Bir qanun digərini inkar edirsə...

Nadir-Israfilov0211-242x300Nadir Israfilov

Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsinə dair maddənin "Elm haqqında" qanun layihəsindən çıxarılması cəmiyyətdə birmənalı qarşılanmayaraq, hələ də  gündəmin başlıca mövzularından biri olaraq qalmaqdadır. 

Bu yandan da Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin "Space TV"yə müsahibəsindəki "Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq. Belə görünür ki, bu il magistr səviyyəsi üzrə plan yerləri daha çoxdur, nəinki namizədlər. Magistratura üzrə 50 proqram mövcuddur. Bu il cəmi 3 proqramda bir yerə təxminən 2 nəfərdən ibarət müsabiqə vəziyyəti yaranır. Yerdə qalan proqramlarda bir yer uğrunda müsabiqədə cəmi 1 nəfər  iştirak edəcək. Hətta elə proqramlar var ki, onlarda müsabiqə vəziyyəti çox aşağıdır"- açıqlaması məsələyə əlavə rəng qatmaqla vəziyyətin nə dərəcədə ciddi və heç də ürəkaçan olmamasından xəbər verir.

Mən hələ bu məsələnin müzakirəyə çıxarılması öncəsi öz təəssüf hissimi bildirmişdim və bu gün də o qənaətdəyəm ki, bu maddənin təmas xəttində müşahidə olunan gərginliklə əlaqədar layihədən çıxarılması, “Azərbaycanda müharibə şəraiti bitənə, sülh sazişi imzalanana qədər gənclər hərbi xidmətdən kənarda qala bilməzlər” kimi izah olunması kifayəyət qədər yetərli arqument deyildi. İllərdən bəri gərginlık şəraitində yaşayırıq və bundan sonra vəziyyətin hansı xarakter alacacağına da “şər deməsən xeyir gəlməz” prinsipi ilə yanaşsaq heç kim təminat verə bilməz ki, hələ bundan neçə il və ya on illikdən sonra müharibə şəraiti bitəcək və sülh sazişi imzalanacaq. Buna görə də insanlarımızı pessimist əhval-ruhiyyəyə deyil, optimist notlara kökləməli idik.

Nəsə olan oldu, keçən keçdi. Qocaman və dəyərli professorumuz Şahlar Əsgərovun ürək ağrısı ilə paylaşdığı statusunda qeyd etdiyi kimi, "elmin "kranı" bağlandı. Elmin suyu axmaz. Elmin taleyi qızlara qaldı... Təhsil trayektoriyasını qırmaq olmaz. Qıranda çolaq elm alınır".

Qənaətə gəldiyim başqa şeydir. Milli məclisdə belə bir arqument də gətirilib  ki, magistrlara hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi  "Hərbi səfərbərlik haqqında” Qanunun predmetidir: "Orada dəyişiklik olmadan burada dəyişiklik edilə bilməz.”  Nə olar,   elə isə, dəyişikliyi orada aparaydınız.Umberto Ekonun maraqlı bir aforizmi var: “İstənilən hadisəyə paralel gətirmək olduqca asandır. Mənə 50 dollar verin, sizə bu günlə neandertalların dünyası arasındakı paralellərdən bəhs edən esse yazım.” Əvvəla belə bir maddə "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunda olub və yalnız 2006-cı ildə ləğv edilib. Digər tərəfdən Milli Məclisdə belə bir əks arqument də səsləndirilib ki, "Birinci oxunuşda qanun layihəsində əksini tapmış bəzi maddələrin ikinci oxunuşa təqdim olunmuş layihədən çıxarılması anlaşılmazdır”.

Digər bir məsələ. Əgər, hər hansı bir fövqaladə vəziyyət və ya müharibə şəraiti yaranarsa, ümumi səfərbərlik elan olunduğu halda nəinki, maqistr və doktorantlar, əli silah tutan hər bir azərbaycan vətəndaşı öz torpağının müdafiəsi üçün ayağa qalxacaq. Bunu son aprel hadisələri də bir daha təsdiq etdi. Bir də ki, istənilən vaxt  yaranmış vəziyyətlə bağlı “Qanun”da istənilən dəyişiklik aparmaq olar və necə ki, belə dəyişikliklər dəfələrlə aparılıb və aparılmaqdadır da. Bu mənada təhsildə fasiləsizliyin təmin olunması üçün möhlət hüququ vacib şərt idi. Elmimizin diqqət və qayğıya böyük ehtiyacı var. Onu kritik vəziyyətdən çıxarmaq lazım idi.

Magistr və doktorantura pilləsində təhsil alanlara möhlət hüququnun verilməsi elm sahəsinə marağı stimullaşdıra bilərdi. Belə bir qərarın olacağını ictimaiyyətin əksər nümayəndələri gözləyirdilər. İstər Təhsil Nazirliyinin, istərsə də Dövlət İmtahan Mərkəzinin statistikası göstərir ki, elmdə qocalma prosesi gedir. Elmə, elmi fəaliyyətə maraq getdikcə daralır. Əbəs yerə deyildi ki,"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunununda təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərini özündə əxz edən - 3.0.7. fasiləsizlik, vəhdətlik, daimilik – mövcud təhsil standartları, tədris prоqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıх dialektik qarşılıqlı əlaqənin təmin оlunması və оnun insanın bütün həyatı bоyu ardıcıl davam etməsi - kimi xüsusi maddə salınmışdı. “Möhlət hüququ”nu ləğv etdikdə isə belə çıxır ki, bir qanun digərini inkar edir. “Elm haqqında” qanun layihəsindən elm və təhsildə fasiləsizliyi təmin etmək məqsədinə xidmət edə biləcək magistrlara möhlət hüququ verilməsi maddəsini çıxarıb, elmdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq maddəsini salanda, sahibkarlıq xülyası heç şübhəsiz ki, elmə sahib olmaq düşüncəsinı üstələyəcək... Ən başlıcası isə elm olmayan yerdə hansı elmdə sahibkarlıqdan söhbət gedə bilər ?

Deməyim odur ki, sadəcə olaraq olaraq elmə, təhsilə baxış fəlsəfəmiz, yanaşma tərsimiz dəyişməlidir. Təhsil krediti ilə əlaqədar məsələ  nəinki ekspertlər tərəfindən, hətta ən yüksək səviyyəli dövlət yetkililəri tərəfindən belə dəfələrlə dilə gətirilib. Artıq ali məktəbə ən yüksək balla qəbul olunan, lakin maddi imkansızlığı ucbatından tələbə hüququndan imtina edənlərin sayı çoxdan 1000-i ötüb. Bu hər birimizə utanclıq gətirən təzahürdür. Biz hamımız nədənsə problemi bilirik, etiraf edirik, dilə gətiririk, lakin onu dəyərləndirərkən, tam fərqli arqumentlərlə üzləşirik. Hamıya bəlli olan və təkrarlamağa ehtiyac qalmayan problemlər çoxdur. Sadəcə olaraq  onları sadalamaq deyil, üstünə getmək lazımdır.

Sonda onu da xatırlatmaq istərdim ki, bir müddət əvvəl "İnzibati Xətalar Məcəlləsi"nə edilən yeni dəyişıkliklər layihəsində nəzərdə tutulan Azərbaycanda orta məktəb dərslərindən yayınan şagirdlərin valideynlərinin cərimələnməsi ilə əlaqədar məsələyə münasibət bildirərkən təhsil ekspertləri, digər tanınmış ziyalılar, hətta bir çox millət vəkilləri belə məcəlləyə təklif olunan dəyişıkliyı dərindən düşünülməmış, yanlış bir addım kimi qiymətləndirmişdilər Bununla belə qərar qəbul olunmuşdu.

Bəs sonrası nə oldu, bir müddət keçmədən qərar yenidən ləğv olundu. Heç olmasa bundan sonra da olsa  bütün şüurlu həyatlarını təhsilə həsr edən bir ağsaqqal, qarasaqqal sözünü eşidək  ki, Qanunları tez-tez dəyişmək zərurəti qarşısında qalmayaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar