Gəncədə qumbara partladıldı: Ölənlərin adları məlum oldu - Rəsmi açıqlama (YENİLƏNİR)

Daxili İşlər Nazirliyinin (DİN) Gəncədə baş verən qumbara partlaması hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Məlumatda bildirilib ki, mayın 5-də saat 03:00 radələrində Gəncənin E.Allahverdiyev küçəsində yerləşən çayxanada şəhər sakinləri, əvvəllər məhkum olunmuş Məhərrəm Əhmədov, oğlanları Nəriman və Sərxan, qohumları Taleh Əhmədov, Ayxan Mirzəyev, Orxan Mirzəyevlə həmyerliləri Ramiz Quliyev və onun dostları - Yalçın Quliyev, Elşən Abdullayev və Sadiq Əhmədov arasında münaqişə baş verib.

Bu zaman M.Əhmədov özü ilə gətirdiyi “F-1” tipli əl qumbarasından istifadə edərək partlayış törədib, nəticədə özü və T.Əhmədov hadisə yerində ölüb, Nəriman Əhmədov, Sadiq Əhmədov və Orxan Mirzəyev müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Gəncə Şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğunun, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən qaçmış Yalçın Quliyev saxlanılıb, Ramiz Quliyevin tutulması istiqamətində tədbirlər görülür.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

* * *

Gəncədə baş verən hadisə ilə bağlı iki maddə ilə cinayət işi başlanıb.

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunur ki, faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, satma, başqasına vermə və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

* * *

Ötən gecə Gəncədə əl qumbarasının partladılması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Elbrus Allahverdiyev küçəsində (Abbas Səhhət yaşayış massivi) yerləşən çayxanada şəhər sakinləri, 1972-ci il təvəllüdlü Məhərrəm Əhmədovun əlindəki “F-1” tipli qəlpəli əl qumbarasının partlaması nəticəsində özü və qardaşı oğlu, 1985-ci il təvəllüdlü Taleh Əhmədov hadisə yerində ölüblər. M. Əhmədovun oğlu, 1998-ci il təvəllüdlü Nəriman Əhmədov, qardaşı oğlu, 1994-cü il təvəllüdlü Orxan Mirzəyev və 1975-ci il təvəllüdlü Sadiq Əhmədov müxtəlif qəlpə yaraları ilə Abbas Səhhət adına xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə, hadisə mübahisə zəmində baş verib. Qarşı tərəfdən mübahisədə iştirak edən bir neçə nəfər saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda başlanıb.

* * *

Ötən gecə Gəncədə iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən insident baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Abbas Səhhət adlanan yaşayış massivindəki çay evində mübahisə edə 4 nəfərdən biri əlində olan qumbaranı partladıb. Hadisə zamanı iki nəfər ölüb, iki nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar