“MİLLİ MƏCLIS SƏDRİNİN ELEMENTAR MƏDƏNİYYƏTİ OLMALIDIR...” – İlyas İsmayılov spikeri “yıxdı-sürüdü”

“Mən belələrini layiq olduqları yerlərdə çox görmüşəm”

Son günlərin ən qalmaqallı hadisələrindən biri Milli Məclisin deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılovla parlamentin spikeri Oqtay Əsədov arasında yaşanan söz atışması oldu. Bu insidentin səbəbi nə idi? İki ciddi ictimai statusa sahib olan bu şəxslər niyə öz əsəblərini cilovlaya bilmədilər?

Bu suallara hüquqşünas-deputat İlyas İsmayılovla müsahibədə cavab axtarılıb.

- İlyas müəllim, Milli Məclisin sədrini hansı sözünüz qıcıqlandırdı ki, çıxışınıza o cür reaksiya verdi?

- Doğrusu, bu sual mənə aid deyil. Yaxşı olardı ki, bunu Oqtay Əsədovun özündən soruşaydınız. Yəqin ki, mənim hökumətin fəaliyyətini tənqid etməyim onun xoşuna gəlməyib. Bir də mümkündür ki, o, kiməsə yarınmaq istəyib. Ona görə də çıxışıma elə reaksiya verdi.

Parlament sədrinin deputatın fikrinə elə kobud müdaxilə etmək, ona irad tutmaq səlahiyyəti yoxdur. Artıq mətbu orqanlarda dərc olunmuş həmin çıxışıma diqqətlə nəzər salsanız, onun yalnız tənqid üzərində qurulmadığını görə bilərsiniz. Mən həyata keçirilən müsbət işləri qeyd etməklə yanaşı, hökumətin yol verdiyi nöqsanları da qeyd etmiş və problemlərin həll yollarını göstərmişdim. Burada başa düşülməyən nə var ki?!

- Həmin insident zamanı spikerə öz işi ilə məşğul olmasını məsləhət gördünüz. Onun işi nə olmalıdır?...

- Bilirsiniz, parlament rəhbərinin, yaxud üzvünün vəzifələrini və hüquqlarını mənim, sənin və ya onun fikirləri müəyyənləşdirmir. Bu fəaliyyəti müəyyən edən bir çox normativ aktlar var. Onlardan biri də Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsidir. Nizamnamənin 8-ci maddəsində deputatların hüquqları aydın qeyd olunub. Deputatın istənilən məsələ barədə fikir bildirmək, çıxış etmək, təklif vermək səlahiyyəti var. Sədrin isə onun çıxışına irad tutmaq hüququ yoxdur. Sözügedən sənədin 10-cu maddəsi Milli Məclis sədrinin səlahiyyət və vəzifələrinə həsr olunub. Maddədə göstərilir ki, sədr parlamentin iclaslarında iştirak edənlərə söz verir, deputatların təkliflərini səsə qoyur, səsvermənin nəticələrini elan edir. Onun yalnız Milli Məclis Aparatının işçilərinə göstəriş vermək, irad tutmaq haqqı var. Görünür, bu adam deputatları da öz işçisi hesab edir ki, mənim çıxışıma iradını bildirir. Halbuki sədr belə məsələlərdə tərəfsizlik nümayiş etdirməlidir. Mən də bir hüquqşünas-deputat kimi adamı öz vəzifəsini icra etməyə çağırdım. O isə məni təhqir etdi.

- Spikerin reaksiyası həqiqətən də sərt oldu...

- Mən ona irad tutmaq səlahiyyətinin olmadığını xatırladanda dedi ki, “irad da tutaram, o yana da keçərəm”. Bu nə cavabdır? Özünə, daşıdığı vəzifəyə hörmət qoyan adam bu cür danışarmı? Oqtay Əsədovun heç bir əndazəyə sığmayan bu çıxışı ictimai rəydə də yaxşı qarşılanmadı. Hətta mətbuatda onu “bazarkom”, “müasir Xudayar bəy” adlandıranlar da oldu. Mətbuat nümayəndələrindən fərqli olaraq mən onu başa düşürəm. Çoxillik hüquq təcrübəmdən bilirəm ki, hər bir insan yaşadığı, işlədiyi və onun xarakterini formalaşdıran mühitin məhsuludur. Oqtay Əsədovun bu cavabını da əvvəllər işlədiyi təsərrüfat təşkilatlarında formalaşmış xarakterinin təzahürü kimi qəbul etdim. Mən belələrini layiq olduqları yerlərdə çox görmüşəm. Zənnimcə, hər kəs şəxsi keyfiyyətlərinə uyğun fəaliyyət növü və həyat tərzi seçsə daha yaxşı olar. Mənə toxunan isə onun başqa fikirləri oldu. Fikir verin, görün mənə nə deyir: “Özünə hörmət qoy! Adama hörmət göstərəndə həddini aşmaz”. Əlbəttə, bu artıq bazar söhbətidir. Bu adam dərindən fikirləşsə başa düşər ki, mən məhz daşıdığım ictimai statusa, şəxsi ləyaqətimə hörmət qoyduğuma görə ona cavab vermişəm. Həddini aşan, özünə hörmət qoymayan isə onun özüdür. Oqtay Əsədovun Milli Məclis sədrinə yaraşmayan digər sözləri bunlar idi: “Günah bizdədir ki, sənin kimisinə şərait yaratmışıq, çıxıb danışıb belə hörmətsizlik edirsən”. Təhqir məhz burda başlayır. Bu ana qədər dediklərini bəlkə keçmişinin gətirdiyi xislətinə görə ona bağışlamaq olardı. Çünki bunlar onun mahiyyətinin, tərbiyəsinin göstəricisi idi. “Sənin kimisi” ifadəsi isə artıq insanın şəxsiyyətini aşağılamaqdır və Oqtay Əsədov bu sözlərlə yalnız məni deyil, digər deputatları da təhqir etdi. Digər tərəfdən, başa düşə bilmirəm, mən hansı hörmətsizliyi etmişəm? Onun qeyri-qanuni hərəkətlərinə cavab vermək nədən hörmətsizlik sayılsın? İnsan bu dərəcədə özündən bədgüman olmaz. Bu məndə ancaq təəssüf hissi doğurur.

- Səhv başa düşmədiksə, Sizin acığınıza gələn Oqtay Əsədovun “sənin kimisi” ifadəsi olub...

- Bəli, məhz bu ifadə. Milli Məclis sədrinin ən azından elementar mədəniyyəti olmalıdır. Əvvəla, o mənə hansı haqla “sən” deyə müraciət edir? Bəlkə mən onunla birlikdə əvvəllər işlədiyi yerlərdə çalışmışam, şərikli işlərimiz olub?

İkincisi, “sənin kimisi” nə deməkdir? O, öz tərcümeyi-halı ilə mənim həyat yolumu müqayisə etsə, dediyindən utanar.

Üçüncüsü, “şərait yaratmışıq” nə deməkdir? O mənə heç bir şərait yaratmayıb! Əksinə, bilmirəm öz təşəbbüsü ilə, yoxsa kiminsə göstərişi ilə mənim hüquqlarımı daim kobud şəkildə pozub. Şikayət etməyi sevmirəm, onun sözlərinə cavab vermək ehtiyacı yaranmasaydı, bunu heç vaxt deməyəcəkdim.

Milli Məclis hakimiyyətin bir qoludur. Oraya seçilmək, dövlətin idarə olunmasında iştirak etmək hər bir Azərbaycan vətəndaşının konstitusion hüququdur və kiminsə yaradacağı şəraitdən asılı olmamalıdır. Hər halda mən, onun kimi, qudamın icra başçısı olduğu rayondan deputat “seçilməmişəm”. İndi qoy özü desin, kimə hörmət olunub: ona, yoxsa mənə?! Azərbaycanın üç müxtəlif rayonunun sakinlərinin arzusu ilə deputat mandatı almışam. Namizədliyim irəli sürülən seçki dairəsində seçkilər tam ədalətlə keçirilib və Ağstafa, Qazax, Tovuz sakinləri mənə etimad göstəriblər. Buna şübhə edənlər varsa, günü bu gün də sorğu keçirib seçicilərin münasibətini öyrənə bilərlər. Bəzilərindən fərqli olaraq mənim hesab verə bilməyəcəyim heç bir müəmmalı tərəfim də yoxdur. Nəyim varsa, hamısını alnımın təri ilə qazanmışam. Nə mənbəyini göstərə bilməyəcəyim kapitalım, nə də müvafiq sənədlərdə bəyan etmədiyim otelim, restoranım və başqa obyektlərim var. Nəyim varsa, göz qabağındadır. Qoy yoxlasınlar kimin nəyi var - mənim, yoxsa Milli Məclis sədri vəzifəsində oturan, lakin özünü apara bilməyən adamın? Onda hər şey aydın olar.

Fikir verdinizsə, sonda o, dialoq aparmaq qabiliyyətində olmadı, sözümü kobud surətdə kəsərək mikrofonu söndürdü. Zənnimcə, bu da səviyyənin, xüsusilə də mədəniyyətin göstəricisidir.

- İlyas müəllim, Oqtay Əsədovun Sizə qarşı bu kobudluğunun səbəbi son zamanlar parlamentdə qeyri-qanuni təmsil olunan deputatların məsələsini dəfələrlə qaldırmağınızla bağlı ola bilərmi?

- Mümkündür, əlbəttə. Bilirsinizmi, parlamentin indiki tərkibinin niyə bu cür formalaşdırılmasının səbəbi mənə aydın deyil. Elə deputatlar var ki, qanuna zidd olaraq həm icra strukturlarında, həm də parlamentdə təmsil olunurlar. Bu isə Konstitusiyamızın və Seçki Məcəlləsinin müddəaları ilə daban-dabana ziddir. Həm də bu insanların sayı kifayət qədər çoxdur. Mən də bir hüquqşünas-deputat kimi bu barədə mütəmadi olaraq məsələ qaldırıram, o cümlədən bu ilin 3 mart tarixində Milli Məclisin sədri kimi Oqtay Əsədova məktub göndərmişəm. Ondan Milli Məclisin bəzi deputatlarının mandatdan məhrum edilməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət etməsini və həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 85 və 89-cu maddələrinin şərh olunması üçün Konstitusiya Məhkəməsinə sorğu verilməsi barədə məsələni Milli Məclisin müzakirəsinə çıxarmasını xahiş etmişəm. Lakin çox təəssüf ki, bu qanuni tələbimə qarşı da laqeydlik göstərilir. Bu dəhşətdir. Milli Məclis sədri Konstitusiyanın, Seçki Məcəlləsinin kimlərinsə şəxsi maraqları naminə pozulmasına göz yumur. Bu da əslində qanun pozğunluğunda iştirakçılığın bir növüdür. Bu mövqeyimdən kimlərsə qıcıqlana bilərlər. Amma mənim üçün onların qıcıqlarının heç bir mənası yoxdur. Mənim üçün qanunların aliliyi prinsipi daha önəmli və mənalıdır. Əgər Milli Məclisin sədri məndən həqiqətən də bunun qisasını alırsa, bu mənasız fəaliyyətdir. Qoy, bir də fikirləşsinlər: Konstitusiyanın və Seçki Məcəlləsinin imperativ tələbləri nəyin naminə pozulmalıdır? Biz bununla vətəndaşlarımıza hansı nümunəni göstəririk? Axı insanlar hər şeyi başa düşürlər. Nə üçün formal qanun pozuntusuna görə adi vətəndaşlar həbs olunmalı, onlara əziyyət verilməli, ancaq elitar saydıqları adamlar Konstitusiyaya zidd olaraq Milli Məclisdə oturdurmalıdırlar?! Vaxtilə doğru deyiblər: “Kim acından ölməmək üçün çörək oğurlayırsa, qazamata göndərilir, dəmir yolunu oğurlayanlar isə senator təyin edilirlər”. Düşünürəm ki, əlavə şərhə ehtiyac yoxdur.

Ən dəhşətlisi budur ki, mən bir ilə yaxındır, bu barədə bir növ həyəcan təbili çalıram. Dəfələrlə Mərkəzi Seçki Komissiyasına, Konstitusiya Məhkəməsinə, Milli Məclisin sədrinə müraciət edirəm. Cəmiyyət də bunun şahididir. Ancaq... Mənim tərəfimi saxlayanlar olsa da, buna cavabdehlik daşıyan hakimiyyət nümayəndələri arasında laqeydlik, etinasızlıq hökm sürür. Yeri gəlmişkən, Polşa yazıçısı Bruno Yasenskinin “Laqeydlərin sui-qəsdi” əsərində səsləndirdiyi bir fikir birbaşa bizim reallıqlarımıza da aiddir. O yazırdı ki, “Düşməndən qorxmayın; pis halda o, sizi öldürə bilər, dostlardan da çəkinməyin; pis halda o, xəyanət edə, sizi sata bilər. Laqeydlərdən qorxun: dünyada baş verən bütün ölümlər və xəyanətlər məhz onların susmasının nəticəsidir”.

- Qanunların bu qədər açıq şəkildə pozulmasına və Sizin vaxtaşırı bunu gündəmə gətirməyinizə baxmayaraq, məsələ hələ də həll edilməmiş qalır. Sizcə, bu deputatlar niyə bu qədər toxunulmaz və əvəzedilməz hesab olunurlar?

- Qoy buna zəhmət çəkib, parlamenti bu hala gətirənlər cavab versinlər. Bəlkə biz bilmirik, onlar həqiqətən də əvəzolunmaz insanlardır? Bunu heç olmasa ictimaiyyətə desinlər və əsaslandırsınlar. Bu, vətən naminə edilsəydi, mən onları qəbul edərdim. Fikrimcə, cəmiyyətlərdə əvəzolunmaz insanlar həqiqətən də olur. Belə şəxsiyyətlər bütün zamanlarda bir neçə işi yerinə yetiriblər. Məsələn, çox da uzaq olmayan sovet tarixinə nəzər salanda Fyodor Ustinovun 33 yaşında dörd vəzifə, o cümlədən Xalq Komissarı, Silahlanma naziri vəzifələrini daşıdığını görə bilərik. Yaxud götürək avtokonstruktor Yakovlevi. Həm Aviasiya nazirinin birinci müavini, həm də Konstruktor bürosunun rəhbəri idi. Raket quruculuğu və kosmonavtika sahəsində konstruktur olan nəhəng alim Korolyov 5 vəzifəni birdən icra edirdi. Bu da başadüşülən idi. Həmin insanlar öz sahələrində doğrudan da əvəzolunmaz idilər.

Öz respublikamızdan da misal göstərə bilərik. Akademik Azad Mirzəcanzadə Bakıda 3 vəzifə daşıyırdı, həmçinin Moskva və Ufada laboratoriyalara rəhbərlik edirdi. Çünki o, hər yerdə neft istehsalının əsaslarını yaradırdı. Məhz buna görə də 500-dən artıq elmlər namizədi və doktor yetişdirə bilmişdi.

Belə misalları çox çəkmək olar. Bəlkə bizim rektorlar arasında da elə görkəmli alimlər var və onlarsız nə Milli Məclisin iclasları keçirilə, nə də universitetlər idarə oluna bilər? Hər halda mən bu barədə məlumatsızam. Buyurub izahat versinlər.

Bir məqama da diqqət çəkmək istəyirəm. Biz tez-tez erməni qəsbkarlarından heç də az təhlükəli olmayan, bizi ağac qurdu kimi içəridən yeyən korrupsiyadan danışırıq. Haqsız da deyilik.

Hüquqşünas kimi deyirəm: əgər Konstitusiyanın və Seçki Məcəlləsinin imperativ tələbləri belə açıqdan-açığa, nümayişkəranə, şəxsi maraqlar naminə kobud şəkildə pozulursa, onda bu və digər qanunları dəfələrlə pozmaq nə üçün mümkün olmasın? Bu pozuntularda da korrupsiyanın kölgəsi görünmürmü? Düşünürəm ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bununla ciddi məşğul olmalıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar