NİDA-çı gənclərin apellyasiya şikayətinə baxılacaq

NİDA Vətəndaş Hərəkatının üzvləri Bayram Məmmədov və Qiyas İbrahimov barəsində olan həbsin ev dustaqlığı və ya girov qətiimkan tədbiri ilə əvəzlənməsilə bağlı vəsatətin təmin olunmamasına görə verilən apellyasiya şikayətlərinin vaxtı açıqlanıb.

Bu haqda Modern.az saytına NİDA Vətəndaş Hərəkatının üzvlərinin hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov məlumat verib.

O bildirib ki, Qiyas İbrahimov barədə şikayətinə mayın 26-da saat 14:30-da baxılacaq:

“Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə Qiyas İbrahimovun barəsindəki həbsin ev dustaqlığı və ya girov qətiimkan tədbiri ilə əvəz olunması barədə vəsatətimin təmin olunmaması haqqında Xətai rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun 20.05.2016-cı il tarixli qərarından verdiyim apellyasiya şikayətinə baxılacaq”.

Onun sözlərinə görə, həmçinin mayın 26-da 18.00-da Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrliyi ilə Bayram Məmmədov barəsindəki həbsin ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətin təmin olunmaması haqqında Xətai rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun 20.05.2016-cı il tarixli qərarından verdiyi apellyasiya şikayətinə baxılacaq.

“Hər iki gənc məhkəmə iclaslarında iştirak edəcəklər (Konvoy vasitəsilə gətiriləcəklər). Məhkəmə iclasları qapalı keçiriləcək”.

Daxili İşlər Nazirliyinin (DİN) həbs edilən NİDA-çı gənclərlə bağlı yaydığı məlumatda bildirilir ki, narkotik maddəylə əlaqəli saxlanılıblar.

“Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu qəsəbə sakini Bayram Məmmədovdan 2,904 qram heroin, evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilərək götürülüb.

Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi, Nəsimi RPİ 22-ci PB və Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində Qiyas İbrahimovdan 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb”.

NİDA hərəkatı hesab edir ki, gənclər Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentini yazdıqlarına görə saxlanıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar