"Dağlıq Qarabağın iştirakı olmadan mümkün deyil" - Nalbandyan

“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı bütün işçi sənədlərdə Dağlıq Qarabağın danışıqlar tərəfi olmalı olduğu barədə maddə var”.

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, bunu Ermənistan xarici işlər naziri Edvard Nalbadyan parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağın iştirakı olmadan hər hansı sənədin imzalanması mümkün deyil. Nazir tezliklə Azərbaycanla imzalanması üçün hazır sənədin olmadığını da qeyd edib: “Danışıqların bərpası üçün şərait olmalıdır. Əgər bu şərait və monitorinq imkanı yaradılsa, onda bu danışıqlara başlamaq olar. Hazırda məhz bu istiqamətdə səylər göstərilir. Ola bilsin ki, həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşündə Vyana görüşündə əldə olunan razılaşmaların tam həyata keçirilməsi məsələsi müzakirə edilsin. Bu, sonradan danışıqların növbəti mərhələsinə yol aça bilər”.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar