikrini bildirəcəyini gözləyib. Həmçinin onu da yada salmaq lazımdır ki, bu illər ərzində İran Ermənistanı dəstəkləyib və bu vəziyyətin əlavə olaraq kəskinləşməsi faktoru olub.

Əgər münaqişənin indiki alovlu dövründə tərəflər atəşkəs elan edəcəklərsə, onda bu İsrailə Azərbaycanla olan münasibətini yenidən ölçməyə və hər iki ölkənin bir-birinin gözləntilərini doğrultması barəsində düşünməyə imkan verir.

(“YNet” portalı, İsrail )

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar