Böhran Azərbaycanda bu sahəni "vurdu"

Bu ilin I rübündə Azərbaycan vasitəsi ilə TRACECA nəqliyyat dəhlizi çərçivəsində daşınan yüklərin həcmi azalıb. ANS PRESS-in məlumatına görə, bu geriləmə təxminən 12% təşkil edir.

Azərbaycanın Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınması 11835,9 min ton, yük dövriyyəsi isə 2314,1 milyon ton-km olub.

"Yükdaşıma dövrüyəsinin geriləməsində əsas səbəb ixrac – idxal əməliyyatlarının azalmasıdır".

2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmi 12,4 faiz azalıb. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 24,7 faiz və 44,0 faiz) olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,8 faiz artıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 14,7 faizini və ya 1738,1 min tonunu tranzit yüklər təşkil edilib. Nəqliyyat dəhlizi Avropa - Qafqaz-Asiya -Şanxay (Çin) və Frankfurtu (Almaniya) birləşdirir.

Layihə Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Əfqanıstanı əhatə edir.

Rusiyanın Türkiyə və Ukrayna arasında münasibətlərin pozulması Azərbaycan ərazisindən keçən bu nəqliyyat dəhlizinə ikinci can verdi.

Çünki Rusiya hər iki ölkədən gələn yük maşınlarını və qatarları ərazisinə daxil olmağa imkan vermədi. Türkiyə və Ukrayna isə məcbur olub nəqliyyat dəhlizini dəyişməli oldu. Bu ölkələrin TRACECA dəhlizinə maraq göstərməsi isə Azərbaycanın da maraqlarına uyğundur. Çünki neftin qiymətinin düşdüyü bir vaxtda nəqliyyat dəhlizi Azərbaycan üçün əlavə gəlir mənbəyidir.

Dəhlizinin inkişaf etdirilməsi üçün Azərbaycan rəhbərliyi də addımlar atdı. Məsələn, prezident İlham Əliyevin tapşırığı əsasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Azərbaycandan Qazaxıstana dəniz yolu ilə daşıma tariflərinə 20%-ə qədər endirim tətbiq edildi.

Həmçinin Türkiyə TIR-larına xüsusi güzəştlər tətbiq edildi. Amma bütün bu və digər güzəştlərə baxmayaraq Azərbaycanın Statistika Komitəsinin məlumatı heç də ürəkaçan deyil. Çünki TRACECA nəqliyyat dəhlizi ilə yükdaşıma azalıb.

TRACECA-nın milli katibi Akif Mustafayev ANS PRESS-ə açıqlamasında bildirdi ki, yükdaşıma dövrüyəsinin geriləməsində əsas səbəb ixrac – idxal əməliyyatlarının azalmasıdır.

“Bu azalma həm şərq, həm də qərb istiqmətinə hiss edilir. Geriləmələr müvafiq statistikalarda da öz əksini tapıb. Elə ölkə var ki, əmtəə dövrüyəsi 30 -40 faiz azalıb. Bunun əsas səbəblərindən biri dünyada baş verən iqtisadi böhrandır. Azərbaycanın ərazisindən əsasən Qazaxıstan və Türkmənistan nefti daşınır. Həmçinin Azərbaycan öz məhsullarını da dünya bazarına çıxarır. Amma hazırda iqtisadi böhran olduğu üçün bu daşınmalarda azalıb. Bütün bunların baş verməməsi üçün bazarda daimi yer tutmaq lazımdır”, - deyə TRACECA rəsmisi bildirdi.

Ümumi daşımalarda azalma baş versə də TIR –la yükdaşımalar müəyyən qədər artıb. “TIR-la daşınma daha da arta bilərdi. Amma bəzi hallarda Gürcüstan ərazisinə süni əngəllər yaradılır. Ona görə də daha çox artım baş vermir. Amma bütün bunlara baxmayaraq ötən ilə nisbətən TIR daşımaları təxminən 7 dəfə artıb. Bu əsasən Türkiyə TIR-larının nəqliyyat dəhlizindən istifadəsində hiss olunan artımla əlaqədardır. ”, - deyə Akif Mustafayev bildirdi.

Statistik azalmalar baş versə də Azərbaycanın iqtisadi və coğrafi mövqeyi onun tranzit əhəmiyyətinin daha da geriləməsinə imkan vermir. Çünki Azərbaycan şərqi, qərbi, şimalı və cənubu birləşdirən əsas nəqliyyat dəhlizinin üzərində yerləşir. Bu səbəbdən böyük dövlətlər Azərbaycanın həyata keçirdiyi layihələr dəstəkləryir. Yəqin ki, yaxın gələcəkdə Bakı-Tiflis-Qars dəmir yolu kimi layihələrin işə düşüməsi Azərbaycanın regiondakı əhəmiyyətini və ticarət dövrüyyəsini daha da artıracaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar