Generaldan “qanuni oğru”ya seçki xahişi

Mədət Quliyev həbsxana rəislərinə xüsusi göstəriş verib

Oktyabrın 9-da prezident seçkilərinin cəzaçəkmə müəssisələrində normal qaydada keçməsi və məhbusların seçici fəallığı nümayiş etdirməsi üçün “Lotu Quli” ləqəbli Nadir Səlifovun nüfuzundan istifadə edilir.

AzNews.az-a daxil olan məlumata görə, hətta 8 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi “Lotu Quli” ilə görüşərək, “qanuni oğru”dan bu məsələdə yardım istəyib. Mənbə bildirir ki, “Lotu Quli”dən öz nüfuzundan istifadə edərək təkcə 8 saylı müəssisədə yox, digər həbsxanalarda da səsvermə prosesinin fəal və normal keçməsi üçün kömək istənilib. Mənbə bildirir ki, həbsxanalarda seçki fəallığını artırmaq üçün Penitensiar Xidmətin rəisi Mədət Quliyev həbsxana rəislərinə xüsusi göstəriş verib.

Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz Nadir Səlifovun vəkili Kamandar Nəsibov AzNews.az-a verdiyi açıqlamada müdafiə etdiyi şəxsin seçkilərə həmişə xüsusi diqqətlə yanaşdığını deyib: “Nadir Səlifovun Azərbaycan Respublikasının vətəndaşı olduğunu təsdiqləyən sənədi yoxdur. Buna görə də o, səsvermədə iştirak edə bilmir. Ancaq bununla belə həmişə seçkilərin normal, demokratik şəraitdə keçirilməsinə, məhbusların səsvermədə fəal iştirakına tərəfdar olub və bunu da həmişə bəyan edib. Təbii ki, təkcə özü cəza çəkdiyi müəssisədə yox, digər həbsxanalarda da onun bu mövqeyinin təsiri var. Buna görə də Nadir Səlifov məhbusları seçkilərin normal keçməsi, səsvermə hüququ olan məhbusların bu hüququndan istifadə etməsi üçün fəallıq göstərməyə çağırıb. Burada qeyri-təbii heç nə yoxdur. Nadir Səlifov Azərbaycan vətəndaşı olmasa da, azərbaycanlıdır. Dövlətlə, dövlətçiliklə heç bir problemi yoxdur. Azərbaycanın inkişafını görən və qiymətləndirən adamdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar