RÜSTƏM İBRAHİMBƏYOVDAN GÖZLƏNİLMƏZ ÇAĞIRIŞ - "Daxildəki dedi-qodular kənara qoyulmalıdır"

«Bu gün vəziyyət çox təhlükəlidir, Azərbaycan hər şeyə hazır olmalıdır».

Bu sözləri Azadlıq Radiosuna müsahibəsində, Moskvada yaşayan kino xadimi, Milli Şuranın keçmiş rəhbəri Rüstəm İbrahimbəyov deyib.

Rüstəm İbrahimbəyova görə, təhlükəyə qarşı hazır olmağın yolu da ölkədəki iqtidarlı-müxalifətli bütün qüvvələrin birləşməsindən keçir: «Bu birləşmə, yaxınlaşma addımları siyasi məhbusların azad olunması ilə başlamalıdır. Mən Milli Şura üzvü olaraq deyə bilərəm ki, bu zaman biz birləşməyə gedə bilərik. Daxildəki dedi-qodular kənara qoyulmalıdır. Bundan sonra bir araya gəlib təhlükələrin qarşısının alınması yolları haqqında birgə fikir mübadiləsi aparılmalıdır. Bu olmasa hakimiyyət-müxalifət-cəmiyyət dialoqu alınmayacaq. Özü də bu yaxınlaşma addımını ilk olaraq hakimiyyət atmalıdır».

Yaxınlaşmanın hansı ideya, kimin ətrafında baş tutmasının mümkünlüyünə gəlincə, Rüstəm İbrahimbəyov hesab edir ki, kimin ətrafında birləşmə ikinci dərəcəlidir, əsas ideya işğal altındakı Azərbaycan torpaqlarının azad olunması, sərhədlərin möhkəmləndirilməsi ətrafında olmalıdır: «İndi o qədər təhlükəli bir vəziyyətdir ki, heç kim deyə bilməz ki, sabah Ukraynada baş verən hadisələr haradasa baş verməyəcək. Bu baxımdan Azərbaycan çox pis vəziyyətdədir. Yaranmış vəziyyətdən Azərbaycana qarşı istifadə edə bilərlər. Mən bilmirəm o təhlükə Rusiyadan gələ bilər, yoxsa Ermənistandan, amma bütün hallara hazır olmalıyıq. Bunun üçün də iqtidar çətin vəziyyətdən çıxmaq üçün cəmiyyətin bütün təbəqələri ilə birləşməyin yolunu tapmalıdır. Camaatın evindən bayıra atılması, evlərin sökülməsi yolu ilə birləşmək mümkün deyil. Azərbaycan hakimiyyəti daxili siyasətini dəyişməlidir ki, xalqın birləşməsi mümkün olsun».

Rüstəm İbrahimbəyov hesab edir ki, 21-ci əsrdə bir ölkənin hərbi gücdən istifadə edib hansısa ölkənin ərazi bütövlüyünü pozması cinayətdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar