Rusiya iqtisadiyyatı resessiyaya uğrayır- ŞƏRH

Sanksiyalar tənəzzül prosesini gücləndirəcək

Rusiya iqtisadiyyatı resessiyaya uğramaqdadır. Iki reytinq agentliyi ölkənin suveren reytinq proqnozunu pisləşdirib. “Standard&Poor’s” və “Fitch Ratings” agentlikləri bu ölkənin reytinq proqnozunu “sabit”dən “mənfi”yə endirib. Proqnoz dəyişiklikləri bu ölkəyə qarşı sanksiyalarla bağlıdır. “Standard&Poor’s” ÜDM artımı proqnozunu 2014 və 2015-ci illərdə 1,2% və 2,2%-ə korrektə edib (2,2%-dən və 2013-cü ilin dekabrında 3,0%-dən). Agentliyin fikrincə, I rübdə kapitalın ölkədən çıxması 60 mlrd dollar təşkil edib.

Dünya Bankı da proqnozunu dəyişib. Banka görə, 2014-cü ildə RF iqtisadiyyatında 1,1% artım olacaq (gözləniləndən 2 dəfə az). Krım ətrafında vəziyyət gərginləşsə, daha pis ola bilər. Bu halda ÜDM azalması 1,8% təşkil edəcək. 2015-ci ildə iqtisadi artım proqnozu 2,7%-dən 1,3-2,1%-ə endirilib. DB-a görə, istehlak artımı tempi 0,8-1,1%-ə düşəcək, kapital çıxarılması 2,4 dəfə güclənəcək.

Bu proqnozlar gerçəkdənmi Krım ətrafındakı hadisələrlə bağlıdır? RF Mərkəzi Bankının məlumatlarından çıxış etsək, sanksiyalar prosesi gücləndirib. 2012-ci ildən iqtisadi artım azalır. 2013-cü ildə ÜDM artımı 1,3%, 2012-ci ildə 3,4% olub. Ötən il kapital çıxarılması 62,7 mlrd dollar, əvvəlki il 56,8 mlrd dollar olub. IV rübdə kapital çıxarılması 2012-ci ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artıb. Belə axın yalnız 2008-ci ilin IV rübündə Abxaziya və Osetiyanın ilhaqı zamanı olub. 2011-ci il sentyabrın sonunda o vaxtkı prezident Medvedev bəyan edib ki, Putinlə yerini dəyişəcək. Sonrakı 3 ayda Rusiyadan 34,4 mlrd dollar kapital çıxarılıb, əvvəlki 9 ayda bu göstərici 47,5 mlrd dollar idi.

Iqtisadi Inkişaf Nazirliyinin məlumatına görə, 2014-c ilin I rübündə kapital çıxarılması 60 mlrd dollar olacaq, halbuki illik proqnoz 25 mlrd dollar, Mərkəzi Banka görə isə 20 mlrd dollar idi. 2014-cü ilin yanvarında Krım ilhaq edilməzdən öncə kapital çıxarılması 17 mlrd dollar olub.

2013-cü ildə bir çox sahələrdə tənəzzül qeydə alınıb. Metallurgiya istehsalı 2,1% azalıb. Bu, 2009-cu ildən sonra ən pis göstəricidir. Ötən il 4 aleminium zavodu bağlanıb. Baykal SKK, Solombal SKK, “Yujurlanikel” dayanıb, Zlatoust metallurgiya zavodu, Novosibirsk metallurgiya zavodu və onlarla müəssisə iflas həddindədir. Neft tədarükü 1.5% azalıb, Rusiya ixracatçılarının neft gəliri 2013-cü ildə 4% azalaraq 173.7 mlrd dollar olub.

2013-cü ildə ÜDM artımı tempi son 14 ildə ən pis olub - 2009-cu il nəzərə alınmasa. Putinin ilk prezidentlik ilində (2000) ÜDM 10%, 2001-ci ildə 5% artmışdı. 2004-cü ildə iqtisadi artım 7% olub. 2010-2011-ci illərdə iqtisadi artım 4,3-4,5%, 2012-ci ildə 3,4% artım baş verib.

Göründüyü kimi, Rusiya iqtisadiyyatında resessiya baş verir. Geosiyasi gərginlik bunların üstünü açıb. Əhalinin diqqətini sosial-iqtisadi problemlərdən yayındırmaq üçün kiçik müharibə Putin başda olmaqla oliqarxlar tərəfindən 1999-cu ildə (II çeçen müharibəsi) və 2008-ci ildə (Gürcüstanla müharibə) sınanıb. Amma eyforiyadan sonra böhranın təsiri daha ciddi hiss ediləcək. Iqtisadi Inkişaf Nazirliyinin məlumatına görə, əgər ilin sonu üçün kapital çıxarılması 100 mlrd dollar olsa, 2014-cü ildə ÜDM artımı ən yaxşı halda 1,8-1,9%, (əvvəllər 2,5%) pis halda 0,6% ola bilər. Keçmiş maliyyə naziri Kudrin kapital çıxarılması həcmini 150-160 mlrd dollar proqnozlaşdırır. 2008-ci ildə bu göstərici 120 mlrd dollar olub. Demək, iqtisadi artım “0" olacaq.

“Turan” Analitik Xidməti

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar