Sonadək Cəmil Həsənlinin yanında varam!

Onu millətimizin şərəfi və namusu uğrunda savaşda tək qoymağı ləyaqətimizə sığışdırmamalıyıq

İyirmi birinci əsrin ikinci onilliyində Azərbaycanda həyat ağır və hətta, bir çox hallarda, dözülməz şərtlərini sürdürməkdə davam edir. Yüz il öncə qoca Şərqə, Avropaya və bütün dünyaya özgürlük və demokratiya dərsi verən məmləkətimiz bu gün yenidən dünyanın siyasi gündəmini zəbt edib. Təəssüf ki, bu dəfə insan və vətəndaş hüquqlarının pozulması, fundamental azadlıqların boğulması sahəsindəki acınacaqlı “nailiyyətlərlə”.

Hər kəs anlayır ki, bu vəziyyət uzun müddət davam edə bilməz. Hər kəs bilir ki, dünya dəyişir və Azərbaycan da dəyişməyə məhkumdur. Lakin ən aşağılardan ən yuxarılaradək cəmiyyətin böyük kəsiminin qəbul etdiyi bu gerçəyi ictimailəşdirmək, yaranmış ağır vəziyyətlə bağlı həyəcan təbili çalmaq və məsuliyyəti üzərinə alıb “birinci olmaq” missiyası taleyin və tarixin hökmü ilə, ötən əsrin əvvəllərində və sonunda olduğu kimi, yenə də ziyalıların üzərinə düşüb.

Hakimiyyətin ziyalı mövqeyinə bugünkü dözümsüzlüyü nəinki xeyli dərəcədə məkrli və məqsədyönlü görünür.

Azərbaycanın ən ləyaqətli oğul və qızları ölkəmizi onun hazırkı siyasi hakimiyyətinin sürüklədiyi ictimai-siyasi, hüquqi, iqtisadi və ən başlıcası, mənəvi bataqlığa, Azərbaycan insanını isə yaşadığı və bəlkə də heç yaşamayıb sürünməyə məhkum edildiyi rəzil həyata layiq bilmədiyi üçün öz vicdan səslərini ucaldırlar. Heç bir siyasi təmənnası olmayan ziyalılarımızın bu fədakar missiyasının yeganə stimulu Vətənimizə olan övlad sevgisi, altı və üstü təbii sərvətlərlə zəngin bu müqəddəs torpağı və Dövləti bizə miras qoymuş babalarımızın ruhu qarşısında borc və bu mirası gələcək nəsillərə ötürmək vəzifəsinin yaratdığı mənəvi məsuliyyətdir. Əqidəsi, həyat amalı, asosial, bioloji yaşamının başlıca məqsədi bu məmləkəti talamaq, onun insanına layiq olmadığı miskin bir həyat yaşatdırmaq və arzularını diri-diri torpağa gömmək hesabına milyardlara sahiblənmək olan bəzi “yeni azərbaycanlılar” üçün bunu qavramaq çətin olsa belə, bu həqiqətdir!

Ziyalı işıq deməkdir. Bütün dünyanın işığa can atdığı və aydınlığa qovuşduğu indiki zamanda bu cənnət ölkəmizi qaranlığa qərq edənlərin ziyalı kompleksi başadüşüləndir. Qaranlığı yarasalar sevər. Ancaq milyonlarla yarasa bir günəşin doğuşunun qarşısını ala bilməz!

...Və heç də təsadüfi deyil ki, zülmət qırğılarının əsas hədəfləri millətimizin, bütün türk dünyasının ən işıqlı simalarından olan böyük ziyalılarımız, qürur yerimiz olan Rüstəm Ibrahimbəyov və Cəmil Həsənlidir.

Hakimiyyətin ziyalı mövqeyinə bugünkü dözümsüzlüyü nəinki məntiqsiz və mənasız, hətta xeyli dərəcədə məkrli və məqsədyönlü görünür. 1937-ci ilin uzaq və yaxın fəlakəti ilə bizi yenidən təhdid etmək istəyirlər. Ancaq bir vacib məqamı unudurlar ki, faciə ikinci dəfə yaşananda komediyaya çevrilir və artıq ondan qorxmurlar, ona sadəcə olaraq, gülürlər!

Hakimiyyətin talançılıq siyasəti korrupsioner komanda formalaşdırır

Ziyalı cəmiyyətin vicdanıdır. Bu gün Azərbaycan hakimiyyəti öz mənəvi-əxlaqı dəyərlər sistemindən vicdan anlayışını ləğv edib. Bunu Azərbaycan hakimiyyəti tərəfindən məqsədyönlü şəkildə əsəb xəstəsi edilən 9 yaşlı körpənin anası və şəxsi həyatına 37-ci ildə belə rast gəlinməyən iyrənc müdaxilələr edilmiş bir qadın olaraq tərəddüdsüz və əminliklə deyirəm. Indi də iqtidar bir funksional institut kimi Azərbaycan xalqını ləğv etməklə məşğuldur! Bu xalqın yerinə bir neçə “seçici” hakimiyyət formalaşdırır, bu xalqın adından həmin o bir neçə “seçici” məhkəmələrdə hökm çıxartdırır, bu xalqı idman yarışlarında legionerlər “təmsil edir”, bu xalqın işıqlı zəkalarını, yüksək intellekt sahiblərini ölkədən didərgin salaraq açıqcasına, çəkinmədən “bizə 200-300 min nəfər lazımdır. Qalanları ölkədən gedə bilər” deyirlər. Bəli, Azərbaycan adlı şirkətlər qrupunu- meqaholdinqi idarə etmək üçün 200-300 min nəfər işçi kifayətdir! Bundan artığına ehtiyac yoxdur! Buna görə də gəncləri kütləvi işsizliklə, təqaüdçüləri 110 manat təqaüdlə, həkim, müəllim və kiçik məmurları isə 120-200 manat maaşla ac ölümə məhkum edirlər. Ölkə əhalisinin böyük bir qismi ağlasığmaz faizləri ilə nəinki regionda, hətta dünyada analoqu olmayan bank kreditlərindən “narkoman” asılılığındadır. Bu şərtlərlə yaşamağın mümkün olmadığını isə hər birimizdən daha öncə övladları “kiçik şadyanalıq tədbirlərinə” milyon dollarla hesab verən yüksək çinli məmurlarımız bilir. Onlar onu da bilirlər ki, xəstə övladına, yaşlı valideyninə dərman almaq üçün 5-10 manat rüşvət almaq məcburiyyərində qalan bu zavallıları sabah hər şeyə - seçkini saxtalaşdırmağa da, yalandan üzə durmağa da, zülmə, şərə boyun əyməyə də məcbur etmək çətin olmayacaq. Çünki onların hər biri boyunlarındakı qırmızı lentin hər gün kəsilə biləcəyi qurbanlıq olduqlarının fərqindədir. Ölkəmizdə isə qırmızı lentlər tez-tez kəsilir! Və beləliklə, hakimiyyətin talançılıq siyasəti potensial bir rüşvətxorlar ordusu və bu orduya rəhbərlik edən korrupsioner komanda heyəti formalaşdırır və onlar birlikdə idarəetmənin analoqu olmayan Azərbaycan modelinin müti vintçiklərinə çevrilirlər. Biz övladlarımıza belə bir gələcək arzulayırıqmı? Biz övladlarımızın belə bir dövlətin vətəndaşları olmasınımı istəyirik? Məgər biz övladlarımızı oliqarx-məmur övladlarına qul, kölə böyüdürük?

Hakimiyyətin üst qatı ilə bağlı geniş korrupsiya faktlarının son zamanlar sistemli şəkildə ifşa edilməsi, hakim elitanın ölkənin bütün təbii sərvətlərinə, iqtisadiyyatına və maliyyə resurslarına qanunsuz yollarla sahiblənməsi və nəzarətinə dair təkzibedilməz sübutların əldə edilməsi, həmçinin seçkilərdə deputat mandatlarının hərraca çıxarılması, bu prosesin nəticəsi olaraq “qaliblərin” siyahı üzrə təyin edilməsinin, hakimlərin qanunla yox, siyasi sifarişlə işləməsinin, sahibkarların ədalət ünvanı olan məhkəmələrin əli ilə talanmasının, adam oğruluğu cinayətlərinin vətəndaşların asayişini qorumalı olan hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilməsinin artıq müəyyən olunmuş faktlara çevrilməsi icra, qanunverici və məhkəmə qolları da daxil olmaqla, Azərbaycanın bütün siyasi sisteminin total şəkildə kriminallaşmasına və iflic vəziyyətə düşməsinə dəlalət edir.

Tarixdə Allahlıq iddiasına düşənlər çox olsa da, hamısının aqibəti eynidir

Neft gəlirləri ilə məst olaraq reallıq hissini itirmiş ölkə hakimiyyətinin, xüsusilə, son beş il müddətində ərzində həyata keçirdiyi yanlış siyasət ölkəni sistemli böhranın astanasına gətirib çıxarıb.

Ölkənin siyasi hakimiyyəti Azərbaycan Konstitusiyasında təsbit olunmuş insan hüquq və azadlıqlarına qarşı total hücum həyata keçirməklə, Ana Qanunumuzun özünü qeyri-funksional kağız parçasına çevirmişdir. Bu gün Azərbaycan vətəndaşı Bərabərlik hüququnun (Maddə 25) əvəzinə siyasi və sosial diskriminasiya, yerlibazlıq, tayfabazlıq və nepotizm (qohumbazlıq) kimi ictimai bəlalarla üz-üzədir. Bütün dünyanın liberal, ümumbəşəri insanlıq dəyərləri üzərində yüksəldiyi bir vaxtda bizləri yerliçilik, tayfa-klan idarəçiliyi ilə barışmağa və üstəlik, bundan məmnun qalmağa məcbur edirlər. Analoqu olamayan ölkəmizdə Yaşamaq hüququ (Maddə 27) Elmar Hüseyov, Rafiq Tağı, Ziya Bünyadov, ölüm dəzgahına çevrilmiş Orduda həyatlarını itirmiş yüzlərlə övladımızın və s. şəxslərin timsalında Ölmək hüququ, Azadlıq hüququ isə (Maddə 28) Ilqar Məmmədov, Tofiq Yaqublu, Hilal Məmmədov, Qurban Məmmədov, NIDA-çı gənclər və s. siyasi məhbusların nümunəsində Məhbəs hüququna çevrilib. Mülkiyyət hüququ ilə bağlı vəziyyətin nə yerdə olduğunu hamımız yaxşı bilirik. Özlərini bu Dövlətin qanuni və əbədi sahibi, vətəndaşları isə qul gözündə görənlər insanların evlərini başlarına uçurtmaqla, sahibkarların halal əmlakını əllərindən almaqla təkcə Konstitusiyamızın mülkiyyət toxunulmaz elan edən 13 və 29-cu Maddələrini ayaqlar altına atmırlar. Onlar bununla həm də mülkiyyəti müqəddəs sayan müqəddəs Kitabımız Qurani-Kərimə və əslində, ruzunu verən Allaha qarşı meydan oxuyurlar. Tarixdə Allahlıq iddiasına düşənlər, kitab yazanlar çox olsa da, son nəticədə, onların hamısının aqibəti eynidir. Hər şeydən göründüyü kimi, tarixi və cəmiyyətin inkişaf qanunauyğunluqlarını zəif bilən “yeni azərbaycanlılar” bu həqiqəti heç olmasa Yaşıl kitab müəllifinin çox da keçmişdə yaşanmayan faciəsindən bilməlidirlər. Bunu “gözləri ilə gördükləri hər bir şeyin sahibi olan milli brahmanlarımız”ın diqqətinə çatdırmağı özümüzə borc bildik.

Konstitusiyanın demək olar ki, bütün maddələri fiksiyaya çevrilib

Azərbaycanda Şəxsi toxunulmazlıq hüququnun ( Maddə 32) nələri ehtiva etdiyini dəyərli jurnalist Xədicə Ismayılın timsalında nəinki Azərbaycan, bütün dünya tanıdı. Mənzil toxunulmazlığı və Mənzil hüququ (Maddə 33 və 43) haqqında məhkəmə qərarı olmadan, elə mənzillərində olduqları zaman evləri başlarına uçurulan vətəndaşlarımız, Əmək hüququ (Maddə 35) haqqında isə işsiz gənclərimiz, Rusiya çöllərinə səpələnmiş iki milyondan çox vətəndaşımız daha tutarlı söz deyə bilər yəqin ki. Təhsil hüququ (Maddə 42) övladlarımızın məqsədyönlü şəkildə kütləvi savadsızlaşlaşdırılması hüququ kimi yeni interpretasiyada təqdim edilsə, daha ədalətli olar. Ümid edirəm ki, builki buraxılış və qəbul imtahanlarının “parlaq” nəticələrindən sonra iqtidar mənsubları bu gerçəyi danmazlar. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ (Maddə 60) barədə mən öz zəngin şəxsi təcrübəm əsasında geniş danışa bilərəm. Ancaq, subyektiv görünməmək üçün mən bu barədə danışmaq haqqını “dələduzluq cinayəti istintaq materialları ilə sübuta yetirilmiş” və məhz dələduzluq ittihamı ilə 9 aydır ki, məhbəs həyatı yaşayan bir xanımın sübuta yetirilməmiş və böhtan olduğu adi gözlə görülən iddiası əsasında iki ildir ki, məhbəsdə çürüdülən Əvəz Zeynallıya buraxıram. Fikir və söz azadlığı ( Maddə 47), Vicdan azadlığı ( Maddə 48), Sərbəst toplaşmaq azadlığı ( Maddə 49) kimi fundamental azadlıqların vəziyyətinə görə ölkəmiz ən aşağılayıcı siyahılara liderlik etməklə, beynəlxalq təşkilatların davamlı qınaq hədəfinə çevrilmişdir.

Azərbaycan Konstitusiyasının demək olar ki, bütün maddələrinin fiksiyaya çevrilməsi gerçəyi bu gün heç kimi təəccüblədirmir. Konstitusiyamızın dövlət hakimiyyətinin formalaşmasında özül rolunu oynayan və “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır” normasını təsbit edən BIRINCI maddəsi ayaqlar altında tapdandığı halda, bütün dünyanın gözü qarşısında, xalqın iradəsinin zorlanması hesabına keçirilmiş “seçkilər” “demokratiyanın təntənəsi” adlandırılanda, vəzifəsi seçkilərin texniki təşkili olan MSK sədrinin “axır ki, arzuladığımız parlamenti formalaşdıra bildik” kimi, doğrudan da, analoqu olmayan etirafını eşidəndə, biz buna hazır olmalı idik. Istənilən inkişafın ən zəruri şərti- azad rəqabət, ədalətli seçki və ədalətli məhkəmə olmayan yerdə biz bundan daha təhlükəli faciələrdən də sığortalanmamışıq!

“Vətənpərvər” iqtidarımız bizi ötən 20 ildə Qarabağa 20 metr də yaxınlaşdırmadı!

Biz yeni yaranmış bu geosiyası kontektsdə hal-hazırda mövcud olan və hakimiyyətin yanlış siyasəti nəticəsində gündən-günə dərinləşən siyasi, hüquqi və sosial-iqtisadi deqradasıyanın dövlətimizin və millətimizin maraqları baxımından ciddi və real təhdidlər doğurduğu qənaətindədir. Bu təhlükəli tendensiyanın qarşısının alınması zərurəti, ilk növbədə, Azərbaycan vətəndaş cəmiyyətindən, onun ölkənin gələcəyini qanunun aliliyi, vətəndaşların hüquq və azadlıqlarını qorunması kimi prioritet dəyərlərə söykənən demokratik cəmiyyətin qurulmasında görən bütün qüvvə və təbəqələrindən səylərinin koordinasiyasını və bütün potensialının konsolidasiyasını tələb edir.

Ölkə dərin ictimai-siyasi, sosial-iqtisadi, hüquqi və mənəvi böhran həddinə gətirilib çıxarılmış, ölkədə faktiki olaraq cəzasızlıq mühiti formalaşdırılmış və ölkənin 5-6 nəfər tərəfindən idarə olunmasına, əslində isə, talan edilməsinə rəvac verilmişdir. Ən acınacaqlısı da odur ki, bəsit siyası arsenalında rəqiblərinə qarşı erməni kartından başqa bir vasitəsi qalmayan, özü ermənilərlə yaxın qohumluq və maliyyə münasibətlərində ola-ola, siyasi opponentlərini “erməni dəyirmanına su tökməkdə” ittiham edən “vətənpərvər” iqtidarımız bizi ötən 20 ildə Qarabağa 20 metr də yaxınlaşdırmadı! Və biz, artıq bu iqtidardan Qarabağı ummuruq da! Üzümüzü bütün Azərbaycan xalqına, xüsusilə də, xalqın düşünən beyni olan ziyalılarımıza tutub deyirik: Apardığımız mübarizə siyasi mübarizə deyil, ədalət, ləyaqət uğrunda mübarizəsidir! Bu siyasi rəqiblərin yox, xeyirlə şərin, işıqla qaranlığın mübarizəsidir! Bu mübarizədə ziyalının tərəfi bəllidir. Ziyalı işığın, haqqın yanında olmalıdır! Biz bu mübarizədə millətimizin ən işıqlı ziyalılarının- Rüstəm Ibrahimbəyovun, Cəmil Həsənlinin yanındayıq. Bu mübarizədə tərəf seçmək indi həm də ona görə asandır ki, bütün dünya aydınlığa qovuşmaqdadır. Əminik ki, ən qısa zamanda Ədalət, Demokratiya Günəşi Azərbaycan səmasını da nura qərq edəcək! Bu prosesin qarşısını nə həbslərlə, nə ciblərə narkotik vasitələr, nə də maşınlara silah atmaqla durdurmaq mümkün olacaq. Insanların qohum-əqrabasını, yaxınlarını işdən çıxartmaqla da fırtınanın, selin önü alına bilməz! Onsuz da əksəriyyətin işsiz və çörəksiz olduğu bu məmləkətdə belə mənasız addımlar heç nəyi dəyişməyəcək. Bu qarşısıalınmaz prosesdir! O gün mütləq gələcək! O günü yaxınlaşdırmaq isə, özünü ziyalı sayan hər kəsin vicdan və məslək borcudur! Bu borcu yerinə yetirmək üçün isə Azərbaycan ziyalılarının öhdəsinə düşən iki şərt var: 9 oktyabr seçkilərində saxtakarlıq etməmək, səs oğrusuna çevrilib millətin, övladlarımızın gələcəyini oğurlamamaq! Və haqqın, ədalətlı cəmiyyətin, ləyaqətli həyatın təminatçısı olan xalqın namizədi, böyük ziyalı, böyük alim, böyük şəxsiyyət professor Cəmil Həsənliyə səs vermək!

Cəmil müəllim bu gün kəfənini əyninə geyinib bizim üçün, bizim və övladlarımızın xoşbəxt və ləyaqətli gələcəyi üçün çətin və müqəddəs bir yola çıxıb. Onu millətimizin şərəfi və namusu uğrunda savaşda tək qoymağı ləyaqətimizə sığışdırmamalıyıq. Bu kişilikdən olmaz! Bu vicdandan olmaz! Ortaya mövqe və iradə qoymaq zamanıdır! Bu yol, istənilən halda, Qələbəyə məhkum yoldur. Cəmil Həsənlinin altı dəqiqəlik iki çıxışı bütün cəmiyyəti silkələdi. Bu o deməkdir ki, Azərbaycanda avtoritarizmin ən çoxu informasiya texnologiyalarının, internetin, sosial şəbəkələrin bu gün Ictimai televiziyanın çatdığı mənzil başına çataçağı zaman intervalı qədər ömrü qalıb. Dünyanın və informasiya texnologiyalarının indiki inkişaf sürəti ilə bu müddəti özünüz dəyərləndirin. Ancaq qısa olsa belə, bu yol rahat yol deyil. Bu yolda heç birimiz həbslərdən, ölümdən belə sığortalanmamışıq. Bu yolun hansı məhrumiyyətlərdən keçməsindən asılı olmayaraq, mən bu haqq yolunda şərəfli mübarizəsində sonadək Cəmil Həsənlinin yanında varam! Yolumuz mübarək! /"Azadlıq"/

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar