İbrahimbəyov Abbas Abbasova cavab verdi -="red-word"> "Bizdə təhqiri bağışlamırlar...."

"Həmin gizli “əl” hakimiyyəti onun qarşısında heç bir günahı olmayan adamlarla üz-üzə qoymağı bacarır"

Azərbaycanın baş nazirinin sabiq I müavini Abbas Abbasov virtualaz.org saytına müsahibəsində Rüstəm İbrahimbəyovun Bakıda Kino Evi tikmək niyyətinə, eləcə də dramaturqun Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində fəallaşmasına da toxunub.

Həmin müsahibə işıq üzü görəndən sonra R.İbrahimbəyov sayta məqalə göndərərək, baş nazirin sabiq I müavininin fikirlərinə cavab verib. Həmin yazını olduğu kimi təqdim edirik:

***

İnterneti nəzərdən keçirərkən sizin saytda Abbas Abbasovla geniş söhbəti oxudum. Həmin müsahibədə mənim də adım dəqiqləşdirmə tələb edən bəzi məqamlarda çəkilir.

Müsahibədə haqqında söhbət gedən həmin o “bir parça torpaq”da Beynəlxalq Kinofestival Mərkəzi, Respublika Kino Evi və Beynəlxalq Kino Məktəbindən ibarət nəhəng bir kompleksin tikilməsi planlaşdırılmışdı (əminəm ki, bu ideya gec-tez baş tutacaq).

Dövlət Neft Şirkəti isə tərəfimizdən satın alınan və Torpaq Məcəlləsinə uyğun olaraq özəl mülkiyyət kimi sənədləşdirilən bu torpaq sahəsini Kinematoqrafçılar İttifaqının əlindən zorla, qarət edirmişcəsinə, özü də buna heç bir qanuni haqqı olmadan aldı. Və bu da bizim layihəni bəyənən və orada tikinti işlərinin başlamasından da xəbərdar olan hakimiyyətin gözü qarşısında, onun lal-dinməz verdiyi xeyir-dua əsasında baş verdi. Amma hakimiyyət susdu.

Kinematoqrafçılar İttifaqı hələ 60-cı illərin sonlarından etibarən Bakıda Kino Evi tikməyə çalışıb. Belə mədəni mərkəzlər keçmiş sovet respublikalarının hamısının paytaxtında var. Amma hakimiyyətlər dəyişdikcə bizə ayrılan torpaq sahələrini hər dəfə “daha vacib məqsədlər” üçün əlimizdən aldılar.

Nəhayət, cürət edib belə qərara gəldik ki, bu problemi dövlətin yardımı olmadan həll edək. Mən və həmfikirlərim bu layihənin həyata keçirilməsinə hazırlıq üçün ilkin mərhələdə həyatımızın 10 ilini verdik. Azərbaycan kinematoqrafçıları və bakılı kino həvəskarları unikal arxitekturaya malik nəhəng təhsil-maarif kompleksi qazanacqdılar. Özü də dövlət xəzinəsindən bir qəpik də xərclənmədən...

Lakin hər şey bir andaca alt-üst oldu. İstənilən normal ölkədə bütün ziyalılar bizim müdafiəmizə qalxardı. Lakin dəfələrlə dediyim kimi, Azərbaycanda ziyalılar bir ictimai qüvvə kimi çoxdan boğulub, əzilib.

Məni məhz bundan, yəni torpaq sahəsi reyder üsulu ilə ələ keçiriləndən sonra hakimiyyətlə mübarizə aparmağa başlamaqda ittiham edirlər. Bu isə heç də tam yanlış deyil, amma tam həqiqət də deyil. Təxminən 2005-ci ildən etibarən mən ölkədə nələrin baş verdiyini zaman-zaman mətbuatda dilə gətirməyə başladım. Mənim bu çıxış və fikirlərim birmənalı qarşılanmadı, mübahisə və müzakiərlərə, sonradan bəlli olduğu kimi isə hakimiyyətin narazılığına səbəb oldu.

2007-ci ildə Azərbaycan prezidenti məni qəbul etdi. Bundan sonra “Milli kinematoqrafiyanın inkişafı haqqında” prezident sərəncamı verildi. Milli kinematoqrafiyanın dünya miqyasına çıxarılması proqramı həmin sənəddə bənd-bənd ifadə və əks olunmuşdu.

Lakin təəssüf ki, həmin sərəncam Prezident Administrasiyası və hökumət tərəfindən sabotaj olundu və onun müddəalarının heç biri həyata keçirilmədi.

Kinematoqrafçılar İttifaqı Azərbaycan kinosunun mənafeyini müdafiə etməyə çalışdı. Lakin başı varlanmağa, öz şəxsi sərvətini artırmağa qarışmış bir qrup oliqarx tərəfindən idarə olunan ölkədə bizim bu cəhdlərimiz, vəziyyəti dəyişmək səylərimiz uğursuzluqla nəticələndi.

Bunun ardınca milli kinomuzun uzun illərdir davam edən aşınıb dağılması prosesinin qarşısını almağa olan son ümidlərimizi də bağladığımız layihəni də əlimizdən aldılar. Bundan sonra mən həqiqətən də kəskin şəkildə radikallaşdım. Mənə təhqiramiz və hörmətsiz yanaşan insanlarla münaqişəyə girdim.

Mən Bakıda “Axund” hamamı ilə Kömürçü meydanı arasındakı məhəllədə böyümüşəm, şəxsiyyət kimi orada formalaşmışam. Bu məhəllədə təhqiri bağışlamırlar. Kimliyindən asılı olmayaraq... Bunu məni çoxdan tanıyan adamlar də təsdiq edə bilər ki, nə qədər dinc, sakit adam olsam da şərəf və ləyaqətimə xələl gətirə biləcək istənilən addım və cəhdin qarşısını həmişə çox sərt şəkildə almışam. Uşaqlıqdan beləyəm. “Bir parça torpaq” əhvalatını da mənim məhz vətəndaş ləyaqətimi alçaldan həyasız hücum kimi qiymətləndirirəm.

Mən ölkənin maraqları pərdəsi, onun bayrağı altında gizlənən, əslində isə yüz minlərlə vətəndaşın əmlakını əlindən alan dövlət şirkətlərinin qanunsuz əməllərini əvvəllər də dəfələrlə tənqid etmişəm, buna qarşı çıxmışam.

Hərə öz bacardığı kimi müqavimət göstərir. Məndə isə belə alındı ki, öz imkanları hesabına ölkədə nüfuzlu və sanballı ictimai rəyin,- bunsuz isə ölkə açıq-aşkar avtoritarizmin ağuşuna yuvarlanar,- formalaşmasına yardım etmək istəyən bir vətəndaşdan “radikal siyasətçi”yə çevrildim.

Bütün bunların tədricən, addım-addım necə baş verdiyini dəfələrlə söyləmişəm. Təkrarçılığa lüzum yoxdur. Amma onu deyim ki, ictimai fəaliyyətin bir növü olan siyasət məni heç vaxt maraqlandırmayıb və indi də maraqlandırmır. Bununla belə mən öz ictimai və vətəndaş mövqeyimdən bir addım da geri çəkilmirəm. Əvvəlki kimi yenə də belə hesab edirəm ki, hazırkı hakimiyyət cəmiyyətlə fəal, doğru-dürüst, həqiqi dialoqa getməlidir. Əgər bunu etməsə, onu faciəvi sonluq gözləyir. Mümkün dialoqun ən vacib və ümdə şərti bütün siyasi məhbusların azad edilməsidir. Bu olmasa, ölkənin demokratikləşmə istiqamətində irəliləməsində hər hansı nəticə əldə etmək mümkün deyil.

Ölkəni bürümüş digər qorxulu xəstəlikdən - total korrupsiyadan xilas olmaq isə daha mürəkkəb və uzun bir prosesdir. Əgər hakimiyyət indi məşğul olduğu imitasiya xarakterli tədbirləri hətta hansısa real addımlarla əvəzləsə belə bu proses uzun çəkəcək.

Nəhayət, mənim Azərbaycanda “hakimiyyəti devirmək” niyyətim haqda. Seçkidə iştirak etmək cəhdi, istəyi nə vaxtdan dövlət əleyhinə fəaliyyət sayılır? Yalnız avtoritar-totalitar rejimlərə malik ölkələrdə - Şimali Koreyada, Belarusda, Azərbaycanda və digərlərində prezidentliyə namizəd olmağa razılaşmaq səni avtomatik olaraq ölkənin düşməninə çevirə bilər!

Abbas Abbasovla münasibətlərimə gəlincə isə mən onun siyasi baxışları ilə heç vaxt razılaşmamışam. Əslində onun siyasi baxışları barədə də çox az məlumatım var (Abbasovun bəyanat və açıqlamalarından da görünür ki, o, Azərbaycanın indiki hakimiyyətinə münasibətdə həddən artıq, hətta mütləq mənada loyal mövqe tutur).

Abbas Abbasovla çoxillik dostluq əlaqələrimiz, ailəvi münasibətlərimiz var. Bu münasibətlər hər hansı siyasi konyukturadan asılı olmadan mövcud olub və indi də bu cür davam edir. Onlar heç bir siyasi çalara malik deyil. Məni Rusiya Azərbaycan Təşkilatları İttifaqına (Azərbaycanda daha çox müxalif mövqeli “Milyarderlər ittifaqı” kimi tanınır-red.) dəvət etdikləri ilk gündən başa düşdüm ki, bu təşkilata üzv olan insanlar əsasən öz şəxsi işləri ilə məşğuldurlar və siyasətdən uzaqdırlar.

Bu haqda dəfələrlə qınayıcı tərzdə danışmışam: mənə elə gəlirdi ki, belə böyük və geniş imkanlara malik şəxslər Azərbaycandakı seçki kampaniyasında daha fəal şəkildə iştirak edə bilərlər.

Lakin təəssüf ki, Rusiya Azərbaycan Təşkilatları İttifaqının üzvləri dünyanın hər yerində və bütün dövrlərdə geniş yayılmış insan tipinə aiddir - bu tip insanlar yalnız mövcud real hakimiyyətləri dəstəkləyirlər. Lakin Rusiyadakı Azərbaycan diasporunun gündəmdə olan problemlərinin həlli məqsədilə Abbas Abbasov tərəfindən bir yerə toplanmış çoxşaxəli bir kompaniyanı pis niyyətli həmfikirlərin klubu kimi təqdim etmək kiməsə lazım idi (bu cəhdlər elə indi də davam edir).

Bütövlükdə isə Azərbaycanda baş verənlərdə hansısa bir “əlin” olduğu hiss edilir. Həmin gizli “əl” hakimiyyəti onun qarşısında heç bir günahı olmayan adamlarla üz-üzə qoymağı bacarır. Lakin bunun gec-tez bir fəsadı olacaq.

P.S. Sizin saytı “hakimiyyəti əlində saxlayan” şəxslərin bəziləri də oxuduğu üçün bunu da deyim ki, dünyadakı vəziyyəti qorxulu məchulluğa doğru kəskin şəkildə dəyişən Ukrayna hadisələrindən sonra ölkədəki bütün qüvvələri necə birləşdirmək yolları üzərində də düşünmək pis olmazdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar