Həyat çəksə səni sərt imtahana...

Nurəddin İSMAYIL

Həyat çəksə səni sərt imtahana,

Səbri unudub, səs salma cahana.

İtirmə səbri, hər zəhmətə qatlaş,

Səbri olan heç vaxt keçirməz təlaş.

Hər zəhmətin sonu bil, rahatlıqdır,

Zəhmət yoxsa, sonu narahatlıqdır.

Çıxdınsa yola, vermə səbri əldən,

Səbr çəkindirər səni pis əməldən.

Səbri olmayanın az dur yanında,

Haqqa xilaflıq var onun qanında.

Səbrə itaət bizə haqdan gəlib,

Səbrlə Yusif dar quyudan yüksəlib.

Səbrsizlik bəla gətirən kor inaddır.

Səbr, təmkin insanda qoşa qanaddır.

Səbrsizlik edib çıxma sən özündən,

Əyrisə, sap keçməz iynə gözündən.

Səbrin basan hər işində qalibdir,

İnsan, ta əzəldən səbrə talibdir.

Səbrsizlik insanı çıxarar təbdən,

Salar onu mərifətdən, ədəbdən.

Nadanlar səbri ətalətdən bilər,

Ətalət beşiyində hey mürgülər.

Səbrlə bir araya sığmaz ətalət,

Ətalət ardınca gələr, zəlalət.

19 may 2016

Mən elə bilirdim

Bir qarış torpağım getsə,

Ölüb, birdəfəlik yerə girərdim.

Nə qol qaldırıb oynar,

Nə ürəkdən gülərdim.

Bu nə yüngül dərddir,

Allahım, bizə çəkdirdin.

Hansı günahın əvəzidir,

Sinə dağı, qəm əkdirdin.

Adamın cənnətdən yer azdığı,

Ölməmişdən qəbrini qazdığı,

Öz dərdi

Özünə bəs deyilmi?!

Can verən vətən içində,

Sızıldayan bədən içində,

Ölüb itmək yerinə,

Yerin də lap aşağı yerinə

Rədd olub, getmək əvəzinə,

Can bəsləməsi əbəs deyilmi?!

17 may 2016

Dostluq haqqında

Ən böyük dostumuz uca Allahdır,

Ən gözəl sözümüz də bismillahdır.

Onunla başladı əhdə vəfalıq,

O yetirdi bizə, sidqi-səfalıq.

Yaxşı dost qəlbinə səfa bəxş eylər,

Dost deyilsə dərdinə rişxənd eylər.

Dost qəlbi aynadır dostu parladan,

Gülzardır, gülünü dər o tarladan.

Dostluqda vəfalı olarsa insan,

Bil ki, Tanrı lütf etmiş ona ehsan.

Dost sənin özünsən, unutma bunu,

Könlündə sən ara, könül dostunu.

Təmənna umursa dostluqda biri,

Vaz keç ondan, vermə əldən tədbiri.

Dostluqda vəfalı, sabit qədəm ol,

Əhdə xilaf çıxma, budur doğru yol.

24 may 2016

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar