20 POLİSİN TUTDUĞU «AVTOŞ»un ATASI POLİSİ HƏDƏLƏDİ - Vəzifəsi də məlum oldu + VİDEOLAR

ADU-nun tələbəsi olan 23 yaşlı gəncin atası polislərə bildirib ki, kiməsə tapşırtdırıb onlara hər gün su daşıtdıracaq…

Mayın 19-da, axşam saatlarında Bakı küçələrində təhlükə saçan sürücü ilə bağlı yeni məlumatlar var. Avtosfer.az bildirir ki, 20-yə yaxın yol polisi əməkdaşının təqibindən sonra süni tıxac yaradılaraq saxlanılan “KIA”nın sürücüsü Nicat Nurpaşa oğlu Abdullayev mayın 20-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə 20 gün müddətinə inzibati həbs cəzasına məhkum edilib.

Bu gün Avtosfer.az-ın əməkdaşı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birlikdə həmin sürücü ilə DİN-in İnzibati Həbs Olununların Saxlanma Məntəqəsində görüşüb. Əvvəlcə əməlindən peşman olduğunu deyən sürücü «avtoxuliqanlıq xırda əməldir, içmişəm, yol polisi deyib saxla, saxlamamışam» deyərək, əməlinə normal yanaşıb: «Burada şişirdilməli heç nə yoxdur. Bunu şişirdəni tapacam. Mən oğurluq etməmişəm, cibə girməmişəm. Camaat 15 il «srok» yatır. Mən də sürmüşəm, tutublar, cəzamı da çəkirəm. Burada nə var ki?».

Azərbaycan Dillər Universitetinin 3-cü kürs tələbəsi olan Nicat Abdullayev həm də ailənin tək övladıdır. O, bir ay əvvəl də həbsdə olub. Bu dəfə isə qonşularla dava etdiyi üçün məhkəmə qarşısına çıxarılıb və 1 ay inzibati həbs cəzasına məhkum edilib. Məhkəmə qərarında qeyd olunur ki, valideynləri evin tək övladı olan Nicatı ərköyün böyüdüblər. O, evdə tez-tez dava salır, valideynlərindən külli miqdarda pul tələb edir, ala bilmədikdə isə özünə xəsarət yetirəcəyini deyib evdən qaçırmış. Demək olar ki, hər ay Nicatın hərəkətləri ilə bağlı qonşulardan polisə daxiil olur. O, evdə valideynləri ilə mübahisə etdikdən sonra balkondan gül dipçəklərini qonşuların həyətdə park etdiyi maşınların üzərinə atıb ziyan vurur, söyüş söyüb onları narahat edirmiş. Polisə daxil olan növbəti şikayətdə isə Nicat sahə müvəkkilinə müqavimət göstərib və buna görə də aprelin 8-də Nəsimi rayon Məhkəməsi ona bir aylıq həbs cəzası verib. Bundan əvvəl isə yanvarın 18-də də Nicat Abdullayevin 30 günlük inzibati həbsi olub.

Onun ilk məhkumluğu isə 2014-cü ilin 29 oktyabr tarixində olub. Bu dəfə də o, Xəzər rayon Məhkəməsi tərəfindən avtoxuliqanlıq etdiyi üçün sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 20 gün inzibati həbs cəzası ilə cəzalandırılıb.

Avtoxuliqanlıq etməyi, sərxoş olması bir yana, heç idarə etdiyi maşın da özünün olmayıb. Onun küçələri bir-birinə qatdığı maşın kirayələnib.

Avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, Nicat Abdullayevin atası məmurdur. O, Xarici İşlər Nazirliyinin Turizm şöbəsinin rəisidir. Bundan əlavə, onun turizm biznesi ilə də məşğul olduğu bildirilir. Məlumata görə, Nurpaşa Abdullayev məmur olmaqla yanaşı, Bakının 3-cü mikrorayon bazarının əsas sahiblərindən biridir. Dünən oğlunun cəza çəkdiyi məntəqəyə gedən Nurpaşa Abdullayev oğluna su göndərmək istəyib. Lakin polislər bildirib ki, içəri hər hansı qida qəbul olunmur, çünki orada saxlanılanlar hər şeylə təmin olunublar. 

Polislərin bu sözlərindən qəzəblənən Nurpaşa Abdullayev polislərə təzyiq göstərməyə çalışıb və onlara bildirib ki, kiməsə tapşırtdırıb onlara hər gün su daşıtdıracaq…

Əslində, belə övlad tərbiyə etdiyi üçün utanmalı olan məmur atanın vəzifəsini yerinə yetirən polis əməkdaşlarına qarşı bu davranışı, oğlunu tərbiyə edib düzgün yola dəvət etmək əvəzinə onun əməllərinə hər dəfə bu və ya digər formada haqq qazandırması, öz imkanlarından istifadə edib oğlunun əməllərini ört-basdır etməsi heç də yaxşı əməl deyil. Bir atanın övladı üçün etməli olduğu hərəkətlər tam başqa hərəkətlərdir.

_____________

Xəbər verdiyimiz kimi, mayın 19-da, axşam saatlarında Bakı küçələrində bir neçə dəfə qəza şəraiti yaradan və polisin "saxla" əmrinə tabe olmayaraq onun üstünə maşın sürən sürücü saxlanılıb.

Avtosfer.az-ın verdiyi məlumata görə, həmin sürücünü təxminən 8 DYP avtomobili, 20-yə yaxın yol polisi əməkdaşı təqib etsə də, “KIA” markalı nəqliyyat vasitəsinin sürücüsü təxminən 1 saata yaxın müddətdə Bakının 10 küçəsində avtoxuliqanlıq edib. Nicat Nurpaşa Abdullayev hətta küçələrdə riskli manevrlər etməkdən də çəkinməyib. Paytaxt polisini bir-birinə vuran sürücü yaradılan süni tıxac vasitəsilə saxlanılıb. Yoxlama zamanı onun hərəkətlərinin əsl mahiyyəti ortaya çıxıb. Məlum olub ki, avtoxuliqanlıq edən gənc sərxoş olub. Nərimanov rayon 16-cı polis bölməsinə gətirilən gəncin danışmağa belə halı olmayıb. Tam anlaqsız vəziyyətdə olan Nicat, nə danışacağını da unudub.

Avtoxuliqanlıq etməyi, sərxoş olması bir yana, heç idarə etdiyi maşın da özünün olmayıb. Onun küçələri bir-birinə qatdığı maşın kirayələnib. Araşdırma zamanı məlum olub ki, 23 yaşlı gənc sərxoş vəziyyətdə maşın idarə etdiyi üçün 3 dəfə sürücülük hüququndan məhrum edilib.

Mayın 20-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə Nicat Abdullayev 20 gün inzibati həbs cəzasına məhkum edilib və Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə göndərilib. Bundan əlavə, onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Avtosfer.az-ın apardığı araşdırmalar zamanı maraqlı məqamlar ortaya çıxıb. Məlum olub ki, Nicat Abdullayevin atası məmurdur. O, nazirliklərin birində yüksək vəzifə tutur. Eyni zamanda, turizm sektorunda da fəaliyyət göstərir.

Avtoxuliqanın atası geniş biznes şəbəkəsinə malikdir. Atasına güvənən Nicat Abdullayev ötən il də avtoxuliqanlıq edərək saxlanıldığı üçün məhkəmə qərarı ilə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıbmış. Mayın əvvəllərində həmin müddət başa çatdığı üçün sürücülük vəsiqəsini yenidən əldə edən N.Abdullayev cəmi bir neçə gün sonra yenidən «avtoş»luq edib tutuldu və yenə də vəsiqəni 1 illik itirdi.

İndi isə ANS-də həmin avtoxuliqanla bağlı yayımlanan videomateriala baxıb bu gəncin yol polisinin üstünə maşın sürməsinin, insanların həyatı ilə oynayıb necə harınlıq etməsinin canlı görüntüləri ilə tanış olun…

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar