"Urmiya gölünün vəziyyəti artıq nəzarət altındadır"

"Urmiya gölünün vəziyyəti artıq nəzarət altına alınıb və bu gölü yenidən həyata qaytarmaq üçün lazımi tədbirlər fasiləsiz olaraq həyata keçirilməkdədir".

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Qərbi Azərbaycan əyalətinə səfəri zamanı bildirib.

Onun sözlərinə görə, üç il öncə ilə müqayisədə qurumaqda olan Urmiya gölündə suyun səviyyəsi 10 sm artıb: "Xalq və rəsmilər əl-ələ verərək, Urmiya gölünü yenidən həyata qaytarmağa çalışır".

Qeyd edək ki, Qərbi Azərbaycanda yerləşən Urmiya gölü İranda ən böyük göl hesab olunur. Sahəsi təqribən 5000 - 6000 kv.km, hövzəsində suyun həcmi 20 - 24 milyard kubmetr olub, eni 40 km, uzunluğu 130 km-dir. Dəniz səviyyəsindən 1274 m yüksəklikdə yerləşən bu su hövzəsinin dərinliyi orta hesabla 5 m-dir. Ən dərin yerinin isə 7 m olduğu bildirilir. Qədim türk dilində bu gölün adı "suda yaşayış yeri" anlamını verir.

Gölə Acıçay, Sofiçay, Leylançay, Qalaçay, Üsküçay, Tufarqançay, Dərəçay, Sınıxçay çaylarının suyu tökülür.

17 ilə yaxındır ki, Urmiya gölünün quruması ilə bağlı yerli ekoloqlar və ictimai fəallar ölkə rəhbərliyinə və beynəlxalq qurumlara faciə ilə bağlı müraciət edirlər. İranın keçmiş prezidenti Mahmud Əhmədineyat və onun hökuməti gölün qurumasını yağıntının miqdarının azlması ilə əlaqələndirirdi.

Mütəxəssislərin fikrincə, Urmiyanın qurudulması prosesinə 1999-cu ildən başlanıb. Gölə tökülən çaylar üzərində su anbarlarının tikintisinə start verilib, “kənd təsərrüfatında inqilab” adı altında tikilən su anbarları ilə gölə çayların tökülməsinin qarşısı alınıb.

Ötən illər ərzində İranda dəyişən prezidentlər gölün qurumasından xəbərdar olduqlarını bəyan etsələr də, indiyə kimi bu istiqamətdə ciddi addımlar atılmayıb. Dövlət büdcəsindən qurumanın qarşısının alınması ilə bağlı maliyyə vəsaitinin ayrıldığı haqda da məlumat yayılmışdı.

Elmi mənbələrdə göstərilib ki, bölgəyə yağıntının ən az düşdüyü illərdə belə Urmiya gölündə suyun səviyyəsi aşağı düşməyib, buna səbəb isə gölə yeraltı çayların axmasıdır.

Qışın ən sərt vaxtlarında belə gölün suyu donmur ki, bunun da səbəbi suyun tərkibində duzluluğun miqdarının çox olmasıdır. Urmiya gölündə irili-xırdalı 102 ada var, adaların ümumi sahəsi 33,640 hektardır. Hazırda adalarda yaşayanlar əsasən əkinçilik, maldarlıq, gülçülük, bağçılıq, xalçaçılıqla məşğul olurlar. Ərazidə limanlar var və bölgə turizm üçün çox əlverişlidir.

Urmiya gölü və onun palçığı artiroz, əsəb, traxoma, müxtəlif dəri xəstəlikləri, böyrək, həzm sistemi, qadın xəstəliklərinin müalicəsi uçun əhəmiyyətli hesab olunur.

1967-ci ildə Urmiya gölü qoruq elan olunub və UNESCO-nun qorunan təbii ərazilər siyahısına daxil edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar