ABBAS ABBASOV KİMDƏN GÜC ALARAQ BAKIYA MEYDAN OXUDU? – Bir xəyanətin tarixçəsi-TƏHLİL

Baş nazirin sabiq I müavininin təhdid dolu mesajlarının ünvanı kimlər və ya haradır?

Putindən birbaşa tapşırıq aldığını bəyan edən Abbas Aydınoviç Rusiyada Bakını qəzəbləndirən hansı işlərlə məşğul olub?

Yenicə başa vurduğumuz bayram günlərinin ən yaddaqalan hadisəsi baş nazirin keçmiş birinci müavini, Rusiya Azərbaycan Təşkilatları İttifaqının sədri və Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin - “AzerRos”un Ağsaqqallar Şurasının rəhbəri Abbas Abbasovun sensasion açıqlamalarla zəngin müsahibəsi oldu desək, yəqin yanılmarıq.

Rusiyadakı Azərbaycan diasporunun liderlərindən biri olan Abbas Abbasovun müsahibəsi yalnız onun indiyədək heç bir yerdə təsadüf olunmayan fikirlərlə çıxış etməsi, ictimaiyyətə gizli bəzi məsələləri açıqlaması baxımından deyil, həm də seçdiyi zaman və sərt ritorika ilə də diqqəti cəlb edir. Məhz bu baxımdan baş nazirin sabiq müavininin açıqlamalarını bəlli çevrələrə ünvanlanmış mesajlar və hətta təhdidlər kimi xarakterizə edənlər də var.

Abbas Abbasovun müsahibəsi ölkənin əksər media orqanlarında, o cümlədən saytımızda da yayımlandığından nə onun sensasiyalı açıqlamalarını, nə də təhdid xarakterli mesajlarını təkrarlamaq niyyətindəyik. Ancaq bəzi məsələlərlə bağlı düşüncələrimizi oxucularla bölüşməyi lazım bildik.

Cənab Abbasovun müsahibəsinin ortaya çıxardığı suallar, əsasən bunlardır:

Birincisi, baş nazirin sabiq müavini niyə haqqında ittihamların səsləndiyi, özünün dediyi kimi, təhdidlərlə üzləşdiyi vaxtlarda deyil, məhz indi olub-keçənlərlə bağlı geniş və detallı açıqlamalar vermək fikrinə düşüb?

İkincisi, hörmətli Abbas müəllim niyə müsahibəsində sərt ritorikaya üstünlük verib və qəzəbli olduğunu gizlətməyə ehtiyac duymayıb?

Üçüncüsü, A. Abbasovun qəzəbinin və təhdid dolu mesajlarının ünvanı kim(lər)dir?

Dördüncüsü, baş nazirin sabiq müavininin bu açıqlamalarının Rusiyanın Krımı ilhaqı və ətrafına təhdidlər yağdırması ilə eyni vaxta düşməsi təsadüfdürmü?

Bu sualların hər birinə dəqiq və konkret çavablar vermək, əlbəttə, çətindir. Ancaq yaxın keçmişdə baş verənləri, ortaya çıxan məlumatları analiz etdikdə müəyyən məsələlərə aydınlıq gətirmək, nəticələr çıxarmaq olar.

Abbas Abbasov Rusiya prezidenti ilə hansi statusda görüşüb?

Abbas Abbasovun sözlərindən belə məlum olur ki, onunla hakim düşərgə arasında münasibətlər təxminən 2012-ci ilin ortalarından korlanmağa başlayıb, sonradan isə gərginləşıb. Yəni vəzifədən getdiyi zaman (2006-cı il) və ondan sonrakı dövrdə ortada hər hansı problem olmayıb. Bunu 2010-cu ildə oğlu Aydın Abbasovun deputat mandatı əldə etməsinə “yaşıl işıq” yandırılması da təsdiqləyir.

A.Abbasova qarşı 2012-ci ilin ortalarından sonra münasibətin dəyişməsini isə onun Vladimir Putinlə görüşündən sonra ŞÜBHƏLİ FORMADA İÇTİMAİ-SİYASİ FƏALLIĞINI artırması ilə bağlamaq olar. Bunu Abbasovun müsahibədəki fikirlərindən də oxumaq mümkündür.

Belə ki, Abbasov 2012-ci il fevralın 7-də Rusiya prezidenti Putinlə görüşdüyünü bildirir. Sitat: “O, özü məni dəvət etdi və birbaşa sual verdi: azərbaycanlılar Rusiyadakı prezident seçkilərinə niyə öz münasibətini bildirmir?”

Maraqlıdır, həmin vaxtı heç bir rəsmi statusu olmayan, diaspor təşkilatarında vəzifə tutmayan, ən əsası, Rusiya vətəndaşlığı olmayan bir şəxsi Rusiyanın prezidenti hansı sifətdə qəbul edib, onunla bu ökədəki azərbaycanlılarla bağlı müzakirələr aparıb və ona tapşırıqlar verib?

Abbas Abbasov Azərbaycan vətəndaşı olduğu halda, hansı status, səlahiyyət və məntiqlə Rusiyanın daxili işi olan prezident seçkilərində namizədlərdən birinin (Putinin) xeyrinə təbliğat mitinqləri təşkil edib?

Təsadüfi deyil ki, rəsmi Bakının tapşırığı ilə hərəkət edən şəxslər haqlı olaraq bu mitinqə qatılmayıblar. Hansı ki, A.Abbasov bunu az qala xəyanət kimi qələmə verir. Sitat: “Bu görüşdən (Putinlə görüşdən-müəl.) sonra mən müvafiq tapşırıq verdim (!!!) və 14 gün ərzində biz azərbaycanlıların Moskvadakı Lujniki stadionunda təntənəli seçkiqabağı mitinqini təşkil etdik. Mitinqdə 10 mindən çox həmvətənimiz iştirak etdi. Bu mitinqə səfir Polad Bülbüloğlunu da dəvət etdim, ancaq o, mitinqdə iştirakdan imtina etdi. Tədbirin başlamasına bir neçə saat qalmış mən Məmməd Əliyevə (Ümumrusiya Azərbaycanlıları Konqresinin rəhbəri) bir daha zəng etdim, ancaq o da mitinqdə iştirakdan imtina etdi... Bu situasiyada nə etməli idim? Ancaq konsert keçirməli idim?! Çıxışsız? 15 il Azərbaycanın baş nazirinin birinci müavini olmuşam. Bəyəm mənim haqqım yoxdur ki, Rusiyada yaşayan azərbaycanlıların adından çıxış edim?...”

Qəribə suallardır, deyilmi? Məgər Azərbaycanın baş nazirinin müavini olmaq kiməsə başqa bir dövlətin vətəndaşı olan azərbaycanlıların adından danışmaq hüququ verir?

Digər tərəfdən, Azərbaycan dövlətinin rəsmi təmsilçisi – səfiri olan Polad Bülbüloğlunu Rusiyada prezident seçkiləri ilə bağlı mitinqə dəvət etmək, bu dəvətdən imtina etdiyinə görə onu ittiham etmək hansı qanuna, siyasətə, məntiqə sığır? Hansı haqla diplomatik işdə olan bir şəxs Rusiya vətəndaşlarını namizədlərdən birinə səs verməyə çağırmalı idi? Bu diplomatik etikaya uyğundurmu?

Kim zəmanət verir ki, məqsəd gələcəkdə Moskvanın da Azərbaycandakı seçkilərə BİRBAŞA MÜDAXİLƏSİ üçün PRESEDENT YARATMAQ olmayıb?

Bu sualların cavabını Abbasovun nə vaxtsa verəcəyinə ümid edərək, keçək digər məsələlərə.

Abbasovun şübhəli istefasinın ardından Rusiya elitasina transferi təsadüfüdürmü?

Beləliklə, müsahibədəki müxtəlif “parçaları birləşdirdikdə” belə məlum olur ki, Abbasov məhz PUTİNİN BİRBAŞA TAPŞIRIĞI ilə Rusiyadakı azərbaycanlılar içərisində fəallığını artırmağa, bir növ onlara LİDERLİYİ ələ almağa başlayıb.

Yeri gəlmişkən, Putinin bu qərarı Abbasovla elə birinci görüşündə verməsi də inandırıci deyil. Yəni, şübhə yoxdur ki, həmin vaxta qədər də onlar arasında müəyyən münasibətlər olub. Elə Bakıya xəbər verdiyi görüşdə də hansı mövzunun müzakirə ediləcəyini Abbas müəllimin əvvəlcədən bildiyi şübhə doğurmur. Hər halda Abbasov kimi təcrübəli bir dövlət adamı nələrin danışılacağını bilmədiyi bir görüşdən öncə Bakıdan xeyir-dua istəməzdi. Sitat:” Putinlə görüşməzdən əvvəl Ramiz Ənvəroviç Mehdiyevə zəng etdim və ona xəbər verdim ki, Rusiya prezidenti məni görüşə dəvət edib. Və sözün hərfi mənasında bunları dedim: “Ramiz Ənvəroviç, mən sizə ona görə zəng etmişəm ki, xeyir-dua alım və Azərbaycan prezidentinin istəklərini eşidim”.

Onun prezidentin istəklərini Putinə çatdırmaq üçün Bakıya zəng etdiyini söyləməsi isə, sadəçə blefdir. Hər halda İlham Əliyev özü istədiyi vaxt Putinlə danışıb istəklərini çatdıra bilər, bunun üçün vasitəçimi lazımdı?

Abbasovun açıqlamalarından belə nəticə hasil olur ki, Putin Abbasova Rusiyadakı azərbaycanlıları birləşdirən İŞLƏK bir qurum yaratmağı və özünün də ona rəhbərlik etməsini tapşırır. Əlbəttə, Putinin bu zaman nəyi hədəflədiyini, bundan Abbasovun xəbəri olub-olmadığını dəqiq söyləmək çətindir. Lakin Abbasovun 2006-cı ildəki ŞÜBHƏLI İSTEFASI və Rusiya elitasına TRANSFERI onun Kremlin Bakı ilə bağl planlarında əvvəldən iştirak etdiyini göstərir. Heç o, özü də Rusiyaya bağlı olduğunu gizlətmir: “Mən Rusiyanı yaxşı tanıyıram, hörmət edirəm, qəlbən sevirəm. Bu ölkəyə möhkəm bağlıyam. Rusiya məndən ötrü ikinci vətəndir...”

Abbasov Əliyevin deyil, Putinin tapşırığına əməl etməyi üstün tutur

Ancaq mövcud hakimiyyətin bu cür məsələlərə münasibətinə yaxından bələd olan Abbasov həmin təklifi Bakıya daşıyır. İlkin olaraq Rusiyada Azərbaycan diasporuna rəhbərliyin ona verilməsini istəyir. Özünün dediyi kimi, ideyası Bakıda bəyənilmir. Ramiz Mehdiyevin qəbulunda olan Abbasovun təklifi rədd edilir. Sitat: “Mən sənədlər paketi ilə Ramiz Ənvəroviç Mehdiyevin qəbuluna getdim....Söhbət diaspor təşkilatlarının yenidən qurulmasından və Rusiya ilə Azərbaycan rəhbərliyi arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün güclü platformanın yaradılmasından gedirdi. Lakin başa düşəndə ki, ideya Bakıda bəyənilmədi, sənədləri rəfə qoydum və söhbət bitdi”.

Ancaq müsahibəni tam və diqqətlə oxuduqda məlum olur ki, Abbasov heç də “söhbəti bitirmir”. Prezidentlə görüşərək istəyini ona da çatdırır, yenə də rədd cavabı alır. Sitat: “Vahid Ələkbərovla mən iki dəfə Bakıya, prezident İlham Əliyevlə görüşməyə gəldik... Və onlar öz strateji mövqelərini itirməkdən qorxdular. Onların çirkin niyyətləri var. Mən prezidentə açıq dedim ki, bir vaxtlar Heydər Əliyev tərəfindən yaradılmış Ümumrusiya Azərbaycanlıları Konqresi artıq öz dövrünü başa vurub və yeni zamanın tələb və reallıqlarına cavab vermir. Orada heç bir iş aparılmır. Bu təşkilat yalnız hansısa məişət məsələlərinin həlli ilə məşğul olur. Təklif etdim ki, bu təşkilata MƏN RƏHBƏRLİK EDİB onu dirçəltmək üçün əlimdən gələni edim... Amma MƏNƏ ETİBAR ELƏMƏDİLƏR”.

Yəni, Abbasov açıq mətnlə bildirir ki, prezident İlham Əliyev də ona bu işlərdən uzaq durmağı məsləhət bilib. Ancaq Abbasov İlham Əliyevin deyil, Putinin tapşırığına əməl etməyi üstün tutur. Və beləliklə, seçkilərə bir il qalmış Moskvada Abbasovun patronajlığı ilə Rusiya Azərbaycan Təşkilatları İttifaqı (RATİ) yaradılır. Kremlin tapşırığı ilə bu ölkədə yaşayan əksər tanınmış azərbaycanlı iş adamları həmin təşkilata üzv olur. Hətta prezidentlə qohumluq (Araz Ağalarov kimi), dostluq (İsgəndər Xəlilov kimi) əlaqəsi olanlar da... Onların bu addımı Bakıda narazılıqla qarşılansa da, təəcüblü deyildi. Kim bilir, bəlkə onlara Xodorkovskinin taleyi xatırladılıb...

RATİ-nin yaradılması ilə bağlı Abbasovun iddiaları qeyri-ciddidir

Ancaq bu fakt A.Abbasova həm o vaxt, həm də indi “RATİ-ni faktiki olaraq İlham Əliyevə yaxın, qohum olan, ona böyük hörmətlə yanaşan nüfuzlu adamlar yaradıblar” söyləməyə, ictimaiyyəti çaşdırmağa, diqqəti Kremlin üzərindən yayındırmağa imkan verirdi.

Yeri gəlmişkən, Putinin dostu kimi tanınan İlham Rəhimovun RATİ-dən uzaq saxlanılmasının və onun təşkilat yarandıqdan dərhal sonra verdiyi açıqlamaların da eyni məqsədə xidmət etdiyi indi şübhə doğurmur. Əgər Putin dostu Rəhimovu ciddi ictimai-siyasi fiqur hesab etmədiyi üçün bu qərarı verməyibsə, deməli məqsəd layihənin axasında Kremlin durduğunu pərdələmək olub. Rəsmi Bakı isə onsuz da hər şeyi bilirdi...

Hər halda Abbasovun RATİ-nin yaradılmasını “məqsəd diaspor fəaliyyətinin gücləndirilməsi və bizim Moskvadakı diaspor təşkilatlarımızın çoxunda hökm sürən amorf vəziyyətin aradan qaldırılması idi” kimi izah etməsini ciddi qarşılamaq mümkün deyil. Ən azı ona görə ki, əvvala bu adamların əksəriyyəti Ümumrusiya Azərbaycanlıları Konqresinin rəhbərliyində təmsil olunurdu, istəsəydilər elə o təşkilat vasitəsilə diaspor fəaliyyətini gücləndirərdilər.

İkincisi, niyə əvvəlki illər deyil, məhz kritik keçəcəyi əvvəlcədən məlum olan 2013-cü prezident seçkisinə bir il qalmış Rusiyadakı azərbaycanlıları təşkilatlandırmaq yada düşdü və əsas müxalifət liderinə çevrilmiş Rüstəm İbrahimbəyov bu təşkilatın rəhbərliyinə təmsil olundu?

Və nəhayət, məqsəd diaspor işini gücləndirmək idisə, necə oldu ki, Putin Bakiya gəlib-gedən kimi bu təşkilat da, onun bəyanatları ard-arda düzən rəhbərliyi də “buxarlandı”?

Bu sualların da cavablandırılması işini cənab Abbasova buraxaraq, qayıdaq mətləbə.

Baş nazirin sabiq müavini seçkiqabağı niyə bütün narazıları bir mərkəzdə toplamağa çalışırdı?

Abbasovun müsahibəsindən belə məlum olur ki, onun bu addımı Bakıda böyük narazılıqla qarşılanır. Və onu bu yoldan çəkindirmək üçün sərt mesajlar göndərilir. Sitat: “Bəs bundan sonra nə baş verdi? Hər cür yollarla məni və ailəmi ölümlə hədələməyə başladılar. Mesajlar göndərməyə başladılar ki, məni, oğullarımı, qohumlarımı, bütün ailəmi öldürəcəklər. Mənimlə quldur dilində danışmağa başladılar”.

Əlbəttə, Abbasovun hədələrlə bağlı dediklərinin nə qədərinin doğru olduğunu söyləmək çətindir. Ancaq bu xəbərdarlıqların onun Rusiyada sadəcə diaspor fəaliyyəti ilə məşğul olduğuna görə baş vermədiyi məlumdur.

Abbasov bu barədə danışmasa da, hələ o zaman “AzPolitika.info”-ya daxil olan məlumatlar göstərirdi ki, baş nazirin sabiq müavini Moskvada həm Rusiyadakı azərbaycanlıları RATİ-nin çətiri altında təşkilatlandırmaq, həm də Azərbaycandakı narazıları bir mərkəzdə toplamaq istiqamətində ciddi fəaliyyətə baş vurub.

Elə həmin vaxtlar bu və ya digər səbəbdən hakimiyyətdən narazıların - Rüstəm İbrahimbəyovun, Akif Muradverdiyevin, Nicat Quliyevin, Söyün Sadıqovun, Füzuli Məmmədovun və başqalarının birdən-birə Abbasovun ətrafında görünməyə başlaması da bununla bağlı idi.

Baxmayaraq ki, indi Abbasov bunu başqa məsələlərlə əlaqələndirir, onların İlham Əliyevə qarşı çıxmadıqlarını iddia edir.

Düzdür, Akif Muradverdiyevin, Niçat Quliyevin və başqalarının dövlət çevrilişi hazırladığna dair iddialar inandırıçı deyil. Ancaq onların məhz Abbasovun təlimatı ilə hərəkət etdikləri, ətraflarına gələcəklə bağlı mesajlar verdikləri şübhə doğurmur. Bunlar ictimaiyyətdən gizli olsa da, açıq fəaliyyət göstərənlər də vardı.

Abbasov və ətrafı Rusiyada paralel seçki keçirməyə hazırlaşırdı

Məsələn, Abbasovun az qala qatı Əliyevçi kimi qələmə verdiyi Rusiya vətəndaşı Söyün Sadıqov açıq mətnlə İlham Əliyevin 3-çü müddətə prezidentliyinin əleyhinə olduğunu bəyan edir, əgər hakimiyyət yenidən onun namizədliyini verərsə, müxalifətə dəstək verəcəklərini söyləyirdi. Putin Bakiya gələnə qədər ittihamlarını hər gün daha da sərtləşdirirdi…

Söyün Sadıqovun Rusiyadakı diasporun real dəstəyini vəd etdiyi Rüstəm İbrahimbəyov isə hakimiyyət üçün sonradan ciddi başağrısına çevrilən Milli Şura ideyasının müəllifi və rəhbəri oldu. Hansı ki, bu qurumun da əsas məqsədi məhz İlham Əliyevin 3-cü müddətə prezidentliyinin qarşısını kəsmək idi.

Əlbəttə, buna görə Milli Şurada birləşən müxalif qüvvələri və ziyalıları ittiham ertmək yersizdi. Onlar bir siyasi qüvvə kimi hakimiyyət uğrunda mübarizə aparırlar və aparmalıdırlar da.

Ancaq bu gün “mən İlham Əliyevin xəttinin tərəfdarı olaraq qalıram” deyən Abbasovun həmin vaxtlar Milli Şura ideyasına gizli dəstək verməsini, qurumun namizədinin seçkidə qalib çıxması üçün həm maliyyə, həm də hökumətdə olan tərafdarlarının dəstəyini vəd etməsini danmaq mümkün deyil.

Baxmayaraq ki, müsahibəsində cənab Abbasov “Bu, nə yalandır danışırlar ki, guya mən Bakıda dövlət çevrilişi eləmək, Rüstəm İbrahimbəyovu hakimiyyətə gətirmək, özüm isə kölgədə gizlənib dövləti altdan-altdan idarə etmək istəyirəm? Bunlar o qədər sərsəm, o qədər absurd fikirlərdir ki, hətta adamın ağlına da batmır” deyə bildirir.

Lakin çoxları bilir ki, Putin Bakıya gəlməzdən əvvəl Abbasov və ətrafındakılar Rusiyada paralel seçki keçiriləcəyini, orda yaşayan 1 milyondan artıq seçicinin səsinin Milli Şuranın namizədinə veriləcəyini, həmçinin seçkiyə 1 ay qalmış Bakıda ciddi işlərin görüləcəyini, müxalifətə külli miqdarda pul buraxılacağını vəd edirdilər. Hətta Azərbaycandakı aksiyaları təşkil edəcək onbaşılar, yüzbaşılar da təyin olunmuşdular və komanda gözləyirdilər.

İbrahimbəyov gizlətsə də, onun müsahibələrinin birində “Milli Şuranın maliyyə problemlərini mən həll edə bilərəm” fikrini də məhz Abbas Abbasovun və onun ətrafının vədlərinə inanaraq vediyi şübhə doğurmur. Hansı ki, Putinin Baki səfərindən sonra, o, İbrahimbəyova verdiyi bütün digər vədlər kimi, bunu da “unutdu”...

Bakıya ultimatumla gələn Abbasova prezident nə təklif edir?

Abbas Abbasovun müsahibəsindəki fikirlərlə həmin dövrdə baş verənləri paralel analiz etdikdə belə məlum olur ki, Abbasovun RATİ-ni yaratdıqdan sonrakı fəaliyyəti Bakını hövsələdən çıxarır və ondan özünü yığışdırmaq tələb olunur. Abbasov isə bunun müqabilində Bakıya onunla hesablaşmağı tələb edən ultimatumla gəlir. Özü də bunu gizlətmir: “Bundan sonra mən Azərbaycana getdim və bu haqda İLHAM ƏLİYEVİN ƏTRAFINDA OLAN ADAMLARA danışdım. Mən onlara birbaşa dedim: “BU NƏ ÖZBAŞINALIQDIR?” Prezidentlə görüşmək və təhdidlər barədə ona danışmaq istəyirdim. Lakin prezident məşğul idi.”

Əlbəttə, prezident onun sözünü eşitməyərək Kremlin istəyilə Rusiyadakı azərbaycanlıları şübhəli məqsədlərlə öz ətrafında təşkilatlandırmağa başlayan Abbasovu o istəyir deyə qəbul etməzdı. Ancaq Abbasov ortaya vasitəçilər salır və prezidentlə görüşməyə nail olur: “…və sonra prezident məni qəbul etdi. Vahid Yusifoviç Ələkbərov çox sağ olsun. O, prezidentin də dostudur, mənim də dostumdur, məni prezidentin qəbuluna apardı..."

Abbasov etiraf etməsə də, belə məlum olur ki, həmin görüşdə də prezident RATİ-nin fəaliyyətini dayandırmağı, “AzerRos”un rəhbərliyində fəaliyət göstərməyi təklif edib. Abbasov “İlham Əliyev özü mənim “AzerRos” Ağsaqqallar Şurası sədrliyinə namizədliyimi irəli sürdü” desə də, bizdə olan məlumata görə, prezident ona RATİ-ni bağlayaraq, “AzerRos”un sədri olmağı tövsiyyə edib.

Abbasovun 2-ci dəfə prezidenti eşitməməsi Bakını qəzəbləndirir

Abbasovun burda prezidentə nə dediyi bizə məlum olmasa da, Moskvanın buna razılaşmadığı məlumdur. Abbas Abbasov Bakıdan getdikdən sonra “AzerRos”un deyil, qurumun Ağsaqqallar Şurasının sədri seçildi. Üstəlik də RATİ-dəki fəaliyyətini daha da genişləndirdi. O özü bunu belə izah edir: “Mən bütün Rusiya azərbaycanlılarının inteqrasiyasına və konsolidasiyasına çağırdım...

Bundan sonra yeni gözdənsalma kampaniyası başladı. Və mən yenidən etiraz etdim, açıq soruşdum ki, sizin Rusiyadan başqa probleminiz yoxdurmu…. Ancaq buna baxmayaraq mənə qarşı çirkin kampaniya bərpa edildi, az sonra bu kampaniya Rusiyanın gözdən salınmasına yönəldi”.

Abbasovun 2-ci dəfə PREZİDENTİ EŞİTMƏMƏSİ, əlbəttə, Bakını daha da qəzəbləndirir. Hərəkətə keçməyə qərar verilir.

Bu dəfə Abbasovun yaxınlarına, onunla əlaqədə olan şəxslərə qarşı təqiblər başlayır. Abbasovun qohumu, Gəncədə “Qoçu” ləqəbi ilə tanınan iş adamı Qoca Quliyev həbs olunur. Rəsmi açıqlamada onun qanunsuz silah gəzdirməyə görə həbs olunduğu bildirilsə də, Q.Quliyevin həyat yoldaşı dəfələrlə bu həbsin A.Abbasovun qohumu olduqlarına görə həyata keçirildiyini bəyan edib.

Ardınca Abbasovun deputat oğlundan mandatını təhvil verməsinin tələb olunduğuna dair məlumatlar yayılır. Abbasovun özünün bəzi rayonların boşaldılmasında rolu olduğuna dair məlumatlar dövriyyəyə buraxılır…

Daha sonra Abbbasovla əlaqədə olan Akif Muradverdiyev, Nicat Quliyev həbsə alınır. Rüstəm İbrahimbəyovla bağlı çinayət işi açılır, onun Bakıya qayıdışının qarşısı faktiki olaraq alınır.

Əvvəl seçkidə haqq-hesab çəkməklə hədələdi, sonra dəstəklədi!

Bütün bunların baş verdiyi dövrdə A.Abbasov hakimiyyətə yönəlik sərt bəyanatla çıxış edir. Baş nazirin sabiq müavini Bakını seçkidə haqq-hesab çəkməklə hədələyir. Xatırladaq: “Doğrudanmı sizin özünüzü SEÇKİQABAĞI MÜBARİZƏDƏ göstərmək üçün başqa vasitələriniz qalmayıb? Siz çalışırsınız ki, Rusiyadakı azərbaycanlıların da HAQLARI sizin ”səyləriniz" sayəsində tapdalansın? Ona görə də onlardan əlinizi çəkin!..".

Beləliklə, Əliyev hakimiyyəti ilə Abbas Abbasov arasında münasibətlər qırılma nöqtəsinə qədər gərginləşir. Təbii ki, bu Abbasovun öz istəyi ilə baş vermir. O, Kremldən aldığı təlimat əsasında hərəkət etdiyindən geri çəkilə bilmir…

Təsdüfi deyil ki, Putin Bakıya gəldikdən və Moskva Bakıdan istədiyini aldıqdan sonra Abbasovun da, dostu Söyün Sadıqovun da, nə Azərbaycandakı korrupsiya yadlarına düşür, nə də Rusiyadakı azərbaycanlıların problemləri…

Hətta Putin gəlib-getdikdən sonra - prezident seçkiləri ərəfəsində A.Abbasov İlham Əliyevi dəstəklədiyi barədə bəyanatla da çıxış edir. Bu bəyanat Abbasov və ətrafına təzyiqlərin səngiməsinə səbəb olsa da, bu onun bağışlanması demək deyildi.

Abbasov Əliyevlə münasibətlərinə dair ziddiyyətli bəyanatlar verir

Elə Abbasov da bunu bildiyindən, İlham Əliyevlə münasibətlərinə, ona qarşı mövqeyinə dair ziddiyyətli bəyanatlarla çıxış edir. Diqqət edin:

- Gah “İlham Əliyevin mənə münasibəti yaxşıdır, yaxud pisdir, bu, məni maraqlandırmır” deyərək özündən arxayınlıq nümayiş etdir, gah da “Ondansa mənim potensial və imkanlarımdan Azərbaycan xalqının rifahı üçün istifadə edin. Məndən satqın obrazı yaratmağa da son qoyun…” deyərək Moskvada güclü olduğunu iddia edir, Bakiya onun xidmətlərindən yararlanmağı təklif edir.

- Gah “Heydər Əliyevə xidmət etmişəm… Qusarda mən böyük və aqressiv separatçı kütləyə qarşı tək dayandım… İndi bunların hamısının üstündən necə xətt çəkmək olar? Bunları necə unutmaq olar?” deyərək keçmiş xidmətlərini nəzərə alınmasını istəyir, gah da “indi mən hər hansı artıq söz deməyə çəkinirəm. Çünki ailəmə, uşaqlarıma, yaxınlarıma təzyiqlər başlayacaq... Siz gərək mənim İlham Əliyevlə bir sırada olmağımı istəməyən bu çaqqallardan yazasınız. Mən öz xalqımı, prezidentimi və vətənimi sevirəm” deyərək, günahsız olduğunu, kimlərdənsə qorxduğunu və məhz onların aranı qarışdırdığını göstərməyə çalışır.

Beləliklə, baş nazirin sabiq müavininin müsahibəsini yaxın keçmişdə baş verənlərlə paralel analiz etdikdə seçki öncəsi Azərbaycan hakimiyyəti ilə Moskva arasındakı gərginliyin, Abbas Abbasovun patronajlığı ilə RATİ-nin yaradılmasının, həmçinin bunun Bakıda qəzəblə qarşılanmasının, Milli Şuranın nədən “Rusiya proyekti” kimi təqdim olunmasının səbəbləri və sair məsələlər xeyli dərəcədə aydınlaşır.

Və bütün bunlardan sonra yuxarıda qoyduğumuz suallara da çavab tapmaq asanlaşır.

Abbasov Kremlin əsas adamlarından biri olduğunu göstərmək istəyir

İlk olaraq baş nazirin sabiq müavininin barəsindəki ittihamlara, özünün dediyi kimi təhdidlərə niyə vaxtında deyil, indi cavab vermək niyyətinə düşdüyünə aydınlıq gətirək.

Seçkidən sonra uzun müddət susan Abbasovun birdə-birə belə geniş şəkildə açıqlamalar verməsinin Rusiyanın Krımı işğal etdiyi, Putinin dünyanın əsas güclərinə barmaq silkələdiyi, Moskvada sovet imperiyasını bəra etmək çağırışları ilə eyni vaxta düşməsi təsadüfə oxşamır. Bununla A.Abbasov bir tərəfdən Putinlə görüşünü, ona tapşırıqlar verdiyini qabardaraq Kremlin əsas adamlarından biri olduğunu göstərir, öz vasitəçiliyini təklif edir. Təsadüfi deyil ki, “məndən düşmən yaramqdansa, mənim potensial və imkanlarımdan Azərbaycan xalqının rifahı üçün istifadə edin. Məndən satqın obrazı yaratmağa da son qoyun…” mesajını verir.

Digər tərəfdən isə Bakıya özünün güclü olduğu, onunla hesablaşmağın vacibliyi mesajını verir. “Allah eləməsin, nəsə bədbəxtlik olsa, yenə də onunla bir sırada olacağam... istənilən an Azərbaycana qayıtmağa və yenidən İlham Əliyevin əsgəri olmağa hazıram... “ deyə, Azərbaycan iqtidarını Moskvanın qəzəbindən özünün qurtara biləcəyini nümayiş etdirir.

Moskvanın işğalçılıq siyasəti Abbasovun özünü daha qüdrətli hiss etməsinə şərait yaradıb

Elə A.Abbasovun müsahibəsində sərt ritorikaya üstünlük verməsinin səbəbini də Moskvanın işğalçılıq siyasətinin yenidən baş qaldırmasından doğan özünəarxayınlıqda axtarmaq lazımdır. “Kremlə toxunmayın, Rusiyaya toxunmayın!” deyə, haray çəkən Abbasov, sanki bu siyasətdən məmnun kimi görünür. Və bu planda özünü daha qüdrətli hiss edir. Təsadüfi deyil ki, Azərbaycanda onun yaxınlarına aid bəzi biznes strukturlarını bağlayan hakimiyyətə “...mən Türkiyədə də biznes qurmuşam. Biznesimlə bağlı Türkiyədə tez-tez oluram. Əgər istəyirlərsə, XIRDA AMBİSİYALARA əsir olub qoy mənim Türkiyədəki biznesimi də bağlasınlar. Bundan qorxmuram, çünki sağlam və enerjiliyəm, ailəmi istənilən şəraitdə dolandıra bilərəm” deyə meydan oxuyur.

“İlham Əliyevin mənə münasibəti yaxşıdır, yaxud pisdir, bu, məni maraqlandırmır” deməklə prezidentdən belə çəkinmədiyini göstərməkə yanaşı ona münasibətdə təzyiqlərə rəvac verən hakimiyyət nümayəndələrini təhqir edərək, hədələyir. Sitat: “Mənə və ailəmə qarşı mübarizə aparan adamların qiymətini isə tarix özü verəcək. Bilirsiniz ki, kimlərdən bəhs edirəm. Onlar canavar cildinə girmiş ÇAQQALLARDIR. Ancaq onlar heç vaxt canavar ola bilməzlər... Axı ONLARIN DA AİLƏLƏRI VAR, UŞAQLARI BÖYÜYÜR. Bütün bunlardan sonra onlar necə yaşayırlar?

Abbasovun qəzəbinin və təhdid dolu mesajlarının ünvanı haradır?

Abbasovun qəzəbinin və təhdid dolu mesajlarının ünvanının kim(lər) olduğu isə hər kəsə məlumdur. Bu sırada Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdən tutmuş, nazir Nazim İbrahimova, deputat Siyavuş Novruzova qədər, müxtəlif şəxslərin adlarını çəkmək olar.

Ancaq bu təhdidlərin sadəcə şəxslərə qarşı deyil, ümumilikdə hakimiyyətə, hətta bir qədər geniş götürsək Azərbaycan dövlətinə qarşı yönəldiyini söyləyə bilərik. Bu baxımdan Abbasovun “Rusiya da heç vaxt nə Qarabağa, nə də Azərbaycana soxulmayacaq. Rusiya Azərbaycana öz strateji tərəfdaşı kimi baxır” fikrini, əgər Bakı Moskvanın tərəfdaşı kimi hərəkət etməzsə, nələrlə üzləşə biləcəyinə dair eyham kimi oxumaq olar...

Abbasov dostu Ələkbərova ölkənin baş naziri postunun verilməsini təklif edir?

Əslində baş nazirin sabiq müavininin bu açıqlamaları da bir növ Bakıya Moskvanın istəklərini nəzərə almaq yönündə xəbərdarlıq mahiyyəti daşıyır. Həm də yalnız xarici siyasətdə deyil. Diqqərt edin, Abbasov deyir: “Mən belə hesab edirəm ki, İlham Əliyev kaş Vahid Ələkbərovu Bakıya dəvət edəydi, o da Azərbaycanın inkişafına öz töhfəsini verəydi.

İlham Əliyev Vahid Ələkbərovu hansı statusda Bakıya dəvət etməlidir, bunu açıqlamır.Bəlkə Abbasov dostu Ələkbərova ölkənin baş naziri postunun verilməsini təklif edir? Sovet dövründə olduğu kimi, ölkənin 2-ci şəxsinin birbaşa Rusiyanın adamı olmasını istəyir? Hətta ola bilsin “80-ə yaxın yaşı olan adamlar öz kabinetlərində otururlar. Nə vaxta qədər oturacaqlar?” deyərkən də sabiq rəhbərini - Artur Rəsizadəni nəzərdə tutub?...

Bir sözlə, Abbas Aydınoviç artıq Bakı ilə ya Moskvanın dili ilə, ya da Rusiya hakimiyyətinin gücünü arxasına alaraq danışır. Hansi ki, BU GÜÇ hazirda ona Baki ilə TƏHDID DILINDƏ danişmağa imkan verir. Rusiya hakimiyyətinin Bakının üzərindəki “domokl qılıncı”na çevrilən Abbas Abbasovun təhdid dolu mesajlarına Azərbaycan hakimiyyəti tərəfindən necə reaksiya veriləcəyini isə zaman göstərəcək.

İsmayıl İSMAYILBƏYLİ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar