Əsl filosof haqqında düşüncələr

 İlyas İSMAYILOV

Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru

“Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən”

Cəlil Məmmədquluzadə

1962-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini Azərbaycan və rus bölmələriylə birlikdə 50 nəfərdən artıq tələbə bitirsə də, onlardan yalnız beşini respublikanın prokurorluq orqanlarına təyinatla işə götürmüşdülər. Universiteti fərqlənmə diplomuyla bitirdiyimdən, həmin o “xoşbəxt beşlik” sırasında mən də varıydım. Artıq təyinatım da bəlliydi. O vaxt mərkəzləşdirilmiş sistem olan prokurorluq orqanlarına gənc mütəxəssislərin təyinatı Moskvadan – SSRİ prokurorluğundan gəlirdi. Məni də Göyçay rayon prokurorluğuna stajyor-müstəntiq təyin etmişdilər. Ancaq bu təyinata baxmayaraq, ərizə yazıb, prokurorluqda işləməkdən imtina etdim. Səbəb isə elmə sonsuz həvəsimin olması və bir gəncin ədalət axtarışı idi. Bu, bəlkə də prokurorluq orqanlarında yeganə faktdır ki, kimsə elmi müəssisədə çalışmağı prokurorluqda işləməkdən üstün tutur. Heç o vaxt da məni çoxları başa düşə bilmirdi…

Beləliklə, prokurorluqda işləməkdən imtinadan sonra, Azərbaycan SSR Elmlər Akademiyasının fəlsəfə bölməsində kiçik elmi işçi vəzifəsinə təyin olundum. Bölmənin rəhbəri fəlsəfə elmləri namizədi Firudin Qasım oğlu Köçərli idi. Sözün əsl, böyük mənasında müəllim olan Firudin Köçərliylə tanışlığım da elə bu vaxtdan başladı. Sonralar – 1963-cü ildə Leninqrad dövlət Universitetinin əyani aspiranturasına daxil olub və 1966-cı ildə bir neçə ay da vaxtından qabaq oranı bitirib, namizədlik dissertasiyasını müdafiə edərək, Vətənə döndükdə, 1966-cı ildən 1970-ci ilədək, Firudun müəllimin rəhbərlik etdiyi Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda əvvəlcə kiçik, sonradan baş elmi işçi vəzifəsində çalışdım. Onda Firidun müəllim artıq fəlsəfə elmləri doktoru elmi dərəcəsini almışdı, sonralar isə haqlı olaraq, Milli Elmlər Akademiyasının müxbir üzvü və akademiki seçildi.

Vaxtilə Hegel fəlsəfənin canlı təcəssümü sayılan Sokratın timsalında qeyd edirdi: “Filosoflar yüksək rahiblik dərəcəsinə malik din xadimləri, yaxud da həyat qayğılarından və ehtiraslardan uzaq “kabinet alimləri” deyillər. Əsl filosof üçün ictimai və şəxsi həyat müqəddəratı, bəxt, tale və onlar tərəfindən müdafiə olunan prinsiplər vəhdət təşkil edir, tam, bütöv bir şey kimi təsəvvür olunur”.  Bu baxımdan, bizdə fəlsəfə elmləri doktorları və namizədləri çox olsalar da, əsl filosoflar olduqca azdır. Əsl filosof, heç olmasa, ictimai xadim üçün vacib, zəruri olan cəmiyyət və öz vicdanı qarşısında məsuliyyət daşımaq, prinsipiallıq, ədalətlilik kimi keyfiyyətlərə və nəhayət, Hegelin dediyi sayaq “eyibsiz, qüsursuz, mükəmməl xeyirxah xarakterə” malik olmalıdır. Özü də bu keyfiyyətlər həmin filosofun ictimai və vəzifə borcundan, yaxud təbiətindən, genetik meyllərindən irəli gələn əxlaqi tələb yox, fərdi iradəsindən doğan, özü tərəfindən işlənib hazırlanan, yetişdirilən və cəmiyyətə təqdim olunan prinsiplər olmalıdır. Bu  mənada akademik Firudin Köçərli, sözsüz, əsl filosof idi. Bu, hər şeydən əvvəl, onun əməllərində özünü göstərirdi.

Hegelin müasiri, alman filosofu Artur Şopenhauer “Xoşbəxtlik fəlsəfəsi” əsərində yazır: “İnsan, onun fərdiliyi ona mümkün olan xoşbəxtliyin ölçüsünü əvvəlcədən müəyyənləşdirir. Abırlı, sakit, təmkinli insanlar çətin şəraitlərdə belə, özlərini qənaətbəxş sayar, ancaq bunu nə qədər varlı olsalar da, tamahkar, paxıl və kinli adamlar əldə edə bilməzlər. “Özündən qaçmaq mümkün deyil”. Biz bu istiqamətdə təkcə onu edə bilərik ki, fərdi xüsusiyyətlərimizdən özümüz üçün daha sərfəli istifadə edək, şəxsiyyətimizə uyğun gələn vəzifə və fəaliyyət növü, həyat tərzi seçək”. Elə Firudin müəllimin uğurlarının səbəblərindən biri də onun öz şəxsiyyətinə uyğun gələn vəzifə və fəaliyyət növü, həyat tərzi seçməsi deyildirmi? Bəli, məhz o idi!

Əlbəttə, Firudin müəllim haqqında fikir söyləyərkən zamanın, Sovet sisteminin təsirini də unutmaq olmaz. Zamanın müdrik ziyalısı olan, Gədəbəy kimi ucqar rayonda – o qədər də lazımi şəraitin olmadığı bir məkanda maarifçilik fəaliyyəti ilə seçilən atası Qasım müəllimin yoldan keçən ac birisinə çörək verdiyinə görə məhkum olunması və bu faktdan da Firudin müəllimin bədxahlarının vaxtaşırı anonim məktublar vasitəsilə gen-bol istifadə edərək, əlavə narahatlıq yaratmaları da nəzərə alınmalıdır (Yeri gəlmişkən, mən Respublika prokuroru olduğum zaman bu “cinayət işi”ni öyrəndim, onun qurama, cəfəng olduğunu gördükdən sonra, protest verdim və Ali Məhkəmənin qərarı ilə Qasım müəllimin bəraət almasına nail oldum – İ.İ.).

Heç kim ölkəmizdə filosof və hüquqşünas alimlərin hazırlanıb yetişməsində, fəlsəfi fikrin inkişafında uzun illər AMEA-nın Fəlsəfə və Hüquq İnstitutuna rəhbərlik edən akademik Firudin Köçərlinin xidmətini dana bilməz. Tam məsuliyyətlə deyə bilərəm ki, akademik Firudin Köçərli həm də alicənablığın canlı timsalı idi.

Filosof ona görə filosofdur ki, o, ilk növbədə özü, digər filosoflar,  ümumiyyətlə, insanlarla həmişə dialoqda olmalı, öz ideyalarını, rəhbər tutduğu prinsipləri cəmiyyətə təqdim etməli və cəmiyyəti bu ideyaların doğruluğuna inandırmağa çalışmalıdır. Heç də təsadüfi deyil ki, qədim yunan filosoflarının əsərləri bizə əsasən dialoq şəklində gəlib çıxmışdı. Əsl filosof həmişə özünün, necə deyərlər, daxilinə, iç dünyasına müraciət etməli və məhz orada davranış istiqamətlərini tapmalıdır. Onun fərqli keyfiyyətləri də ağlının, məntiqinin gücündə ifadə olunmalıdır. Həmin dialoqda həm də həmsöhbətlərinin şəxsiyyətlərinə hörmət hissi duyulmalıdır. Bu mənada  Firudin müəllimin yaradıcılığını insanlarla, kütlə ilə ünsiyyətin, filosofun ciddi fəlsəfi fikirlərinin insanlarla əlaqəsinin səmimi, təbii və məsuliyyətlə izahının, xeyirxahlıq, tələbkarlıq və prinsipiallıq mədəniyyətinin nümunəsi hesab etmək olar.

Filosofun bədbəxtliyi onun öz yaradıcılığı vasitəsilə başqası ilə mübahisəyə girişməməsində, ideyalarını, prinsiplərini cəmiyyətə əsaslandırılmış şəkildə təqdim etməməsində deyil, fikrimcə, ilk növbədə və başlıca olaraq, özünün özü ilə mübahisə etməməsində ifadə olunur. Bu yoxdursa, o, filosof ola bilməz. Onda filosof  adını inkar edən təkəbbür, həddindən artıq toxluq, Sovet dövründə deyildiyi kimi, “kommunist özünü öyməsi” əmələ gələ bilər.

Firudin müəllimin yaradıcılığı, həyat tərzi və ailəsi ilə tanış olan hər kəs bilir ki, bu insan fəlsəfə tarixilə məşğul olan şəxs kimi, həmişə təkcə keçmişə yox, həm də özünə müraciət edir, məntiqi təşkil olunmuş anlayışlar və kateqoriyalar sistemi vasitəsilə kainatın, onun bir hissəsi olan insanın düzgün dərk olunması barədə mübahisə aparır və cəmiyyətə öz fikirlərini, mövqeyini əsaslandırılmış şəkildə təqdim edirdi. Filosofların fikirlərilə desək, "özünə tənqidi yanaşmaq başqasına hörmət deməkdir". Bu keyfiyyət də Firudin müəllimin xarakterik xüsusiyyətlərindən biri idi.

Akademik F.Köçərlinin süni şəkildə yüksəlişə (xüsusilə ölümündən sonra), şan və şöhrətə ehtiyacı yoxdur, onun özü insan, vətəndaş və filosof kimi hamı üçün böyük maraq və əhəmiyyət kəsb edir.

Vaxtilə Aristotel “Etika” əsərində qeyd edirdi: “Ən yaxşı adam özünə əxlaqauyğun münasibət bəsləyən deyil, başqalarına qarşı belə münasibət göstərəndir. Bu isə çox çətin işdir”. Firudin müəllimi tanıyanlar, xüsusilə də onunla bir kollektivdə çalışanlar təsdiq edə bilərlər ki, o, bu çətin işin öhdəsindən məharətlə gələrək, rəhbər – alim kimi (əvvəldə qeyd etdik ki, o, uzun illər MEA-nın əvvəlcə fəlsəfə bölməsinə, sonralar isə Fəlsəfə və Hüquq İnstitutuna rəhbərlik edib-İ.İ.) həmişə həm institut əməkdaşlarına və həm də digər vətəndaşlara qarşı çox həssas idi. Mümkün olan bütün hallarda onlara diqqət göstərər, əsl filosof kimi məqsədəuyğun əxlaqi davranışı həyata keçirmək bacarığı, məharəti nümayiş etdirər, insanlara insan kimi yaşamağı tövsiyyə edərdi (mənə elə gəlir ki, fəlsəfənin təyinatı da məhz bundadır-İ.İ.). Əxlaqlı yaşamaq üçünsə Xeyir və Şərin mahiyyətini dərk etmək, vicdan borcu, fədakarlıq və ədalət haqqında mükəmməl biliyə malik olmaq gərəkdir.

Firudin müəllim bizə qazanc və mənfəət, mənsəb və şan-şöhrət dalınca deyil, ağıla, dərrakəyə qulluq etməyi və beləliklə də, elmin yüksək zirvələrini fəth etməyi məsləhət görər, bununçün mümkün olan hər cür şəraiti yaradırdı.

Özü elmin yüksək zirvəsinə – akademik səviyyəsinə qalxsa da, təvazökarlıq göstərərək, obyektiv varlıq və özü haqqında biliklərin nisbi olduğunu nümayiş etdirərdi. Bu isə, aydındır ki, şəxsiyyətin ümumi mədəni inkişafının, mənəvi yetkinliyin əlaməti sayılır.

Əlbəttə, o, Sovet dövrünün doqmatizmindən və bundan qaynaqlanan fikir, düşüncə tərzindən azad olmasa da, müstəqil yaradıcı fikirləşmə qabiliyyətinə malik bir alim idi. Bu, ilk növbədə, özünü onun fəlsəfə tarixinə dair yazdığı əsərlərində tarixi faktları fəlsəfi ümumiləşdirmələr səviyyəsinə qaldırmasında və beləliklə də, onların müasir səslənməsini təmin etməsində daha bariz göstərirdi. Ümumiyyətlə, akademik F.Köçərlinin yazıları sübut edir ki, o, tarixi xalqların və ölkələrin inkişaf qanunauyğunluqları kimi təsəvvür edirdi.

Hər bir insanın, həmçinin filosofun ilahi əsəri məhz onun ailəsidir. Başqa sözlə, ailə insanın bütün keyfiyyətlərinin güzgüsüdür. Firudin müəllim ailə başçısı kimi də müsbət keyfiyyətləri ilə seçilən bir insan idi. O, özünü Firudin müəllimə fəda edən, onun alim kimi yetişməsində müstəsna xidməti olan həyat yoldaşı Zərifə xanımla birlikdə, filosof kimi həyata baxışına uyğun olaraq, biri digərindən tərbiyəli, ictimai maraqları dərin dərk edən, vətən və valideyinləri qarşısında borclarını düşünən iki oğul və üç qız – əsl vətəndaşlar böyütmüşdü. O vətəndaşlar ki, sözün həqiqi mənasında, başqalarına nümunə ola bilərlər. Prokurorluqda birgə fəaliyyətimiz və xoşbəxtlikdən sonrakı illərdə mövcud olan yaxın dostluq münasibətlərimiz mənə əsas verir qeyd edəm ki, Firudin müəllimin sonbeşiyi sayılan Azər Köçərli, necə deyərlər, düzgünlük, saflıq, məğrurluq, namuskarlıq və alicənablığın elə özüdür.

Hesab edirəm ki, heç bir insan onun obyektiv aləmə və özünün özünə münasibətini ifadə edən ideyalar və təsəvvürlər sistemi olmadan keçinə bilməz. Axı fəlsəfə elə insan varlığının fundamental xarakteristikası haqda görüşlərdən ibarətdir. Tam əminliklə deyə bilərəm ki, bu görüşlərə malik olmaq istəyənlər akademik F. Köçərlinin yaradıcılığından ciddi faydalana bilərlər.

Platon hesab edirdi ki, sağlam düşüncəyə malik olan hər bir kəs özündən yaxşı olanın yanında olmağa çalışmalıdır. Ömrünün müəyyən dövründə akademik F. Köçərli kimi alimin rəhbərlik etdiyi institutda çalışdığımdan çox məmnunam.  

(Strateq.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar