DEPUTAT "AZƏRİTTİFAQ"ı "DİRİLTMƏK" İSTƏYİR! -   "Bazarlığın" onlara verilməsinə çalışır

«Azərittifaq» əvvəlki şöhrətini qaytarmağa çalışır. Bundan ötrü kənd təsərrüfatı məhsullarının yeni tədarük qaydalarından yararlanmaq imkanlarını götür-qoy edir. Yeni qaydaları hökumət müəyyənləşdirib.

Sovet İttifaqı dönəmində adı dillərdən düşməyən, hər kənddə «iz» buraxan «Azərittifaq»ın adı artıq unudulmaqdadır. Sözügedən qurumun illik şura iclasındakı müzakirə də bunu göstərir. Məlum olub ki, ölkənin bütün bölgələrinə səpələnmiş kooperativ təşkilatlarının toplam ticarət dövriyyəsi (2,2 milyon manat) bir supermarket qədər də deyil. Əksər kooperativ təşkilatları isə ticarət fəaliyyəti göstərmir, olsa-olsa, dükanları icarəyə verib. Dövlət büdcəsinə vergi ödəmələri isə 671 min manat olub.

Əvvəlki illərdə «Azərittifaq»ın saysız-hesabsız istehsal, iaşə və ticarət obyekti satılıb. Son şura iclası da istisna deyildi. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının İdarə Heyəti daha bir neçə əsas vəsait və yarımçıq tikilinin satışına qərar verib.

«Azərittifaq»ın maliyyə və mühasibat uçotu idarəsinin rəisi Fəxrəddin İsmayılov "Azadlıq" radiosuna deyib ki, prezident İlham Əliyevin sərəncamı ilə «Ərzaq məhsullarının tədarükü və təchizatı» ASC-nin yaradılması qurumun tədarük fəaliyyətini canlandıra bilər. Ötən il cəmi yarım milyon manatlıq məhsul tədarük edilib və satılıb: «Kəndlidən meyvə-tərəvəz məhsullarını tədarük edib, dövlət təşkilatlarına satış funksiyasını öz üzərimizə götürə bilərik. Buna lazım olan maddi-texniki bazamız da var».

Qurumun Xırdalanda meyvə-tərəvəz bazası, bir neçə rayonda isə anbarları qalıb. Amma məsələ bununla bitmir, bəlli təminat da verilməlidir. «Azərittifaq»da ondan ehtiyatlanırlar ki, kəndlidən beh qarşılığında satın alınan meyvə-tərəvəz və quru meyvələr müəyyən səbəbdən «əllərində qalar» və beləcə, zərərə düşərlər.

İdarə Heyətinin sədri Eldar Quliyevin məhz təminat almaqdan ötrü kənd təsərrüfatı naziri Heydər Əsədovla görüşdüyü bildirilir.

Maraqlıdır ki, «Azərittifaq» bu gün də ən çox payçısı (400 min nəfər) olan kommersiya təşkilatıdır. Amma mənfəət olmadığından, onlar bundan heç bir xeyir götürə bilmirlər.

Payçılar mətbuatda dəfələrlə deputat Eldar Quliyevi «Azərittifaq»ın əmlakını talamaqda ittiham ediblər. Bununla bağlı konkret faktlar səsləndiriblər, satılan obyektlərin siyahısını mətbuata təqdim ediblər. Ancaq qarşı tərəf bu ittihamları qəbul etməyib. Deputatın «Azərittifaq»ı yenidən "diriltmək" istəyi isə  maraq doğurur.  

«Kəndlidən meyvə-tərəvəz məhsullarını tədarük edib, dövlət təşkilatlarına satış funksiyasını öz üzərimizə götürə bilərik. Buna lazım olan maddi-texniki bazamız da var» deyən Fəxrəddin İsmayılovun hansı maddi-texniki bazadan danışdığı məlum olmasa da, niyyətlərini açıq ifadə edib. Bunun sadə dildə adı, dövlətin pulu ilə təşkilatılara "bazarlıq" etməkdi. Hətta bu "bazarlıqda" ziyana düşməmək üçün nazirdən təminat da istəyirlər. Yəni, pulu əvvəcədən alıb, sonra işə başlamaq niyyətindədirlər. Xeyirli olsun!

Ancaq təbii ki, bu "bazarlıqda" onların da necə deyərlər, öz "haqqı" olacaq. Azərbaycan reallığında adətən,  bu "haqqın" məbləği "bazarlığa" xərclənən puldan cox olur. Bu baxılmdan belə bir sistem qurularsa qazananı kəndlilər və dövlət təşkilatları deyil, "Azərittifaq"ın rəhbərliyindəki bir qrup şəxs olacağını söyləyə bilərik.  Hörmətli deputatımızın məqsədinin bu olub-olmadığını isə onun özündən öyrənməyə çalışacağıq.

MURAD

 AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar