HARINLIĞIN «YOL XƏRİTƏSİ»…

Alqış HƏSƏNOĞLU

Bir neçə gün əvvəl müsahibəyə baxırdım...

Bir məmur açıqlama verir. Yekə bir kresloda əyləşib. Ədalarını, ritorikasını telejurnalistin sualına, tamaşaçının gözləntisinə deyil, yayxanıb-ennəndiyi kreslonun ölçülərinə hesablayaraq, yekə-yekə doğrayıb-tökür.

Məmurun təşəxxüsü o qədər əndazəsiz ki, kresloya sığmır.

Kreslo o qədər iridir ki, ekrana yerləşmır, az qala evin içinə girib adamın üstünə gəlir...

Nədən belə?

Bu yekəlikdə kresloya, bu yekaxana, köntöy görkəmə və davranışa nə ehtiyac?

Müxtəlif yozumlar verilə bilər.

Məsələn, kresloya belə "aşiqliyi" milli ənənəmizin ayrilmaz bir detalı kimi şərh etmək yerinə düşərdi...

Axı bizdə heç vaxt şəxsiyyət kultu olmayıb; biz insanın şəxsiyyətinə yox, onun kreslosuna və vəzifəsinə pərəstəş etmişik. Görünür, elə bu səbəbdən dəyərlərimizə vaxtında sahib dura biməmiş, kreslosunu itirən şəxsiyyətlərimizə dönük çıxmışıq və s... Təbii ki, bu cür mülahizələri genişləndirib inkişaf etdirmək mümkündür.

Ancaq...

Mənim qənaətimdə "Nədən belə yekə kreslo?" sualının təfsilatsız-filansiz  bir və çox sadə cavabı var: bu nadanlığın, cahilliyin, ibtidai düşüncənin məmurlaşmış formasıdır...

Düzdür, bu da sualı bütövükdə, çikinə-bikinə kimi əhatə edə bilmir .

Çünki bu konkret sual və onun sadə cavabı özündə neçə-neçə mürəkkəb və müşgül məsələni ehtiva edir, cavabsız və daha yekə-yekə suallar doğurur. Necə ola bilir ki, cahillik məmur qiyafəsində ekrana çıxa bilir?

Necə ola bilir ki, cahil məmur statusu qazanıb siyasi kürsülərə dırmaşır, rəyasət sahibinə cevrilə bilir?

Və ən pisi odur ki, bu ictimai düşüncəyə nadan və nadanlığın rəsmi müstəvidə təltif edilməsi anlamı kimi daxil ola bilir ...

1997-ci ilin sonlarına təsadüf edən bir hadisəyə qayıtmaq istərdim: AzTV-də nazirliklərin birində keçirilmiş illik-hesabat müşavirəsindən reportaj göstərilir. Verilişi izləyən Heydər Əliyev müşahidə edir ki, nazir cox təmtəraqlı və böyük bir stolun arxasında əyləşib. Dərhal nazirə telefon edib soruşur:

- Sən nəyə görə özünü belə fərqləndirirsən?

Nazir deyir ki, mən nazirəm dəə. Heydər Əliyev soruşur:

- Səni kim nazir təyin edib?

Nazir cavab verir ki, əlbəttə, Siz.

Heydər  Əliyev deyir:

- Amma nəzərə al ki, səni nazir təyin edən şəxsin o boyda stolu yoxdur.

Və əlavə edir: "Belə alınır ki, sən idarəçilikdə cox təsadüfi adamsan..."

Mən azman dövlət adamının bu ibrətamiz söhbətini əbəs yerə xatırlamıram.

Bax, elə bu yerdə mənzərə aydınlaşır. "Yekə  kreslo"ya olan "sevgi"nin sirri faş olur; təşəxxüsün mənbəyi bilinir; harınlığa gedib söykənən prosesin "yol  xəritəsi" aşkara çıxır. Təxmini sxem belədir. "Təsadüfi adam" idarəçilyə yol tapır, kürsüyə yiyələnir, iştahını böyüdür,  varlanır.. və kreslosunun siyasi və fiziki çəkisinin artırmaq iddiasına düşür...

Məmurun təşəxxüsü və yekə kreslosu gözümün önündən getmir.

Və görürəm ki, bu  gün sağımızda, solumuzda, çiynimizdə, başımızın üstündə təsadüfi adamların sayı çoxalır, mövqeyi möhkəmlənir...

İndi Azərbaycan dövləti və iqtidarı qarşısında təxirəsalınmaz bir vəzifə dayanır.

Təsadüfi adamları idarəçiliyə, hətta bəzən onun ən həssas məqamalarına qədər dartıb aparan sosial-siyasi zənciri qırıb-dağıtmadan ardıcıl, yaşarı nailiyyətlərə imza atmaq mümkün olmayacaq!...

Bu, həm də işğal altında qalan Qarabağın azad edilməsini təmin edə biləcək müqəddəm şərtlərdən biridir.

Azərbaycan əsgərinin şücaətini Azərbaycan məmurunun təvazösü tamamlamalıdır.

Əks  təqdirdə!...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar