Jurnalist Xalid Niyazovun kitabının təqdimatı keçirilib (FOTOLAR)

Beynəlxalq Mətbuat Mərkəzində əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru Xalid Niyazovun "Dövlət İnformasiya Siyasəti (KİV timsalında)” kitabının təqdimatı keçirilib. SİA-nın verdiyi xəbərə görə, monoqrafiyanın elmi redaktoru Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov, elmi məsləhətçiləri AMEA-nın akademik katibi, akademik Rasim Əliquliyev və Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu, rəyçiləri Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev və Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovdur.

Tədbirin açılışını edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, kitabda dövlət, cəmiyyət və media münasibətləri müasir müstəvidə təqdim olunub: "Bu, Azərbaycan mətbuatına beynəlxalq jurnalistika səviyyəsində baxışdır. Monoqrafiya üç hissədən ibarətdir. Birinci hissədə siyasi sistemin modernləşməsi, KİV-in modernləşmə prosesində yeri mərhələli şəkildə təhlil olunub. Modernləşmə hələ XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika ilə birgə yaranıb və bu sahədə bir sıra islahatlar həyata keçirilib. Lakin Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra siyasi modernləşmə də müvəqqəti dayanıb. Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrin inkişafı yeni mərhələyə qədəm qoydu. Ölkə başçısı cənab İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra isə modernləşmənin sürətlə inkişafında daha da mütərəqqi addımlar atılmağa başladı. Monoqrafiyanın ikinci və üçüncü fəsillərində KİV sahəsində dövlət informasiya siyasəti mərhələli şəkildə araşdırılıb, həmçinin, müasir informasiya cəmiyyətində KİV-in inteqrativ funksiyası haqqında geniş məlumat verilib”.

Milli Məclisin deputatı Nizami Cəfərov monoqrafiyanın dövlət və mətbuat münasibətlərinin tədqiqi baxımından ciddi elmi iş olduğunu vurğulayıb: “Dövlət və mətbuat münasibətləri araşdırılmağa ehtiyac duyulan mürəkkəb məsələlərdən biridir. Məlumdur ki, yeni dövlət quruculuğu dönəmində jurnalistika ilə bağlı obyektiv təfəkkür formalaşdırmaq çətin idi. Lakin bu gün formalaşan açıq cəmiyyətdə demokratik jurnalistika da inkişaf edir, təməlini möhkəmlədir. Hesab edirəm ki, "Dövlət İnformasiya Siyasəti (KİV timsalında)” kitabı jurnalistikanın demokratik şərtlərdə formalaşması istiqamətində mühüm əhəmiyyət kəsb edəcək”.

Çıxış edən BDU-nun Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev bildirib ki, jurnalistika sadəcə ictimai deyil, eyni zamanda elmi fəaliyyət sahəsidir: “Jurnalistika özünü təhlil, tədqiq və təsdiq etməyi bacarmalıdır. Azərbaycanda jurnalistika formalaşanda tənqidə deyil, tərifə əsaslanırdı. Zamanla tənqidi jurnalistika da dünya təcrübəsindən yararlanaraq, təşəkkül tapmağa başladı. Lakin Azərbaycan jurnalistikasında hələ də həlli yolunu tapmayan məsələlər var. Ümid edirəm ki, sözügedən elmi əsər bu kimi problemlərin aradan qaldırılmasında əsaslı mənbə olacaq və Azərbaycanda mətbuatşünaslıq daha da inkişaf edəcək”.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu monoqrafiyanı jurnalistikanın yeni keyfiyyətlərinin üzə çıxaran elmi əsər kimi dəyərləndirib: “Elm haqqında danışılanda elmi informasiyanın ali forması kimi dəyərləndiririk. Xalid Niyazov da növbəti elmi monoqrafiyası ilə bunu təsdiqlədi. Bildiyimiz kimi, sosial-siyasi elm gənc olduğu kimi, həm də təcrübi potensialı olmayan elmdir. Əgər Qərb sosial-siyasi elmi bu vəziyyətdədirsə, o zaman Azərbaycanda sosial-siyasi elmin daha da inkişaf etməsinə ehtiyac var. Kitabın hər fəsli ardıcıl paraqraflardan ibarət olmaqla, monoqrafiyanın da elmi çəkisini artırıb. Elmi əsər Azərbaycanda mövcud olan informasiyanın daxili mikrostrukturunun xarakterik xüsusiyyətlərini ön plana çəkir. Bu, həm jurnalistika sahəsində bir yenilikdir”.

Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov monoqrafiyanın təsvir üzərində deyil, təhlil prinsipləri əsasında yazıldığını qeyd edib: “Elmi əsərdə cəmiyyətdə informasiya-kommunikasiya kanallarının qurulması tədqiq olunub. Bu, hazırda aktual məsələlərdən biridir. Əgər biz sağlam kommunikasiya kanallarını qursaq, vətəndaş cəmiyyəti haqqında da düzgün informasiyaya nail ola bilərik. Bu baxımdan, kitab nəinki KİV-lər, həmçinin, digər sahələr üçün də səmərəli dərs vəsaitidir”.

Tədbirdə çıxış edən BDU-nun sosiologiya kafedrasının müdiri, professor, fəlsəfə elmləri doktoru İzzət Rüstəmov vurğulayıb ki, informasiya olmadan cəmiyyəti idarə etmək mümkün deyil: “Bu gün informasiya yeni keyfiyyət qazanaraq, sürətli inkişaf mərhələsinə addımlayıb. Lakin bununla yanaşı, informasiya texnologiyaları çox mürəkkəbləşib və artıq əmtəə vasitəsinə çevrilib. Kitabdan da belə nəticəyə gəlmək olar ki, dövlətin informasiya siyasəti dövlət siyasətinin mühüm elementidir. Belə bir aktual mövzunun təhlilinə müraciət edildiyi üçün, şəxsən, kitabın təbliğatçısı olmağa çalışacam”.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək mətbuatla cəmiyyətin qarşılıqlı əlaqəsindən danışıb. Bildirib ki, nəzəriyyə ilə praktikanın vəhdətinin əsası olan bu monoqrafiya jurnalistika ilə cəmiyyət münasibətlərinin tədqiqatı üçün mühüm elmi vəsaitdir.

"Dövlət İnformasiya Siyasəti (KİV timsalında)” kitabının elm aləminə töhfə olduğunu vurğulayan “SƏS Media Qrup”un rəhbəri Bəhruz Quliyev monoqrafiyanı həm elmi əsər, həm də jurnalistika sahəsində araşdırma aparan tədqiqatçılar üçün səmərəli mənbə kimi xarakterizə edib: “Qərb ölkələrində KİV daim vətəndaş cəmiyyətinin institutu kimi təqdim olunub. Lakin, hesab edirəm ki, KİV-i siyasi institut kimi elmə daxil etməyə ehtiyac var. Bu baxımdan, monoqrafiya siyasi institutun araşdırılması istiqamətində geniş tədqiqat nümunəsidir. Hazırda Azərbaycanda KİV müasir siyasi sistemin çox vacib tərkib hissələrindən birinə çevrilib. Bütün bu amillərin araşdırılmasına xidmət edən kitabdan jurnalistika sahəsində dərs vəsaiti kimi yararlanmaq mümkündür”.

Sonda çıxış edən "Dövlət İnformasiya Siyasəti (KİV timsalında)” kitabının müəllifi Xalid Niyazov təqdimat mərasimində iştirak edən qonaqlara təşəkkürünü bildirib.

Qeyd edək ki, təqdim edilən elmi əsərdə dövlət informasiya siyasətinin ümumi anlayışı, siyasi sistemin müxtəlif institutları ilə qarşılıqlı əlaqəsi, cəmiyyətin i̇nformasiyalaşması və i̇nformasiya əldə etmə ehtiyaclarının təmin edilməsi prosesindəki iştirakına toxunmaqla, əsas ağırlıq KİV-in həmin siyasətin həyata keçirilməsindəki yerinə və roluna ayrılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar