91 milyard neft gəlirinin 61 milyardı artıq xərclənib

2007-2013-cü illərdə dövlət büdcəsindən investisiya layihələrinə 32,5 milyard manat xərclənib ki, bunun da cəmi 1,5 milyard manatı təhsil və səhiyyə sektorunun payına düşüb

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi “Postneft dövrünə hazırlıq və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi problemləri” mövzusunda konfrans keçirib. Birliyin İdarə Heyətinin sədri Azər Mehtiyev tədbir iştirakçılarına məlumat verərək bildirdi, ki, rəhbəri olduğu təşkilat son 2-3 ildə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi məsələlərini araşdırmaqla, habelə bu sahədə təşviqat və vəkillik işləri ilə məşğul olur.

A.Mehtiyev “Neft gəlirləri və iqtisadi artım” mövzusunda məruzə ilə çıxış edib. 2013-cü ilin sonunadək Dövlət Neft Fonduna 81 milyard manatadək vəsait daxil olub ki, bunun da 51,2 milyard manatı yaxud 63,2 faizi artıq xərclənib. Bundan başqa 2006-2013-cü illər ərzində ABƏŞ-in xətti ilə dövlət büdcəsinə 10,1 milyard manat daxil olub. Neft gəlirləri üzrə bu iki mənbədən 2013-cü ilin sonunadək ölkəmizin əldə etdiyi 91 milyard manat vəsaitin 61,3 milyard manatı (67,3 faizi) müxtəlif məqsədlərə sərf edilib.

A.Mehtiyevin sözlərinə görə, büdcə gəlirləri neft sektorundan asılı durumdadır: “Son illər dövlət büdcəsinin gəlirlərinin yarıdan çoxu (55-60 faizi) Neft Fondunun transfertləri hesabına formalaşır. Bundan başqa, digər mənbələr üzrə də neft gəlirləri nəzərə alınarsa dövlət büdcəsi gəlirlərinin 75-80 faizi birbaşa neft sektoru ilə əlaqəlidir”.

Neft gəlirlərinin istifadəsindən danışarkən məruzəçi qeyd etdi ki, böyük neft gəlirləri ölkədə iqtisadi fəallığın yüksəldilməsində, ÜDM-in artımında, strateji valyuta ehtiyatlarının formalaşmasında və başqa sahələrdə əhəmiyyətli təsirə malikdir. Bununla yanaşı, neft gəlirləri manatın məzənnəsinin möhkəmlənməsi, inflyasiya prosesi, dövlət vəsaitlərinin istifadə edilməsində şəffaflığın olmaması və korrupsiyanın geniş yayılması kimi hallarla müşayiət olunur. Böyük neft gəlirlərinin daxil olmağa başladığı 2005-ci ilin büdcəsi ilə müqayisədə 2013-cü ilin büdcəsində dövlət investisiya xərcləri 43,2 dəfə artdığı halda, təhsil xərcləri 3,9 dəfə, səhiyyə xərcləri 5,4 dəfə, elm xərcləri isə 4,3 dəfə artıb.

A.Mehdiyevin sözlərinə görə, Azərbaycan neft hasilatının pik həddini keçib, bundan sonra hasilat azalmağa meylli olduğundan neft gəlirlərinin azalması baş verəcək. Büdcə gəlirlərinin azalmasının qarşısını almaq üçün ölkə iqtisadiyyatının qeyri-neft sahələrinin büdcəyə töhfəsini artırmaq üçün hökumət iqtisadi şaxələnmə siyasətini bəyan edib.

Birliyin sədr müavini Rövşən Ağayev “İqtisadi şaxələnmə siyasəti: iqtisadiyyatda və idarəetmədə dəyişikliklər” mövzusunda məruzə etdi. Çıxışa iqtisadi şaxələnmə sahəsində hökumətin bəyan etdiyi prioritetlərin sadalanması ilə başlayan məruzəçi qeyd etdi ki, iqtisadi şaxələnmə sahəsində uğur qazanmış ölkələrin təcrübəsi göstərir ki, belə sahədə əməli nəticələr əldə edilməsi üçün 15-20 il müddət lazımdır. Azərbaycan hökuməti bu istiqamətdə siyasətini son 4-5 ildə bəyan etsə də, hələ də bu siyasətin dəqiq hədəfləri və çərçivələri yoxdur. Bu da həm hökumətin həyata keçirdiyi tədbirlərin sistemsizliyində, həm də yaradılan institutların işində özünü büruzə verir.

R.Ağayev neft gəlirləri dövründə ölkə iqtisadiyyatında baş verən proseslərin statistik təhlili əsasında göstərdi ki, ölkəmiz, dəyəri 50 min dolları ötməyən dövriyyələr nəzərə alınmazsa, 2013-cü ildə 138 ölkə ilə ticarət əlaqəsi qurulub. Bu sırada neft ticarətinin olmadığı 102 ölkə ilə Azərbaycanın ticarət saldosu mənfi olub. Bununla yanaşı, neft ticarətinin olduğu 31 ölkə ilə də neftin payını saymasaq saldo mənfi olub.

R.Ağayev bildirdi ki, 2007-2013-cü illər dövründə Azərbaycanda dövlət büdcəsindən investisiya layihələrinə 32,5 milyard manat xərclənib. Təhsil və səhiyyə sektoru ilə bağlı investisiya layihələrinə həmin vəsaitin yalnız cəmi 1,5 milyard manatı (4,8 faizi) xərclənib. Büdcə investisiyalarından idman layihələrinə 794,5 milyon, mədəniyyət və turizm layihələrinə 1,5 milyard, aqrar sektora və meliorasiya sisteminə 1,4 milyard, ARDNŞ-ə və “Azəriqaz”a 1,1 milyard, AzAL-a 895 milyon, Bakı şəhər İcra hakimiyyətinin layihələrinə 1,5 milyard, enerji sektoruna 1,7 milyard, metropolitenə 1,3 milyard, nəqliyyat layihələrinə 7,0 milyard, Prezident Aparatına 700,9 milyon və içməli su sektoruna 2 milyard manat yönəldilib.

Çıxışında iqtisadi şaxələnmə siyasətini uğurla həyata keçirən Malayziya, Norveç və başqa ölkələrin təcrübəsinə istinad verən R.Ağayev ölkəmizdə yaradılan diversifikasiya institutlarının fəaliyyətinə də qiymət verdi, mövcud problemləri vurğuladı və yaradılması zəruri olan institutlar barədə təkliflər verdi.

Müzakirələrdə çıxış edən millət vəkili Əli Məsimli qeyd etdi ki, hökumət diversifikasiya siyasətində hədəflərini dəqiqləşdirməlidir. Bu siyasət ilk növbədə ölkədə “insan kapitalı”nın inkişafının təmin edilməsinə yönəldilməli və ölkədə innovasiyalı inkişaf modeli əsas götürülməlidir. Regionların inkişafına diqqətin artırılmasını zəruri hesab edən Ə.Məsimli idarəetmə sisteminin təkmilləşdirilməsinin zəruriliyini, Malayziya təcrübəsi əsasında Azərbaycanın da özünün milli avtomobil istehsalı perspektivi barədə düşünməsini vacibliyini vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar