MİLLİ ŞURA İZDİHAMLI MİTİNQ KEÇİRDİ- Cəmil Həsənli seçicilərlə görüşdü - YENİLƏNİR- FOTOLAR- VİDEO

Mitinqin şüarı isə budur: «22 sentyabr zülmə, yalana, talana «bəsdir!» demək günüdür»

"Bu zülm və istibdad rejimin axırına çıxacağıq"

18:00: Sonda Milli Şuranın vahid namizədi Cəmil Həsənnli çıxış etdi:

-Ey uca millətim! Ey 1918-ci ildə cümhuriyyət yaratmış qurucu babaların şərəfli nəvələri.

Biz Milli Şuramızın müəyyən etdiyi yolla gedirik. Əmin ola bilərsiniz ki, yurdumuzu sarmış bu zülm və istibdad rejimin axırına çıxacağıq.

Millət yoludur, haqq yoludur tutduğumuz yol,

Yaşa, ey sevgili millət, yaşa, var ol.

Milli Şuranın müəyyən etdiyi yol, milli birlik yoludur. Bu kriminal rejim bizi vaxtından əvvəl dəfn etmək istəyirdi. Sizlər bu meydana toplaşıb mesaj verdiniz ki, biz diriyik, gəlirik.

Ey azadlığa təşnə olan vətəndaşlarımız, ey Azərbaycan demokratiyasının körpə fidanı olan gənclərimiz, gözü yaşlı əsgər anaları, əmin olun ki, ədalət bərpa olunacaq, hər kəsin haqqı özünə qaytarılacaq.

And olsun şərəfimə. Qara günlü millətin ziyalısı ağ kəfəndə dəfn oluna bilməz. Biz bu zülmün qarşısında dayanmalıyıq. Həzrət Əlinin bir söz var: Zülmü görüb ona etiraz etməmək, zalımın yanında olmaqdır.

Millət qəddini düzəldib göstərməlidir ki, bu vətənin sahibi mənəm.

Millətimiz yaşlaşdıqca həbsdə olan siyasilərimiz cavanlaşır.

Bu adamların günahı nədir? Allah sevgisi. Allah sevgisinə vətən sevgisini qatmaqdır.

Bu hökumət narkotikaya o qədər uyub ki, narkotik itithamı bunların hüquq sisteminin əsasına çevrilib.

Gəlsin mənimlə debata, izah etsin ki, 10 ildə bu torpağın 1 qarışı niyə azad olunamdı? Korrupsionerin vətən-torpaq sevgisi ola bilməz. Bunlar Qarabağ problemmini də hakimiyyətdə qalmaq üçün alver predmetinə çeviriblər.

Bu seçki deyil, seçki görüntüsüdür, xalqın haqqına, hüququna həqarətdir.

Qoy onlar öz əməllərindən, xalqın fəlakətləri üzərində sərvət toplamalarından utansınlar.

Bunlar mif yaradırdılar ki, Azərbaycanın sülalə hakimiyyətindən başqa yolu yoxdur. Heç kəs bu ölkəni Şimali Koreyaya döndərə bilməz.

Ey, şərəfli millətin şərəfli varisləri. Səsinizlə tarix yaradın. Vətənimizi və özünüzün qurtuluş haqqına sahib çıxın.

Millətin içindəki ortada olmalıdır. Haqq uğrunda, ləyaqətli həyat uğrunda mübarizə milli mücadiləmizin əsasını təşkil edir.

Sonda mitinq qətnamənin oxunması ilə başa çatdı.

"İlham Əliyev, prezidentliyə namizədliyini geri götür"

17:40: Növbəti çıxışçı Müsavat başqanı İsa Qəmbər oldu: "Heç bir qüvvə xalqın qarşısını kəsə bilməz. Biz mütləq qalib gələcəyik. Bizi ittiham edirdilər ki, iddialarından əl çəkə, başqasəna gözəştə gedə bilmirdilər. İndi isə deyirlər ki, niyə özləri iddia ortaya qoymurlar, ziyalı bir şəxsin arxasında gizləniblər.

Bu tamamilə əsassız fikirdir. Biz iddiamızdan geri çəkilməmişik. Bizim iddiamız vəzifə, prezidentlik iddiası deyil. Azərbaycanın azad, demokratik ölkə olması, sərvətlərimizin xalqımıza çatması, Qarabağın azadlığıdır. Biz bu iddialarımızdan heç vaxt geri çəkilməyəcəyik.

Biz Cəmil bəyin arxasında gizlənməmişik. Biz Cəmil bəyin yanındayıq, ona olan hücumların qarşısındayıq. Bunu İlham Əliyev və ətrafındakılar yaxşı bilsin.

Debatlarda gördünüz ki, əksər namizədlərin hədəfi Cəmil bəydir. Onlar hətta ləyaqətsizcəsinə, Cəmil bəyin ailə məsələlərinə qarışdılar. Amma Cəmil bəy adekvat cavab verməyib, çox sərrast şəkildə Əliyevlər ailəsinin xalqdan oğurladıqları hesabına qurduqları biznesindən danışdı.

Bütün həqiqətlər açıqlanmalıdır. Bizim namizədin, bizim tələbimizlə bütün həqiqətlər açılacaq.

İsa Qəmbər siyasi məhbusların adlarını çəkib, onları salamladı. Bildirdi ki, onların azadlığa çıxmasına az qalıb.

Müsavat başqanı İlham Əliyevi prezidentliyə namizədliyini geri götürməyə çağırdı:"Bilirik ki, Cəmil bəy bütün xalqın, o cümlədən İlham Əliyevin prezidenti olacaq. Həmişə Heydə və İlham Əliyevlərin istefasını tələb etmişəm. Bu gün isə İlham Əliyvə təklif edirəm ki, prezidentliyə namizədlikdən istefa versin, namizədliyini geri götürsün. Tam ciddi deyirəm, İlham, namizədliyinni geri götür. Azərbaycan xalqı naminə, xalqı nəzərə almırsansa, özünü düşünərək, namizədliyini geri götür"..

***

17:20: Mitinqdə EL Hərəkatının rəhbəri Eldar Namazov çıxış etdi. Dedi ki, Mlli Şuranın regionlarda da kampaniyası artıq başlayıb. O, bu məsələ ilə bağlı Ağstafada olduğunu dedi və o bölgənin salamanı çatdırdı.

“Bölgə insanlarımızın bu seçki ilə bağlı mesajlarını ümumiləşdirilmiş şəkildə belə ifadə etmək olar: “İlham, bəsdir!”, - deyə o bildirdi.

"Biz göstərməliyik ki, qorxaq deyilik"

17:08: İkinci çıxışçı tanınmış hüquqşünas Aslan İsmayılov oldu. O, bildirdi: "Bizim hər birimizin həmin debatlarda qürurumuzu, ləyaqətimizi, əxlaqi-mənəvi dəyərlərimizi tapdaladılar. Göstərdilər ki, guya bizi hafizlər, zahidlər təmsil edir. Həmin debatda həyatı ilə Azərbaycana xidmət edən, onu canı qədər sevən Cəmil Həsənlinin qismində bütün xalqımızı təhqir etdilər.İllərdir deyirdilər ki, müxalifət birləşə bilmir. Müxalifət birləşdi. İllərdir deyirdilər ki, lideriniz yoxdur. Bu gün biz liderimizi görürük. Əxlaqlı, savadlı, qeyrətli, vətənini, xalqını sevən, onun səsini və hüququnu qorumaq qüdrətini nümayiş etdirən Cəmil Həsənli...

Biz göstərməliyik ki, haqqımızı müdafiə edə bilirik. Kimsəsiz, qorxaq deyilik.

Bura siyasətçi kimi yox, vətəndaş kimi gəlmişəm. Vətənim, balalarım, şərəfim üçün gəlmişəm.

Hər məhkəmə prosesindən sonra qulağıma "Biz nə edə bilərik, bacarmırıq, sənin kimi ola bilmirik" deyən hakimlərə, prokurorlara müraciət edirəm. Bu rəzilliyə, alçaldılan həyata dözməyin, siz də bizim kimi olun".

Aparıcı Milli Şuranı Rusiyaya bağlamaq istəyənlərə cavab verdi. Dedi ki, bu ittihamları səsləndirənlər zamanında Azərbaycanın müstəqilliyinə qarşı çıxanlardır. "Milli Şurada cəmlənən qüvvələr isə Azərbaycanın müstəqilliyi uğrunda meydanlarda savaş veriblər. İndi mübarizənin növbəti mərhələsi yaşanır. Müstəqilliyinə nail olduğumuz Azərbaycanın sərvətlərinin ədalətli bölgüsünə, xalqa çatmasına nail olmalıyıq və olacağıq", -deyə o bildirdi

Sonra söz keçmiş vicdan məhbusu Tural Abbaslı çıxış etdi.

Ondan sonra İsgəndər Həmidov danışdı. O, bildirdi ki, hakimiyyət istədi0istəmədi, bu seçkinin qalibi Cəmil Həsənlidir..

***

"Cəmil Həsənli Əliyevlər rejimini artıq sarsıdıb"

16:30 Mitinqdə ilk çıxışı AXCP sədri Əli Kərimli etdi.. O bildirdi ki, Cəmil Həsənli 12 dəiqə müddətində hakimiyyəti darmadağın etdi:" Artıq bir neçə gündür ki, xalqımızın gələcəyi uğrunda İctimai Televiziyada bir döyüş gedir. Bu döyüşdə sizin namizəd Cəmil Həsənli ardıcıl və sərrast zərbələri ilə 20 ildir Azərbaycanı əsarətdə saxlayan Əliyevlər rejimini artıq sarsıdıb.

Qələbə yaxındadır, qələbə mütləq olacaq, qələbə Cəmil Həsənli ilə gələcək. Cəmil Həsənli cəmi 12 dəqiqəlik çıxışı ilə İlham Əliyevin 10 illik hakimiyyətini necə sarsıtdı.

Cəmil Həsənli təkcə hakimiyyəti ifşa etmədi. Həmdə Azərbaycan xalqına ciddi mesajlar verdi. Mesaj verdi ki, illərdir sizdən oğurlanan milyardlar ofşor hesablarda, xarici banklardadır. Gəlin, sərvətlərinizə sahib çıxın.

Cəmil Həsənli Azərbaycan gəncliyinə mesaj verdi ki, keyfiyyətli təhsil ala bilməyəndə, özünüzə iş, ailə qura bilməyəndə haqqınız olan neftin pulları hakim ailənin sizin yaşıdlarınız olan övladlarının adlarına mülklər almağa sərf olunub. Gəlin, sizə çatası sərvətlərə sahib çıxın, gələcəyinizi xilas edin.

9 sentyabrda Azərbaycan xalqının seçimi çətin olmayacaq. Bir tərəfdə korrupsioner rejimin başçısı, o biri tərəfdə şəffaf həyat yaşayan, hər zaman xalqı düşünən Cəmil Həsənli var. Belədə əlbbətə ki, seçim çətin olmayacaq.

Bir tərəfdə Qarabağı almaq bir tərəfə, atəşkəsə qədər Azərbaycana gəlməyən, hər zaman polisin arxasında gizlənən İlham Əliyev, o biri tərəfdə şahın üzünə onun əməllərini cəsarətlə ittiham kimi deyən Cəmil Həsənli var. Deməli seçim çox asandır.

Gəlin, oğrunun yox, doğrunun yanında olaq və deyək ki, zalımdan qurtulmağı biz də bacardıq".

Mitinqə 10 mindən artıq insan qatılıb

16:23: Mitinq dövlət himinin səslənməsi ilə açıq elan olundu. Mitinqin aparıcısı AXCP Rəyasət Heyatinin üzvü Sahib Kərimlidir. Aparıcı bildirdi ki, mitinqin başlıca şüarı "İlham, bəsdir!"dir. O, siyasi məhbusların adlarını çəkərək onlara azadlıq tələb etdi.

Meydan "İlham, bəsdir" deyə qarşılıq verdi.

Əməkdaşımızın verdiyi məlumata görə mitinqdə 10 mindən artıq insan iştirak edir. Axın isə davam edir.

16:21: Ərazidə olan əməkdaşımızınn verdiyi məlumata görə, əvvəlcə partiya liderləri, Milli Şura rəhbərliyi meydana daxil olub. Bundan sonra Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli meydana daxil olub. Mitinqdə böyük bir izdiham yaşanır.

Meydana insan axını davam edir.

16.10: MİTİNQƏ GƏLƏN GƏNCLƏRİN SAXLANDIĞI DEYİLİR

Mitinq keçirilən ərazidən verdiyi məlumata görə, artıq insanlar meydana toplaşmağa başlayıblar. Polis mitinqdə iştirak edənləri yoxladıqdan sonra əraziyə buraxır. Prosesə Bakı şəhər baş polis idarəsinin rəis müavini Səhlab Bağırovun başçılıq edir.

Qeyd edək ki, mitinqə yaşı 18-dən az olan şəxslər buraxılmır.

Aksiyanın təşkilat komitəsi mitinqin keçirilməsini Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırıb.

Üzərinə “Cəmil Həsənli” yazılmış köynəklər geyinmiş gənclər saxlanıb. Bu barədə AzadlıqRadiosuna Müsavat partiyasının başqan müavini Gülağa Aslanlı bildirib. Onun sözlərinə görə, üzərində “Cəmil Həsənli” yazılmış köynəklər geyinmiş 5 gənc Milli Şuranın mitinqinə gedirmiş: “Müsavat partiyasının qərargahından çıxandan az sonra polis onları saxlayıb. Deyib ki, bu köynəkləri geyinmək olmaz. Onları Binəqədi polis idarəsinin 5-ci polis bölməsinə gətiriblər”.

Gülağa Aslanlı deyir ki, hadisədən xəbər tutan kimi digər müsavatçı gənc Tural Abbaslı ilə birgə polis bölməsinə gediblər: “Burda Turalı da polis tutub içəri apardı”.

Başqan müavini hadisə ilə bağlı Bakı şəhər polis idarəsinə, ATƏT-in müşahidə missiyasına və hüquq müdafiə təşkilatlarına məlumat verdiyini söyləyir.

Binəqədi polis idarəsinin 5-ci polis bölməsindən isə faktı təkzib etdilər. Bölmənin növbətçi hissəsindən özünü təqdim etməyən əməkdaş AzadlıqRadiosuna bildirdi ki, polis bölməsinə heç kəsi gətirməyiblər

...

Bu gün saat 16:00 da Yasamal Rayon Idman-Sağlamlıq Kompleksinin stadionunda (M.Seyidov küçəsi, 3155-ci məhəllə) Milli Şuranın növbəti mitinqi keçiriləcək. Mitinqin şüarı isə budur: «22 sentyabr zülmə, yalana, talana «bəsdir!» demək günüdür».

Aksiyanın təşkilat komitəsi mitinqin keçirilməsini Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırıb.

Bu mitinq həm də Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin prezidentliyə namizəd kimi seçicilərlə ilk görüşüdür.

Sosial şəbəkələrdəki aktivlik, cəmiyyətdə insanların münasibəti onu göstərir ki, bugünkü mitinq əvvəlkilərdən daha kütləvi və effektli olacaq. Eyni zamanda tanınmış gənclər təşkilatları, hərəkatlar, siyasi partiyalar da bu mitinqdə iştirak edəcəklər.

Milli Şuranın vahid namizədi Cəmil Həsənli ölkə gəncliyini, dindarları, ziyalı təbəqəsini, qadınları və digər sosial təbəqələrin nümayəndələrin mitinqə dəvət edib. O bildirib ki, bu mitinq təkcə Milli Şuranın deyil, 20 ildir zülmün əlində əsir qalmış xalqın mitinqidir.

VAQİF

AzPolitika.info

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar