MOSKVA İRƏVANIN YANINDA OLDUĞUN NÜMAYİŞ ETDİRİR - Lavrov əsl sifətini göstərdi

100285"Azərbaycanın Xarici İşlər Nazirliyi rusiyalı rəsmilərin Dağlıq Qarabağla bağlı Türkiyəni aşağılamasına etiraz etməlidir"

İrəvana konkret Qarabağ təklifləri ilə gəldiyi deyilən və səfəri həssaslıqla izlənilən Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan XİN  başçısı Edvard Nalbəndyanla qapalı görüş keçirdikdən sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Lavrov bildirib ki, Qarabağdakı son döyüşlər konfliktin hərbi yolla həll edilə bilməyəcəyini göstərdi: “Hazırda prioritet məsələ 1994-cü il razılaşmasına tam ciddi əməl edilməsidir. Rusiya həmsədr ölkə kimi tərəflərə hərtərəfli yardım üçün hər şeyi edəcək. Hazırkı mərhələdə atəşkəs haqqında razılaşmanın yerinə yetirilməsindən əlavə, ATƏT tərəfindən hazırlanan və 2011-ci ildə təqdim edilən təhlükəsizlik tədbirlərinin reallaşdırılması və insidentlərin araşdırılması mexanizmlərinin tətbiqi də vacibdir”. Rusiyanın baş diplomatı deyib ki, yalnız İrəvanın Kazan təkliflərini rədd etməsi fikri doğru deyil. Onun sözlərinə görə, təkcə İrəvan yox, Bakı da Kazan təkliflərindən imtina edib.

S.Lavrov Ermənistandakı anti-Rusiya dalğasını və şəxsinə qarşı emosional çıxışları, etirazları arxa plana keçirmək üçün Türkiyəni tənqid edib. Xarici işlər naziri iddia edib ki, Türkiyə rəhbərliyinin Dağlıq Qarabağla bağlı açıqlamaları sülhə yox, müharibəyə yönəlib və qəti şəkildə qəbul edilə bilməz: “Türkiyə rəhbərliyi münaqişəni hərbi yolla həll etməyə çağırır. Bu isə ATƏT-in Minsk Qrupu həmsədrlərinin və bütövlükdə dünya ictimaiyyətinin mövqeyi ilə daban-dabana ziddir”.

Lavrov Ermənistan prezidenti Serj Sərkisyanla da görüşüb. “Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının koordinatoru kimi ATƏT-in Minsk Qrupuna alternativ yaratmaq cəhdlərinə qarşıdır”. Bu barədə o, Sərkisyanla görüşdə deyib. “Biz paralel kanallar axtarmağı, tərəflərin etimadını qazanmayan mexanizmlərinin yaradılmasını dəstəkləmirik. Bu, yalnız diqqəti əsas məsələdən - təhlükəsizliyi təmin etmək, yeni qurbanların olmasının qarşısını almaq və siyasi prosesin yenidən başlaması üçün şərait yaratmaqdan yayındıracaq”, - deyə Lavrov bildirib. Rusiya XİN başçısının sözlərinə görə, münaqişənin həllinə tərəflərin özləri qərar verməlidirlər, Rusiya və Minsk Qrupunun digər həmsədrləri - ABŞ və Fransa isə bu işdə onlara yardım etmək üçün çalışacaqlar.

Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a dedi ki, Lavrovun Ermənistana səfəri və verilən açıqlamalar Rusiyanın vasitəçiliyi ilə aparılan sülh prosesindən xeyir gözləməyin yanlış olacağına dair Azərbaycan ictimaiyyətində mövcud olan fikirlərin doğruluğunu təsdiqləyir.

Ekspert öncə qeyd etdi ki, Lavrov İrəvana yola düşdüyü saatlarda Rusiya XİN-in yaydığı bəyanatda diqqətdən kənarda qalan önəmli bir məqam var: “Rusiya XİN-in açıqlamasında bildirilir ki, bu ölkənin ATƏT-dəki daimi nümayəndəliyi aprelin 12-də Azərbaycanın daimi nümayəndəliyinə nota təqdim edərək Azərbaycan tərəfini atəşkəs razılaşmalarına əməl etməyə çağırıb. Ermənistana isə eyni nota verilməyib. 10 gün gizli saxlanılmış nota məsələsinin Lavrov İrəvana yollanarkən açıqlanmasını Ermənistana jest kimi qiymətləndirmək olar.

Yəni belə çıxır ki, atəşkəsin pozulmasına görə Rusiya Azərbaycanı günahlandırır”.

Rusiyalı nazirin Ermənistan paytaxtındakı bəyanatlarına gəldikdə isə Ş.Cəfərli bildirdi ki, burada da narahatlıq doğuran məqamlar var: “Lavrov bildirib ki, tərəflər arasında etimadı artıracaq və insidentləri araşdıracaq mexanizmin qurulması üçün ləngimədən addımlar atmaq lazımdır. Bu, ilk baxışdan çox sülhməramlı ideya kimi görünür, lakin mahiyyətinə vardıqda söhbətin Azərbaycanın əl-qolunu bağlayan addımlardan getdiyi anlaşılır. Çünki insidentlərin araşdırılması mexanizmi Azərbaycan ordusunun yeri gəldikdə işğalçıya lokal zərbələr endirmək imkanını əlindən alacaq”.

 

Politoloqa görə, Lavrovun münaqişənin hərbi yolla həllinin mümkün olmadığı barədə bəyanatı da daha çox Azərbaycana yönəlib: “Bu mesajın mənası ondan ibarətdir ki, Rusiya Azərbaycana öz torpaqlarını hərbi yolla azad etməyə imkan verməyəcək. Bundan başqa, Lavrov və Nabəndyanın mətbuat konfransında tərəflər 2011-ci il tarixli Kazan sənədini də gündəmə gətiriblər. Rusiyalı nazir Ermənistanın bu sənədi rədd etmədiyini xüsusi vurğulayıb. Kazan sənədinin məzmunu indiyə qədər açıqlanmasa da, erməni tərəfinin bu sənəddən məmnunluqla bəhs etməsi onun mahiyyəti barədə təsəvvür yaranması üçün yetərlidir.

Aydındır ki, bu, Azərbaycanın maraqlarına ziddir. Lavrovun Türkiyəni Azərbaycana açıq dəstək verdiyinə görə ittiham etməsi də birbaşa bizim maraqlarımıza qarşı yönəlib. Bu, Rusiyanın Azərbaycan-Türkiyə münasibətlərinin dərinləşməsindən narahatlığını ortaya qoyur”. 

Ekspertə görə, ümumiyyətlə, Rusiyanın hazırkı sülh təşəbbüsləri həm də Türkiyəni regiondan təcrid etmək, Azərbaycan-Türkiyə hərbi müttəfiqliyinin yaranmasına yol verməmək məqsədi daşıyır: “Eyni zamanda Gürcüstanın NATO-ya inteqrasiya prosesi və ümumən ikitərəfli Türkiyə-Gürcüstan və üçtərəfli Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının inkişafı Ankaranın Cənubi Qafqazda mövqelərini gücləndirən prosesdir. Rusiyanın hazırda əl-ayağa düşməsi və Qarabağ münaqişəsinin həllində maraqlı görünməsinin əsas səbəblərindən biri budur. Kreml bu prosesi əngəlləməyə çalışır”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Lavrovun İrəvanda verdiyi açıqlamalar Azərbaycan üçün müsbət perspektiv vəd etmir: “Bu, ondan xəbər verir ki, Rusiyanın münaqişənin ədalətli həlli ilə bağlı yeni planı və ya təklifləri yoxdur. Lavrovun İrəvana səfərindən çıxan başqa bir nəticə isə bundan ibarətdir ki, Dağlıq Qarabağ ətrafındakı 5 rayonun ilkin şərt irəli sürmədən azad olunması məqsədilə Kremlin İrəvana təzyiq etmək fikri yoxdur. Məsələn, Lavrov İrəvanda deyib ki, Kazan prinsipini Ermənistan rədd etməyib. Lavrovun sözlərindən belə çıxır ki, Ermənistan rədd etməyibsə, danışıqların ikinci tərəfi - Azərbaycan rədd edib. Əslində Azərbaycan Kazan prinsiplərinin əleyhinə deyil, əksinə, sənəddə rayonların boşaldılmasının, qaçqınların geri qayıtmasının və kommunikasiya xətlərinin açılmasının vurğulanması Azərbaycanın maraqlarına cavab verir. Sadəcə, sənəddə statusun müəyyənləşməsi maddəsinə etiraz edirik. Ermənistan isə bu maddəni əlində rəhbər tutaraq, digər bütün maddələri statusundan asılı vəziyyətə gətirir”.

E.Şahinoğlu digər məqamlara da toxundu: “Rusiya xarici işlər nazirinin Azərbaycan üçün daha bir ziyanlı fikri budur: ”Cəbhə bölgəsindəki insidentləri araşdırmaq lazımdır". Rusiyaya bu lazımdırsa, Azərbaycana lazım deyil. Çünki işğalçı Ermənistanın daima təzyiq altında saxlanılmasının yolu Azərbaycan ordusunun cəbhə bölgəsindəki üstünlüyündən keçir".

Politoloqa göprə, Lavrovun İrəvanda Türkiyə əleyhinə söylədiyi fikirlər də zərərlidir: “Mən anlayıram ki, Azərbaycan Rusiya ilə münasibətləri gərginləşdirməməli, nə qədər mümkündürsə tərəfdaşlıq münasibətlərini davam etdirməlidir. Ancaq bu, o demək deyil ki, rusiyalı rəsmilərin hər antitürk açıqlamasına səbir nümayiş etdirməliyik. Lavrov artıq neçənci dəfədir ki, münaqişənin həllində Türkiyəni hədələyib, Ankaranın açıqlamalarını təxribatçı adlandırıb. Lavrov heç şübhəsiz, Ankaranın ”biz Azərbaycanın ərazi bütövlüyünü və Bakının işğala son qoymaq siyasətini dəstəkləyirik" ifadəsini nəzərdə tutur. Daha öncə isə Rusiyanın baş naziri Dmitri Medvedyev də Türkiyəni nəzərdə tutaraq “cəbhə bölgəsindəki münaqişəsini üçüncü qüvvə qızışdırıb” demişdi. Bu da ağ yalandır. Fikrimcə, Lavrov İrəvanı tərk etməmiş Azərbaycanın Xarici İşlər Nazirliyinin xüsusi bəyanatla çıxış etməsinə ehtiyac var. Qoy bəlli səbəblərdən bu bəyanatda Rusiya xarici işlər nazirinin adı çəkilməsin, ancaq onun təxribatçı fikirlərinə etiraz olaraq heç olmazsa bu cümlə yer alsın: “Bakı Ankaranın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindəki mövqeyini təqdir edir”. Belə bir bəyanat olmasa, belə çıxacaq ki, biz rusiyalı rəsmilərin Dağlıq Qarabağla bağlı Türkiyəni aşağılamasına etiraz etmirik. Əslində isə bu, Rusiya və ya Türkiyənin məsələsi deyil, tam bizim məsələdir".

(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar