“NATO RUSİYAYA GÜC VASİTƏSİLƏ CAVAB VERMƏLİDİR!” – Baş katibdən müharibə xəbərdarlığı

“Biz hər bir şeyə hazır olmalıyıq”

Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq Almaniyanın “Die Welt” nəşrinə müsahibəsində bildirib ki, NATO Rusiyanın hərəkətlərinə həm gücün köməyi ilə, eyni zamanda da inandırıcı önləyici faktorlarla reakisiya verməlidir. Stoltenberq deyib: ”Moskva Krımı qanunsuz ilhaq edib və Ukraynanın şərqindəki separatçıları dəstəkləməklə, beynəlxalq hüququ pozur. Elə məhz buna görə də biz alyansın şərq sərhədlərində genişlənmək və yerləşmək istəyirik”. (Deustche Welle)

Onun sözlərinə görə, indi Baltik ölkələrinin hər birinə və Polşaya, rotasiya rejimində olmaq şərti ilə, beynəlxalq tabor göndəriləcək.Yekun qərar isə, NATO ölkələrinin 2016-cı ilin iyulunda keçiriləcək Varşava sammitində veriləcək. Alyansın rəhbəri həmçinin onu da bildirib ki, həmin plan NATO-Rusiya aktının əsas müddəalarını pozmur, belə ki, bu plana əsasən böyük hərbi hissələrin yerləşdirilməsi nəzərdə tutulmur.

- RUSİYA NATO-ya HÜCUM ETMƏYƏCƏK

Stoltenberqin dəyərləndirməsinə görə, Rusiyanın yaxın gələcəkdə alyansa daxil olan hər hansı bir ölkəyə hücumu barəsində heç bir işarə yoxdur. Daha sonra o bildirib: “Lakin biz hər şeyə hazır olmalı və NATO-nun üzv dövlətlərinin həmrəyliyini təmin etməli və eyni zamanda da, siyasi cəhətdən önləyici tədbirlər həyata keçirməliyik. Bu tədbirlər müdafiə xarakterlidir və beynəlxalq hüquqa müvafiqdir”.

Şimali Atlantika alyansının baş katibi növbəti dəfə Rusiya ilə qarşıdurma tərəfdarı olmadığını qeyd edərək söyləyib ki, onlar soyuq müharibəyə can atmırlar və həyata keçirdikləri bütün tədbirlər Krımın ilhaqı və Ukraynanın şərqindəki vəziyyətin gərginləşməsinə reaksiyadır. Stoltenberq deyib: ”Məsələyə iki tərəfli yanaşma ondan irəli gəlir ki, NATO qətiyyətli və həm də öncədən xəbərdarlıq etmək siyasəti yürüdür. Rusiya ilə yalnız bu yol ilə siyasi dialoqa gedə bilərik. Qarşılıqlı sükunət ilə heç bir problem həll oluna bilməz”.

- DİALOQU KƏSMƏMƏK

Alyansın rəhbəri həmçinin deyib ki, gərginliyin və hərbi insidentlərin baş vermə riskini azaltmaq üçün siyasi dialoq yolunun bütün kanalları açıq olmalıdır. Stoltenberq Varşavada keçiriləcək sammitə qədər, NATO ilə Rusiya arasında Məsləhət Şurasının daha bir görüşünün baş tutmasını istisna etməyib.

2014-cü ildən sonra Məsləhət Şurasının iclası ilk dəfə 20 apreldə keçirilib. Bu yığıncaq zamanı Ukraynanın şərqindəki böhran, Krımın Rusiya tərəfindən ilhaq edilməsi, Əfqanıstandakı vəziyyət müzakirə olunub. Ancaq görüşdə heç bir konkret qərar alınmayıb.

Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar