"Röyters" cəbhə bölgəsindən reportaj hazırladı - "Separatçı Dağlıq Qarabağ..."

“Azərbaycanla separatçı Dağlıq Qarabağ arasında atəşkəs qısa münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını ala bilər. Lakin sakinlər deyir ki, atışma səsləri gecələr hələ də eşidilir və insanlar ölür”.

APA-nın məlumatına görə, bu barədə “Röyters”in cəbhə bölgəsinə səfər etmiş müxbirinin Ağdamın Sarıcalı kəndindən hazırladığı reportajda deyilir.

Bildirilir ki, son zorakılıq halları 4 gün davam etsə də, çoxsaylı insan itkisi ilə nəticələnib: “Yerli sakinlərin dediyinə görə, atəşkəs razılaşması aprelin 5-də qəbul olunsa da, demək olar ki, hər gün pozulur”.

Sarıcalı kəndinin ingilis dili müəlliməsi Maral Abdullayeva deyir ki, atəşkəsdən sonra atışma dayanmır və yerli sakinlər bundan narahatdır. O, 4 aprel tarixində işlədiyi məktəbin dağıdıldığını bildirib. Müəllimənin sözlərinə görə, məktəb qismən bərpa edilsə də, uşaqlar dərsə getməyə qorxur.

Bildirilir ki, Azərbaycan tərəfinin və separatçı rejimin məlumatlarına görə, atəşkəs razılaşmasından sonra hər iki tərəfdən azı 8 hərbçi həlak olub: “Avropalılar qorxurlar ki, növbəti toqquşma dünya bazarına neft-qaz resurslarının daşımasında dəhliz rolunu oynayan Cənubi Qafqazda qeyri-sabitliyi dərinləşdirə bilər”.

Müəllif Evoğlu kəndində evləri dağılmış sakinləri də danışdırıb.

Xatırladaq ki, aprelin 29-da Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkədə akkreditasiyadan keçmiş xarici ölkələrin media orqanlarının təmsilçiləri və yerli KİV nümayəndələrindən ibarət 45 nəfərlik qrup cəbhə bölgəsinə səfər edib. Cəbhə bölgəsində yola düşən xarici media nümayəndələri arasında BBC, “Röyters”, “Bloomberg”, “Frans Press”, “RİA Novosti”, “Anadolu”, TRT, İHA, "Cihan", “Rossiya 24” kanalının əməkdaşları, israilli media eksperti Arye Qut və digərləri olub. Moldovanın keçmiş ombudsmanı Aurelia Qriqoriu da heyətdə təmsil olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar