Bizi məğlub edə bilməyəcəklər

Bütün dünya ilə kibersavaş aparmaq Azərbaycanın imkanları daxilində ola bilməz

Nəhayət, “Azadlıq” radiosu da bu məsələyə münasibət bildirdi. Həm də, ən yüksək səviyyədə. “Azərbaycan Saatı”nın yayıldığı televiziya kanallarının siqnallarının vurulması barədə mən bir aydan artıqdır ki, məlumat verirdim. Təbii, bütün dünyada azərbaycanlı seyrçilərin ən çox izlədiyi bu proqramı izləyənlər də siqnalların vurulduğunu aşkar görürdülər. İndi bu, ABŞ tərəfindən rəsmən təsdiq edildi. Eyni zamanda, ABŞ-dan yayılan bu rəsmi bəyanatda birmənalı olaraq bildirilir ki, Azərbaycan hökuməti bu kosmik xuliqanlıq faktı ilə bağlı araşdırma aparmalıdır. Yəni, ABŞ tərəfinin əlində siqnalların, konkret olaraq hansı ərazidən, konkret olaraq hansı koordinatlardan vurulduğunu təsdiq edən texniki bilgilər də var. Başqa ölkəyə məxsus olan peykdən yayılan telesiqnalların vurulması Beynəlxalq konvensiyalara görə cinayət sayılır. Azərbaycan hökuməti də bu konvensiyaları imzalayıb. Təbii ki, avtoritar Azərbaycan hökuməti ölkə əhalisinə qarşı yürütdüyü qanunsuz siyasəti ölkənin xaricində də davam etdirməkdən çəkinməməli idi. Terrorun məntiqi və sərhədi olmur.

Hələ bir il əvvəl, “Azərbaycan Saatı”nın əsası qoyulanda bu mülahizələri səsləndirənlər olmuşdu. Deyirdilər ki, bizimkilər bu proqramın qarşısını almaq üçün ən qanunsuz vasitələrdən istifadə edəcəklər. Hətta siqnalların vurulması kimi ifrat qanunsuz addıma qədər atacaqlarını söyləyirdilər. Təbii, mən bunu bilirdim. Bilirdim ki, bu tip rejimlər dünyanın harasında olursa olsun, tərəqqiyə qarşı ən sarsaq mübarizə vasitələrindən geri durmazlar. Amma axı, bunun da bir sonu var. Bütün dünya ilə kibersavaş aparmaq Azərbaycanın imkanları daxilində ola bilməz. Hətta, Azərbaycan prezidenti dünyanın ən varlı prezidenti olsa belə, mümkün deyil.

Birincisi, Azərbaycan nə qədər güclü dövlət olsa belə, onun prezidentinin və ya hər hansı başqa iri ranqlı məmurunun qanunsuz qazanılmış 150 milyard dollarlıq varidatının mühafizəsinə təminat verəcək resursların sahibi ola bilməz. Amma 20 illik Əliyev rejimi Azərbaycanı nəinki dünyanın, hətta regionun da ən güclü dövlətləri sırasına çıxmağa qoymayıb. Sadəcə olaraq, hakimiyyət elitası region ölkələri arasında ən varlı komandaya çevrilib və bu var-dövlət birmənalı olaraq çirkli sərvətdir, qanunsuz əldə edilib.

İkincisi, bu cür davranış, yəni başqa ölkənin peyk siqnallarının vurulması, faktiki olaraq, kosmik savaşdır və Azərbaycan hökumətinin bu savaşı başlaması ölkənin təhlükəsizliyi üçün ağır nəticələr verər. Məsələn, bir başqa dövlət eyni qayda ilə Azərbaycanın peyki ilə “zarafat” etsə, o halda bizim yerli informasiya resurslarımız üçün hansı təhlükələrin yarana biləcəyini düşünürlərmi? Söhbət peykin nəinki siqnallarının vurulmasından, hətta idarəetmə sistemin dağıdılmasından gedə bilər.

Üçüncüsü, özünü “regionun lider dövləti” elan edən bir hökumətin canı bircə saatlıq televiziya proqramındadırsa, o halda hansı iddiayla bütün dünya ilə informasiya savaşına çıxırlar?

“Azərbaycan Saatı” əlbəttə, davam edəcək. Azərbaycan cəmiyyətinə verdiyim sözün üstündə dururam: bu proqramın əsasında gündəlik 24 saat yayında olacaq televiziya kanalının yaradılmasına da çox qalmayıb. Az sonra biz bu kanalı millətimizin xidməti üçün açıq elan edəcəyik.

Buna görə də, fürsətdən istifadə edərək indidən elan edirəm: bu kanalla əməkdaşlıq etmək, öz proqramı ilə bu kanalda yer almaq istəyən hər bir kəs və hər bir qrup üçün qapılarımız açıqdır. Bu kanal bir ay içərisində fəaliyyətə başlayacaq. Buna görə də yaradıcı qruplar indidən danışıqlara başlaya bilərlər. Ölkənin gənclər təşkilatlarını, rəsmi və ailə TV-lərinə buraxılmayan bütün yaradıcı qrupları, hətta TV proyektləri olan siyasi təşkilatları belə müzakirələrə dəvət edirəm.

Bizi məğlub edə bilməyəcəklər. Çünki biz müdafiə olunmuruq. Hücumdayıq. Qoy, dünyanın peyk resurslarına qarşı axmaqcasına savaşa girən tərəf narahat olsun. Onlar öz müdafiələrini qursunlar. “Azərbaycan Saatı” da, onun bazasında yaradılmaqda olan TV kanalı da Azərbaycan xalqının resursları əsasında yaradılır və bu proyektləri iflasa uğratmaq heç kimin imkanları daxilində deyil. Hətta 150 milyard dollarlıq əmlakı olan məmurun da.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar