Azadlıq necə alınır?

Dərk olunmuş zərurət yaşanılmış həqiqət deyilsə...

İnsan axtarır... Elə bir bərabərlik axtarır ki, fərqliliyini qoruya bilsin. Bu mümkünmü? Insan elə bir azadlıq axtarır ki, onun sərhədini görməsin, yoxsa, özünü hansısa bir xəyali hasarın içində qapadılmış hiss edər. Düşünər ki, o heç vaxt azad olmayıb. Bunun nəticəsi isə uyğun olaraq, fərdi və ictimai mənada depressiya ola bilər. Yəni, Azadlıq təhlükəyə çevrilə bilər.

Keçmiş sovet ölkələrində böyük kütlələrə 70 il “biz xoşbəxtik” deyəndən sonra günün birində “əslində, siz qulsunuz” dedilər. Bu müraciətlərdəki şəxs əvəzliklərinin necə dəyişməsi əsaslı şəkildə vəziyyəti izah edirdi.

Insan niyə azad olmaq istəyir? Nə verir ona azadlıq? Azadlıq ondan nələri alır? Özünü azad hiss etmək qorxuludurmu? Bu barədə antik və orta əsrlər təlimlərində xeyli fikirlər var. Suallar isə sadədir, həyatidir. Spinoza (17-ci əsrdə yaşamış yəhudi əsilli filosof) hesab edir ki, insan substansiyanın - başlanğıcın tərkib hissəsidir. Yəni, yaradana münasibətdə  azad və ya qeyri-azad deyil. Onun mahiyyətində azaddır və ya deyildir. Bu nə deməkdir?

İdrakın dörd yolu barədə - Spinoza

1. Biz nəyisə haqqında eşitmədiyimiz halda - ilk dəfə eşitməklə dərk edirik, yəni, haqqında danışılma yolu ilə;

2. Biz bilavasitə şəxsi təcrübənin köməyilə dərk edirik;

3. Biz məntiqi nəticənin köməyilə məntiqi prosesin gedişində deduksiya metodundan, yəni, doğru fikirlərin doğruluğunun bizə artıq başqa məntiqi nəticələrlə bəlli olması yolundan istifadə edərək dərk edirik;

4. Idrakın dördüncü və sonuncu yolu isə bilavasitə intuisiyadır.

Nəyisə haqqında eşidib dərk etməyə dair çox misallar çəkmək olar. Biz buna Orta əsrlərdə sentikalizmin, 20-ci əsrin əvvəllərində faşizmin, ortalarında liberalizmin və Kommunizmin arxasınca gedən kütlələrin idrak prosesini misal gətirə bilərik. Bu cür idrakın sonucda depressiya ilə nəticələndiyi bu haqda deyilən ən yumşaq fikirdir.

Azadlığa və ya rifaha kütləvi nail olmaq olarmı? Fikrimcə xeyr. Çünki istənilən kütləvi inam və inanc totalitarizmin yeni və ya formaca yeni rıçaqına çevrilir. Buna yuxarıdakı ideoloji cərəyanları da misal gətirmək olar. Amma sual oluna bilər ki, o zaman millətlərin azadlıqları barədə danışmaq yersiz deyilmi? Beləliklə, biz idrakın ikinci forması üzərində dayanırıq.

Azadlıq təcrübə kimi...

Biz bilavasitə şəxsi təcrübəmizlə dərk ediriksə, deməli, biz azadlığın arzudan daha çox təcrübi anlayış olduğunu deyə bilərik. Yəni, insan arzuladığı qədər deyil, yaşaya bildiyi qədər azaddır. Bu mənada azadlıq həm də bir utopiya fenomenidir. Başqa tərəfdən isə həyat üçün onu qiymətləndirəcək mühüm ölçüdür. Amma bütün hallarda o, yaşayışın keyfiyyətinə maddi və mənəvi aspektlərdən təsir edə bilir. “Azad ruh” və “azad bazar” anlayışı kifayət edir ki, biz bu barədə fikirlərimizi davam etdirməyək. Bununla belə, başqa bir mühüm sual da ortaya çıxır: insanın azadlığına kim qiymət verir? Yəni, nəyə və ya kimə nəzərən azadlıq? Siyasi azadlıqlar qanunlara nəzərən, qanunlar cəmiyyətin ümumi tələblərinə nəzərən formalaşırsa, etiraz etmək tələbdir, yoxsa azadlıqdır? Yoxsa, azadlıq özü bir tələbdir?

Bu mübahisələr əksər dünya ölkələrində ictimai konsensusunu tapsa da, bizim üçün hələ də açıq qalıb. Çünki bizdə hələ də azadlıq təcrübə deyil. O, sadəcə, arzudur. Buna görə də azadlıq anlayışı siyasi mənada polis dəyənəyi ilə üz-üzədir. Onun təcrübəyə çevrilməsinin qarşısı alındıqca, yəni, azadlıq arzu olaraq qaldıqca təhlükədir. Çünki idarəolunmaz və sərhədsizdir. Azadlığın gerçək sərhədlərini şübhəsiz ki, onu yaşayanlar bilir.

“Məntiqin zənciri”ndəki azadlıq

Azadlıq riyazi proses deyil, amma fizikanın qanunlarından da kənar deyil. Biz normal gözlə görə bilmədiyimiz səs dalğalarının və rəqslərinin hərəkəti barədə ilk dəfə oxuyarkən əksər hallarda təəccüb edirik. Fundamental biliklərin yeni bir sferasına qədəm qoyuruq - görə bilmədiklərimizi qeydə almaq prosesinə. Düşüncə azadlığı bu mənada, bioloji azadlıqdan (gözlə görünən) ikinci mərhələyə (sadəcə, nəticələrinə görə qeydə alınan) keçid kimi başa düşülməlidir. Bəşəriyyətin əldə etdiyi bütün uğurlar istisnasız, düşüncə azadlığının sənaye ilə paralel inkişafının nəticəsidir. Bunun əksi barədə fəlsəfənin və sənayenin olmadığı bütün toplumları misal çəkmək olar. Məsələn, Azərbaycanda düşüncə - ifadə azadlığı yoxdur, bunun nəticəsində elm də inkişaf edə bilmir. Elmi mərkəzlərdə  kimya və biologiya sahəsində fəaliyyət göstərənlər belə, Heydər Əliyevin bu fənn sahələrinə qayğısından yazmağa məcburdurlar. Amma elm qayğı ilə inkişaf edə bilməz. Metodoloji ziddiyyət budur ki, elm mövcud nəticələrə və imkanlara üsyan edərək irəli atıla bilər. Yəni, inkişaf üçün ilk şərt mövcud olanla qane olmamaqdır. Bunun üçün də məhz sənaye elmin birbaşa ifadəsidir.

Elmin və sənayenin məntiqi nəticəsi isə rifahdır. Yəni, tamamlanmış azadlıq. Rifaha qovuşmuş cəmiyyət isə artıq yeniliyi tələbat olaraq dərk edir. Əgər tərəvəzdən avtomobilə kimi bütün istehsalat sahələri nəzarətdədirsə, bu artıq yemək və gəzmək sərbəstliyinin olmaması deməkdir. Belə olan halda, istehsal və yenidən istehsal azadlığı barədə danışmaq yersizdir.  Bu mənada, biz o qənaətə gəlirik ki, ölkəmizə ümumiləşdirmə və ya xüsusiləşdirmə metodu ilə baxmaqla da onun azadlıqlar baxımından seysmik zonada yerləşdiyini deyə bilərik.

Seksual azadlıq və ya tələbatın dərki

Özündən əvvəlki bütün metodların doğru və ya yalnış nəticəyə   gəlməsindən asılı olmayaraq, intuitiv dərk bilavasitə təbii mümkünlüyü dərkdir. Bu informasiyanı təsdiq etmək üçün prosedur tələb etmir. Sadəcə, biliyin həqiqiliyinə obyektiv (dəyişməz) inamdan çıxış edir. Bu dəfə substansiya (Tanrı və ya təbiət) öz daxili qanunauyğunluqları ilə diktə edir.  Azərbaycan cəmiyyətində intuitiv idrakın mexanikləşməsinə doğru proses seksual azadlıqlar və tələbatlar, mental və inzibati məhdudiyyətlər kontekstində daha aydın görünür. Bu barədə ayrı-ayrı zamanlarda müxtəlif publisistik yazılar olub. Amma problemin ciddiliyinə diqqət yönəltmək elə də mümkün olmayıb. Hakimiyyət cinsi azadlıqları mentalitet tabusu ilə buxovlayaraq, onu siyasi mübarizəsinin əsas silahına çevirib. Ayrı-ayrı siyasi və ya fikir opponentlərinin şəxsi həyatının izlənməsi, bunu özünün formalaşdırdığı “mental” mühakimənin cənginə verməsi  azadlığı növbəti təhlükəyə çevirib. Amma bu cür davranış nəticə etibarilə təbii davametmənin qaydalarına ziddir və toplum seksual azadlığa doğru gedir. Bu isə siyasi hakimiyyətin idarəetmə forması kimi tətbiq etdiyi mental amorfizasiya və şəxsi həyatın şantajıdır. Əslində isə seksual inqilab sosial psixoloji proses kimi gözdən keçirilməlidir. Siyasi məqsəd deyil, sosial inkişafın bir mərhələsi kimi dərk olunmalıdır. Sənaye cəmiyyətlərinin  əldə etdiyi bir çox uğurlar istehlakçı toplumlara məhz bu cür qeyri-təbii, anormal yollarla gəlir. Yəni, dərkin deyil, məvcudluq üçün məcburiyyətin nəticəsi olur.

Bir çox Avropa ölkələrində elmin inkişafı fərdi azadlıqların kökündə dayanan sosial rifahın düsturunu tapdığı üçün insanlar özünüidarəetmədə bioloji faktora üstünlük vermirlər. Dövlət isə insanların anatomiyasını öz siyasi məqsədlərinə kodlaşdırmır. Bu mənada, Mişel Fukonun orta əsrlərdə Avropa həbsxanalarına dair araşdırmaları çox maraqlıdır. XXI əsrdə bizim cəmiyyətimizdə tarixdə baş vermiş və sonradan lənətlənmiş proseslərin canlanması ciddi mənada sosial çalxantıların astanasında olduğumuzu deməyə əsas verir.

Fenomenoloji qaçış

Biz yazının əvvəlində bir sual qoymuşduq: kütləvi azadlıq mümkün deyilsə, millətlər necə azad olur? Yazının digər hissələrində azadlığın maddi və mənəvi kriteriyalarından,  tamamlanmış rifah olduğundan danışdıq. Millətlər o zaman azad olurlar ki, onu təşkil edən fərdlər ayrı-ayrılıqda və ya bir yerdə bu rifahın təşkilində çoxfunksiyalı, amma bərabərhüquqlu rol ala bilirlər. Amma bu prosesə keçid inzibati mərkəz (siyasi hakimiyyət) tərəfindən ləngidilsə də, cəmiyyətin mühüm təbəqələrinin də mühüm tələbinə çevrilmir. Yəni, əksəriyyət əzilmiş müstəvinin düzəlmək cəhdində parçalanmasından qorxur. Buna görə də dəyişikliklər passionar qrupun əsas vəzifəsi kimi inqilabi xarakterdə görünür. Bu mənada, Azərbaycanda azadlıqlar uğrunda mübarizə xaraktercə hüquqların qaçaqmalçılığına qarşı mübarizə kimi görünür. Başqasının əlində olan qiymətli şüşəmiz uğrunda mübarizə həm də ona görə çətindir ki, biz onu əldə edərkən sınmasından çəkinirik...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar