BP və SOCAR Xəzərdə geoloji-kəşfiyyat işlərinə dair memorandum imzaladılar

Bu gün BP və SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) arasında Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunda potensial perspektiv strukturlarda birgə geoloji-kəşfiyyat işlərinin aparılmasına dair Anlaşma Memorandumu imzalanıb.

"BP Azerbaijan" şirkətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın dəniz ərazilərinin bütünlüklə tədqiq olunmasının təmin edilməsi üzrə hökümət planının bir hissəsi kimi, bu memorandum BP-yə müstəsna hüquq verir ki, D230 blokunun geoloji-kəşfiyyatı və işlənməsi üzrə saziş bağlamaq üçün SOCAR-la danışıqlar aparsın.

Anlaşma Memorandumu bu gün Bakıda Azərbaycan hökuməti adından SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell tərəfindən imzalanıb.

R.Abdullayev deyib ki, BP ilə SOCAR-ı uzunmüddətli səmərəli tərəfdaşlıq münasibətləri bağlayır: "BP Azərbaycanda həyata keçirilən regional və qlobal əhəmiyyətli böyük layihələrin əsas sərmayədarı və operatoru olub. Şirkətlərimiz arasında münasibətlər daim yüksələn xətt üzrə inkişaf edir. Əməkdaşlıq etdiyimiz bütün layihələr üzrə uğurlu nəticələr qazanmışıq. Bu gün yeni bir ofşor layihəsinin əsasını qoyacaq Anlaşma Memorandumunu imzalayırıq. Bu bizim BP ilə birlikdə uzun illər əməkdaşlığımıza əsas verəcək perspektivlərdən biri olacaq".

Q.Birrell bildirib ki, bu gün həm Azərbaycan, həm də BP şirkəti üçün əhəmiyyətli bir gündür: "Bu, Azərbaycanda neft və qaz hasilatının uzunmüddətli gələcəyini təmin etmək üçün birgə işləyərək yeni imkanlar axtarmaq sahəsindəki əməkdaşlığımızın davamıdır. Dünyanın digər yerlərində geoloji-kəşfiyyat sahəsindəki geniş təcrübəmizə və sənayedə mövcud olan ən qabaqcıl texnologiyalar üzrə səriştəmizə əsaslanaraq, biz bu yeni imkana ümidlə baxırıq və Azərbaycanda neft hasilatının bir çox onilliklər ərzində saxlanılmasına töhfə verməkdə davam edəcəyik".

Blok D230 suyun dərinliyi 300 metrədək və kollektorun dərinliyi 3000-5000 metr olan əraziləri əhatə edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar