"DOLLARIN MƏZƏNNƏSİ SIÇRAYIŞIN BAŞLANĞIC MƏRHƏLƏSİNDƏDİR" - Manatı nə gözləyir?

Qubad İbadoğlu: "Azərbaycan manatı dəyərsizləşməyə məhkumdur. Sadəcə zamana bağlı olan məsələdir"

Dolların məzənnəsi sıçrayışın başlanğıc mərhələsindədir. Bu barədə “Deutsche Bank”ın hesabatında bildirilir. George Saravelosun rəhbərlik etdiyi analitik qrup hesab edir ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) son iclasından sonra iyunda uçot dərəcəsini qaldıracağına işarə etdikdən sonra ABŞ-ın milli valyutasının məzənnəsini xeyli möhkəmlənib. Bankın Nyu-York ofisinin analitiki Sebastien Galy isə deyir ki, dolların kəskin bahalaşması üçün ciddi potensial var.

qubadYerli ekspertlər isə musavat.com-a dollarla bağlı məsələnin Azərbaycanın milli valyutasına təsirlərindən danışıblar. Ekspert Qubad İbadoğlu məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, dollara olan tələbat istənilən halda artacaq: “Çünki Azərbaycanın üç aylıq xarici ticarət göstəricilərinə görə, ölkə 324 milyonluq qeyri-neft ixracatına malik olub. Yəni aya təxminən yüz milyon dollar Azərbaycanın qeyri-neft ixracatıdır. Azərbaycanın neft ixracatından da qazancı Dövlət Neft Fondunun gəlirlərində 4,5 milyard manat göstərilib, bu da 3 milyard dollar edir.

Nəzərə alsaq ki, 3 milyard neftdən qazanc var, eyni zamanda, qeyri-neft sektorunun maksimum illik ixracatı 1,5 milyard edəcək. Bu ikisi bir yerdə 4,5 milyard dollar edir. Neft və qeyri-neft sektoru birlikdə dollarla qazancımız 4,5 milyard dollardır. Amma ölkənin idxalının həcmi əgər biz onun rəsmiyyətə düşən, eyni zamanda qeydiyyata alınmayan və yaxud gömrükdə aşağı qeyd olunan idxalı da qeyd etsək, təxminən 9-20 milyard edir.

Bu, o deməkdir ki, bizim ən azı, 9-10 milyard pulumuz olmalıdır ki, ölkəyə idxal mallarını gətirək. Ölkənin qazancı ildə 4,5 milyarddır, iki dəfə azdır. İstənilən halda, bu, dollara tələbatı artıracaq. Çünki ölkəyə idxal malı gətirmək məcburiyyətindəyik.

Yerli istehsal bu idxalı əvəz edə bilmir. Belə olan halda hələ kimsə gedir xaricə investisiya qoyur, bunu nəzərə almıram. Hələ bankların xarici borcu var, Dövlət Neft Şirkətinin borcu var, ”Azərenerji"nin, digər şirkətlərin dollarla borcu var. Bunları nəzərə alsaq, qazandığımız valyuta bizə lazım olandan üç dəfə az olacaq.

O deməkdir ki, valyutaya olan tələbatımız ödənilməyəcək, ən yaxşı halda, üçdə biri ödəniləcək. Belə olan halda, dolların bahalaşmasının alternativi yoxdur. Dolların bahalaşmasının qarşısını ortamüddətli, uzunmüddətli dövrdə biz ala bilməyəcəyik. Ona görə də bahalaşmanın qarşısını qısamüddətli dövrdə almaq mümkündür. Məsələn, manat qıtlığı yaradılıb.

Azərbaycan manatı dəyərsizləşməyə məhkumdur. Sadəcə zamana bağlı olan məsələdir. Ölkədə iqtisadi tənəzzül yaradılır, işgüzar aktivlik, alıcılıq qabiliyyəti aşağı salınır. Bu, çıxış yolu deyil. Çıxış yolu ölkənin milli valyutasının gerçək məzənnəsinin müəyyənləşdiriməsindədir. Gerçək məzənnəni də bazar müəyyənləşdirə bilər, bunu Mərkəzi Bank müəyyənləşdirməli deyil".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar