Sürücülük imtahanı - DYP-nin üz qarası

Səməd Vəkilov: “Sürücülük imtahanları ASAN xidmətə verilməlidir”

“Gürcüstanda vətəndaşa sürücülük hüququ verən vəsiqəni cəmi 15 dəqiqəyə almaq olur”, “Türkiyədə sürücülük vəsiqəsini almaq çox asandır”. Bu cür xəbərləri oxuyanda adam köks ötürür. Düşünürsən ki, görəsən, Azərbaycanda da nə zamansa sürücülük vəsiqəsinin verilməsi asanlaşacaqmı? Daha doğrusu, bu proses ədalətli, açıq, şəffaf şəkildə keçiriləcəkmi? İlk baxışdan Dövlət Yol Polisi Baş İdarəsinin sözçüləri, bu qurumun sözünü danışanlar deyə bilər ki, sürücülük nəzəri imtahanları test üsulu ilə keçirilir və kim 10 suala doğru cavab yazırsa, sürücülük vəsiqəsini ala bilir. Düzdür, nəzəri sürücülük imtahanları test üsulu ilə keçirilir. Ancaq necə keçirilir? Öncə imtahanların təşkili prosesindən başlayaq. DYP Baş İdarəsi sürücülük imtahanlarını olduqca bərbad şəkildə təşkil edir. Bəribaşdan deyək ki, bu imtahanları DYP-dən alıb Dövlət İmtahan Mərkəzinə vemək lazımdır. DYP bu imtahanları açıq, şəffaf və ədalətli keçirə bilməz. Açıq, ədalətli və şəffaf imtahan keçirmək üçün birinci növbədə istək olmalıdır. Belə bir istək DYP də yoxdur. DYP-ni maraqlandıran vətəndaşın Yol Hərəkəti Qaydalarını və Yol Hərəkəti haqqında qanunu bilməsi deyil. Halbuki yollarda təhlükəsizliyi təmin etmək DYP-nin borcudur, bu qurum mümkün qədər çalışmalıdır ki, yollarda qəzalar və insan itkiləri azalsın. DYP sürücülük hüququ alan vətəndaşların yol hərəkəti ilə bağlı nəzəri və praktiki biliklərə yiyələnməsində maraqlı olmalıdır. Ancaq DYP-ni belə məsələlər düşündürmür. DYP-nin düşündürən sürücünün savadlı, peşəkar olması deyil, daha çox pul qazanmasıdır. Ona görə də texniki peşə məktəbləri sürücülük şəhadətnaməsini vətəndaşa pulla satırlar, DYP üçün bunun heç fərqi yoxdur. Bu qurumu maraqlandıran yeganə nüans vətəndaşın sürücülük imtahanına mümkün qədər hazırlıqsız gəlməsidir.

İmtahanlar sözdə testdir. Burada düzlükdən əsər-əlamət yoxdur. İmtahan keçirilən zalın yaxınlığında gəzişən maklerlər vasitəsi ilə imtahan komissiyasına (Bu rüşvət oradan da yuxarılara gedir-müəll.) 1000 AZN verən şəxs 2 saat ərzində sürücülük vəsiqəsini almış olur. Verməyən dolaşdırıcı suallarla “kəsilir” və yenidən imtahan vermək üçün 15 gün gözləməli olur. Onu da qeyd edək ki, ilk dəfə imtahan verən şəxs DYP-nin kassasına 20 AZN ödəyir. İkinci dəfə imtahana gedən 10 AZN pul ödəməli olur.

İmtahan zalının yanında gəzişən maklerlərin çoxu texniki peşə məktəblərinin nümayəndələridir. Onlar imtahana gələn vətəndaşlarla təmasa girir, onlara imtahanın çətin olduğunu, sürücülük vəsiqəsinin 1000 manata başa gələ biləcəyini “başa salırlar”. Kassanın qarşısında, imtahan zalının girəcəyində lüzumsuz yerə saatlarla gözləyən vətəndaş artıq sürücülük vəsiqəsi almağın asan yolları haqqında düşünür və maklerin sözlərini xatırlayır. Yeri gəlmişkən kassanın qarşısında və imtahan zalının özündə yaradılan süni gözləmə də vətəndaşlar psixoloji təzyiqdən başqa bir şey deyil. DYP istəsə imtahanları daha yaxşı təşkil edər, vətəndaşlar qapı arxasında gözləməzlər.

İmtahan suallarına gəlincə, çoxu bir-birinin oxşarıdır və dolaşdırıcıdır. İmtahan keçirilən binanın bayırında söhbət etdiyimiz vətəndaşlar DYP-nin təşkil etdiyi nəzəri imtahanlardan keçməyin mümkün olmadığını bildirdilər. Nizami rayon sakini Fuad Sadıqov: “Mən dördüncü dəfədir ki, nəzəri imtahanlardan “kəsilirəm”. Cəmi 10 sualdır. İki dəfə düz yazmayanda kompüter sönür. Əslində bu doğru deyil. Suallar dolaşdırıcıdır. Bəzən eyni vəziyyət başqa-başqa suallarda fərqli cavablarla göstərilir. Bu sualları tərtib edənlərin sanki arzu-istəyi insanların oxuyub-öyrənməsi, nəzəri biliklər əldə etməsi deyil. Əsas məqsəd insanların imtahanlarda dolaşması, kəsilməsi, növbəti dəfə 1000 manat gətirib vəsiqəni almasıdır. Belə olmaz! Biz Avropaya inteqrasiya edirik. İmtahanalara belə yanaşma düzgün deyil. Suallar düzgün tərtib olunmalı, əsas məqsəd ona yönəldilməlidir ki, insanlar öyrənsinlər, öz bilikləri ilə imtahan suallarına doğru cavablar yazsınlar”. Yasamal sakini Müşfiq Həsənov da DYP-nin imtahan sualları adlanan “tapmaca”sından “kəsilənlərdəndir”. Deyir ki, 6 dəfə imtahan gəlib, ancaq hər dəfə “Talıbovun testlər”indən keçə bilməyib.

Qeyd edək ki, imtahan verməyə gedənlərin əksəriyyəti texnika üzrə fəlsəfə doktoru, polkovnik-leynenant Əziz Talıbovun “Yol hərəkətinin təşkili” və “Hərəkət təhlükəsizliyinin əsasları” dərsliyi ilə hazırlaşır. “Dövlət Yol Polisi Baş İdarəsi sürücülük imtahanlarını konkret bazara çevirib. Suallar normal tərtib olunsa, ola bilməz ki, bu qədər adam kəsilsin. Çox nadir hallarda imtahanı özü verib sürücülük vəsiqəsi alanlar var. Əksəriyyət ya “kəsilir”, ya bu bataqlığa bir daha gəlməmək üçün 1000 manatından keçməli olur. Bu, biabırçılığa son qoyulmalıdır! Sürücülük imtahanları konkret olaraq DYP-dən alınmalı, bu korrupsiyaya son qoyulmalıdır. Bizim ölkənin vətəndaşları da nəhayət, Gürcüstan, Ukrayna, Türkiyə vətəndaşları kimi asan yolla sürücülük vəsiqəsi almalıdır”.

Ümid edək ki, tezliklə sürücülük imtahanları korrupsiya yuvasına çevrilmiş qurumdan alınacaq, Dövlət İmtahan Mərkəzinə veriləcək.

Hüquqşünas Səməd Vəkilov “Cümhuriyət”ə şərhində qayda pozuntularının olduğunu istisna etmədi: “Sürücülük imatahanlarını Dövlət Yol Polisi Baş İdarəsindən alıb hər hansı bir quruma verilməsi bu məsələni həll etməyəcək. Yenə də eyni neqativ halların şahidi olacağıq. Mən təklif edirəm ki, bu imtahanları ASAN xidmətə versinlər. Ən şəffaf və korrupsiya olmayan qurum ASAN xidmətdir. Nəzəri imtahanı verən şəxsi digər tərəfdən də “yezda” adlanan sürücülük qabiliyyətini yoxlayan imtahanda süni olaraq sıxışdırırlar. İmtahandan keçən şəxslərə “yezda” imtahanı zamanı elə avtomobil verilir ki, həmin şəxs onu idarə etməkdə çətinlik çətir və nəticədə kəsilir. Bir daha vurğulamaq istəyirəm ki, sürücülük imtahanlarını ASAN xidmətə vermək vacibdir”. (cebhe.info)

 

635x100

Şərhlər

Ilham 2016-05-12 13:35:02

Mən Azərbaycanda bu qədər sualları dolaşdırıcı və ikimənalı tərtib etmiş "mütəxəssisin" olmasına inanmırdım...

Son yazılar