Hacıqabul sakinini borc üstündə bıçaqladılar - FOTO

Aprelin 30-da baş verən hadisəyə görə hələ də heç kim saxlanılmayıb.

Hacıqabul rayonunda 4 gündür bıçaqlanan şəxsin valideynləri hadisəni törədənlərin hələ də saxlanılmamasından şikayət edirlər. Bu barədə anspress-ə bıçaqlanan 1985-ci il təvəllüdlü Xalid Atamoğlanov Mirzəli oğlunun anası Qiymət Atamoğlanova Hüseyn qızı məlumat verdi.

Onun sözlərinə görə, rayonda bir nəfərin Xalidə 150 manat borcu olub və bıçaqlanma hadisəsi də məhz borc üstündə baş verib.

"Rayonumuzdan bir nəfərin oğluma borcu var idi. Oğlum bir neçə dəfə ona borcunu qaytarmasını, ona da pul lazım olduğunu demişdi. O isə bu yaxınlarda verəcəyini bildirmişdi. Aprelin 30-da zəng vurub Xalidi Hacıqabul marketi olan əraziyə çağırdı ki, pulu qaytaracaq. Oğlum da getdi. Orada onun üstünə 4 nəfər düşüb, iki nəfər isə onu bıçaqlayıb", - deyə ana iddia edir.

Qiymət Atamoğlanova oğlunun döş qəfəsindən və kürək nahiyəsindən bıçaqlandığını və bir barmağının kəsildiyini söylədi. O, övladının hazırda xəstəxanada olduğunu dedi.

Qiymət Hüseyn qızını indi narahat edən əsas məsələ oğlunu bıçaqlayanların azadlıqda olmalarıdır. O iddia edir ki, hadisə ilə bağlı görüntülər var, hadisəni törədənlər də bəllidir. Amma nədənsə polislər buna biganə yanaşırlar.

Hacıqabul rayon polis bölməsinin müstəntiqi Ramil Salahov aprelin 30-da baş verən bıçaqlanma hadisəsini təsdiqlədi. O, hazırda bununla bağlı istintaq işlərinin aparıldığını dedi.

"Hadisə borc üstündə olub. Bıçaqlayan şəxsin bıçaqlanan şəxsə borcu olub. Aralarında mübahisə düşən şəxslərdən biri digərini bıçaqlayıb. Biz məsələ ilə bağlı şübhəli bilinənləri polis bölməsinə çağırıb onlardan izahatlar almışıq. Hazırda da hadisə araşdırılır", - deyə müstəntiq qeyd etdi. Bununla bağlı son qərar istintaq yekunlaşdıqdan sonra veriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar