"İLHAM ƏLİYEVİN MƏNƏ MÜNASİBƏTİ MƏNİ MARAQLANDIRMIR" -  Abbas Abbasovdan gözlənilməz açıqlamalar- SONUNUCU HİSSƏ

"İstəyirdim prezidentə deyim ki, qardaş, əzizim, millətimin və dövlətimin lideri, məni bu quldurlardan qoru...Məni qəbul etmədiyinə görə çox pərt oldum, incik qayıtdım"

"Mesajlar göndərməyə başladılar ki, məni, oğullarımı, qohumlarımı, bütün ailəmi öldürəcəklər. Mənimlə quldur dilində danışmağa başladılar"

"Qorxurlar ki, mən qayıdıb yenidən İlham Əliyevlə bir sırada ola bilərəm"

"80-ə yaxın yaşı olan adamlar öz kabinetlərində otururlar. Nə vaxta qədər oturacaqlar?"

Baş nazirin keçmiş birinci mavini, Rusiyadakı Azərbaycan diasporunun liderlərindən biri Abbas Abbasovun virtualaz.org saytına geniş müsahibəsinin 1-ci,2-ci, 3-çü VƏ 4-cü hissələrini təqdim edirik. 

I HİSSƏ

- Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin Azərbaycana həsr olunmuş son iki çıxışı ölkənin ictimai rəyində ciddi narazılıq yaratdı. Əgər bu bəyanatların müəllifi başqası olsaydı, yəqin belə reaksiya yaranmazdı. Lakin məhz Kremlyönlü siyasətçinin Qarabağı Rusiyaya birləşdirmək təklifindən söhbət gedur. Elə Rusiyanın özündə də deyirlər ki, Jirinovski Rusiya rəhbərliyinin arzusunu dilə gətirən adamdır. Qarabağa dair bəyanatın ardınca o, Azərbaycan xalqını təhqir etdi. Bu gün çoxlarında sual yaranır ki, Abbas Aabbasov Jirinovskinin və onun kimi şəxslərin hücumlarına niyə reaksiya vermir?

-Jirinovski Rusiyada xəstə adam kimi tanınır. O, xəstə təxəyyüllü adamdır. Onu adam saymaq mümkün olmasa da Rusiyanı münaqişəli situasiyalara çəkir. Jirinovskini çoxdan cəmiyyətdən təcrid etmək lazım idi. Onun fikirlərinə qulaq asmaq kifayətdir ki, siyasi təlxək olduğunu, Rusiyanı münaqişələrə çəkdiyini və millətlərarası sülhü pozduğunu dərk edəsən. O, təkcə ruslarla azərbaycanlılar, dağıstanlılar, çeçenlər və s. arasında nifaq salmır. Eyni zamanda həmin xalqların yaşadığı ölkədə özünə qarşı nifrət yaradır.

Yəqin xatırlayırsınız, Çeçenistan prezidenti Ramzan Kadırov onu “it” adlandırmışdı. Mənim tərbiyəm bunu deməyə imkan vermir, lakin mən Kadırovla 100 faiz razıyam. Çünki bu adam Rusiyanın dövlət strukturlarının millətlərarası münasibətlərin sabitləşməsinə yönələn səylərinin üstündən xətt çəkir.

Hətta daxili millətlərarası stabilliyə zərbə vurmaqla o, başqalarının da bostanına daş atır və Rusiya üçün yeni problemlər yaradır. Birinci dəfə deyil ki, o, türk millətinə və dövlətinə çirkab atır. Görünür, onun türk millətindən hansısa qisası var Axı o, Türkiyədə işləyib, orada həbs olunub. Ola bilsin orada ona nəsə ediblər və nəticədə gizli incikliyi qalıb. Söhbətin nədən getdiyini təxmin edirik.

Rusiyada yaşayan azərbaycanlılar bu siyasət təlxəyinin hərəkətlərindən dərin hiddətlərini ifadə edirlər. Bu gün Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti Jirinovskinin son açıqlamalarına hüquqi qiymət verilməsi üçün məhkəməyə və İstintaq Komitəsinə müraciət edib. Eyni zamanda biz Rusiya Prezidentinin Administrasiyasına məktub göndərmişik. Məktubda göstərmişik ki, Jirinovskinin bu cür çıxışları təkcə Rusiyada deyil, onun hüdudlarından kənarda yaşayan bütün xalqları bezdirib. Biz bu barədə ayrıca bəyanat da hazırlayırıq.

Görün Azərbaycan və Rusiyanın siyasi rəhbərliyi dövlətlərimiz arasındakı münasibətlərdə stabilliyi saxlamaq üçün hansı səylər göstərirlər. Və bu cür təxribatlar bizim hamımızı birləşməyə və Jirinovski kimilərinin xeyirxah qonşuluq münasibətlərimizə zərbə vurmasına imkan verməməyə çağırır. Vaxtilə "AzerRos" Jirinovskini məhkəməyə vermişdi və üzr istəməyə məcbur etmişdi. Ancaq bundan nəticə çıxarmadı. Eybi yoxdur, bu dəfə də üzr istəyər.

“AzerRos”un Ağsaqqallar Şurasının rəhbəri kimi bəyan edirəm ki, biz heç vaxt öz millətimizi, həmvətənlərimizi, ölkəmizi hansısa yaramazın ayağına vermərik. Buna qəti şübhəniz olmasın. Biz Rusiya ilə Azərbaycan arasında qarşıdurma yaratmağa çalışan belə adamlara qarşı mübarizəni davam etdirəcəyik.

-Beləliklə, sizin sözlərinizdən belə çıxır ki, bu cür fikirlər Kremldəki əhval-ruhiyyəni əks etdirmir? Rəsmi hakimiyyətin mövqeyi deyil? Yaxud Rusiya istebleşmentinin bir hissəsinin mövqeyini əks etdirmir?

-Rusiyada azərbaycanlılara münasibət çox yaxşıdır. Bu münasibətlərin səviyyəsi Jirinovski və onun kimilərin belə sərsəm fikirləri ilə müəyyən olunmur. Bizim dövlətlərimizin liderləri İlham Əliyevin və Vladimir Putinin mövqeləri ilə müəyyən olunur. Əməksevər və qurub-yaradan azərbaycanlılar burada problemsiz yaşayır, heç kim bizə toxunmur, heç kim bizi hansısa siyasi avantüralara cəlb etmir. Baxmayaraq ki, KİV-lərdə, ik növbədə Azərbaycan nəşrlərində Rusiyada böyük uğurlar qazanmış, ancaq öz Vətəninə - Azərbaycana sadiq qalan hörmətli azərbaycanlılar haqqında təhqiramiz yazılara rast gəlinir.

Bilməlisiniz ki, Abbas Abbasov “AzerRos”un Ağsaqqallar Şurasının sədri postuna prezident İlham Əliyevin tövsiyəsi ilə seçilib. Mən və digər nüfuzlu azərbaycanlılar heç vaxt satılmarıq, öz xalqımızı, dövlətimizi satmarıq. Burada azərbaycanlılara yüksək səviyyədə münasibət var. Kremlin heç bir müdaxiləsi yoxdur və bu stereotiplərdən qaçmaq lazımdır. Bax, elə sizin antirusiya yazılarınız aranı qarışdırır, çünki heç bir Kreml rəsmisi Azərbaycanla münasibətlərin korlanmasını istəmir. Tam məsuliyyətlə və səmimi olaraq deyirəm ki, bu mifi dağıtmaq lazımdır. Kremlə toxunmayın, Rusiyaya toxunmayın! Biz burada normal yaşayırıq. Və hamının cavabını verəcəyik, buna şübhəniz olmasın.

-Mən sizdən bu günlərdə verdiyiniz səs-küylü bəyanat barədə soruşmaq istəyirəm. Həmin bəyanatda siz açıq şəkildə Vladimir Putinin Ukraynaya hərbi müdaxiləsini dəstəkləmişdiniz. Axı Rusiya başqa ölkənin ərazilərini işğal edib. Və sizin bəyanatınız Azərbaycan cəmiyyətində, ictimai rəyində anlaşılmazlıqla qarşılanır...

-Olar cavab verim?

-Buyurun.

-Eynulla, bu traktovkanı siz fikirləşdiniz, məhz siz. Mən Ukraynaya, Krıma hərbi müdaxilə haqda danışmamışdım. Mən başqa şey deyirdim. Rusiya prezidenti Federasiya Şurasına müraciət edərək münaqişənin nizamlanması üçün silahlı qüvvələrdən istifadə icazəsi istəmişdi. Mən demirdim ki, Putin Ukraynaya qoşun yeritməyə və orada müharibəyə başlamağa hazırlaşır. Axı Rusiya prezidenti Putin açıq şəkildə dedi ki, yuxarı palataya silahlı qüvvələrdən istifadə barədə icazə verilməsi üçün xahiş edib. Lakin bu icazədən hələ də istifadə etməyib və Ukrayna ərazisinə müdaxilə olmayıb. Mən sərhədlərin toxunulmazlığını və bütövlüyünü dəstəkləmişdim. Daha nə deməli idim? Və mən nəyi düz deməmişdim?

Erməni KİV-lərini oxuyun, orada hər gün yazırdılar ki, Azərbaycanda hansısa çaxnaşmalar olacaq. Mən deyirdim yox, heç bir çaxnaşma olmayacaq. Bizim xalqımız müdrikdir və ağıllıdır, İlham Əliyevin yürütdüyü siyasət xalqımızın maraqlarına cavab verir. Ancaq siz götürüb bu bəyanatı şişirtdiniz və məndən Azərbaycan xalqının düşməni düzəltdiniz.

-Axı Rusiya Krımı işğal etdi və bunu inkar etmək mümkün deyil. Diqqət yetirin, Rusiyanın Avropa Şurasındakı səfiri Roman Kokorev artıq açıq şəkildə bildirir ki, Ukraynanın işğalı bilə məsələ bitməyəcək, Rusiyanın tərkibinə Moldova, qalan SSRİ respublikaları da qayıdacaq. Bəs birdən sabah Rusiya Azərbaycana müdaxilə etmək niyyətinə düşsə? Axı söhbət Azərbaycanın müstəqilliyinin başı üzərini alan təhlükədən gedir?

-Hələ bu günkü beynəlxalq siyasi vəziyyəti diqqətlə araşdırmaq lazımdır. Bunun mənə dəxli yoxdur, mənə Azərbaycanın, ümummilli problemimiz olan Dağlıq Qarabağın dəxli var. Bu gün Rusiya Krım haqda danışır, orada milyon yarım rus yaşayır. Qarabağda bir nəfər də rus yoxdur. Və Rusiya bu gün Qarabağı nə Ermənistana, nə digər subyektlərə birləşdirməyə hazırlaşmır. Rusiya Qarabağ probleminin dinc yolla həllinə tərəfdardır. Hesab edirəm ki, Rusiyanın Minsk Qrupundakı həmsədrliyi bu ölkənin Qarabağ münaqişəsinin nizamlanmasında beynəlxalq öhdəliyini artırır. Digər tərəfdən Azərbaycanın ərazisi olan Qarabağən statusunu niyə şübhə altına almalıyıq. Siz situasiyanı niyə qızışdırırsınız və ictimai rəyi ayağa qaldırırsınız? İlham Heydəroviç və Vladimir Vladimiroviç öz aralarında dil tapacaqlar, inanın mənə.

Bu nə sualdır axı? Rusiya Qarabağa necə müdaxilə edə bilər, bir halda ki, orada bir nəfər də rus yoxdur? Bundan əlavə beynəlxalq ictimaiyyətin mövqeyi var, bunu yaddan çıxarmaq olmaz. Axı Rusiya ilə münasibətləri korlamaq üçün bəhanə yoxdur. Bu, mənə aydın deyil. Və Azərbaycanın da öz “jirinovskiləri” var və onlarla da məsələni ayrıd etmək lazımdır. Mən bir dəfə açıq bəyanatla çıxış edib Rusiyaya ilə dostluğa çağırmışam. Nəyə görə biz bu cür nəhəng dövlətlə münasibətlərimizi korlamalıyıq? Mən bunu başa düşə bilmirəm. Vladimir Putinin Azərbaycana və İlham Əliyevə olan münasibətindən istifadə etmək lazımdır. Bu münasibətini o, hələ Bakıya səfəri zamanı ortaya qoyub. Gəlin hadisələrə bu rakursdan baxaq. Süni düşmənçilik yaratmaq nəyə lazımdır? Burada milyondan çox azərbaycanlı yaşayır və ilk növbədə bu insanların taleyini fikirləşmək lazımdır.

Eynulla, mənim sənə böyük hörmətim var, ancaq mən səni qərəzli olmamağa çağırıram. Sizin sayt Rusiyada oxunur, onu xeyli həmvətənlərimiz izləyir. Mən sizə səmimi şəkildə deyirəm ki, həmişə saytınızı böyük maraqla oxuyuram. Orada çoxlu ağıllı yanaşmalar və fikirlər yer alır. Heç bilirsinizmi ki, Heydər Əliyeviç Rusiya ilə bu cür yüksək etimada əsaslanan etibarlı münasibətləri hansı çətinliklə qurub? Axı mən baş nazirin I müavini olaraq bu prosesin iştirakçısı idim. İlham Heydəroviç də Heydər Əliyevin xarici siyasət kursunu uğurla davam etdirir.

Ancaq mən başa düşmürəm ki, Rusiyadan düşmən obrazı yaratmaq nəyə lazımdır. Azərbaycan nazirləri və məmurları Rusiyaya niyə səfər etmir? Gecə-gündüz ermənilər burada bütün kabinetlərin qapısının ağzındadır və güclü iş aparırlar. Bəs bizim ölkənin belə ləngiliyinin səbəbi nədir? Mənim qismimdə düşmən obrazı yaratmaq nəyə lazımdır axı? Mən ömrümün 15 ilini Azərbaycana vermişəm, ona görə ki, məndən düşmən düzəltsinlər? Mən öz dövlətimin düşməni olmamışam və olmayacam.

İlham Əliyev mənim qardaşım, dostumdur. Və mən heç vaxt Heydər Əliyevin kursundan dönməyəcəm. Yumruğumuzu birləşdirib ümummilli problemlərimizin həllinə yönəlmək əvəzinə öz evimizdə intriqa və parçalanma yaradırıq. Mənə bunu görmək ayıbdır.

II HİSSƏ

- Abbas Aydınoviç, ancaq elə dünən (martın 18-də-red.) Qarabağda Krımı dəstəkləmək üçün yerli hökumət səviyyəsində konsert-mitinq təşkil edilmişdi. Rusiyada bunu təsadüf sayırsınız? Digər tərəfdən, deyirsiniz ki, biz Rusiyadan düşmən obrazı yaradırıq. Axı Rusiya özü Ermənistanda baza yerləşdirib, hərbi-strateji müttəfiqliyini möhkəmləndirib. Bəlkə Rusiyanın Azərbaycana münasibəti heç səmimi deyil?

- Artıq 9-cu ildir Moskvada yaşayıram. Bu müddət ərzində nə prezident Vladimir Putinin, nə də nazirlərin və digər iri məmurların dilindən Azərbaycan barədə mənfi fikir, söz eşitməmişəm. Təkrar edirəm, mən Rusiyanın ali rəhbərliyinə daxil şəxslərlə ünsiyyətdə oluram, amma Rusiyanın Ermənistanı dəstəklədiyini heç vaxt eşitməmişəm. Rusiyanın Qarabağı özünə birləşdirmək istədiyini isə heç eşitməmişəm. Bunu başa düşün, separatizm Rusiyanın özünü də boğaza yığıb. SSRİ Qarabağ məsələsinə görə və Ermənistan rəhbərliyinin günahı üzündən dağıldı. Bunu Rusiyada da çox gözəl bilirlər. Burada Putinlik nə var ki? Hə, nə olsun ki, bu xəstə Jirinovski Qarabağı ermənilərə verməyin lazım olduğunu deyir?! Bunun Rusiya rəhbərliyinə nə dəxli var?

Belə məsələlər çox asan yolla həll edilir. Azərbaycan prezidenti İlham Əliyev dəstəyi götürüb Vladimir Putinə zəng vurur. Yaxud Moskvaya gəlir. Fikir verin, bizim prezidentin Rusiyaya rəsmi səfəri gör nə vaxtdan olmayıb. Elə Putin də Bakıya yalnız prezident seçkiləri ərəfəsində getmişdi. Heç kim gəlmir, heç kim maraqlanmır.

Ermənilərə gəlincə isə onlar boş-boşuna əlləşəcəklər. Yer üzündə ikinci erməni dövləti heç vaxt olmayacaq. Buna heç kim icazə verməz. Rusiyada 1 milyona yaxın azərbaycanlı yaşayır və bizim rus xalqı ilə çox səmimi münasibətlərimiz var. Biz burada bostan gözətçisi deyilik, əlimizi yanımıza salıb boş oturmamışıq. Doğrudanmı sizə elə gəlir ki, biz öz millətimizi, vətənimizi, Qarabağı sevmirik və tarixi torpaqlarımızı sakitcə güzəştə gedəcəyik? Belə bir şey olmayacaq! Aramızda hətta hansısa anlaşılmazlıq olsa belə bizim milli özünüdərk hissimiz Azərbaycana düşmən qüvvələr qarşısında geri çəkilməyimizə imkan verməz. Bu, azərbaycanlılardan ötrü həyat amalı, həyat meyarıdır. Rusiya da heç vaxt nə Qarabağa, nə də Azərbaycana soxulmayacaq. Rusiya Azərbaycana öz strateji tərəfdaşı kimi baxır. Belə fikirləri Rusiya ilə Azərbaycan, iki ölkənin prezidentləri arasındakı münasibətlərin çox yüksək səviyyəsinə paxıllıq edən qüvvələr yayır. Bu iki ölkə özlərini dalana niyə salsınlar ki? Dost olmaq və biri-birinə hörmətlə yanaşmaq lazımdır.

-Sizin sözlərinizdən belə çıxır ki,-mən məhz bu qənaətə gəlirəm,- Rusiya-Azərbaycan münasibətlərində problem də olmasa hər halda hansısa anlaşılmazlıqlar var. Deyirsiniz ki, rəsmi səfərlər yoxdur, məmurlar Moskvaya getmir. Sizi dinləyərkən məndə elə təəssürat yaranır ki, günah Azərbaycan tərəfdədir. Səhv etmirəm ki?

-Mən bu gün Azərbaycan diasporu daxilində yaranmış vəziyyəti təhlil etmək istəmirəm. Sizi mütləq Moskvaya dəvət edəcəyəm ki, daha əsaslı, daha dərindən söhbət edək. Amma indilik bizim diaspor icmasında yaranmış problemli vəziyyəti böyük təəssüf hissi ilə vurğulamaq istəyirəm. Bu, düzgün deyil. Abbas Abbasov xoşunuza gəlmirsə, başqa namizəd təklif edin. Hərçənd ki, məni bu vəzifəyə İlham Əliyev şəxsən özü məsləhət bilib. Amma bu gün qardaşım İlham Əliyevə mənim haqqımda hər cür pis sözlər çatdırırlar. Vaxt gələcək, prezident də biləcək ki, bunların heç biri həqiqət deyil. Onlar mənim İlham Əliyevlə yaxınlaşmağımdan təşvişə düşdülər. Vahid Ələkbərovla mən iki dəfə Bakıya, prezident İlham Əliyevlə görüşməyə gəldik. Və onlar öz strateji mövqelərini itirməkdən qorxdular. Onların çirkin niyyətləri var. Mən prezidentə açıq dedim ki, bir vaxtlar Heydər Əliyev tərəfindən yaradılmış Ümumrusiya Azərbaycanlıları Konqresi artıq öz dövrünü başa vurub və yeni zamanın tələb və reallıqlarına cavab vermir. Orada heç bir iş aparılmır. Bu təşkilat yalnız hansısa məişət məsələlərinin həlli ilə məşğul olur. Təklif etdim ki, bu təşkilata mən rəhbərlik edib onu dirçəltmək üçün əlindən gələni edim. Axı mən Heydər Əliyevin məsləkdaşıyam. O, mənim üçün kumir idi və kumir olaraq da qalır. Amma mənə etibar eləmədilər. Nə edə bilərdim? Bundan sonra özümü necə aparmalı idim? Siz məndən nəyə görə düşmən obrazı yaradırsınız? Müstəqil Azərbaycan dövlətinin yaranıb formalaşmasının ən ağır illərində mən öz xalqıma və Heydər Əliyevə xidmət etmişəm. Özü də bunu özümə borc bilmişəm. Ən məsul və ağır vəzifələri yerinə yetirmişəm. İndi bunların hamısının üstündən necə xətt çəkmək olar? Bunları necə unutmaq olar?

Azərbaycanda 3-4 adam mənim düşmən obrazımı yaratmağa çalışır. Mənsə öz xalqıma, dövlətimə və İlham Əliyevə heç vaxt düşmən olmayacağam. Bunu heç kim görməyəcək. Amma bu adamlar hələ də ayağımın altını qazmaqda davam edirlər...

Məni düzgün başa düşün. Oğlum deputatdır, iki çağırışdır Milli Məclisin üzvü seçilir. Mənim ailəm, uşaqlarım və nəvələrim, qohumlarım, köklərim, valideynlərimin məzarı Azərbaycandadır. Belə şeylər məni ağrıdır. Mən uşaq deyiləm, 65 yaşım var. Eynulla, niyə belə eləyirsən? Məni siz yetişdirib formalaşdırmısınız? Məni Azərbaycan xalqı yetişdirib formalaşdırıb. Özü də ona görə yox ki, siz məndən düşmən yaradasınız. Ondansa mənim potensial və imkanlarımdan Azərbaycan xalqının rifahı üçün istifadə edin. Məndən satqın obrazı yaratmağa da son qoyun...

Azərbaycan diasporunun dərin böhran içində olması heç kimə sirr deyil. Məsələn, mən belə hesab edirəm ki, İlham Əliyev kaş Vahid Ələkbərovu Bakıya dəvət edəydi, o da Azərbaycanın inkişafına öz töhfəsini verəydi. Burada belə güclü şəxsiyyətlər, təcrübəli və hörmətli insanlar bilirsiniz nə qədərdir. Onlar Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi işinə xidmət edə bilərlər.

Bunu sizə açıq deyirəm. İndi mən hər hansı artıq söz deməyə çəkinirəm. Çünki ailəmə, uşaqlarıma, yaxınlarıma təzyiqlər başlayacaq. Mənim sözlərimi niyə kontekstdən çıxarıb cəmiyyətə təhrif olunmuş formada təqdim edirlər? Mənə inanın, cəmiyyət Abbas Abbasov barədəki yalanları qəbul etmir. Qəbul etmir! Axı mən hansısa kəşfiyyatçı deyiləm. Mən bura öz millətimi ləyaqətlə təmsil etmək üçün gəlmişəm. Burada alimlərlə, ziyalılarla görüşürəm. Onlar mənə suallar verirlər, soruşurlar ki, Bakıda sənə qarşı niyə belə kampaniya aparırlar.

Bu, nə yalandır danışırlar ki, guya mən Bakıda dövlət çevrilişi eləmək, Rüstəm İbrahimbəyovu hakimiyyətə gətirmək, özüm isə kölgədə gizlənib dövləti altdan-altdan idarə etmək istəyirəm? Bunlar o qədər sərsəm, o qədər absurd fikirlərdir ki, hətta adamın ağlına da batmır.

-Bir tərəfdən deyirsiniz ki, İlham Əliyevin dostu və qardaşısınız, Heydər Əliyevin tərəfdarı və məsləkdaşı olmusunuz. Digər tərəfdən isə İlham Əliyevi və indiki hakimiyyəti devirmək niyyətini gizlətməyən Rüstəm İbrahimbəyovla eyni təşkilata daxil olursunuz. Əgər siz doğrudan da İlham Əliyevin yaxın dostusunuzsa, onda Rüstəm İbrahimbəyovun bu hərəkətlərini niyə açıq şəkildə qınayıb tənqid etmədiniz? Onu prezident seçkiləri ərəfəsində bu siyasi avantürasını dayandırmağa niyə çağırmadınız?

-Hər kəs prosesləri bir cür görür. Rüstəm İbrahimbəyov 76 yaşın içindədir. Ona yol göstərməyə haqqım yoxdur. Mən İbrahimbəyovu başqa cür düşünməyə necə məcbur edə bilərəm? Azərbaycanda, sizin əhatənizdə də İlham Əliyevi tənqid edən adamlar var. Bəs siz onlarla niyə döyüşmürsünüz? Onların çıxışlarının, tənqidlərinin qarşısını niyə almırsınız?

Necə bəyəm, Rüstəm İbrahimbəyov məgər Azərbaycan xalqının düşmənidir? Siz Moskvaya gələndə mən bu tarixçəni sizə ayrıca danışaram. Bakıya necə gəldim, orada müəyyən adamlarla necə görüşdüm, onlardan bu məsələni yoluna qoymaq xahişini prezidentə çatdırmaqlarını necə rica etdim - bütün bunları danışacağam. Rüstəm İbrahimbəyov İlham Əliyevə yox, ona qarşı mübarizə aparmağa başlayan quruma qarşı qəzəblidir. Axı İbrahimbəyovu elə onlar özləri tərifləyirdilər, deyirdilər ki, o, istedadlı yazıçıdır, görkəmli adamdır. Onu niyə aşağıladılar? İnsanları aşağılayıb təhqir eləmək nəyə lazımdır? Bu insanın dünya dolusu şöhrətindən istifadə eləmək daha yaxşı olardı, yoxsa hər şeyi kanalizasiyaya buraxmaq yaxşıdır? Mən ikiüzlü adam deyiləm. İbrahimbəyovun bəzi fikirləri və mövqeyi ilə razı deyiləm. Amma istənilən nəticənin səbəbi var. Bu hadisələr niyə və necə baş verdi? Sizə söz verirəm, bu tarixçənin bütün təfərrüatlarını, oradakı şəxsləri adbaad danışacağam. Bütün bunlar bir parça torpaq üstdə oldu!

-Bu, axı hamıya məlumdur. Rüstəm İbrahimbəyovu bu hakimiyyətlə mübarizəyə qaldıran əsas səbəb haqda elə mən özüm də dəfələrlə yazmışam. Tamamilə doğrudur, o, öz ideal və dəyərlərindən ötrü yox, bir parça torpağa görə müxalifətə keçdi...

-Bəli, mən prezidentə yaxın yoldaşların birinə dəfələrlə dedim ki, həmin torpağı verin, qoy nə tikirlər tiksinlər. Dedim bu da prezidentin himayəsi və dövlətin qayğısı sayılar və İbrahimbəyov da prezidentə minnətdar olar. Bəs bu adamlar neylədilər? Onlar isə İbrahimbəyovu hakimiyyətə qarşı qoymaq üçün əllərindən gələni elədilər, vəziyyəti gərginləşdirdilər, ehtirasları coşdurdular. İbrahimbəyovla dəfələrlə danışmışam. Məni düz başa düşün, mən Heydər Əliyev kursunun və bu kursun davamçısı İlham Əliyevin xəttinin tərəfdarı olaraq qalıram. Bəs onda mənə qarşı olan bu çirkin əməllər haqda niyə danışmırsınız? Mənə çirkab atmağa niyə şərait yaradır, imkan verirsiniz? Eynulla, bu sualı sənə verirəm! Niyə? Çünki mənim haqqımda sən özün yazmısan. Məni sən özün tərifləmisən.

-Siz yəqin ki, mənim 2004-cü ildə “Monitor” jurnalında dərc olunmuş yaddaqalan “Möhkəm qoz” adlı yazımı nəzərdə tutursunuz. Həmin məqalədə mən sizin istefanızı öncədən proqnozlaşdırmış və yazmışdım ki, siz çox xarizmatik, güclü və istedadlı siyasətçisiniz. Mən bunu həmişə təkrar-təkrar demişəm və həmin fikirlərimdə də qalıram...

-Bəli, bəli, həmin yazını nəzərdə tuturam. Mən bəyəm Ayaz Mütəllibovu satmışam? O məsələyə niyə toxunursan? Elçibəyin məzarını niyə yada salırsan? Mənə izah edin görüm sizin başqa probleminiz yoxdurmu? Bu sabiq prezidentlər bizim tarixin bir parçasıdır. Onlar öz tarixi missiyalarını yerinə yetiriblər. Siz bunu heç bilirsinizmi ki, mən Heydər Əliyev barədəki istənilən ehtiyatsız sözü, fikri necə süngü ilə qarşılayıram?! Məsələ qalmaqala qədər şişir. Ona görə deyirəm ki, keçmişi qurdalamaq lazım deyil.

Moskvada yeni Bakının gözəlliyindən danışanda mən bununla fəxr edirəm, ölkəmlə qürur duyuram. Bu, bizim müstəqil dövləti yarana və möhkəmləndirən şəxslərin xidmətləridir. Biri çıxıb Mütəllibovu, başqası Elçibəyi tənqid edir. Axı bu adamlar öz tarixi missiyasını başa vurub. Missiyalarını pis yerinə yetiriblər, yoxsa yaxşı yetiriblər - bu, artıq başqa məsələdir. Ola bilər şərait onlara imkan verməyib, ola bilər gücləri çatmayıb. Unutmaq olmaz ki, onların dövründə tarixi şərait, zəmanə başqa idi. Ola bilər ki, həm Mütəllibovun, həm də Elçibəyin dövlətin maraqlarını və öz siyasi mənafelərini qorumağa gücləri çatmayıb. Hərçənd ki, onların öz maraqları haradasa yox kimi idi.

Mən Mütəllibovla da işləmişəm, Elçibəylə də, Heydər Əliyevlə də işləmişəm, İlham Əliyevlə də. Öz postumdan da könüllü getmişəm, öz arzumla getmişəm. Çünki anladım ki, 15 il su da bir yerdə qalsa iylənər. Anladım ki, getmək lazımdır, gənclər gəlməlidir. 80-ə yaxın yaşı olan adamlar öz kabinetlərində otururlar. Nə vaxta qədər oturacaqlar? İmkan verin qoy yeni nəsil, gənclər gəlsin. Mən bu cür adamların məntiqini başa düşə bilmirəm. İndi çox sevinirəm ki, Azərbaycanda indi gənc nəslin nümayəndələri də hakimiyyətdə yüksək postlar alır, nazir vəzifələrini tuturlar. Gənclərin irəli çəkilməsi yeni enerji, təzə ideyalar, ölkənin konseptual problemlərinin həllinə yeni yanaşmalar deməkdir. Mən prezident İlham Əliyevin bu təşəbbüsünü ürəkdən alqışlayıram.

III HİSSƏ

-Sizin istefa verəndən sonra qəbul etdiyiniz bir qərar Azərbaycanda çoxunda hələ də suallar və anlaşılmaz hisslər doğurur. Sizi istefaya fəxri şəkildə, təntənə ilə göndərdilər. Prezident özü sizi şəxsən qəbul etdi, yüksək mükafat verdi. Amma siz Azərbaycanda qalmayıb Moskvaya köçdünüz. Niyə Bakıda qalmadınız? Bəlkə kimsə sizin Azərbaycanda qalmağınızı istəmədi, buna maneçilik törətdi?!

- Azərbaycan hökuməti rəhbərliyindəki fəaliyyət göstərdiyim illər ərzində mənim Rusiya rəhbərliyi və rusiyalı dövlət xadimləri ilə çox yaxşı münasibətlərim yaranmışdı. Onlarla işləməli və əməkdaşlıq etməli oldum. Mən Azərbaycan-Rusiya Dövlətlərarası Komissiyanın həmsədri idim. Burada mənim nəhəng imkanlarım var. Rusiyada yaşayan və Azərbaycan üçün faydalı olan bir adam kimi məndən, imkanlarımdan istifadə etmək daha doğru və daha yaxşı olmazdımı? Axı mən rusiyalı dövlət xadimlərini çox yaxşı tanıyıram, onların kabinetlərinə girib-çıxa bilirəm, onlarla yaxından dostluq edirəm. Məndən düşmən yaratmaq yox, bu şanslardan istifadə etmək, mənim bu əlaqə və imkanlarımdan Azərbaycanın rifahı və mənafeyi naminə faydalanmaq daha yaxşı olardı.

Mən Rusiyada bizneslə, qurub-yaratmaqla məşğul olmağa başladım. Axı ailəmi də dolandırmalı idim. Mənim böyük ailəm, 7 nəvəm var. Ailə üzvlərim 17 nəfərdir. Əgər Rusiyada pul qazanmaq imkanım vardısa, bundan niyə istifadə etməməli idim?! Mən Türkiyəyə də köçə bilərdim. Yeri gəlmişkən, mən Türkiyədə də biznes qurmuşam. Biznesimlə bağlı Türkiyədə tez-tez oluram. Əgər istəyirlərsə, xırda ambisiyalara əsir olub qoy mənim Türkiyədəki biznesimi də bağlasınlar. Bundan qorxmuram, çünki sağlam və enerjiliyəm, ailəmi istənilən şəraitdə dolandıra bilərəm. Mənə əngəl yaratmaq nə üçün? Heydər Əliyev 80-ci illərdə Moskvaya gələndə o, məgər bizim ümummilli qürur ünvanımız deyildimi? Mən Özbəkistanda işləyəndə Heydər Əliyev Siyasi Büronun üzvü seçilərək Moskvaya getdi. Mən onun şəklini başımın üstündən asmışdım. Fəxr eləyirdim ki, Azərbaycanın hamı tərəfindən sevilən belə məşhur və güclü siyasi xadimi var. Amma Moskvaya Heydər Əliyevlə bağlı kisə-kisə anonim məktublar göndərirdilər. Bəs bu məktublar haradan göndərilirdi? Təəssüflər olsun ki, Azərbaycandan!

Görün Moskvada nə qədər məşhur və görkəmli azərbaycanlılar yaşayıb-yaradıblar. Fərman Salmanov, Kərim Kərimov, Müslüm Maqomayev və digərləri neçə illər Rusiyada yaşayıb və fəaliyyət göstəriblər. Onlar bəyəm Azərbaycan xalqının düşməni idi? Mənim Rusiyaya köməyimdə nə var ki?! Burada pis və utanılası nə var ki?! Mən Rusiyanı yaxşı tanıyıram, hörmət edirəm, qəlbən sevirəm. Bu ölkəyə möhkəm bağlıyam. Rusiya məndən ötrü ikinci vətəndir.

İlham Əliyevlə vidalaşanda ona dedim ki, mən prezidentin və Azərbaycanın əsgəriyəm, əgər lazım gəlsə, mən lazım olsam, istənilən an Azərbaycana qayıtmağa və yenidən İlham Əliyevin əsgəri olmağa hazıram.

Siz Azərbaycandakı mövcud reallıqları məgər bilmirsiniz? Mən bu gün Azərbaycanda nə edə bilərdim? Bu yüksək vəzifədən sonra harada işləyə və ailəmi saxlaya bilərdim?

- Belə çıxır ki, Azərbaycana yalnız İlham Əliyev sizi bura dəvət edəndən sonra qayıdarsınız...

- Əlbəttə. Bu, həmin o prezidentdir ki, mən son prezident seçkilərində də ona səs vermişəm. Əgər o desə, qayıdaram.

- Mətbuatda müntəzəm olaraq belə yazırlar ki, sizi Bakıya buraxmırlar. Deyilənə görə, qeyri-rəsmi göstəriş var ki, sizə Azərbaycana gəlmək qadağan olunub. Bu informasiyalar nə dərəcədə həqiqətə uyğundur?

- Bu, mənim Bakıya qayıtmağımı arzu etməyən müəyyən adamlar tərəfindən ortaya atılmış axmaq fikirlərdir. Çünki bu adamlar qorxurlar ki, mən qayıdıb yenidən İlham Əliyevlə bir sırada ola bilərəm. Mən isə prezidentin yanından heç yana getməmişəm. Yaxşı günlərdə də prezidentin yanında olmuşam, Allah eləməsin, nəsə bədbəxtlik olsa, yenə də onunla bir sırada olacağam.

Mənə və ailəmə qarşı mübarizə aparan adamların qiymətini isə tarix özü verəcək. Bilirsiniz ki, kimlərdən bəhs edirəm. Onlar canavar cildinə girmiş çaqqallardır. Ancaq onlar heç vaxt canavar ola bilməzlər. Siz gərək mənim İlham Əliyevlə bir sırada olmağımı istəməyən bu çaqqallardan yazasınız. Axı onların da ailələri var, uşaqları böyüyür. Bütün bunlardan sonra onlar necə yaşayırlar? Mən öz xalqımı, prezidentimi və vətənimi sevirəm.

- Abbas Aydınoviç, prezident seçkilərinə bir il qalmış siz və digər rusiyalı azərbaycanlılar “Milyarderlər ittifaqı” adını alan Rusiya Azərbaycan Təşkilatları İttifaqını (RATİ) yaratdınız. Bu təşkilatın meydana çıxması həm hakimiyyətdə hansısa gərginlik yaratdı, həm də sizin hakimiyyətlə münasibətlərinizi gərginləşdirdi. Sizin Bakıya gözlənilməz gəlişiniz, prezidentlə olduqca əsəbi vəziyyətdə görüşünüz çoxlu suallar yaratdı. Nə baş verirdi? Niyə bu təşkilatın yaranması rəsmi Bakının bu qədər narazılığına və böyük rezonansa səbəb oldu? Deyirsiniz ki, prezidentə yaxın adamlarla saatlarla söhbətiniz olub. Doğrudanmı bu məsələyə yağlı nöqtə qoymaq olmazdı?

- Bizi ayırdılar və bu qalmaqalı qaldırdılar. Sənə söz verirəm ki, Moskvaya gələndə bu situasiyanın yaranmasına görə günahkar olan adamların adlarını bir-bir deyəcəyəm. Bu strukturu faktiki olaraq İlham Əliyevə yaxın, qohum olan, ona böyük hörmətlə yanaşan nüfuzlu adamlar yaratdılar. Məqsəd diaspor fəaliyyətinin gücləndirilməsi və bizim Moskvadakı diaspor təşkilatlarımızın çoxunda hökm sürən amorf vəziyyətin aradan qaldırılması idi. Axı Rusiya azərbaycanlıları effektiv müdafiəyə və lobbiçiliyə ehtiyac duyurdular. Azərbaycanlıların cəlb olunduğu səs-küyü qətlləri və iğtişaşları yada salın.

Mən sənədlər paketi ilə Ramiz Ənvəroviç Mehdiyevin qəbuluna getdim. Bizim qarşlıqlı hörmətə əsaslanan münasibətlərimiz var. Yadımdadır ki, o, hələ 2004-cü ildə mənim Rusiyadakı azərbaycanlıları birləşdirə biləcək ən yaxşı namizəd olduğumu yazmışdı. Axı biz hansısa separatizmə və ekstremizmə can atmırdıq. Söhbət diaspor təşkilatlarının yenidən qurulmasından və Rusiya ilə Azərbaycan rəhbərliyi arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün güclü platformanın yaradılmasından gedirdi. Lakin başa düşəndə ki ideya Bakıda bəyənilmədi, sənədləri rəfə qoydum və söhbət bitdi.

Bəs bundan sonra nə baş verdi? Hər cür yollarla məni və ailəmi ölümlə hədələməyə başladılar. Mesajlar göndərməyə başladılar ki, məni, oğullarımı, qohumlarımı, bütün ailəmi öldürəcəklər. Mənimlə quldur dilində danışmağa başladılar. Bundan sonra mən Azərbaycana getdim və bu haqda İlham Əliyevin ətrafında olan adamlara danışdım. Mən onlara birbaşa dedim: “Bu nə özbaşınalıqdır?” Prezidentlə görüşmək və təhdidlər barədə ona danışmaq istəyirdim. Lakin prezident məşğul idi.

Və sonra prezident məni qəbul etdi. Vahid Yusifoviç Ələkbərov çox sağ olsun. O, prezidentin də dostudur, mənim də dostumdur, məni prezidentin qəbuluna apardı və İlham Əliyev özü mənim “AzerRos” Ağsaqqallar Şurası sədrliyinə namizədliyimi irəli sürdü. Mənim bundan sonrakı fəaliyyətimdə prezidentin kursuna və siyasətinə zidd olan nə vardı? Pis nə demişdim? Mən bütün Rusiya azərbaycanlılarının inteqrasiyasına və konsolidasiyasına çağırdım. Bizim iclaslarımızın bütün materiallarını və stenoqramlarını verə bilərəm.

Bundan sonra yeni gözdənsalma kampaniyası başladı. Və mən yenidən etiraz etdim, açıq soruşdum ki, sizin Rusiyadan başqa probleminiz yoxdurmu. Mənim həmin iki bəyanımı tapın və analiz edin. Birincisİ RATİ yaranandan sonra verilib və orada bütün rusiyalı azərbaycanlıları birləşməyə çağırmışam. Sualıma cavab verin görüm bu deyilənlərdə Azərbaycanın maraqlarına və İlham Əliyevin kursuna zidd olan nə vardı? Ancaq buna baxmayaraq mənə qarşı çirkin kampaniya bərpa edildi, az sonra bu kampaniya Rusiyanın gözdən salınmasına yönəldi.

Mənə cavab verin görüm, indiyə qədər Vladimir Putinin və Dmitri Medvedyevin, Rusiya dövlətinin iki rəhbərinin dilindən Azərbaycana və ya bizim prezidentimizə qarşı neqativ nəsə eşitmişinizmi? Xəstə Jirinovskiyə gəldikdə isə belə adamlarla biz özümüz məsələni ayırd edərik, inanın mənə.

Mən daha nə etməli idim? Bəlkə siz məsləhət görəsiniz ki, onların xoşuna gəlmək üçün özümü necə aparmalıyam?

- Yeri gəlmişkən, seçkilər ərəfəsində həbs olunan Prezidentin İşlər İdarəsinin keçmiş rəisi Akif Muradverdiyev ictimaiyyətə müraciətində sizin onunla görüşünüz haqda bəhs etmişdi. Onun etirafında ən maraqlı məqam istefadan sonra sizin də gözdən düşməyinizə eyham vurulması idi. Muradverdiyev yazırdı ki, sizinlə təsadüfən görüşüb və siz ona demişiniz ki, “Akif, sənin həbsin barədə bilirəm (söhbət 2005-ci ildəki birinci həbsdən gedir-red.) və sənə qarşı ədalətsizliklərdən xəbərim var. Ancaq mənə qarşı da belə edirlər”. Deməli, siz istefaya gedəndən sonra Bakının gözündən düşdünüz?

- Onda mən Vladimir vilayətinin qubernatoru Orlova Svetlana Yuryevna ilə görüşə gedirdim. Tək deyildim, Ramazan Abdulatipovla birlikdə idim. Biz onu təbrik etmək istəyirdik, həm də bizim orada birgə layihəmiz var idi. Və dostum Telman İsmayılova məxsus olan “Praqa” restoranı ilə eyni binada yerləşən ofisimdən çıxanda birbaşa giriş qapısının ağzında Akif Muradverdiyevi gördüm. Onunla görüşdük, salamlaşdıq. Onu çox yaxşı tanıyıram. Akif Muradverdiyev Heydər Əliyevə, İlham Əliyevə və Ailəyə sadiq olan təmiz adamlardan biridir. O mənə dedi: “Abbas Aydınoviç, səninlə söhbətim var”. Ona dedim ki, ezamiyyətə tələsirəm, ancaq səni dinləməyə hazıram.

Akif Muradverdiyev ağır güzəranından şikayətlənməyə başladı. Dedi ki, uşaqları işləmir, özü həbs olunub və prezidentin humanistliyi sayəsində vaxtından əvvəl azadlığa çıxıb. Məndən xahiş etdi ki, oğlunu Moskvada işə düzəldim. Sözlərindən belə başa düşdüm ki, məndən əvvəl Telman İsmayılovun evində olub və ona da eyni xahişlə müraciət edib. Ona dedim ki, oğlunu işə düzəltməyə çalışaram. Sonra o, mənə dedi ki, bir neçə ili həbsxanada necə keçirib və prezidentin sayəsində azadlığa çıxıb. Bununla bağlı ona dedim: “Sən görmürsən ki, mənə qarşı nə edirlər? Məndən İlham Əliyevə necə düşmən düzəldirlər? Sən bu adamlardan nə gözləyirsən?”

Sonra eşitdim ki, onu yenidən həbs ediblər. Axı niyə? O, ədalətli və təmiz adamdır. Ağır xəstədir. Allah eləsin onu tezliklə azadlığa buraxsınlar. Ancaq onlar heç bir xüsusi münasibətlərimiz olmayıb. Adamdır, xahiş edib. Nə etməli idim, dönüb getməli idim?

Yaxud Nicat Quliyevin (ötən il həbs olunmuş sabiq xarici iqtisadi əlaqələr naziri-red.) həbsini götürək. Guya onun bağ evindən mənim üstündə “Abbasik” yazılmış şəklim çıxıb. Qulaq asın, mən bu Nicat Quliyevi 15 ildir görmürəm. Bunu onun ətrafında olan adamlardan, qohumlarından, nəhayət, özündən soruşa bilərsiniz.

IV HİSSƏ

-Amma öz kəskin müxalifətçi və üstəlik təxribatçı çıxışları ilə hakimiyyəti qıcıqlandıran Söyün Sadıqov sizinlə bir sırada idi axı. Onun seçkilər ərəfəsində prezidentə qarşı yönəlmiş çirkin bəyanatlarını yada salın!

-Söyün Sadıqov Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətini yaradıb. Bundan başqa, Heydər Əliyev Ümumrusiya Azərbaycanlıları Konqresini (ÜAK) yaradanda o, Rüstəm İbrahimbəyovdan və Söyün Sadıqovdan yeni strukturun formalaşmasında iştirak etməyi xahiş etmişdi. Söyün Sadıqovun təşkilatı - “AzerRos” ÜAK-nın təsisçilərindən biri idi.

Mən Söyün Sadıqovla cəmi 4 ildir tanışam. O vaxta qədər biz yaxın ünsiyyətdə olmamışdıq. Son görüşümüzdə prezidentə dedim ki, Söyün Sadıqov tamamilə normal adamdır, onunla işləmək olar və mümkündür. Mən onun diaspor cəmiyyətindəki imkanlarından istifadə etdim. Söyün Sadıqov axmaq deyil və iş qabiliyyəti olan adamdır. O, prezident Vladimir Putinin səlahiyyətli nümayəndəsidir və Rusiya Federasiyasının milli siyasət strukturlarında azərbaycanlıları təmsil edir. Ancaq o getdi, görünür, bu strukturda başqa adam olacaq.

-Bəlkə Söyün Sadıqovun yerini siz tutacaqsınız?

-Mən Rusiya vətəndaşı deyiləm. Və bu, mənə lazım də deyil ki, onun yerini tutum. Sizə səmimi etiraf edirəm. Başa düşürsünüz, Söyün Sadıqovu bu vəziyyətə gətirdilər. Ondan düşmən düzəltməyə başladılar. Azərbaycanda bir şəxs bildirdi ki, Sadıqovun başından yaxşı xaş çıxar. Axı bu, nə ifadədir, bu nə münasibətdir? Müxtəlif əhvalatlar uydurmağa başladılar, guya o nə vaxtsa Heydər Əliyevə qarşı çıxıb. Mənim onunla bu barədə çox ətraflı söhbətim oldu. Söyün Sadıqov səmimi şəkildə mənə dedi ki, Abbas Aydınoviç, Heydər Əliyev həmişə mənim üçün ümummilli lider olub və belə də qalır.

Moskvada Heydər Əliyevə heykəl qoydular. Və Söyün Sadıqov təşkilatçılara etiraz etdi. Dedi siz niyə bunu müvafiq hazırlıq aparmadan edirsiniz, bəyəm Heydər Əliyev belə münasibətə layiqdirmi. Heydər Əliyevin Moskvada heykəlinin qoyulması təşəbbüsü erməni diasporunun, bir çox antiazərbaycan, antiəliyev qüvvələrinin sərt müqaviməti ilə qarşılaşdı. Sonra bunu mətbuatda belə təqdim etdilər ki, guya Söyün Sadıqov Heydər Əliyevin heykəlinin qoyulmasına etiraz edib. Ona zəng edin və özündən soruşun. Bu əhvalatın bütün detallarını sizə danışacaq.

Başa düşün, əgər mən hiss etsəm ki kimsə Heydər Əliyevə qarşıdır, o adam heç vaxt mənimlə bir sırada dayana bilməz, üstəlik onu ciddi problemləri meydana çıxar. İlham Əliyevin mənə münasibəti yaxşıdır, yaxud pisdir, bu, məni maraqlandırmır. Ancaq Heydər Əliyev mənim kumirimdir. Heydər Əliyev təkcə Əliyevlər ailəsinə aid deyil, o, bütün Azərbaycan xalqının nailiyyətidir. Mən Heydər Əliyevi onun yaxınlarından, qohumlarından və əzizlərindən az tanıyıb qiymətləndirmirdim.

-Vladimir Putinlə sonuncu dəfə nə vaxt görüşmüşünüz?

-Mən Vladimir Vladimiroviçlə 2012-ci il, fevralın 7-də görüşmüşəm. O, özü məni dəvət etdi və birbaşa sual verdi: azərbaycanlılar Rusiyadakı prezident seçkilərinə niyə öz münasibətini bildirmir? Putinlə görüşməzdən əvvəl Ramiz Ənvəroviç Mehdiyevə zəng etdim və ona xəbər verdim ki, Rusiya prezidenti məni görüşə dəvət edib. Və sözün hərfi mənasında bunları dedim: “Ramiz Ənvəroviç, mən sizə ona görə zəng etmişəm ki, xeyir-dua alım və Azərbaycan prezidentinin istəklərini eşidim”.

Mən bunu niyə elədim? Çünki hiss etdim ki, kimsə bunu prezidentə başqa cür təqdim edə bilər.

Ramiz Ənvəroviç mənə dedi ki, heç bir istək yoxdur. Sonra yenə zəng elədim və yenidən soruşdum, yenə eyni cavabı aldım. Və mən görüşə yollandım. Biz Putinlə Rusiyadakı qarşıdakı seçkiləri, azərbaycanlıların seçkiqabağı vəziyyətə münasibətini və ümumən seçkiqabağı vəziyyəti müzakirə etdik. Yeri gəlmişkən, Putin bir neçə dəqiqə Heydər Əliyev haqda danışdı. O, Heydər Əliyevin xatirəsinə böyük hörmətlə yanaşır, oğulun atanın xatirəsinə hörmətlə yanaşdığı kimi. Putin heç vaxt bunu gizlətmir və həmişə bu haqda açıq danışır. Mən öz növbəmdə ona dedim ki, azərbaycanlılar öz iradələrini ifadə etməkdə möhkəmdir və öz namizədlərini - Vladimir Putini dəstəkləyirlər.

Bu görüşdən sonra mən müvafiq tapşırıq verdim və 14 gün ərzində biz azərbaycanlıların Moskvadakı Lujniki stadionunda təntənəli seçkiqabağı mitinqini təşkil etdik. Mitinqdə 10 mindən çox həmvətənimiz iştirak etdi. Bu mitinqə səfir Polad Bülbüloğlunu da dəvət etdim, ancaq o, mitinqdə iştirakdan imtina etdi. Tədbirin başlamasına bir neçə saat qalmış mən Məmməd Əliyevə (ÜAK-ın rəhbəri) bir daha zəng etdim, ancaq o da mitinqdə iştirakdan imtina etdi. Çox istəyirdim ki, Polad Bülbüloğlu orada çıxış etsin, axı orada bizim on minlərlə həmvətənimiz Putini dəstəkləmək üçün toplaşmışdı. Ancaq heç kim gəlmədi. Bu situasiyada nə etməli idim? Ancaq konsert keçirməli idim?! Çıxışsız? 15 il Azərbaycanın baş nazirinin birinci müavini olmuşam. Bəyəm mənim haqqım yoxdur ki, Rusiyada yaşayan azərbaycanlıların adından çıxış edim? Mən çıxış etdim. Baxın mənim çıxışıma...

-Mən bu çıxışa baxmışam, YouTube-də var...

-Baxmısınız. Onda mənə deyin ki, orada pis nə demişəm? Mən Putinlə İlham Əliyevin qarşılıqlı münasibətlərindən danışmışam, Rusiya-Azərbaycan münasibətlərinin qurulmasından bəhs etmişəm. Və siz necə fikirləşirsiniz? Bu aksiyanı Bakıda süngü ilə qarşıladılar. Heç bir Azərbaycan KİV-ində bu mitinqin təşkilatçısı və keçirilməsinin məqsədi barədə informasiya getmədi. Yenidən mənə çirkab atmağa başladılar. Baxmayaraq ki, mən Rusiyadan, habelə Qərbi Avropada, Fransada yaşayan azərbaycanlılardan bu cür aksiyanı təşkil etdiyimə görə çoxlu dəstək zəngləri aldım. Rusiya telekanalları bir həftə ərzində bu aksiyanı göstərdilər, mənim Rusiya prezidentinə dəstək nitqimi verdilər.

-Yəni siz hesab edirsiniz ki, Vladimir Putinlə görüşdən və bu aksiyanın keçirilməsindən sonra Bakıda bir çoxları sizə şübhə və qısqanclıqla yanaşmağa başladılar? Öz qənaətimdə yanılmıram ki?

-Bunu bilmirəm. Bununla belə prezident İlham Əliyevin tərəfindən özümə qarşı heç bir neqativ münasibət hiss etmədim. Ancaq müəyyən qüvvələr var ki, məni düşmən kimi təqdim etməyə çalışırlar. Nə etməliyəm, baş əyməliyəm?

Min dəfə təkrar etmişəm ki, siyasi ambisiyaların yoxdur, seçkilərdə və ya hakimiyyət uğrunda mübarizədə iştirak etmək istəmirəm. Yaxud ANS-də mənim erməni diasporu ilə görüşüm haqda xəbər vermişdilər. Dərhal Mirşahinə zəng etdim və dedim ki, bu informasiya tərtəmiz təxribatdır. Prezidentin sanksiyası olmadan mən bu cür görüşlərdə iştirak edə və üstəlik çıxış edə bilmərəm.

-Ancaq razılaşın ki, Rusiya hakimiyyəti, konkret olaraq Putin sizin personanıza çox isti yanaşır. Putin sizə çox isti təbrik teleqramları və məktublar göndərir. Rusiya siyasi rəhbərliyinin Abbas Abbasovun personasına bu cür isti münasibəti nədən qaynaqlanır?

-Axı siz ağıllı adamlarsınız... Rusiyada o qədər icma və diaspor təşkilatı var, doğrudanmı hesab edirsiniz ki, Vladimir Vladimiroviç bu cür təbrikləri ancaq mənə göndərir?! Rusiya prezidenti bütün federal muxtariyyətlərin, diaspor təşkilatlarının rəhbərlərinə hörmətlə yanaşır. Heç kimi diqqətdən kənarda qoymur. Bu ki protokoldur!

Mən sizə sual verirəm: niyə bizim hörmətli prezidentimiz İlham Əliyev də bizə, diaspor təşkilatlarının rəhbərlərinə təbrik teleqramları və məktubları göndərmir? Başqa ölkələrdəki diaspor rəhbərlərinə belə təbriklərin göndərildiyini deyə bilmərəm, ancaq Rusiyaya belə teleqramlar gəlmir. Qara piar və zərbədən başqa Azərbaycandan heç nə almıram.

Görünür, Azərbaycanda mənim xidmətlərim haqda tez unudublar. 1993-cü ildə “Qusar hadisələri”nin qızğın vaxtında Heydər Əliyev məni situasiyanı lokallaşdırmaq üçün Qusara göndərdi. Və mən böyük və aqressiv separatçı kütləyə qarşı tək dayandım. Onlar mənə şüşələr atdılar, hücum etdilər. Ancaq qorxmadım, çünki Heydər Əliyevin simasında özümə güclü dayaq hiss edirdim. İndi nə qədər iddialı alınsa da o vaxt ölümdən qorxmurdum. Çünki öz vətənim uğrunda ölmək, ancaq onun bütövlüyünü xilas etmək mənim şüurlu seçimim idi.

İndi isə təsəvvür edin, Azərbaycanda bir çox quldurlar məni və ailəmi ölümlə hədələyir. Ancaq mən qorxmuram, çünki çoxlu yetirmələrim, nəvələrim və oğullarım mənimlədir. İlham Əliyevlə niyə görüşmək istəyirdim? İstəyirdim ona deyim ki, qardaş, əzizim, millətimin və dövlətimin lideri, məni bu quldurlardan qoru. Axı mən də onların səviyyəsinə düşə və onların ailə üzvlərini, uşaqlarını hədələyə bilmərəm! Və prezident məni qəbul etmədiyinə görə çox pərt oldum. Mən dərin inciklik hissi ilə qayıtdım. Çünki bu adamlara ümid edirdim.

-Abbas Aydınoviç, 2005-ci ildə istefaya getdiyiniz üçün təəssüflənmirsiniz ki? Bəlkə heç bu təhdidlər, problemlər də yaranmazdı?

-Mən içimdən gələn səsə qulaq asdım. Hisslərim mənə dedi ki, getmək və fəaliyyət sferasını dəyişmək lazımdır, bizneslə məşğul olmaq lazımdır. Bu gün ailəm və uşaqlarım üçün pul qazana bilirəm və heç nəyə ehtiyacım yoxdur. Üstəlik “AzerRos”u və digər strukturları maliyyələşdirirəm. Azərbaycanlıları dəstəkləyirəm. Hər gün ehtiyacı olan 10-15 azərbaycanlını qəbul edirəm.

Tələbələrə, imkansızlara, işsizlərə, bütün həmvətənlərimizə kömək edirəm. Elə bu gün hökumət nümayəndələri ilə bizim miqrantlarımızın problemi barədə məsləhətləşmələr apardım. Rusiyaya qazanc dalınca gələn minlərlə azərbaycanlıya kömək etməyə çalışıram ki, onları sıxışdırılmaqdan, ədalətsizlikdən və özbaşınalıqdan qoruyum. Və təkrar edirəm: heç kim məni sındıra bilməz. Qoy bunu birdəfəlik yadda saxlasınlar. Qoy hərdən Heydər Əliyevin çıxışından mənim haqqımda bəhs edən sətirləri oxusunlar. Axı orada mənim şəxsiyyətimə başqa qiymət var idi.

-Moskvadakı biznesiniz nə dərəcədə böyükdür? İqtisadiyyatın hansı sferasındadır?

-Ailəmi saxlamağa və heç bir problem hiss etməməyə bəs edir. Və azərbaycanlılara da kömək etmək imkanı var. Əlbəttə, mən bəzi azərbaycanlı oliqarxlar kimi “Forbes”in siyahısında yoxam, təyyarələrim, yaxtalarım, zavod və fabriklərim, villalarım yoxdur. Mənim Azərbaycanda da biznesim yoxdur.

Müsahibəni apardı Eynulla Fətullayev

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar