Sumqayıt Universitetində korrupsiyaya dair çoxsaylı faktlar (SİYAHI)

Universitetdəki «ölü sanlar»ın siyahısı prezidentə göndərilib

Son illər Azərbaycanda təhsil sektorunda az-çox tədqirəlayiq hallardan biri ali məktəblərdə rüşvətxorluğun nisbətən azalmasıdır. Həm semestr ərzində qiymətləndirmənin, həm də imtahanların testlə keçirilməsi oxuyan tələbələrin problemsiz qiymət almasına səbəb olur. Düzdür, oxumayan tələbələr də müxtəlif yollarla universitetləri bitirərək diplom alırlar. Ancaq bu cür nümunələr əvvəlki illərlə müqayisədə xeyli azalıb.

Bununla belə bəzi ali məktəblərdən daxil olan müraciətlər, şikayətlər həmin universitetlərdə köhnə qaydaların davam etdirildiyini göstərir. Onlardan biri kimi Sumqayıt Dövlət Universitetinin(SDU) adı çəkilir. Bu günlərdə SDU-da tələbələrdən, müəllimlərdən və işçilərdən təşkil olunmuş Rüşvətsiz Təhsil Hərəkatı üzvlərinin prezident İlham Əliyevə etdikləri müraciətdə göstərilən faktlar da bundan xəbər verir. Bir nüsxəsi də saytımıza göndərilən həmin müraciəti qısa ixtisarla dərc edirik.

«Onun hər yerdə adamı var!»

«Hörmətli prezident!

Biz Sizə müraciət edərək hesab edirik ki, məlumatımız sizə çatsa mütləq tədbir görüləcək. Ona görə ki, bizim universitetdə rüşvətxorluq, korrupsiya biabirçı bir vəziyyət alıb.

Prezident Administrasiyasına daxil olan müraciətlərimiz elə orada it-bata salınır. Poçtla göndərdiyimiz yazılar Hümanitar şöbəyə daxil olan kimi Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanovun bibisi oğlu Tahirov Elxan Vladimir oğlu tərəfindən yox edilir.

Təhsil naziri isə bizdən adımızı soruşur. Daha demirlər ki, bizi öldürərlər. Onun pulunun qabağında hamı acızdir. Elə şəhərin prokuroru, huquq mühafizə orqanları kimi... Elə buna görə də, cənab Prezident, universitetdə baş verənlərlə bağlı Sizə müraciət etməyi qərara aldıq...»

Universitetdə «ölü canlar” vasitəsilə hər ay nə qədər dövlət vəsaiti talanır?

Prezidentə olunan müraciətdə ilk öncə iki fakültədə olan «ölü canlar” vasitəsilə dövlət vəsaitinin necə talandığından söhbət açılır: «Hörmətli Prezident, biz yalnız iki fakültədə - «İqtisadiyyat və İdarəetmə» və «Fizika və elektroenergetika» fakültələrində olan “ölü canlar” və onların adına yazılıb mənimsənilən pullar barədə sizə məlumat veririk:

«İqtisadiyyat və İdarəetmə» fakültələsində olan “ölü canlar” və onların adına həp ay yazılıb «yeyilən» pullar:

1. Həsənova Afət Məmmədəli - 657,07 manat;

2. Nərimanov Böyükkişi Bəhman- 621,47;

3. Qurbanov Adəm Rüstəm - 329,25;

4. Süleymanov Qəzənfər Soltan- 848,78;

5. Hüseynov Arzu Alim- 492,80;

6.Rəhmanov Fərhad Pənah- 492,08;

7. Cümşüdov Sabir Qənbər- 729,03;

8. Abdullayeva Rəsmiyyə Sabir- 657,07;

9. Müradov Allahyar Niyazi- 657,07;

10. Mirheydərov Arzu İslam- 829,08;

11. Səlimov Əli Hüseynağa- 657,08;

12. Məmmədova Esmira Hamlet - 492,08:

«Fizika və elektroenergetika» fakültəsində olan “ölü canlar” və onların adına həp ay yazılıb «yeyilən» pullar:

1. Mustafayev Xəlifə Əli - 152,67 manat;

2.Əliyev Afiq Xanoğlan - 328,54;

3. Cabbarov Vəkil Rəşid - 328,54;

4.Əsgərov Cavid Səlimxan - 618,74;

5. Cabbarov Cabbar Həsən - 588,63(«Ümumi fizika» kafedrası);

6. Məmmədov Rövşən Məmməd - 618,74(«Ümumi fizika» kafedrası);

7. Kərəməliyev Ramiz Əli- 588,63 («Ümumi fizika» kafedrası);

8. Qarayev Eldar Səməd - 588,63(«Ümumi fizika» kafedrası);

9. İslamzadə Arif İslam- 588,63 («Ümumi fizika» kafedrası);

Qeyd edək ki, «Ümumi fizika» kafedrasının müdiri rektor Nadir Qəhramanovun özüdür. Burada göstərilənlərin bir çoxunun xəbəri yoxdur ki, onların adına pul yeyilir. Bu siyahi bizim əldə edə bildiyimiz məlumatdır və SDU-da burada baş verənlərin kiçik bir hissəsidir.

Bir çox hallarda buraxılış işləri və magistr dissertasiyaları da bu adamların adlarına yazılır. Və onların adları ilə həm tələbələrdən rüşvət adlınıb mənimsənilir, həm də dövlətdən buraxılış işləri və magistr dissertasiyalarının rəhbərlərinə ayrılan pullar «yeyilir». Eyni zamanda işçilərə də bu saatlardan yazıb onlardan da pul yığırlar.

Külli miqdarda əvəzetmələr, buraxılış və magistr işlərinə rəhbərliklər “ölü canlar” vasitəsilə həyata keçirilir və onların adına maaş kartları açılaraq, onlardan xəbərsiz bu pullar mənimsənilir".

«Müəlllimlər kitab yazır, rektor pul qazanır»

Müraciətdə daha sonra SDU-da baş verən rüşvətxorluq hallarından söhbət açılır:

«Hörmətli Prezident, bizim təqribi hesablamalarımıza görə, universitet rəhbərliyi hər il 4-5 milyon manat vəsait toplayır.

Nazirlər Kabineti daxil olmaqla, bütün büdcə təşkilatları sırasında ən çox dəftərxana üçün pul xərcləyən Sumqayıt Dövlət Universitetidir. Təkcə 2011-ci ildə bu məqsədlə 204 min 842 manat yazılaraq, mənimsənilib.

Bundan əlavə, tələbələrdən qrup jurnalına pul yığılır. Universitetin qəzeti adı ilə təqaüd alanların təqaüdündən 10 manat çıxırlar, almayanlardan 10 manatdan yığırlar. Ancaq bütün qrupa cəmi 1 ədəd qəzet verirlər.

Müəllimlərin də başına oyunlar açırlar. Onlar deyirlər ki, biz kitab yazırıq və məcburi belə qayda yaradılıb ki, kitabları öz hesablarına universitetin mətbəəsində baha qiymətə çap etdirib onun 30 nüsxəsini kitabxanaya verməlidirlər. Sonra isə həmin kitabın Universitet hesabina çap olunduğu yazılaraq, ayrılan vəsaiti mənimsəyirlər. Yəni, müəlllimlər kitab yazır, rektor pul qazanır.

Mədəni-kütləvi tədbirlərə, təmir işlərinə, dəftərxana ləvazimatları alınması, abadlaşdırma işlərinə, qəzet və jurnallara abunə yazılma və digər bu kimi proseslərə hər ilkülli miqdarda pul silinir. O cümlədən son illər külli miqdarda saxta pul köçürmələri və pul silinmələr həyata keçirilib. Bu universitetdə maliyyə fırıldaqlarının sayı-hesabı yoxdur. Mühasibatlıq işi mütləq yoxlanılmalıdır.»

Universitetdə tələbələrdən hansı yollarla rüşvət yığılır?

Müraciətdə həmçinin buraxiliş və kurs işlərinə, pedaqoji və çöl praktikasına görə də tələbələrdən külli miqdarda pul yığıldığı iddia olunur: «Burada kurs işinə 100 manatdan, pedaqoji praktika və çöl praktikasına 100 manatdan, buraxılış işinə və dövlət imtahanına isə 1000-1500 manatdan rüşvət yığılır. Heç bir tələbəyə buraxılış işini özü yazmaq imkanı verilmir. Özləri əvvəlki illərdə “yazılmış“ buraxıliş işlərinin surətini çıxardır, cildləyir və tələbəyə satırlar. Hətta elə hallar var ki, ancaq üz vərəqi dəyişdirilib, yeni tələbənin adı yazılıb. Əslində, buraxılış işlərinin mövzuları dövri olaraq dəyişdirilə bilər. Ancaq bir və ya bir neçə il əvvəl yazılan buraxılış işlərinin məzmunu eyni ola bilməz. Ancaq yoxlansa görünər ki, müxtəlif illərdə müxtəlif tələbələr eyni cümlələri «yazıblar».

Bundan əlavə SDU-da semestr boyu dərsə gəlməkdən azad etdiklərindən 1000 manat, qayabilərə görə 1000 manat alınır. Müəyyən səbəblərə görə qovulma haqqında saxta əmr verib, sonradan həmin tələbənin bərpası üçün ondan 2000-3000 manat rüşvət alınması faktları da kifayət qədərdir.

Özü oxumağa çalışan tələbələri də elə günə salırlar ki, artıq o da pul verməkdən başqa çıxış yolunun qalmadığını görür və rüşvət verməli olur. Bəzən saxta kəsirlər yazılır, tələbədən kredit borcu adı ilə pul yığılır».

Məktubda yığılan rüşvətdən müəllimləri kənarda qoymaq üçün bəzi saxtakarlıqlara da gedildiyi iddia olunur: «Qaydaya görə, yazılı götürülən imtahan qiymətlərinin «vedomostları» müəllimlər tərəfindən doldurulmalı və hər bir tələbənin qarşısında müəllimin imzası qoyulmalıdır. Ancaq əksər fakültələrdə istər bu il, istərsə də əvvəlki illər imtahan qiymətlərinin «vedomostları» dekanlar və ya onların müavinləri tərəfindən doldurulub və imzalanıb. Bu isə qanuna tamamilə ziddir.»

«Korrupsiyaya qarşı Mübarizə İdarəsinə video-rolik təqdim olunub»

Müraciətdə universitetdə qanunsuz köçürmələrin də həyata keçirildiyi iddia olunur: «Böyük rüşvət hesabına universitetdaxili çoxlu qeyri-qanuni tələbə köçürmələri mövcuddur. Məsələn, I və IV qrup ixtisaslarına aid olan «Kimya» və «Biologiya» fakültələrindən, III ixtisas qrupuna aid olan «Tarix» və «Filologiya» fakültələrindən II ixtisas qrupuna aid olan «İqtisadiyyat və idarəetmə» fakültəsinə qeyri-qanuni köçürmələr həyata keçirilib.».

Müraciətdə qeyd olunur ki, bir neçə ay bundan əvvəl bəzi şəxslər tərəfindən Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə SDU-da rüşvət almaq faktı ilə əlaqəli əyani video-rolik təqdim olunub. Ancaq nəticəsi haqda heç bir məlumat yoxdur.

«Universitetdə qohumbazlıq hökm sürür, savadlı alimlər işdən qovulur»

Müraciətdə daha sonra bildirilir ki, SDU-da qohumbazlıq və yerlibazlıq halları artıq əndazəni aşıb: « Rektor Nadir Qəhrəmanov öz qardaşlarını özü vəzifəyə keçən kimi kafedra müdiri qoyub. Düzdür, qardaşlarından biri əvvəldən burada işləyirdi, amma vəzifədə deyildi. Digər qardaşını özü işlədiyi dövrdə gətirib qısa müddətdə kafedra müdiri qoyub. Gəlini guya SDU-da dosentdir. Hətta son Elmi Şurada onun işi dosent elmi adı almaq üçün Ali Attestasiya Komissiyasına da tövsiyə olundu, amma onu heç bir tələbə üzdən belə tanımır. Qardaşının qızı, qardaşının kürəkənləri, bibisinin əri (o, həm BDU-da, həm də SDU-da ştatdadır) hamısı müxtəlif vəzifələr daşıyır.

Bu universitetdə prorektorların və dekanların da həyat yoldaşları, gəlinləri və digər qohumları məhz onlar bu vəzifəyə keçəndən sonra burada işə götürülüblər. Amma çoxu işə gəlmir, havayı maaş alırlar. Kadrlar işə ancaq rüşvət və ya şəxsi münasibətlərə görə götürülür, hətta dərhal o şəxs layiq oldu-olmadı kafedra müdiri və s. vəzifələrə qoyulur.

Əksinə, savadlı, böyük təcrübəyə malik, vicdanlı, lakin haqsızlığa dözməyən kadrlar gözümçıxdıya salınır, vəzifəsindən uzaqlaşdırılır. Elə son illər qiyabi işlər üzrə prorektor, professor, ”Tərəqqi" medallı Sevda Mikayılova işində heç nə tapmadıqları üçün saxta ittihamlarla qovuldu.

«Ekologiya» kafedrasının müdiri, dosent Dürdanə Şirinova və onun həyat yoldaşı Mamed müəllim işlədikləri kafedraların müəllimləri adından yazılan saxta narazılıq aktı ilə qovuldular. Eləcə də, neçə-neçə vicdanlı və savadlı kadrlar beləcə uzaqlaşdırılıblar.

SDU-nun 50 illik yubileyi ilə bağlı təltif üçün Sizə təqdim olunan siyahıda bu ali məktəbin sözün əsl mənasında əməyi ilə fədaisi olan professor və müəllimləri kənarda qaldı, bir saat belə əlinə jurnal alıb auditoriyaya daxil olmayan, əksinə, rüşvət yığmaqla məşğul olan prorektor və dekanlar, şöbə müdirləri təltif olundular. O təqdimatda açıq-aşkar narazılıqlar və ironiyalar özünü büruzə verirdi».

Müraciət müəllifləri sonda qeyd edir ki, SDU rektorunun öz qohumları və dostları adına tikdirdiyi və aldığı mülklərin, maşınların sayı-hesabı yoxdur: “Saray qəsəbəsində ”Yetər" şadlıq evi və bu qəsəbədə geniş ərazili bahalı villası var. «Murad» şadlıq evi və eyni adda mağazaları mövcuddur.

Qusarda öz adına və övladlarının adına villalar, “Yaşma bağlar” massivində öz adına və gəlininin adına olan geniş torpaq sahəsinin olduğu bildirilir. Bakı və Sumqayıt şəhərlərində çoxotaqlı mənzillərə malikdir. SDU-nun ərazisində torpağı qanunsuz zəbt edərək şəriklərilə tikdirdiyi binalardakı özünün, valideyninin, qardaşlarının və digər yaxınlarının adına aldıqları mənzillər, burada tikdirdiyi avtomobillərə xidmət sexləri, yeməkxanalar, çoxlu qarajlar, özünün, övladlarının, gəlin və kürəkəninin adına alınan növbə-növ bahalı avtomobillər, antikvar avtomobillər və s. almağa, yəqin ki, halal maaşı kifayət etməz. Biz bunları yazıb burada olan biabırçılığa son qoyulmasını istəyirik».

Redaksiyadan: SDU-nun və müraciətdə adı keçən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar