MEHRİBAN ƏLİYEVADAN CİDDİ SİYASİ ADDIM - Yunusların ölkədən çıxmasına şərait yaradıb

Yunuslara onların müalicədən sonra vətənə qayıtması və gələcəkdə ictimai və elmi fəaliyyətləri üçün şərait yaradılması istəyi çatdırılıb

Hüquq müdafiəçisi Leyla Yunusun və onun həyat yoldaşı Arif Yunusun Azərbaycandan çıxması birinci ledi Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilmiş dialoqdan sonra baş verib. Əliyevanın nümayəndələri onun Yunusların müalicə üçün xaricə getməsinə, habelə digər məsələlərin həllinə yardım etməyə hazır olduğunu onların diqqətinə çatdırıb.

Məlumatlı mənbənin Turan agentliyinə verdiyi məlumata görə, Yunuslara onların müalicədən sonra vətənə qayıtması və gələcəkdə ictimai və elmi fəaliyyətləri üçün şərait yaradılması istəyi də çatdırılıb.

Leyla və Arif Yunus onları müalicə edən həkim Kristian Vittin müşaiyəti ilə aprelin 18-də gecə saat 2-də Bakı Beynəlxalq Aeroportundan Turkish Airlines-ın İstanbul-Amsterdam reysi ilə yola düşüblər. Təyyarəyə qədər onları Bakıdan maneəsiz və təhlükəsiz üçüşü təmin edən şəxslər müşaiyət edib.

Elə həmin gün Yunuslar Amsterdama gəliblər və orada qızları Dinara ilə iki gün keçiriblər, daha sonra isə onlar Berlin klinikasına aparılıb, orada müalicə alırlar.

Hollandiyada Yunusları müşaiyət edən şəxs bildirib ki, Arifin vəziyyəti qeyri-stabil idi və o, hipertoniya krizisi ilə əlaqədar dəfələrlə huşunu itirib. Almaniya klinikasında birinci növbədə Bakıda həbsdə olduğu müddətdə onun boynunun arxasında əmələ gəlmiş şişin təcrid edilməsi üzrə tədbirlər görülüb.

Fevralın 11-də Yunusların müalicə üçün ölkədən çıxmasına icazə verməyən Yasamal rayon məhkəməsi bu icazəni aprelin 18-də verib.

Arif Yunus hipertoniyadan əziyyət çəkir, Leyla Yunus isə hepatit, diabet, pankreatit və öd kisəsində daşdan əziyyət çəkir. Həbsdən sonra bu xəstəliklər kəskinləşib. Hər ikisinin təcili cərrahiyyə və müalicəyə ehtiyacı var.

Leyla və Arif Yunus bir illik həbsdən sonra 2015-ci il avqustun 13-də Ağır Cinayətlər Məhkəməsi tərəfindən müvafiq olaraq 8,5 və 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər, bu zaman məhkəmə beynəlxalq standartları və lazımi məhkəmə prosesini kobud şəkildə pozub. 2015-ci il dekabrın 9-da onlar beş il sınaq müddəti verilməklə, şərti azadlığa buraxılıblar.

“Leyla və Arif demokratiya və insan hüquqları uğrunda mübarizə naminə öz rifahlarını və təhlükəsizliklərini ortaya qoyublar. Onlar Azərbaycanda vəziyyəti düzəltmək üçün mübarizə aparıblar. Yaxşı ki, indi onlar Azərbaycanda insan hüquqları sahəsində vəziyyəti yaxşılaşdırmaq uğrunda uzunmüddətli mübarizədən sonra istirahət edə biləcəklər”, deyə Niderland XİN rəhbəri Bert Kunders bildirib.

Niderland Aİ və digər ölkələr kimi Yunuslar həbs edildikdən sonra onların azad edilməsi üçün əllərindən gələni edib.

“Biz Azərbaycanı bu prosesi davam etdirməyə çağırmağa davam edirik”, deyən Kunders bunun Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin yaxşılaşdırılmasının göstəricisi olduğuna ümidini ifadə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar