ELMAN RÜSTƏMOVU BİTİRƏ BİLƏCƏK MƏHKƏMƏDƏN YENİ XƏBƏR

Avstriya bankının prezidenti Azərbaycanla bağlı “rüşvət məhkəməsində” ifadə verdi

“Mənə dedilər ki, pullar Panamada "Venkoy" adlı şirkətə köçürülüb”

Pul əskinaslarının çapına dair Azərbaycan və Suriya ilə bağlanmış müqavilələrdəki korrupsiya, bu ölkələrin Mərkəzi Bankının rəhbərliyilə rüşvət sövdələşməsinə görə cinayət məsuliyyətinə cəlb olunan Avstriya Mərkəzi Bankının rəhbər şəxslərinin məhkəməsi davam edir. Bu iş üzrə Vyana keçirilən son məhkəmə iclasında Avstriya Mərkəzi Bankının prezidenti Edvald Hovotnı şahid qismində ifadə verib.

Xatırladaq ki, bu cinayət işilə əlaqədar Avstriyada ümumilikdə 9 nəfər mühakimə olunur. Onların arasında Avstriya Mərkəzi Bankının sədr müavini, 63 yaşlı Volfanq Duçazek, eləcə də pul əskinaslarının çapına məsul şöbənin rəhbəri Maykl Vulf, Mərkəzi Bankın törəmə şirkəti olan "OeBS"in baş direktoru Maykl Vulf da var. 83 səhifəlik ittiham aktında yazılanlara görə, təqsirləndirilən şəxslər cinayətkar birlik yaradaraq, 2005-2011-ci illərdə Azərbaycan və Suriya Mərkəzi banklarının rəhbərləri - Elman Rüstəmov və Adib Mayaleyə bu ölkələrdən əskinas çapının sifarişi almağın müqabilində 14 milyon avro rüşvət veriblər.

Edvald Hovotnının məhkəmədə çıxışı Avstriya mətbuatında yayılıb. Məlumatda bildirilir ki, çıxış əvvəlcədən təxminən bir saat nəzərdə tutulsa da, iki saata yaxın çəkib.

Qeyd edək ki, Hovotnı eyni zamanda, Avstriya Mərkəzi Bankının pul əskinaslarının çapı ilə məşğul olan törəmə şirkəti OeBS-in Müşahidə Şurasının sədri olub.

Hovotnı məhkəmədə bildirib ki, Azərbaycan və Suriyanın vəzifəli şəxslərilə cinayətkar sövdələşmədən xəbərsiz olub.

"Məndə heç bir şübhə yaranmamışdı. Qətiyyən ağlıma gəlməzdi ki, rüşvət alıb belə bir addım atarlar", - deyə Hovotnı bildirib.

Hovotnı deyib ki, onu aldadıblar. "Deməliyəm ki, mən özümü aldadılmış hesab edirəm", - deyə vurğulayan Hovotnı əlavə edib ki, o, öz işçilərinə etibar edirdi.

Məhkəmədə dindirmə zamanı prokuror Hovotnıya belə bir sual ünvanlayıb: "Siz əməkdaşlıq etdiyiniz Azərbaycan və Suriyanın dünyada şəffaflıq reytinqində hansı yerdi olduğunu bilirsinizmi?"

Novotnı suala belə cavab verib: "Siz mənim fəaliyyətimdəki şəffaflığı qiymətləndirin".

Məhkəmədə dindirmə zamanı Hovotnı onu da qeyd edib ki, əgər Suriya və Azərbaycandan pul əskinaslarının çapına dair sifarişlərdə korrupsiya elementlərinin olduğunu bilsəydi, araşdırma aparılması barədə göstəriş verər, nəticələri prokurorluğa təqdim edərdi.

Hovotnının sözlərinə görə, o, istəsəydi belə, Azərbaycan və Suriya ilə müqavilə bağlanmasının qarşısını ala bilməzdi. Çünki o, bu ölkələrdən sifarişlər alındığı haqda 2008-ci ildə OeBS-in Müşahidə Şurasının iclasında ilk dəfə iştirak edərkən xəbər tutub. Həmin vaxt sözügedən müqavilələrin bağlanmasından xeyli keçmişdi: "Mən OeBS-in Müşahidə Şurasına gələnə qədər artıq Azərbaycan və Suriya ilə müqavilələr imzalanmışdı və iş başlamışdı".

Razılaşmadan xəbər tutarkən bu məsələnin detalları ilə maraqlanıb. Ona deyilib ki, pullar İsveçrədəki distribüter şirkət vasitəsilə Panamada "Venkoy" adlı şirkətə köçürülüb. Lakin onun offşor şirkət olduğunu heç kim ona deməyib. Hovotnı məhkəmədə bildirib ki, əgər bundan o zaman xəbərdar olsaydı, şübhələnərdi. Hovotnının sözlərinə görə, həmin vaxt ona deyilib ki, köçürülən pullar maddi-texniki təchizat məsələlərinin həllinə sərf olunub.

Hovotnı qeyd edib ki, bu razılaşmadan xəbər tutan kimi onda narahatlıq yaranıb. Çünki başa düşürdü ki, Azərbaycan, Suriya kimi avtoritar ölkələrlə iş birliyi Avstriya Mərkəzi Bankının nüfuzu baxımından ciddi riskdir. O, "Transparency İnternational"ın (dövlətlərin şəffaflıq reytinqini hazırlayan beynəlxalq təşkilat) üzvü kimi, avtoritar rejimlərlə iş birliyinin problemlər yaratdığından xəbərdardır: "Bilirdim ki, ümumiyyətlə, avtoritar rejimlərlə işləmək böyük riskdir".

Dindirmə zamanı dəfələrlə Hovotnıdan soruşulub ki, niyə bu məsələ ilə bağlı araşdırma aparmayıb. O isə cavabında deyib ki, tabeliyindəki əməkdaşlara etibar edirdi. Eyni zamanda, etiraf edib ki, Azərbaycanla müqavilənin həcminin böyük olması onu təəccübləndirib.

Azərbaycan Mərkəzi Bankının rəhbəri Vyanada Avstriya Mərkəzi Bankına səfər edərkən Hovotnı ilə görüşüb. Bu məsələ ilə bağlı ittiham tərəfin sualına cavabda Hovotnı bildirib ki, bu, sadəcə, nəzakət xatirinə görüş idi. Onun sözlərinə görə, görüşü Duçazek təşkil edib. Amma o özü bu görüşdən bir o qədər məmnun qalmayıb, çünki avtoritar dövlətlərin nümayəndələrilə iş birliyinə heç vaxt maraq göstərməyib.

***

Qeyd etdiyimiz kimi, OeBS şirkəti Azərbaycan və Suriya ilə müqavilələrdəki məbləğin bir hissəsini bu ölkələrdə bank sektoru ilə bağlı qərarlar qəbul edən vəzifəli şəxslərə məhz Panamada qeydiyyatdan keçmiş "Venkoy" şirkəti vasitəsilə ötürüb. Məhkəmədə həmin şirkətin rəhbərliyində təmsil olunan yaşlı qadın da ifadə verib. O, Avstriya məhkəməsində şahid qismində ifadə vermək üçün Sürixdən gəlib. Şahid bildirib ki, sözügedən pul köçürmələri iki vəkilin sifarişilə həyata keçirilib.(azadlıq.info)

Xatırladaq ki, Yeni Müsavat” bu müşkülü özəl qaynaqlar hesabına aşa və cinayət əməlində bilavasitə rol alan məmuru müəyyənləşdirə bilib. Belə məlum olub ki, Azərbaycan tərəfdən “OeBS” şirkəti ilə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun müavini Abdulla Məlik-Aslanov danışıqlar aparıb. İstisna deyil ki, Vyana prosesində müttəhimlərin adını çəkməkdən qorxduqları şəxs də məhz baş bankirin müşaviridir. Qalmaqallı korrupsiya sövdələşməsi həyata keçirilən zaman A.Məlik-Aslanov Elman Rüstəmovun müavini olub və birbaşa yeni manat çapına cavabdehlik daşıyıb. O, yeni pulların sifarişinə, daşınmasına və qəbuluna da birbaşa cavabdehlik daşıyıb. 2005-ci ildən başlayaraq yeni manat Azərbaycana göndərilib və mərhələli şəkildə dövriyyəyə buraxılmağa başlayıb. 2007-ci il oktyabrın 3-də A.Məlik-Aslanovun rəhbərliyi altında Azərbaycana yeni manatın ən böyük partiyası gətirilib. Razılaşmaya əsasən yeni manat küpürləri Avstriyada Azərbaycan Mərkəzi Bankının inkassatorları tərəfindən qəbul edilərək “AZAL” tərəfindən ölkəyə daşınıb. Dövriyyəyə buraxılacaq yeni manatlar xüsusi paddonlarda olub.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar