Prezidentlərin iyun görüşü baş tutmayacaq” - Ekspertdən iddia

“Nədənsə ictimaiyyət, - özü də təkcə Cənubi Qafqaz ictimaiyyəti yox, - əmindir ki, əgər Vyanada ABŞ, Rusiya, Fransa kimi qlobal moderatorların vasitəçiliyi ilə Qarabağ danışıqlarında münaqişə tərəfləri iyunda görüşməklə bağlı razılığa gəlibsə, demək, bu görüş mütləq baş tutacaq. Amma prezident Əliyev erməni həmkarı ilə konkret nəyi müzakirə edəcək?”

Musavat.com-un məlumatına görə, bu sözlər ABŞ-Azərbaycan İnkişafa Dəstək Fondunun baş eksperti Aleksandr Sinitsının rusdilli vesti.az-da Qarabağ mövzusunda dərc olunmuş analitik məqaləsindəndir.

Ekspert yazır: “Vyanada vasitəçilər bir ağızdan təklif elədilər ki, “hərtərəfli nizamlanma üçün danışıqlar bərpa edilsin”. Kim əleyhinə olsa da, Bakı buna tərəfdardır. Üstəlik, Vyanada hansısa nüfuzlu, ancaq adının çəkilməsini istəməyən diplomatik mənbə jurnalistlərə bəyan elədi ki, Bakı və İrəvan problemin 3 aspektini müzakirə eləmək üçün danışıq stolu ətrafına təcili şəkildə qayıtmağa hazırdır: atəşkəsin möhkəmlənməsi, etimadın artırılması və dinc nizamlanmanın prinsiplərinin razılaşdırılması. Mənbə hətta xüsusi qeyd elədi ki, “bütün bu blok məsələlər üzrə çoxlu işlər görülüb və hamısı da stolun üstündədir”. Və buna həvəslə inanırlar. Hər halda Azərbaycanın ifrat dərəcədə inandığı mərhələli həll planı var – hansı plan ki, dəfələrlə politoloqlar tərəfindən müzakirə edilib”.

Müəllifə görə, problem başqa şeydədir: “Ondadır ki, Ermənistanın Qarabağa dair özünün az-çox inandığı bir nizamlama planı varmı - hansı planla ki, Serj Sərkisyan azərbaycanlı həmkarının görüşünə gələ bilsin? Məsələ də ondadır ki, İrəvanın konstruktiv təkliflər zənbili tamamilə boşdur. Yeri gəlmişkən, bu zənbildə heç vaxt sağlam, işlək ideyalar olmayıb. İndi isə erməni isteblişmenti ümumiyyətlə, hansısa təklif izhar eləmək gücündə deyil, ona görə ki, onu qorxu hissi sarıb – elementar, faktiki surətdə heyvani qorxu hissi”.

Müəllif daha sonra yazır: “Hələ lap yaxınlarda üçüncü ölkələrdən olan ekspertlər bir nəfər kimi iddia edirdilər ki, əgər Serj Sərkisyan 4 günlük müharibə zamanı ərazi itkisini etiraf eləsə, o zaman qəzəbli erməni cəmiyyəti Ermənistan rəhbərliyini hakimiyyətdən silib atacaq, ordu coşacaq, xalq imkan verməyəcək və s. və i.a. Nə oldu bəs? Xalq susdu, rəsmi şəxslər, o sırada hərbçilər isə bir-birini inandırmağa çalışdılar ki, həmin ərazilər əhəmiyyətsiz imiş və ümumiyyətlə, onları sakit vicdanla unutmaq olar”.

Ekspertin əminliyinə görə, tək səbəb ermənilərdə yaranmış qorxu hissidir: “Ermənilər daha vuruşmaq istəmirlər. Məhz buna görə də həm prezident Serj Sərkisyan, həm də müdafiə naziri Seyran Ohanyan, həm baş erməni diplomatı Edvard Nalbəndyan isterik şəkildə bütün dünyadan hansısa təhlükəsizlik qarantları tələb edirlər. Bu isterika 4 günlük müharibənin ilk günlərindəcə başlamışdı. O vaxt Sərkisyan “Bloomberg” agentliyinə müsahibəsində demişdi ki, əgər həmin qarantlar olmasa, Ermənistan danışıqlar prosesindən çıxacaq. Bəs indi hara yox oldu ermənilərin bu davakarlığı və lovğalığı?”

Müəllif təhlili məqaləsində ardınca S.Sərkisyanı nəzərdə tutaraq yazır: “Gərək nə qədər aşağı səviyyəyədək alçalasan ki, ictimaiyyətə açıq şəkildə, jurnalistlərin yanında frau Merkelə öz strateji müttəfiqindən – Rusiyadan şikayət edəsən. Ki, Rusiya Azərbaycanı müasir silahlar təmin  edir və Ermənistanı iqnor edir, odur ki, bu üzdən guya İrəvana “təhlükəsizlik qarantları” gərəkdir. Görən bu nə sirli “qarantlardır” ki, onların yoxluğu erməni elitasını özündən çıxarır? Ermənistanda bunu çox sadə şəkildə belə dərk edirlər: bu, orduların qarşı duran xəttində quraşdırılacaq, özü də erməni mövqeləri tərəfdən quraşdırılacaq müxtəlif monitorinq qurğularıdır”.

Bu yerdə ekspert haqlı sual edir: “Cənablar, siz faktiki şəkildə ATƏT egidası altında ordu müşahidə və kəşfiyyat vasitələrinin hətta Qarabağ ətrafında da yox, “təhlükəsizlik kəməri” adlanan ərazidə quraşdırmaq kimi tələblərin absurdluğunu anlayırsızmı – hansı “təhlükəsizlik kəməri” ki, Dağlıq Qarabağa coğrafi cəhətdən daxil deyil? Paradoks da ondadır ki, 4 günlük müharibəni tər-təmiz uduzan Ermənistan ATƏT-in əli ilə Azərbaycanı güc yolu ilə öz ərazi bütövlüyün bərpa eləmək hüququndan məhrum eləmək istəyir – hansı yoldan ki, Bakı heç vaxt imtina eləməyib. Mən əminəm ki, “nizamlamanın” bu variantı qəti şəkildə Azərbaycan üçün qəbuledilməzdir. Amma İrəvan Bakıya başqa bir şey təklif edə bilmir. Təəssüf ki, erməni hakim elitası anlaqlığın işarəsini belə itirib. Odur ki, mən heç cür təsəvvürə gətirə bilmirəm ki, iyunda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü hansı şərtlərdə baş tuta bilər. Bakının mövqeyi indi kifayət qədər güclüdür. Bu mövqe ona imkan verir ki, yalnız hansısa diplomatik “qaloçka” xətrinə belə sammitə getməsin”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar