BANM-də "SOCAR Polymer” layihəsinin təqdimatı olub (FOTO)

Bakı Ali Neft Məktəbi (BANM) və “SOCAR Polymer” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Tədbirdə “SOCAR Polymer” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Fərid Cəfərov, Cəmiyyətin nümayəndələri, BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayıb. O, Cəmiyyətin gənc Azərbaycanlı mütəxəssisləri tərəfindən “SOCAR Polymer” adlı böyük və beynəlxalq miqyaslı tikinti layihəsinin həyata keçirilməsindən qürur duyduğunu deyib. Rektor Elmar Qasımov bu layihəni ölkəmizin gələcəyinin, iqtisadiyyatımızın, qeyri-neft sektorunun və sənayenin inkişafı kimi qiymətləndirib. O, həmçinin “SOCAR Polymer” zavodunun tikilməsi nəticəsində yeni mühəndis kadrlara tələbatın artacağını qeyd edərək bununla BANM tələbələri üçün daha geniş iş imkanlarının yaranacağını diqqətə çatdırıb. Sonda rektor BANM və Cəmiyyət arasında qurulan əməkdaşlığın “Kimya mühəndisliyi” ixtisası üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması və “ömürboyu təhsil” konsepsiyası çərçivəsində biliklərin yayılmasına böyük təkan verəcəyini bildirib.

“SOCAR Polymer” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru Fərid Cəfərov ingilisdilli yüksək ixtisaslı mütəxəssislər hazırlayan BANM kimi ali təhsil ocaqla əməkdaşlıq qurmaqdan şad olduğunu bildirib. O, BANM-də yetişdirilən gələcək mühəndis kadrların Azərbaycanın sənayesinin parlaq gələcəyinə zəmin yaratdığını deyib. F.Cəfərov, yaradılan əməkdaşlığın BANM-də “Kimya mühəndisliyi” ixtisası üzrə müasir tədris proqramı əsasında mühəndis kadrların hazırlanmasına, “Kimya mühəndisliyi” ixtisası üzrə tədris və tədqiqat mərkəzinin yaradılmasına və digər istiqamətlərdə birgə işlərin həyata keçirilməsinə imkanlar yaradacağını bildirib. Sonra F.Cəfərov “SOCAR Polymer” tikinti layihəsi haqqında geniş məlumat verib.

Cəmiyyətin müxtəlif sahələrində çalışan əməkdaşların layihə haqqında geniş təqdimatlarından sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

Sonda BANM və “SOCAR Polymer” MMC arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.

Razılaşmaya əsasən, tərəflər arasında Cəmiyyətin aparıcı mütəxəssislərinin BANM-də mütəxəssis hazırlığı proqramları çərçivəsində tədrisə müəllim kimi cəlb olunması, tələbələrin Cəmiyyətin tabeliyində olan obyektlərə səfərlərinin təşkili və strukturlarında istehsalat təcrübəsi keçməsi, kimya texnologiyalarının inkişafı məsələlərinə həsr olunmuş seminarların və konfransların birgə təşkili və digər məsələlər barədə razılıq əldə olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar